Qazmaçılar var qüvvə ilə çalışırlar

 

Prezident İlham Əliyevin 7 mart 2007-ci il tarixli Fərmanı və ARDNŞ rəhbərlərinin elə həmin ilin 12 mart tarixində imzalanmış əmri ilə yaradılmış “Kompleks Qazma İşləri” tresti fəaliyyətə başladığı gündən bir çox uğurlara imza atmışdır. Ötən iki il yarımda trestin kollektivi 2007-ci ildə hazırlanmış və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq edilmiş İnkişaf Proqramını müvəffəqiyyətlə həyata keçirməkdədir.

Qazanılmış nailiyyətlərdə trestin sıravi qazmaçıdan tutmuş rəhbərinədək hər işçinin öz payı, öz xidməti vardır. Bu gün oxucularımızı onlardan biri - “Kompleks Qazma İşləri” trestinin Mərkəzi Mühəndis - Texnoloji Xidmətinin rəisi-baş texnoloq Mir-Ələkbər Əliyevlə tanış etmək istəyirik. Onu da qeyd etmək yerinə düşər ki, Mir-Ələkbər müəllim Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 15 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Mir-Ələkbər müəllimin uşaqlıq dövrü ağır və çətin illərə - müharibədən çıxmış, dağılmış ölkənin bərpası illərinə düşmüşdü. Atası Hüseynağa Əliyev tibb xidməti polkovniki kimi 1941-1945-ci illər müharibəsini Budapeştdə başa vurmuş, 3 dəfə ağır yaralanmış, 2 dəfə “Qızıl ulduz” ordeninə layiq görülmüşdü. Valideyni hərbçi kimi tez-tez xidməti yerini dəyişdiyindən gənc Mir-Ələkbər orta təhsilini bir neçə məktəbdə almış, nəhayət 1961-ci ildə Moskvada 789 saylı fəhlə-gənclər məktəbini bitirmişdi. Elə həmin il M.Qubkin adına Neft və Qaz institutuna qəbul olunan M. Əliyev 1964-cü ildən ailə vəziyyəti ilə əlaqədar ali təhsilini Bakıda, Neft və Kimya institutunun mexanika fakultəsində davam etdirməli olmuşdu. O fəxrlə qeyd edir ki, burada böyük müəllim Azad Mirzəcanzadədən dərs almış, neftçi sənətinə ürəkdən bağlanmışdı.

1967-ci ildə təyinatla “Azərneftkəşfiyyat” trestinə göndərilən Mir-Ələkbər Əliyevin yenə bəxt üzünə gülür. Bu dəfə onun taleyinə neftimizin korifeylərindən biri Ü Əsəd Rüstəmbəyovla bir idarədə işləmək xoşbəxtliyi düşür. Qobustanda yerləşən trestin müdiri Ə.Rüstəmbəyov gənc mütəxəssisin püxtələşmiş bir neftçi-mühəndis kimi yetişməsində mühüm rol oynayır. Əvvəl baş mexanik şöbəsində mühəndis, sonra baş mexanikin müavini işləyən M.Əliyev qazma avadanlığının təmirinə və istismarına nəzarəti həyata keçirir, Kürsəngi, Muradxanlı, Zərdab, Siyəzən və digər yataqlardakı istismar və kəşfiyyat quyularının müvəffəqiyyətlə qazılması üçün şəraiti təmin edirdi.

1974-cü ildə əmək fəaliyyətini Ukraynada, Geologiya idarəsində davam etdirir. Dərin qazma ekspedisiyasında Donetsk və Xarkov vilayətlərində kəşfiyyat quyularının qazılması ilə məşğul olur. 1983-cü ildən yenidən vətənə dönən Mir-Ələkbər müəllim “Bayıl limanı” DKQİ-də qazma ustası, texnoloq, daha sonra özül rəisi işləyir, 3, 14 və 9 saylı stasionar dərin dəniz özüllərindən onlarla dərin neft və qaz quyusu qazaraq istismarçılara təhvil verir. Eyni zamanda istehsalatdan ayrılmadan 1987-ci ildə Neft və Kimya institutunun neft-mədən fakultəsini də bitirir. Bundan sonra idarə aparatına işə irəli çəkilən M. Əliyev Mərkəzi Mühəndis-Texnoloji Xidmətin və istehsalat-texniki şöbənin rəisi işləyir.

ARDNŞ-nin “Kompleks Qazma İşləri” tresti fəaliyyətə başlayanda Mir-Ələkbər müəllim yeni qurumda işə dəvət alır və Mərkəzi Mühəndis-Texnoloji Xidmətin rəisi-baş texnoloq təyin edilir. O rəhbərlik etdiyi xidmətin gücü ilə respublika ərazisində keçidi reallaşdırılan istismar və kəşfiyyat quyularının qəzasız qazılması məqsədilə qazma işlərinə operativ rəhbərliyi həyata keçirir. Deyir ki, hal-hazırda əsas diqqət mərkəzində olan perspektivli “Ümid” yatağında qazılan kəşfiyyat quyusunda işlər uğurla gedir, “Cahandar” yatağındakı kəşfiyyat quyusu isə mənimsəmənin yekunlaşması mərhələsindədir. Unikal “Günəşli” yatağında qazılan quyularda baş verən mürəkkəbləşmələr zamanı da Mir-Ələkbər müəllimin zəngin təcrübəsi qazmaçıların çox karına gəlir.

- Son illər, xüsusən trest təşkil ediləndən sonra, - qeyd edir M.Əliyev, - daha az sərmayə ilə daha çox quyu qazılır, xarici avadanlıqlar, yeni texnika və texnologiya daha geniş tətbiq edilir.

Uğurlu fəaliyyət istiqamətlərindən biri kimi o, əvvəllər tərk edilmiş, konservasiya olunmuş, qəzalı quyuların yenidən qazmaya cəlb edilməsini, əsaslı təmir işlərinin genişlənməsini diqqətə çatdırır. Yeni texnika və texnologiyanın tətbiqi ilə Ələt-dəniz, Bulla-dəniz, Qaraçuxur, Zağlı, Bəyimdağ-Təkçay, Pirallahı sahələrində onlarla belə quyu mürəkkəbləşmələr və qəzalar ləğv edilərək yenidən həyata qaytarılmışdır. Mir-Ələkbər müəllim “Pirallahı” yatağında qazılan 1200 saylı kəşfiyyat quyusunun çox perspektivli olduğunu xüsusi qeyd edir. O, müasir qazma avadanlığının neft maşınqayırmasında öz ənənələri olan Azərbaycanda istehsal edilməsinin də əhəmiyyətini vurğulayır. Bu ilin martında KQİ trestinin müdir müavini Ədalət İmaməliyev və baş mexanik Nağı Rüstəmovla birgə Mir-Ələkbər Əliyev Mingəçevir maşınqayırma zavodunda olmuşdur. Qazma işinin bu görkəmli mütəxəssisləri burada hazırlanan BU-125 qazma qurğusu ilə bağlı irad və təkliflərini bildirmişdilər ki, onların da əksəriyyəti nəzərə alınmışdır. İndi həm BU-125, həm də Mingəçevir maşınqayırma zavodunun digər məhsulları - ayrı-ayrı qazma və əsaslı təmir avadanlıq və alətləri istehsalata tətbiq olunmaqdadır.

Mir-Ələkbər müəllim Azərbaycandan kənarda da ölkə neftçilərini layiqincə təmsil edir. 2008-ci ildə o, SOKAR-KPŞ şirkətinin prezidenti İsa Məmmədovla birgə Türkmənistanda keçirilmiş təqdimat mərasimində iştirak etmişdir. Azərbaycan və Türkmənistan neftçilərinin Nebitdağ və Çələkən rayonlarında birgə fəaliyyətinə həsr edilmiş tədbirdə M.Əliyev ölkə qazmaçılarının nümayəndəsi kimi çıxış etmişdir. Yenə keçən il, dekabr ayında o, Rusiyanın Sankt-Peterburq şəhərində baş tutmuş “Qazmanın texnoloji proseslərinə nəzarət” adlı tədbirin iştirakçısı oldu. ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə idarəsinin rəis müavini Nofəl Abdullayevlə birgə Mir-Ələkbər Əliyev keçmiş hərbi zavodun neft sənayesi üçün istehsal etdiyi cihazların təqdimatında ölkəmizi yüksək səviyyədə təmsil etmişdir. 2009-cu il 14 - 17 aprel tarixlərində təşkil edilmiş XII Ümumrusiya müşavirəsində isə Mir-Ələkbər müəllim Azərbaycandan getmiş nümayəndə qrupunun rəhbəri qismində iştirak etmişdir. Maili quyuların və ikinci lülə ilə qazılan quyuların bərkidilməsinin texnika və texnologiyasının təkmilləşdirilməsi yollarına və bu sahədə qazanılmış təcrübəyə həsr edilmiş müşavirədə Azərbaycan mütəxəssislərinin bilik, bacarıq və təcrübəsi yüksək qiymətləndirilmişdir.

- Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki tarixi çıxışında Prezident İlham Əliyev bir daha vurğuladı ki, neft sənayesinin və neftçilərin ölkəmizin inkişafında çox böyük rolu, çox böyük xüsusi çəkisi vardır. Ü deyir Mir-Ələkbər müəllim. Ü Sevindirici haldır ki, ulu öndər Heydər Əliyev kimi o müqəddəs yolun layiqli davamçısı Prezident İlham Əliyev də zəhmətkeş insanı, neftçi əməyini daim yüksək qiymətləndirir. Təltif olunduğum “Tərəqqi” medalını bütün Azərbaycan neftçilərinin əməyinə verilən ali qiymət kimi dəyərləndirirəm. Qazmaçılar bundan sonra da respublikamızın tərəqqisi naminə var qüvvə ilə çalışacaqlar.

 

 

İlqar Məmmədli

 

İki sahil.- 2009.- 26 noyabr.- S. 4.