“Neftqazelmitədqiqatlayihə” İnstitutunda
səyyar müşavirə
ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə”
institutunda Şirkətin prezidenti
Rövnəq Abdullayevin
iştirakı ilə keçirilən tədbirdə bu
istiqamətdə görüləcək
işlər geniş müzakirə
olundu
Bu
günlərdə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident
İlham Əliyev qaz infrastrukturunun bərpası və yeniləşdirilməsi
məsələlərinə diqqət yönəldərək
bildirdi ki, tezliklə Azərbaycanda qaz təsərrüfatı,
paylayıcı sistemi dünya standartlarına uyğunlaşdırılmalıdır.
Dünən
“Neftqazelmitədqiqatlayihə” institutunda Şirkət rəhbərliyinin,
idarə və müəssisələrin rəhbərlərinin və
institutun aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən
müşavirədə dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun
olaraq Azərbaycan Dövlət Neft Şirkətinin bu istiqamətdə
görəcəyi işlər, həyata keçiriləcək proqram ətrafında
geniş fikir mübadiləsi aparıldı.
ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev öncə bildirdi ki, dövlət başçısı
İlham Əliyev qarşıya Dövlət Neft Şirkətini mövcud beynəlxalq
standartlara, müasir tələblərə cavab verən modern,
çevik və güclü bir quruma çevirmək vəzifəsi qoymuşdur. Bu
isə ilk növbədə Şirkətin strukturunun beynəlxalq
standartlara uyğunlaşdırılmasını, idarəetmənin effektivliyinin
artırılmasını nəzərdə tutur.
Son
illərdə böyük inkişaf yolu keçən ARDNŞ ölkənin təbii
qaza olan tələbatını ödəmək üçün ciddi səylər
göstərir. “Prezident İlham Əliyevin Şirkətin qarşısında qoyduğu
məsələlər çox aktualdır. Bu istiqamətdə gələcək
perspektivlər araşdırılır. Bu gün ARDNŞ-də görülən işlər Azərbaycanın
milli maraqlarına uyğundur. Bildiyiniz kimi hər bir işin özülü layihədir,
proqnozdur. ARDNŞ 2010-2015-ci illəri əhatə edən perspektiv
fəaliyyət Proqramını hazırlayır. Bugünkü tədbirdə həmin
proqram ətrafında geniş fikir mübadiləsi aparılacaq.”
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft
strategiyasının bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsinin
Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edən ARDNŞ-in prezidenti
bildirdi ki, ölkəmiz beynəlxalq aləmdə neft-qaz ixracatçısı
kimi tanınır, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin
təminatçısına çevrilib. Bu günlərdə Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunan iclasında da Prezident İlham Əliyev diqqəti qaz sahəsində
görülən işlərə yönəltdi. Dövlət başçısı qeyd etdi ki,
Azərbaycan qazına tələbat artır. Ölkəmiz öz böyük qaz
resursları ilə Avropa, digər ölkələrin bazarları üçün əvəzolunmaz
təchizatçı tərəfdaş kimi çıxış etməyə başlayır.
Xüsusi
vurğulandı ki, neft strategiyasının əsas nailiyyətlərindən
biri Azərbaycanın təbii qaz ixracatçısına çevrilməsidir. Ehtiyatlarına
görə dünyadakı ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”
yatağında hasil olunan təbii qazın Türkiyəyə, oradan isə
Avropa ölkələrinə nəqlini həyata keçirmək məqsədi
ilə Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz kəməri çəkildi.
Bu kəmər də Azərbaycanın şaxələnmiş ixrac
neft-qaz kəmərləri sistemində özünə layiqli yer tutur.
ARDNŞ-in
prezidenti bildirdi ki, 2007-ci ildə Rusiyadan qaz idxalının
dayandırılması ilə ölkə iqtisadiyyatının və əhalinin mavi
yanacaqla təminatı vəzifəsini tam həcmdə ARDNŞ həyata
keçirir. Şirkət Prezident İlham Əliyevin göstəriş və tövsiyələrini
əldə rəhbər tutaraq bu məqsədlə xüsusi
kompleks tədbirlər proqramı hazırlamış və bu gün də həmin
proqramın icrasını uğurla davam etdirməkdədır.
O
da bildirildi ki, Rusiyanın “Qazprom” şirkəti ilə ARDNŞ arasında Azərbaycan
qazının alqı-satqısı haqda saziş imzalanmışdır. Həmin sazişə əsasən
2010-cu ildə Şimal ixrac boru kəməri ilə Rusiya tərəfinə
500 milyon kubmetrədək təbii qaz veriləcək. ARDNŞ ölkəmizin
təbii qaza olan daxili ehtiyaclarını tam ödəməklə yanaşı,
müstəqil olaraq Gürcüstana da qaz ixrac edir.
ARDNŞ-in
prezidenti R.Abdullayev bu müqavilənin yaxşı perspektivlərə
malik olduğunu bildirdi. Qeyd etdi ki, gələcəkdə qaz
hasilatı artdıqca, nəql olunacaq qaz həcmlərini də
artırmağı planlaşdırırıq.
Müqavilədə
Rusiyaya veriləcək qazın həcmi 500 milyon kubmetrdir. Gələcəkdə
qaz hasilatının artması ilə nəql olunacaq qaz həcmlərində
də nəzərdə tutulan artım qiymətə heç bir təsir
göstərməyəcək. Təklif olunan, yəni
razılaşdırılmış qiymət formula əsasındadır. Bu qiymət dünya
miqyasında qəbul olunmuş qayda və formalara əsaslanır.
ARDNŞ-in prezidenti digər variantlar barədə də danışdı. Təbii qaza
olan tələbatını daxili imkanlar hesabına ödəyən Azərbaycan qonşu ölkələrə qaz ixrac edir. Bir sözlə, ARDNŞ qarşıya qoyulan tapşırıqları lazımi səviyyədə yerinə yetirməyə çalışır.
R.Abdullayev
onu da qeyd etdi ki, tapşırıqları yüksək səviyyədə yerinə
yetirmək üçün şirkətin bütün strukturları fəaliyyətlərini
birləşdirməlidirlər. Hər bir idarə və müəssisə
üzərinə düşən məsuliyyəti lazımi səviyyədə
yerinə yetirsə, daha yüksək göstəricilər əldə
etmək olar.
R.Abdullayev
tədbirin məhz “Neftqazelmitədqiqatlayihə” institutunda
keçirilməsinin səbəbini də açıqdadı. Qeyd etdi ki, məqsəd
institutun perspektivlərini müzakirə etməkdir.
Tədbirdə
əsas diqqət dövlət başçısı İlham Əliyevin Nazirlər
Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunan iclasında qarşıya qoyduğu tapşırıqlara yönəldildi.
R.Abdullayev
bildirdi ki, ARDNŞ tərəfindən 2010-2015-ci illər üçün
Proqram hazırlanır. Bu proqram ilk növbədə Azərbaycanın qaz təsərrüfatının
yeniləşməsinə xidmət edəcək. Qaz
infrastrukturunun yeniləşməsi, dünya standartlarına uyğunlaşdırılması
başlıca vəzifədir.
Ölkədə
neft və qaz ehtiyatlarının artırılması məqsədilə qarşıda
yeni perspektivli strukturların axtarışı və qazmaya hazırlanması,
quyularda keyfiyyətli və müasir mədən-geofiziki tədqiqat
işlərinin aparılması kimi həlli vacib məsələlər
durur. İnstitutun əməkdaşları bu istiqamətdə ciddi səylər
göstərirlər. Son dövrlərdə ARDNŞ-in strukturlarında dünya
standartlarına cavab verən avadanlıqların alınıb istehsalata tətbiq
edilməsi istiqamətində ardıcıl addımlar atılmış, bununla da
aparılan işlərin texniki səviyyəsi əsaslı surətdə
yüksəlmişdir. Perspektivli yataqlarla bərabər, uzun müddət
işlənmədə olan köhnə yataqlar tədqiq edilir.
Qaz
Proqramı çərçivəsində quyuların yerləşmə şəbəkəsi
təkmilləşdirilmiş, əlavə quyular qazılıb istismara daxil
edilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, əlavə neft-mədən
obyektləri tikilmiş, yeni tələblərə cavab verən
mükəmməl texniki sistem yaradılması nəticəsində hasil
edilən qazın gündəlik texnoloji sərf və itkiləri
azaldılmış, səmərəli texnika-texnologiyalar geniş tətbiq
olunmuşdur.
Prezident
İlham Əliyev ölkənin təbii qazla tam təmin edilməsi məqsədilə
ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv həcmlərini genişləndirmək
barədə tapşırıq qoymuşdur. Ölkə başçısının tapşırığına uyğun
olaraq Şirkət bu istiqamətdə səylərini artırır. Dövlət
başçısı müşavirədə əldə olunan uğurları xüsusi vurğuladı.
Bildirdi ki, qaz anbarlarının həcmi genişləndirilir.Yeraltı anbarlara
1 milyard 800 milyon kubmetr qaz vurulub. Bu, çox böyük bir göstəricidir.
Dövlət başçısı bildirdi ki, bir neçə il bundan əvvəl 500
milyon kubmetr qaz tədarük edilmişdi. Bu, həm qazın yoxluğu, həm
də qaz anbarlarında quyuların yararsız vəziyyətə düşməsi
ilə əlaqədar idi. Prezident İlham Əliyev bu həcmin
artırılaraq növbəti mərhələdə 3 milyard, sonrakı mərhələdə
5 milyard kubmetrə çatdırılmasını qarşıya əsas vəzifə kimi
qoydu. Bunun üçün qaz anbarlarında həm yenidənqurma işləri
aparılmalı, həm də yeni qaz kəmərləri tikilməlidir.
“Neftqazelmitədqiqatlayihə”
institutunun direktoru Fəxrəddin İsmayılov bildirdi ki, institutun əsas
fəaliyyəti neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı,
işlənməsi, quyuların qazılması və istismarının texnika və
texnologiyası, neft-kimya və neft-qaz emalı sahələrində
layihələndirmə və s. işlərin həyata keçirilməsinə
istiqamətləndirilmişdir. Hazırkı vəziyyətində bu
institut nəinki keçmiş ittifaqda, həmçinin neft-qaz sənayesinə
malik bir çox xarici ölkələrdə uğurla fəaliyyət göstərmiş
4 elmi nəzəri mərkəzin varisidir.
Dövlət
başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ARDNŞ-də
struktur dəyişiklikləri ilə əlaqədar “Neftqazlayihə”
və “Elmi tədqiqatlar” İnstitutlarının birləşməsi əsasında
yenidən təşkil olunmuş “Neftqazelmitədqiqatlayihə”
institutu əldə olunan göstəriciləri daha da zənginləşdirərək
beynəlxalq standartlar səviyyəsində elmi-tədqiqat və
layihə işlərinin aparılması üçün daha səmərəli fəaliyyət
tədbirləri həyata keçirməyi qarşısında əsas məqsəd
kimi qoyub.
F.İsmayılov
institutun yaranma tarixindən, keçdiyi inkişaf yolundan geniş bəhs edərək
bildirdi ki, son illər institut tərəfindən bir sıra xüsusi əhəmiyyət
kəsb edən elmi-tədqiqat və layihə işləri yerinə
yetirilib.
2009-2015-ci
illər üçün elmi tədqiqatların konsepsiyası işlənilib və
hazırda bu konsepsiyadan irəli gələn vəzifələr
yüksək səviyyədə yerinə yetirilir.
O
da qeyd edildi ki, institutun kollektivi yeni texnika və texnologiyaların
istehsalatda tətbiqi ilə də ciddi məşğul olur. Hazırda gənc
kadrlara böyük ehtiyacın olduğu bildirildi.
İnstitutun
direktoru əldə olunan nailiyyətlərin daha da artırılması
üçün ARDNŞ rəhbərliyinin institut kollektivinə diqqət və
qayğısından bəhs etdi.
ARDNŞ-in
I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, “Azneft” İstehsalat
Birliyinin baş direktoru Səbuhi Əhmədov, “Kompleks Qazma İşləri”
Trestinin müdiri İsgəndər Şirəli və ARDNŞ-in Kapital
Qoyuluşları İdarəsinin rəisi Ağəsəf Əliyev çıxış edərək,
qarşıda duran vəzifələrin yüksək səviyyədə
yerinə yetirilməsi üçün təkliflərini bildirdilər.
ARDNŞ-in
prezidenti R.Abdullayev sonda çıxış edərək bir daha qeyd etdi ki,
proqramların uğurlu icrası qarşıya qoyulan tapşırıqların vaxtından əvvəl
yerinə yetirilməsinə geniş imkan yaradır. 2010-2015-ci illəri
əhatə edəcək Proqram bütün qaz təsərrüfatında
müasir standartların tətbiqini təmin edəcək. İnstitut Azərbaycanda
həyata keçirilən qlobal əhəmiyyətli layihələrin
icrasında daha artıq fəallıq göstərməlidir.
Yeganə Əliyeva
İki sahil.- 2009.- 20 oktyabr.- S. 4.