Neftçilərə diqqət və qayğı artır

 

Namidar Ələsgərov 1981-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Həmin ildən Dəmir-Beton Məmulatları zavodunda əmək fəaliyyətinə başlayan Namidar müəllim ilk vaxtlar Beton qarışdırma sexində usta vəzifəsində işləyib. Sonra zavodda laboratoriya mühəndisi, Betonqarışdırma sexinin rəisi, 1990-1996-cı illərdə zavodun direktorunun muavini, 1996-cı ildən baş mühəndis vəzifəsində çalışır.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində ölkəmizin neft-qaz sənayesi öz inkişafının tamamilə yeni bir erasına qədəm qoyub, bu sahədə qazanılan nailiyyətlər respublikamızın iqtisadi qüdrətinin son dərəcə möhkəmlənməsinə səbəb olub. İllər keçdikcə Azərbaycan neft strategiyasının uğurlarını yaşamaqla iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yoluna nəzər salsaq neft-qaz amilinin rolunu daha aydın görərik. Ölkəmiz bu gün nəinki neft, eyni zamanda qaz ixracatçısı kimi tanınır. Təbii ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır.

Neft strategiyasının uğurla həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin ayrı-ayrı strukturlarında çalışan çoxminli neftçilər ailəsinin rolu inkaredilməzdir. Onların əməyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər il 20 sentyabr- Neftçilər günündə dövlət başçısının sərəncamı ilə neçə-neçə qabaqcıl neftçi yüksək dövlət mükafatlarına layiq görülür, ARDNŞ-in rəhbərliyi tərəfindən “Fəxri fərman”la təltif olunur. Onlar arasında “Neftqaztikinti” Trestinin Dəmir Beton Məmulatları Zavodunun baş mühəndisi Namidar Ələsgərovun da adı var.

Namidar müəllim göstərdiyi fədakar əməyinə, neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu günlərdə “Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyi münasibətilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən “Fəxri fərman”la təltif olunub.

N.Ələsgərov əmək fəaliyyəti dövründə, yəni burada uzun illər işlədiyindən bir çox dəyişikliklərin baş verdiyinin, yeniliklərin şahidi olduğunu bildirdi. “Həmin dövrdən bəri respublikada tikintiyə olan tələbatı nəzərə alaraq zavodların işində böyük dəyişikliklər oldu ki, həmin müəssisələrdən biri də məhz DBMZ-dur.”

Son üç ildə Dəmir-Beton Məmulatları Zavodunda genişmiqyaslı işlər görülüb. Trest rəhbərliyinin diqqəti sayəsində Zavodun sexlərinin, inzibati binasının dam örtüyü yenilənib. Zavodun binası müasir tələblərə uyğun olaraq təmir olunaraq işçilərin istifadəsinə verilib. Oksen sexinə gedən yola tam olaraq asfalt örtük salınıb. DBMZ-də həmçinin ekoloji sahədə işlər görülməkdədir. Zavodun ərazisində və ətrafında müntəzəm olaraq ağaclar əkilir, yaşıllıqlar salınır.

Namidar müəllim vurğuladı ki, bütün görülən işlər Dövlət Neft Şirkətinin prezidentinin və “Neftqaztikinti” trestinin rəhbərliyinin bu zavoda olan qayğısının nəticəsidir. Buna görə də zavodda təhlükəsiz, sağlam iş şəaiti təmin edilib.

DBMZ-nin baş mühəndisi bildirdi ki, bu gün Zavod Dövlət Neft Şirkətinin, Trest rəhbərliyinin köməkliyi sayəsində tam gücü ilə işləyir. Zavodun lazımi avadanlıqları dəyişdirilərək yeniləri ilə əvəz olunub. DBMZ verilən sifarişləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir. Müəssisə lazımi materiallarla təmin olunur. Zavodun armatur, qəlibləmə, betonqarışdırma, oksen sexləri və emalatxanası var.

Baş mühəndis qeyd etdi ki, DBMZ-də son illər yeni avadanlıqların quraşdırılması istiqamətində də mühüm işlər görülüb. Əsas odur ki, zavodun istehsal etdiyi məmulatların istismarını tezləşdirməkdən ötrü istilikdən istifadə olunaraq qurudulub tikinti sahələrinə göndərilir. Müasir tələblərə cavab verən yeni, Avropa istehsalı olan buxar qazanxanası zavodda quraşdırılıb. Yeni buxar avadanlığı vasitəsilə qaz sərfiatına xeyli qənaət də olunub. Zavodda yeni quraşdırılan avadanlıqlar vasitəsilə iqtisadi artım müşahidə olunmaqdadır.

N.Ələsgərov əlavə etdi ki, Dəmir- Beton Məmulatları Zavodunda uzun illər kranlarda olan nasazlıqlar rəhbərliyin diqqəti nəticəsində normal iş rejiminə salınıb. Sement anbarı və anbarın yük götürən konstruksiyaları yararsız vəziyyətə düşmüşdü. Zavod trest rəhbərliyinin köməyi ilə kompleks şəkildə dəyişdi. Müəssisədə maşın mexanizmləri çoxdur. İstehsalat prosesini sürətləndirmək üçün texnikanın gücündən istifadə olunur. Dəmir-Beton Məmulatları Zavodunda istifadə olunan avadanlıq, maşınlar vaxtaşırı nəzarət olunur, ehtiyac yarandıqda təmir edilirlər.

Baş mühəndis onu da vurğuladı ki, son illərdə zavodun materiallarla təmin olunması istiqamətində mühüm işlər görülüb ki, bu da işin sürətinin və həcminin artmasına gətirib çıxarıb.

N.Ələsgərov bildirdi ki, zavodun istehsal etdiyi dəmir beton məmulatları yalnız tikinti sahələrində deyil, dənizdə estakadaların, hidrotexniki qurğuların tikintisində də istifadə olunur. Bu baxımdan da DBMZ sifarişlər əsasında işini qurub. Trest tərəfindən verilən sifarişlər vaxtından əvvəl yerinə yetirilir.

“Neft Daşları”nın 60 illik yubileyi ərəfəsində də tikinti sahələrinə tələb olunan bütün növ tikinti konstruksiyaları hazırlanıb. Dövlət Neft Şirkətinin tabeliyində olan tikinti quraşdırma idarələrinin hansı strukturda iş aparmasından asılı olmayaraq hamısı dəmir beton məmulatları və konstruksiyaları ilə təmin edilir. N.Ələsgərov vurğuladı ki, yubiley ərəfəsində verilən tapşırıqlar vaxtında yerinə yetirilir ki, inşaatçıların işində fasilələr yaranmasın.

“Neftqaztikinti” Trestinin Dəmir-Beton Məmulatları Zavodu uzun illərdir ki, ARDNŞ-in yüksək mənfəətlə və səmərəli işləyən təşkilatlarındandır. Nəzərdə tutulan tapşırıqlar uzun illərdir ki, yüksək keyfiyyətlə, artıqlaması ilə yerinə yetirilir.

 

 

Vahidoğlu Orxan.

 

İki sahil.- 2009.- 17 oktyabr.- S. 7.