ARDNŞ-in “NeftqaztikintiTresti ilə AMİU arasında Protokol imzalandı

 

Bu, ARDNŞ-in tikinti müəssisələrində mövcud maddi-texniki bazadan istifadə üzrə qazanılmış təcrübədən Universitetin tələbə-müəllim heyətinin yararlanmasına xidmət edəcək

 

Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında birgə əməkdaşlığa dair Protokolun imzalanma mərasimi keçirildi. Protokol bir müddət əvvəl ARDNŞ ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun müddəalarının icrası ilə əlaqədar tədbirlər proqramını əks etdirir.

Əməkdaşlığın əsas məqsədi ARDNŞ-in tikinti müəssisələrində mövcud maddi-texniki bazadan istifadə üzrə qazanılmış təcrübədən Universitetin tələbə-müəllim heyətinin yararlanması, Universitetin elmi-texniki nailiyyətlərinin istehsalata tətbiqinin sürətləndirilməsi, həmçinin tələbələrdə təcrübi biliklərə marağın artırılması üzrə tərəflərin qarşılıqlı münasibətləridir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil ocağının potensialından danışmış, burada təhsil alan tələbələrin istehsalatla bilavasitə əlaqəli şəkildə təcrübə qazanması, nəzəri biliklərinin istehsalata tətbiq edilməsi, neft-qaz sənayesində tətbiq edilən yeni texnika və texnologiyalara yiyələnməsi baxımından imzalanan Protokolun əhəmiyyətini vurğulamışdır. Rektor bildirdi ki, hazırlanan gənc mütəxəssislərin istehsalatda təcrübə keçmələri, gələcək iş yerləri ilə tanış olmaları, yeni texnologiyaların tətbiqi ilə tanış olmaları əhəmiyyət kəsb edən məsələdir. Son illər ali təhsil müəssisələri ilə istehsalat sahələrinin əlaqələrinin əhəmiyyəti olduqca böyükdür. Müasir həyatda yeni texnologiyalar, avadanlıqlar istehsalatda tətbiq olunur. G.Məmmədova qeyd etdi ki, istehsalatda tətbiq olunan yeni texnologiyaların ali təhsil ocağında öyrənilməsi istiqamətində bu gün universitet ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərlə əməkdaşlıq edir. Artıq bir neçə ildir ki, Dövlət Neft Şirkəti ilə də bu kimi əlaqələr var. G.Məmmədova vurğuladı ki, Universitetdə 5 il öncə Azərbaycan üçün yeni olan “Dəniz neft-qaz tikintisi” ixtisası açıldı.

“Neftqaztikinti” Trestinin müdiri Rizvan Abasov qeyd etdi ki, trestin 5 mindən artıq işçi heyəti, 1200 yaxın mühəndis texniki işçi var. Trest Dövlət Neft Şirkətinin bütün növ tikinti-quraşdırma işləri ilə məşğul olur. R.Abasov vurğuladı ki, ölkəmizin inkişafında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində neft-qaz sənayesinin rolu olduqca böyükdür. Kollektivin yüzlərlə mühəndis texniki işçisi AMİU-nun məzunlarıdır. Dövlət Neft Şirkətinin təhsilin inkişaf etdirilməsi ilə bağlı Proqramları həyata keçirir. Universitetlə qurulan bu əlaqələr gələcəkdə Trestin savadlı və perspektivli inşaatçı kadrlarla təmin olunmasında öz bəhrələrini verəcək. “Biz tələbələri mülki tikinti, yol tikintisi, hidrotexniki qurğuların tikintisi kimi işlərin gedişinə cəlb etmək, onları Trestin ayrı-ayrı idarə və müəssisələrində praktiki işlərə dəvət etmək niyyətindəyik. Bu məqsədlə xüsusi işçi qrupu yaradılacaq və tələbə-müəllim heyəti ilə işbirliyi quracağıq. Mən tələbələri bu istiqamətdə həyata keçiriləcək tədbirlərdə aktiv iştirak etməyə çağırıram.”

“Neftqaztikinti” Trestinin müdirinin müavini Hikmət Həsənov trest yaranma tarixi və fəaliyyəti barədə məlumat verdi. “Trest müxtəlif sifarişçilər üçün podratçı olaraq dənizdə və quruda müxtəlif diametrli magistral neft-qaz boru kəmərlərinin, qaz-kompressor stansiyalarının tikintisi, yeraltı qaz saxlama anbarlarının, dəniz estakadalarının və liman və liman qurğularının tikintisi ilə məşğul olur. Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, dənizin dayaz və dərin hissələrində stasionar özüllərinin, yataqların elektrik təchizatı sistemi, antikorroziya işləri, mülki tikinti, dəmir-beton məmulatlarının istehsalı, boruların betonlanması, metal-konstruksiyaların yığılması, asfalt-beton istehsalı, magistral yolların, küçə və meydançaların asfalt-beton örtüklənməsi və digər növ işləri və xidmətləri yerinə yetirir.” Bu işlər Trestin 8 ədəd Tikinti-Quraşdırma İdarəsi, Xüsusi Texnika İdarəsi (XTİ), Avtonəqliyyat İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Dəmir-Beton Məmulatları Zavodu, Metal Konstruksiyaları Zavodu, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti, Qaynaq Texnologiyası, Dağılan və Dağılmayan Müayinə Mərkəzi tərəfindən həyata keçirilir.

ARDNŞ-in Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov, “Neftqaztikinti” Trestinin Xarici Əlaqələr şöbəsinin rəisi Mayis Bədəlov, Keyfiyyətə Nəzarət Departamentinin rəisi Fuad Süleymanov, İqtisadiyyat, uçot Departamentinin rəisi Mübariz Səfərov Trestin əsas fəaliyyət istiqamətləri, neft-qaz sənayesində oynadığı rol, trestin yerli və xarici şirkətlərlə əlaqələrindən, trestin gördüyü işlərin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsindən, əldə etdiyi uğurlar, eləcə də ARDNŞ-in həyata keçirdiyi kadr siyasəti barədə tədbir iştirakçılarını məlumatlandırdılar. Qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirdilər.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında birgə əməkdaşlıq barədə Protokol imzalandı.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2009.- 20 noyabr.- S.7.