YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirir

 

Ağsu

 

Dünən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri Ağsu rayon mədəniyyət sarayında bələdiyyə üzvlüyünə namizədlərlə seminar-treninq keçirdi. Tədbirdə 278 nəfər bələdiyyə seçkilərinə namizəd iştirak edirdi. Bunlardan 58 nəfəri qadınlardır. Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Ağsu rayon təşkilatının sədri Əli Hüseynov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən yekdilliklə dəstəklənəcəyinə inandığını də vurğuladı. YAP rayon təşkilatının sədri bildirdi ki, 32 yeni bələdiyyə üzrə keçiriləcək bələdiyyə seçkilərinə 278 nəfərin partiya tərəfindən namizədliyi irəli sürülüb. Təşkilat sədri bu seçkilərdə fəal və intellektual səviyyəyə malik olan gənclərin namizədliyinə daha çox üstünlük veriləcəyini bildirdi. “Əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP fəalları öz səylərini əsirgəməyəcəklər.”

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi bildirdi ki, bizim bu görüşümüz Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümünə təsadüf edir. V.Rəhimzadə noyabr ayının 25-dən başlayacaq təbliğat kampaniyasında namizədlərin yerlərdə keçirəcəyi görüşlərlə bağlı tövsiyələrini verdi. Vurğuladı ki, bələdiyyələrə seçiləcək şəxslər yerli əhali ilə daha sıx münasibətlər qurmalı, yarana biləcək problemlərin aradan qaldırılımasında daha böyük səy göstərməlidirlər.

 

İsmayıllı

 

2009-cu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seckiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İsmayıllı rayonunda bələdiyyə üzvlüyünə namizədlər üçün treninq keçirmişdir. Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova treninqdə iştirak edən qonaqları və bələdiyyələr üzrə namizədləri salamladı. Ə.Vahabova qeyd etdi ki, 2009-cu ilin dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. “Hər bir rayonda oldugu kimi YAP İsmayıllı rayon təşkilatı da builki bələdiyyə seçkilərinə ciddi hazırlıq görür.

36 bələdiyyə üzrə 310 yerə YAP üzvünün namizədliyi irəli sürülüb və təsdiq olunub. İrəli sürülmüş namizədlərin DSK-lar tərəfindən namizədlərin müəyyən olunmuş müddətdə qeydə alınması üçün imzaların toplanması, müvafiq sənədlərin hazırlanması tələb olunan səviyyədə başa çatdırılıb. Qeydə alınan namizədlərin 30 faizə yaxını hazırki bələdiyyə üzvləridir ki, onlar yenidən seçkilərdə iştirak edəcəklər.” YAP İsmayıllı rayon təşkilatının sədri əlavə etdi ki, namizədlər sırasında gənclər, qadınlar üstünlük təşkil edir. Ötən bələdiyyə seçkilərində seçilən 448 nəfər bələdiyyə üzvünün cəmi 4 faizə qədəri gənclər və qadınlar olub.

YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğuladı ki, artıq YAP öz namizədləri üçün treninqlər keçirilməsinə başlayıb. Treninqlərin keçirilməsində əsas məqsəd seçki prosesində namizədlərin səriştələrini artırmaq, təbliğat-təşviqat kampaniyası dövründə onları düzgün istiqamətləndirmək, seçicilərlə təmas qurulması üçün onların diqqətini daha səmərəli üsullardan istifadə edilməsinə yönəltməkdir. “Artıq 25 noyabrdan başlayaraq, yəni seçki gününə 28 gün qalmış namizədlərin təbliğat-təşviqat kampaniyası başlayır. YAP bu kampaniyaya “Xalqa xidmət naminə” şüarı ilə qatılacaq.

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi V.Rəhimzadə bildirdi ki, noyabrın 21-də partiyamızın yaranmasının 17-ci ildönümü tamam olur. “Partiyamızın banisi ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Bu münasibətlə ümummilli liderimiz Heydər Əliyev ideyalarının ən layiqli davamçısı, partiyamızın lideri Prezident İlham Əliyevi ürəkdən təbrik edir, ölkə başçısına güclü və qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Biz inanırıq ki, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqilliyimiz kimi daim əbədi olacaqdır.”

Sonda V.Rəhimzadə ümidvar olduğunu bildirdi ki, namizədliyi irəli sürülən partiya üzvləri əhali tərəfindən dəstəklənəcək və onlara göstərilən etimadı öz işlərində doğruldacaqlar.

 

Ağcabədi

 

Noyabrın 19-da Ağcabədidə bələdiyyə üzvlüyünə namizədlərlə seminar-treninq keçirildi. Treninqdə YAP Ağcabədi rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 361 nəfər və YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Elman Məmmədov və Sevindik Hətəmov iştirak edirdilər.

Treninqi giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev açaraq bu ilin dekabrın 23- də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. Bildirdi ki, təqvim planına uyğun olaraq bələdiyyə seçkiləri ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər, YAP tərəfindən namizədliyi irəli sürülən nümayəndələr müəyyənləşdirilib. “Siyahılar tərtib olunaraq DSK-lara təqdim edilmişdir. Eyni zamanda, seçici imzaları vaxtında və keyfiyyətlə toplanaraq Dairə Seçki Komissiyasına təqdim edilib. Beləliklə, 361 namizədin hər birinin namizədliyi DSK tərəfindən qeydiyyata alınıb. Bugünkü treninqin keçirilməsində əsas məqsəd bizim 25 noyabrdan başlayacaq təbliğat-təşviqat kampaniyası dövründə qarşımızda duran vəzifələri, fəaliyyət proqramımızı müəyyənləşdirməkdir.”

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması əsas vəzifə kimi qarşıda durmalıdır. Natiq onu da bildirdi ki, qarşıdan gələn bələdiyyə seçkiləri bir daha sübut edəcək ki, Azərbaycanda xalqın etmadını, sevgisini qazanan yeganə partiya Yeni Azərbaycan Partiyasıdır.

“Azərbaycan xalqı öz gələcəyini YAP-a etibar edib. Düşünürəm ki, YAP bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanmaqla tarix yazacaqdır.” Bunu isə namizədlərlə görüşündə Milli Məclisin deputatı Sevindik Hətəmov dedi. O həmçinin bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğurlar arzulamaqla bərabər onlara seçiləcəkləri təqdirdə əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi.

Deputat Elman Məmmədov da namizədlərə tövsiyəsini və məsləhətlərini verdi. O dedi ki, qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üzün ciddi hazırlıq vacib şərtlərdəndir.

Elman Məmmədov daha sonra dedi ki, Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat və təşviqat fəaliyyəti ilə bağlı istiqamətlər artıq müəyyənləşdirilib. “Bu istiqamətlərin həyata keçirilməsində hər birimiz fəallıq göstərməliyik. Bələdiyyə namizədləri ərazilərin xüsusiyyətlərini dərindən bilməli, mövcud problemlərin həlli ilə bağlı seçicilərlə görüşlərdə fikirlərini, tövsiyələrini və konkret proqramlarını bildirməlidirlər.”

Treninqdə bələdiyyə üzvlüyünə namizədlərin sualları və təklifləri səsləndi. YAP-ın bələdiyə seçiciləri üzrə səlahiyyətli nümayəndələri namizədləri maraqlandıran məsələlərə öz münasibətlərini bildirdilər.

 

 

Elçin Zaman

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2009.- 21 noyabr.- S. 6.