YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirir

 

Ağdaş

 

Noyabrın 21-də YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələrinin iştirakı ilə Ağdaşda partiyanın bələdiyyə üzvlüyünə namizədləri üçün treninq keçirildi. Əvvəlcə qonaqlar və tədbir iştirakçılarının nümayəndələri şəhərin Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzdülər. Sonra tədbir rayon mədəniyyət evində davam etdirildi. Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri, millət vəkili Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin üzvü Sabir Hacıyev və YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü münasibəti ilə iştirakçıları təbrik edərək partiyanın yaranma tarixi haqqında məlumat verdi. Ümummilli lider Heydər Əliyevin qurucusu oduğu YAP-ın ötən illər ərzində şərəfli yol keçdiyini vurğulayan C.Osmanov partiyanın hazırda sürətli inkişaf mərhələsində olduğunu qeyd etdi. Sonra rayonda 23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. Partiya tərəfindən Ağdaş rayonunda bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin tərkibi haqqında məlumat verərək bildirdi ki, Ağdaş rayonu üzrə 41 bələdiyyəyə 375 nəfər namizəd irəli sürülmüşdür ki, onların da 119 nəfəri qadın, 86 nəfəri gənc, 185 nəfəri ali təhsilli, 152 nəfəri orta təhsillidir. Namizədlikləri qeydə alınmış YAP üzvlərini ilkin mərhələni uğurla keçdikləri üçün təbrik edərək YAP tərəfindən irəli sürülmüş namizədlərin qarşısında duran vəzifələrdən danışdı.

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü münasibəti ilə qeydə alınmış namizədləri və tədbir iştirakçılarını təbrik etdi. YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi bildirdi ki, cəmiyyətdə bələdiyyələrə olan münasibəti daha da yüksəltmək vacibdir. V.Rəhimzadənin sözlərinə görə, YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə gedir.

Respublika üzrə 1718 bələdiyyə üzrə Yeni Azərbaycan Partiyasından 15637 namizədin qeydə alınması, onlardan 30 faiz qadınlar və gənclər olmasından danışan YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi bildirdi ki, gənclərin və qadınların təmsilçiliyinə üstünlük verilməsi də bələdiyyələrin fəaliyyətində müsbət dəyişikliklərə səbəb olacaq. Bu gün dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır. Əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək üçün onların qarşısında geniş imkanlar açılmalıdır. V.Rəhimzadə vurğuladı ki, Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası ilə bələdiyyə seçkilərinə hazırlaşır.

Milli Məclisin üzvü, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Ərəstun Cavadov qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkərək bildirdi ki, devizi “Xalqa xidmət naminə” olan Yeni Azərbaycan Partiyası bu seçkilərdə fəal iştirak edəcək. Təbliğat-təşviqat dövründə fəal iş aparılmasısının vacibliyini qeyd edən Ə.Cavadov vurğuladı ki, bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində Milli Məclis tərəfindən 30-a yaxın qanun qəbul olunub. lBələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb.” Ə.Cavadov bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğurlar arzulamaqla bərabər onlara seçiləcəkləri təqdirdə əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi.

Milli Məclisin üzvü Sabir Hacıyev Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Millət vəkili 5 il ərzində ölkədə üç seçkinin keçirildiyini bildirdi. Hər bir seçkidə təbliğat-təşviqat kampaniyasının bir-birindən fərqlənməsi və noyabrın 25-dən başlanacaq təbliğat-təşviqat kampaniyasının bələdiyyə seçkilərində daha çox yerli xarakterli olmasının vacibliyini vurğulayan S.Hacıyev bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdı. O, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, yerlərdəki sosial məsələlərin həllində onların rolu, seçkiqabağı təşviqat və təbliğat işinin təşkilindən danışmış, namizədlərə gələcək işlərində uğurlar arzulayaraq onlara seçiləcəkləri tədqirdə “Xalqa xidmət naminə” devizi altında çalışmağı tövsiyyə etdi. S.Hacıyev bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin artırılması əsas vəzifə kimi qarşıda durmalıdır.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Ağdaş rayon təşkilatı İdarə heyətinin üzvü, Dövlət İdarələri, İctimai xidmət işçiləri Həmkarlar İttifaqı Ağdaş rayon komitəsinin sədri, bələdiyyə üzvlüyünə namizəd Hənifə Yusibova qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının on bir min iki yüz üzvü vardır ki, onların da 52 faizini qadınlar təşkil edir. “Yeni Azərbaycan Partiyası tərəfindən rayonumuzda fəaliyyət göstərən 41 bələdiyyəyə irəli sürülmüş 375 namizədin 119 nəfəri və ya 31,7 faizini qadınların təşkil edir.”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədri, bələdiyyə üzvlüyünə namizəd Vüqar Həmidov Yeni Azərbaycan Partiyasında və ölkədə gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

Tədbirdə təşviqat kampaniyası dövründə görüləcək işlər barədə də geniş müzakirələr aparıldı. Toplantıda bir qrup Yeni Azərbaycan Partiyasının fəalına YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanı təqdim edildi.

 

Göyçay

 

Noyabrın 21-də Göyçay rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü münasibəti ilə 23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə YAP Göyçay rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən şəxslər üçün treninq keçirildi. Tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Ərəstun Cavadov, bələdiyyə seçkiləri üzrə YAP Siyasi Şürasının üzvü, YAP-ın səlahiyyətli nümayəndəsi “İki sahil” qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə, YAP Mərkəzi aparatının məsul işçisi Qalib Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov açaraq Partiyanın yaranmasının 17-ci ildönümü münasibəti ilə tədbir iştirakçıları təbrik etdi. YAP Göyçay rayon təşkilatının sədri bələdiyyə seçkilərinə hazırlıqdan və YAP üzvlərinin seçkidə fəal iştiraklarından danışdı. Ötən 17 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb. R.İbrahimov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə böyük xidmət göstərir. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan Yeni Azərbaycan Partiyasının siyasətinin ana xəttini Vətənimizin və xalqımızın mənafeyinin qorunması, hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birliyin yaradılması, ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlər təşkil edir. YAP Göyçay rayon təşkilatının sədri qeyd etdi ki, yeni yaradılacaq 26 bələdiyyə üzrə 244 nəfər YAP üzvü öz namizədliyini irəli sürüb. Bunlar əksərən ali təhsili qadınlar və gənclərdir.

Milli Məclisin deputatı Sabir Hacıyev bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi işlər barədə ətraflı danışdı. Namizədlərin təşviqat kampaniyası zamanı seçicilərlə necə təmasda olmaları, seçicilərlə ünsiyyətin müxtəlif forma və metodları, habelə, digər məsələlər barədə ətraflı danışan S.Hacıyev bildirdi ki, artıq ölkəmizdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər təcrübə mövcuddur. Millət vəkili Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərində namizədliklərini irəli sürənlərə seçkilərdə fəal olmağa çağırdı, onlara qələbə arzuladı.

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şürasının üzvü Vüqar Rəhimzadə Partiyanın yaranmasının 17-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda sıralarında 500 minə yaxın insanı birləşdirir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası öz Nizamnaməsində qarşıya qoyduğu məqsəd və vəzifələri bu gün də uğurla yerinə yetirir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz böyük töhfələrini verir. Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün regionlar daha da inkişaf edir. Özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, bələdiyyələrin fəaliyyətinin daha effektiv qurulmasına şərait yaradıb. Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu söyləyən V.Rəhimzadə bu səbəbdən də, sosial məsələlərin həllində onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi Milli Məclisin deputatı Ərəstun Cavadov qeyd etdi ki, bələdiyyələrlə ictimayyətin birgə fəaliyyəti təmin olunmalı, insanların arzu və təklifləri daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması əsas vəzifə kimi qarşıda durmalıdır. Ə.Cavadov bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğurlar arzulamaqla onlara seçiləcəkləri təqdirdə əhalinin sosial problemləri ilə daha ciddi məşğul olmağı tövsiyə etdi.

 

Zərdab

 

Ötən gün 2009-cu ilin dekabrın 23-də bələdiyyə seçkiləri ilə əlaqədar Zərdab rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 235 nəfər partiya üzvləri üçün treninq keçirildi. Treninqdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Gülər Əhmədova, YAP-ın Mərkəzi aparatının məsul işçisi Qalib Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayev bu ilin dekabrın 23- də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. Bildirdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər, YAP tərəfindən namizədliyi irəli sürülən nümayəndələr müəyyənləşdirilib. Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən şüarla bələdiyyə seçkilərinə hazırlaşır. Bütün Azərbaycan xalqının seçimi olan YAP-ın seçkilərə hazırlıq işlərini onun ayrı-ayrı şəhər və rayon təşkilatlarının, o cümlədən Zərdabın timsalında görmək olar. YAP Zərdab rayon təşkilatından 27 bələdiyyəyə 235 nəfər namizəd irəli sürüldüyünü, onlardan 56 nəfərini qadınlar, 59 nəfərini isə gənclər təşkil edir. T.Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin yerlərdə davam etdrilməsi üçün qarşıdan gələn bələdiyyə seçkilərində qalib gəlməyin vacibliyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Gülər Əhmədova dekabrın 23-də keçiriləcək seçkilərdə Partiya tərəfindən namizədliyi irəli sürülənlərə uğurlar arzuladı. Millət vəkili qeyd etdi ki, ölkəmizdə qadınların da, gənclərin də ictimai-siyasi proseslərdə fəallığı yüksək göstiəricilərlə ifadə olunur. Ona görə də YAP bələdiyyə seçkilərində gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin yüksəlməsi ilə bağlı təkliflərini ifadə edib. G.Əhmədova vurğuladı ki, bələdiyyələrin işinin təkmilləşdirilməsi bütövlükdə yerli özünüidarəetmə orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. “Bu istiqamətdə addımlar atılır, o cümlədən, bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində parlament tərəfindən müəyyən işlər görülür.”

Partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü deyən G.Əhmədova onların bu etimadı doğruldacaqlarını və seçkilərdə qələbə qazanacaqları təqdirdə əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi.

Yeni Azərbaycan Partiyasının fəalları Bəylər Cəfərov, Hüseyn Mehralıyev, Mənsim Pənahov Partiya tərəfindən onlara göstərilən yüksək ehtimaddan danışdılar. Bu ehtimadı dekabrın 23-də keçiriləcək seçkilərdə qələbə qazandıqları halda həmyerlilərinə layiqli xidmət etməklə doğruldacaqlarına söz verdilər.

 

 

İki sahil.- 2009.- 24 noyabr.- S. 6.