Azərbaycan öz inkişafını uğurla davam etdirir
Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş və
yekun nitqlərində bu məsələ dönə-dönə
vurğulanmışdır
Son
illər Azərbaycanda iqtisadiyyatın inkişafı, əhalinin həyat
səviyyəsinin yüksəlməsi, ölkə həyatının aparıcı
sahələrində müşahidə olunan tərəqqi bu ilin 9
ayında uğurla davam etdirilmişdir. Təkcə Azərbaycanda deyil,
artıq dünyanın ən nüfuzlu təşkilatlarında da etiraf olunan bu inkişaf
sevindirici haldır. Prezident İlham Əliyevin nitqində deyildiyi kimi,
xüsusilə ona görə ki, bu il dünyada hökm sürən maliyyə və
iqtisadi böhran bir çox ölkələri çox ciddi tənəzzülə
uğratdığı şəraitdə belə Azərbaycan öz inkişafını davam
etdirmiş, ölkəmiz böhranın təsiri altına düşməmişdir. Azərbaycan
rəhbərliyinin qabaqlayıcı tədbirlər görməsi,
sosial-iqtisadi islahatlara geniş yer verməsi bu uğurun başlıca səbəbləridir.
Bu
ilin 9 ayında iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun
(ÜDM) 6,1 faiz artması ölkənin hərtərəfli inkişafı barədə
aydın təsəvvür yaradır. Müqayisə üçün qeyd edək ki, 9 ayda
ÜDM Rusiyada 14, Qazaxıstanda 1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7, Moldovada
24,6, Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azalmışdır.
9
ayda Azərbaycan sənayesində 5 faiz artım əldə
olunmasını da dövlətimizin başçısı yüksək qiymətləndirərək
sənayeləşmə siyasətinin artıq bəhrə verdiyini
qeyd etdi. “Biz çalışırıq ki, sənaye sahəsində yeni müəssisələr
işə salınsın. Bunun üçün xarici və daxili investisiyalar cəlb
edilir. Bölgələrdə görülən işlər sənayenin
inkişafına gözəl şərait yaradır. Söz yox ki, sənaye artımının təməlində,
eyni zamanda dövlətin özəl sektora verdiyi güzəştli kreditlər
də mühüm rol oynayır.”
Bu
il Azərbaycanın kənd təsərrüfatında ən əsas göstəricilərdən
biri rekord miqdarda - 3 milyon ton taxıl istehsal olunmasıdır. Bu, tarixi
nailiyyətdir və ölkədə kənd təsərrüfatı sahəsində
aparılan islahatların bariz nəticəsidir.
Dövlət
başçısı Azərbaycanda makroiqtisadi sabitliyin dayanıqlı olmasının bir çox
sahələrə, xüsusilə əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşmasına mühüm təsir göstərdiyini xüsusi qeyd etdi. 9
ayda inflyasiyanın 2,1 faiz təşkil etməsi, məhsulların satış
qiymətlərinin sabit qalması göstərir ki, maliyyə-iqtisadi
böhranın insanların həyatına təsiri ötən aylarda minimum səviyyəyə
enmişdir.
Hesabat
dövründə əhalinin pul gəlirlərinin 10 faiz artmasını digər
ölkələr üçün qibtə ediləcək hal kimi dəyərləndirən
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, “əhalinin 10
faiz pul gəlirlərinin artması, təxminən 2 faizlik
inflyasiya-deməli, real artım templəri 8 faizdir. Böhranlı il üçün
bu, hesab edirəm ki, dünya miqyasında nadir bir göstəricidir”.
Bu
gün ölkəmizin valyuta ehtiyatlarının 19 milyard dollar səviyyəsinə
çatması Azərbaycanın daha da inkişafı üçün çox böyük maliyyə təminatıdır.
Bunun nəticəsidir ki, bütün sosial proqramlar icra olunur. Bu ilin 9
ayında orta əməkhaqqı 15 faiz artaraq 370 dollar həddinə
çatmışdır. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra olunur.
Neft-qaz gəlirləri ümumilikdə iqtisadiyyatın inkişafına, bu isə
gəlirlərin öz növbəsində insan kapitalına çevrilməsinə,
yoxsulluğun azaldılmasına xidmət edir.
Dövlət
başçısı indiyədək görülmüş işlərə yekun vuraraq qeyd etdi
ki, 2003-cü ildən bu günə qədər ölkədə 824 min
yeni iş yerləri açılması əhalinin işlə təminatında böyük
dönüş əmələ gətirmişdir. Bölgələrdə bu
istiqamətdə işlər davam etdirilir. Gələn ilin dövlət
büdcəsində bu məsələlər öz əksini tapmışdır.
Belə ki, büdcə həm sosial yönümlüdür, həm də bir çox
infrastruktur layihələrinin icrasını nəzərdə tutur.
Prezident
İlham Əliyev məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycanın
elektrik enerjisi və yanacaq qazı ilə təminatı yüksək səviyyədədir,
içməli su problemi artıq həllini tapmaq üzrədir. Bu il Sumqayıt
Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası, Oğuz-Qəbələ-Bakı
su kəməri istifadəyə veriləcək, İmişli-Parsabad
elektrik xəttinin çəkilişi başa çatdırılacaq.
Prezident
yekun nitqində qarşıda duran bir çox mühüm məsələlərə
aydınlıq gətirdi. Bakının ekoloji baxımdan sağlamlaşdırılması, neftayırma
zavodlarının və ətraf mühiti çirkləndirən digər sənaye
müəssisələrinin şəhərdən çıxarılması, qaz və
elektrik təsərrüfatlarının yenidən qurulması, yaşıllıq
salınmasının genişləndirilməsi və digər məsələlərin
həlli vacibliyi diqqətə çatdırıldı.
Nazirlər
Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş hər yığıncağı Prezident İlham Əliyevin xalq qarşısında açıq
hesabatına çevrilir. Bu mənada, 9 ayın yekunlarına dair iclasda dövlət
başçısının giriş və yekun nitqləri istisna olmadı. Prezident öz nitqlərində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı fikirlərini xalqa bir daha bəyan etdi və bildirdi
ki, müharibə hələ bitməyib, biz milli maraqlarımızı istənilən
yolla müdafiə edəcəyik.
Telman Qafar
İki sahil.- 2009.- 20 oktyabr.- S. 3.