Xalqın istək və arzularını reallaşdıran partiya

 

 YAP Yasamal rayon təşkilatında partiyanın yaranmasının 17 illiyi münasibətilə tədbir keçirildi

 

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan, Azərbaycan xalqının milli maraqlarının, dövlətçilik ənənələrinin qorunmasında mütəşəkkil siyasi qüvvə kimi iştirak edən Yeni Azərbaycan Partiyasının yaranmasından 17 il ötür. Bu münasibətlə respublikanın hər yerində tədbirlər keçirilir, fəaliyyətini demokratik prinsiplər əsasında inkişaf etdirən partiyanın şərəfli yoluna bir daha nəzər salınır.

YAP Yasamal rayon təşkilatının Bakı Biznes Universitetində təşkil etdiyi tədbirdə ötən ilin sonuncu onilliyində Azərbaycanda baş verən mürəkkəb hadisələrin baş alıb getdiyi, səbatsız qüvvələrin ölkəyə rəhbərliyi zorla əlinə aldığı bir zamanda yaranan, siyasi cəhətdən hazırlıqlı, əsil vətəndaşların birlik təşkilatı kimi püxtələşən, mübarizliyi və əqidə saflığı ilə fərqlənən Yeni Azərbaycan Partiyasının avanqard rolundan danışıldı.

Tədbiri giriş sözü ilə açıb, yubiley münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını çatdıran, partiyanın 17 illik fəaliyyəti barədə geniş məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini əks etdirən maraqlı məqamlara toxundu. Azərbaycanın bu gün hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyindən söz açdı.

Partiyanın yarandığı o çətin anları xatırlayan, tarixə “91”lərin xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının ulu öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandıran Fikrət İsmayılov qeyd etdi ki, ermənilər tərəfindən blokodaya alınmış Naxçıvan MR Ali Məclisinin sədri işləsə də tək muxtar respublikanın sosial-iqtisadi problemlərinin həlli ilə deyil, ümumilikdə Azərbaycanın müstəqilliyinin əbədi olması naminə tarixi xidmətlər göstərən Heydər Əliyevin qətiyyəti ilə yaranan Yeni Azərbaycan Partiyasını təsadüfən milyonların partiyası adlandırmırlar:

- 21 noyabr 1992-ci ildə yaranan, təsis konfransında cəmi 550 nəfərin iştirak etdiyi YAP-ın ətrafında toplaşanların sayının az müddətdə artması, insanlar tərəfindən rəğbətlə qarşılanması deyilənlərin təsdiqidir. Nizamnamə və Əsasnaməsinin əsas prinsipləri kimi demokratiyaya sadiq qalmaqla, bəşəri dəyərləri inkişaf etdirərək mətinləşən, ölkədə siyasi sabitlik, vətəndaş həmrəyliyinin yaradılması üçün çoxpartiyalılıq sisteminin tətbiqini ən vacib amil kimi diqqətdə saxlayan ümummilli lider Heydər Əliyev üçün bir meyar var idi: Azərbaycanı dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş, siyasi sabitliyi ilə fərqlənən, demokratik, qüdrətli ölkə kimi tanıtmaq, insanların yaşayış səviyyəsini yüksəltmək, milli- mənəvi dəyərləri qoruyub yaşatmaq və inkişaf etdirmək.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası üzvlərinin birliyi və bacarığından istifadə edən, neft strategiyasını həyata keçirməklə qarşıdakı bir neçə on illər üçün nəzərdə tutulan perspektivlərin həllinə nail olan Heydər Əliyev respublikanın iqtisadi qüdrətini təmin etdiyi kimi partiyadaxili məsələlərə də diqqətlə yanaşır, təşkilatın kəmiyyət və keyfiyyətcə inkişafını da əsas prioritet kimi qarşıya qoyurdu. Tövsiyəsi də bu idi ki, şəxsi məqsədləri üçün YAP-a üzv olmaq istəyənlərə aramızda yer olmamalıdır. YAP əsil vətəndaş həmrəyliyinin bariz nümunəsi olduğu üçün üzvləri də saf, dönməz əqidəli, vətəninə, xalqına bağlı insanlar kimi fərqlənməli, mətinləşməli, yüksələn xətlə irəliləməlidir. Partiyanın ilk qurultayının təsis konfransından yeddi il sonra keçirilməsində də məqsəd partiya sıralarını belə məqsədli insanlardan təmizləmək, təşkilatda sağlam mühit formalaşdırmaq və fəalların məsuliyyətini artırmaq, saflaşdırmaq idi.

YAP-ın xalq tərəfindən daim dəstəkləndiyini qeyd edən F.İsmayılov başçılıq etdiyi Yasamal rayon təşkilatının yaranma tarixindən də söz açdı. Bildirdi ki, 9 yanvar 1993-cü ildə Yasamal rayonunda 17 nəfərdən yaranan təşkilatın ilk təsis konfransı bir aydan sonra keçirildi. Hazırda 23 mindən artıq üzvü, 152 yerli özəyi olan Yasamal rayon təşkilatı üzvlərinin sayı yarım milyona çatan YAP-ın aparıcı rayon təşkilatlarındandır. YAP-ın 400 mininci üzvü olmaq şansı Yasamal rayon təşkilatının üzvünə- “Aztelekom” İB-nin əməkdaşına nəsib olub.

Azərbaycanda son illərdə dinamik sürətlə inkişaf edən quruculuq işlərinə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan islahatların, infrastruktur layihələrin uğurla nəticələnməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun aşağı salınması məsələlərinə toxunan F. İsmayılov bildirdi ki, ulu öndərin siyasətinə sadiq qalan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının həyata keçirilməsinə çalışır.

Ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində YAP-ın mütləq qələbə qazanması milyonların, seçicilərin Prezident İlham Əliyevə, onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir:

-Qarşıda bizi daha bir sınaq gözləyir. Mütəşəkkil qüvvə və siyasi hazırlıqla bələdiyyə seçkilərinə ciddi hazırlaşan YAP namizədlərinin bu siyasi kampaniyada da opponentlərinə qalib gələcəyinə inanırıq.

İnsanlar bu partiya ətrafında vahid qüvvə kimi daha sıx birləşir, həmrəy olur.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən, partiyanın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin vətəninə, xalqına bağlılıq hisslərindən söz açan YAP Yasamal rayon təşkilatı sədrinin birinci müavini İbrahim Mehdiyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və neft strategiyalarının təntənəsini bu gün hamı öz gündəlik həyatında hiss edir. Yeni Azərbaycan Partiyasını yaratmaqla insanların ideologiyasında, məfkurəsində millilik, müasirlik, yenilik duyğuları aşılayan ulu öndərin ideyalarını ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandırır. YAP-ın cəmiyyətdəki rolu günbəgün artır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Tağı Əhmədov çıxışında partiyanın yaranma tarixindən, dövlətçiliyin möhkəmlənməsindəki rolundan ətraflı danışdı.

17 ildə böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarının belə sürətlə artması xalqın YAP-a inamından irəli gəlir. Partiya bu gün də yenilik hissi ilə irəliləyir, inkişaf edir, mətinləşir. Qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın qələbəsi şəksizdir.

Tədbirdə qeyd olundu ki, YAP Yasamal rayon təşkilatı hərbi hissələrlə də müntəzəm əlaqə saxlayır, əsgərlərlə görüşlər keçirirlər. Elə buna görə də təşkilatın fəal üzvü kimi “ Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov Müdafiə Nazirliyinin fəxri fərmanı ilə təltif olundu. YAP-ın Kənd Təsərrüfatı Nazirliyindəki ərazi təşkilatının sədri Vilayət Süleymanova 60 illiyi münasibətilə hədiyyə təqdim olundu. Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verildi.

İclasda təşkilati məsələlərə də baxıldı.

Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2009.- 20 noyabr.- S. 6.