Neftçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə
mühüm tədbirlər həyata keçirilir
“28 May” NQÇİ əməkçiləri üçün
bir yaşayış binası tikilir, daha ikisinin
inşası nəzərdə tutulmuşdur
Bir müddət bundan əvvəl Azərbaycan xalqı, neft sənayesinin zəhmətkeşləri
böyük bir coşqu ilə ulu öndər Heydər Əliyevin
şah əsəri - “Əsrin
müqaviləsi”nin 15-illik yubileyini bayram etdilər. Xəzərin Azərbaycan
sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının suyun dərin sahəsində yerləşən hissəsinin işlənməsini
və hasilatın pay bölgüsünü
nəzərdə tutan
bu Saziş ümummilli lider Heydər Əliyev dühasının məhsulu olan yeni neft
strategiyasının həyata keçirilməsinin əsasını qoydu.
Böyük
uzaqgörənliklə işlənib hazırlanmış ölkənin neft
strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycan
iqtisadiyyatı dinamik və sürətlə inkişaf edir, xalqımızın rifah
halı durmadan yüksəlir. Sosial sahədə qazanılan nailiyyətlər
neft sektorunda özünü daha bariz şəkildə göstərməkdədir.
Artıq üçüncü ildir ki, ARDNŞ-in idarə və müəssisələrində
çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə
2007-2010-cu illər üçün təsdiq edilmiş sosial inkişaf proqramının
icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Görülən
işlər barədə danışan “28 May” NQÇİ-nin rəisi Daşqın İskəndərov
vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial
yönümlü siyasət dənizdə neftqazçıxarmanın flaqmanı olan idarənin
əmək kollektivi tərəfindən müsbət qarşılanır. Ölkəmizin
əldə etdiyi önəmli uğurlardan ruhlanan dəniz neftçiləri
də var qüvvə ilə çalışaraq respublikamızın qazandığı nailiyyətlərə
öz töhfələrini verməkdədirlər. ARDNŞ və “Azneft”
İstehsalat Birliyi rəhbərliklərinin yaxından köməyi ilə
“28 May” NQÇİ-də sosial inkişafın bütün sahələrində köklü
yenidənqurma və islahat işləri aparılır. .
Bu
gün ölkəmizdə ekologiya məsələlərinə ciddi
fikir verilir. ARDNŞ-də ekoloji problemlərin həlli yönümündə
genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin tədbirlərin
tərkib hissəsi olaraq Çilov adasında növbəti KU-200 qurğusu
quraşdırılmış, bioloji təmizləmə qurğusunun 2-ci buraxılış
kompleksi işə salınmışdır. Hər gün dənizə axıdılan 20 ton
çirkab su bioloji təmizləmə qurğusunda təmizlənərək,
təzə quraşdırılmış suvarma sistemləri vasitəsilə
ağacların suvarılmasına yönəldilir.
Çilovda
Həmkarlar İttifaqı Komitəsinin inzibati binasında əsaslı təmir
işləri aparılmış, bina HİK-in istifadəsinə verilmişdir. Daşqın
müəllim neftçilərin yaşayış və istirahət şəraitini əsaslı
yaxşılaşdırmaq məqsədilə 3 saylı yataqxananın binasının
tikildiyini, obyektin artıq təhvil verilmək üzrə olduğunu söylədi.
Yataqxanada yaşayış üçün zəruri olan avadanlıqların yarısı alınıb, qalanı
isə alınma prosesindədır. İstilik sisteminin normal fəaliyyət
göstərməsi üçün qazanxanadan yataqxanalara boru xətti çəkilmişdir,
sistem işçi vəziyyətdədir. Qeyd olunmalıdır ki, qəsəbənin
məscidində də təmir işləri aparılıb. Artıq inşaat işləri
yekunlaşdırılaraq neftçilərin istifadəsinə verilmiş 2 saylı
yataqxananın birinci mərtəbəsi ixtisaslaşdırılaraq bu gün xəstəxana
kimi fəaliyyət göstərir, burada ixtisaslı həkimlər
Çilov adası zəhmətkeşlərinin sağlamlığı keşiyində
dayanırlar. DDÖ-lərdə və Çilov adasının obyektlərində
mütəmadi olaraq həyata keçirilən dezinfeksiya işləri də
insanların sağlamlığına xidmət edir. Çoxdandır ki, istifadəsiz qalmış
boş bir bina isə idarənin daxili imkanları hesabına əsaslı təmir
olunaraq klub kimi əməkçilərin istifadəsinə
verilmişdir.
İşçilərin
əmək şəraitinin yaxşılaşdırılması məsələlərinə
də NQÇİ-də xüsusi diqqət verilir. Bu məqsədlə
Quyuların Əsaslı və Yeraltı Təmiri Sexinin inzibati binası yeni
quraşdırılmış tikinti kompleksinə köçürülüb.
“28
May” NQÇİ-nin kollektivi bütün həyatını Azərbaycanın çiçəklənməsinə,
dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin
təmin edilməsinə həsr etmiş ümummilli lider Heydər Əliyevin
xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirir.
Dəniz neftçilərinin ümummilli liderə sonsuz məhəbbətinin
təzahürü olaraq idarənin inzibati binasında ulu öndərimizin əziz
xatirəsini əks etdirən Heydər Əliyev guşəsi
yaradılıb. İndi bu guşə neftçilərin adada ən çox ziyarət
etdikləri bir məkana çevrilib.
Daşqın
müəllim bildirir ki, dəniz özüllərində çalışan
operatorların, çilingərlərin, elektriklərin, vışkaquraşdırıcıların,
digər sənət sahiblərinin əməyinin səmərəliliyinin
yüksəldilməsi Çilovdakı köməkçi sexlərdə çalışan
insanların fəaliyyətindən çox asılıdır. Köməkçi sexlərin
işçilərinin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə
onların inzibati binaları idarənin daxili imkanları hesabına əsaslı təmir
edilmişdir. Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar
istilik xətləri tam təmir edilmiş və işlək vəziyyətə
gətirilmişdir.
Sosialyönümlü
fəaliyyətdən bəhs edən”28 May” NQÇİ-nin rəis
müavini Ələddin Mürsəlov qeyd edir ki, Çilov adasındakı 10 saylı
yeməkxana əsaslı təmir olunub, məişət avadanlıqları ilə
təchiz edilib. Sosial-inkişaf şöbəsinin əməkdaşları DDÖ-lərdə
yeməklərin keyfiyyətinə, çeşidinə və ərzağın
saxlanma şəraitinə nəzarət edirlər. NQÇİ-də
abadlığa, səliqə-sahmana da xüsusi diqqət verilir. Çilov
adasının bütün ərazisində abadlıq işləri aparılmış, qəsəbə
ərazisindəki metal tullantıları toplanaraq təhvil verilmişdir. Adanın
yaşıllaşdırılması məqsədilə son il yarımda 2500 müxtəlif
ağac və gül kolları əkilmişdir.
Açıq
dəniz şəraitində çalışan neftçilərin iş və istirahət
şəraitinə xüsusi diqqət yetirilir. 3 və 4 saylı DDÖ-lərin
yaşayış blokları tam təmir olunub, işçilərin istifadəsinə
verilmişdir. 10 saylı DDÖ-nün 2-ci və 3-cü mərtəbələri
təmir olunub. Birinci mərtəbənin rekonstruksiya olunması
üçün layihə-smeta sənədləri hazırlanır. Qazma işləri
qurtarmış 5, 15 və 8-ci DDÖ-lərdə təmir işləri
başlanmalıdır. 2, 9, 6, 11 və 14 saylı DDÖ-lərdə daxili
imkanlardan istifadə edərək, cari təmir işləri
gorülmüş, sanitar qovşaqları təmir olunmuşdur.
Payız-qış
mövsümünün yaxınlaşması ilə əlaqədar bütün özüllər
qızdırıcı radiatorlarla təmin edilib. Ümumiyyətlə, DDÖ-lərdə
istilik sistemləri bərpa olunmuş, bütövlükdə hər bir özüldə
məişət avadanlıqları, soyuducu kameralar, soyuducular, televizorlar,
mətbəx avadanlıqları davamlı olaraq təmir edilir. 9 və 11
saylı DDÖ-lərə konteyner-refrejirator verilib. İşçilərin məişət
şəraitini yaxşılaşdırmaq məqsədilə 10 ədəd
paltaryuyan maşın alınaraq DDÖ-lərdə quraşdırılmışdır. Bütün DDÖ-lər
və köməkçi sexlərin işçiləri təzə yataq ləvazimatları
ilə təmin olunub. Özüllərin yeməkxanalarına isə təzə
mətbəx avadanlıqları verilib. DDÖ-lərdə və Çilov
adasında yerləşən sexlərdə zərərli işlərdə
çalışan işçilər vaxtlı-vaxtında süd və süd məhsulları ilə təmin
olunurlar.
Damba
gəmi yanalma körpüsündə sərnişinlər üçün hər cür şəraiti
olan gözləmə zalı tikilib və zəhmətkeşlərin
istifadəsinə verilib. Dəniz neftçilərinin nəqliyyat
problemlərinin həlli ilə bağlı digər bir məsələ
- Çilov adasında vertolyot meydançasının yenidən qurulması üzrə də
işlər görülməkdədir. Artıq layihə-smeta sənədləri
işlənilmiş və 1 nüsxəsi “Neftqaztikinti” trestinə göndərilmişdir.
Çilov adasında zabit heyəti üçün 10 ailəlik yataqxana binasının yenidən
qurulması obyektinin də layihə-smeta sənədləri işlənilmişdir.
Dəniz neftçiləri Çilov qəsəbəsinin sosial həyatı
üçün böyük önəm daşıyan uşaq bağçasının və məktəbin idman
zalının tikintisində böyük fəallıq göstərirlər. R.İbrahimov
adına 131 saylı orta məktəbin idman zalının tikintisində hörgü
işi başa çatdırılıb, dam örtüyünün çatı elementləri, yəni fermalar
quraşdırılıb. 50 yerlik uşaq bağçasının tikinti-quraşdırma işlərinə də
başlanıb, hörgü işləri yekunlaşıb, örtük panelləri və plastik pəncərələr
qoyulub, dam örtüyünün çatı elementlərinin quraşdırılması işləri başa
çatdırılıb.
Ələddin
Mürsəlovun söhbətindən məlum olur ki, dəniz neftçilərinin
mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Xətai
rayonu M.Hadi küçəsində 2944-cü məhəllədə 9 mərtəbəli
yaşayış binası tikilir. 4 saylı 18 mənzilli bu yaşayış binasında
hal-hazırda inşaat işləri davam etdirilir. Hörgü işləri başa
çatdırılıb, qapı və pəncərələrin quraşdırılmasında,
taxta döşəmənin vurulmasında son tamamlama işləri, balkonlarda kərpic
arakəsmələrin hörülməsi və suvaq işləri aparılır.
Yaxın gələcəkdə 2 bloklu 36 mənzilli və 3 bloklu
54 mənzilli binaların tikintisi də nəzərdə tutulur.
İlqar Məmmədli
İki sahil.- 2009.- 21 oktyabr.- S. 6.