Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə
çevrilib
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr
olunmuş iclasındakı nitqində Azərbaycan energetikasının əldə
etdiyi böyük uğurları yüksək qiymətləndirmişdir
Öndər
Heydər Əliyevin 1970-1980-ci illərdə iqtisadiyyatın ən
mühüm sahələrindən biri olan elektroenergetikanın inkişafı üçün
gördüyü işlər Azərbaycanın müstəqillik dövründə öz tələbatını
ödəməsi üçün real zəmin yaratmışdır. Məhz o illərdə
Mingəçevirdə Zaqafqaziyada ən iri Azərbaycan Dövlət
Rayon Elektrik Stansiyası tikilərək istifadəyə verilmiş,
mövcud stansiyalar modernləşdirilərək gücləri artırılmış, Şəmkirdə
Yenikənd SES-in tikintisinə başlanmış, Bakıda istilik -elektrik mərkəzləri
yenidən qurulmuşdur. Xatırlatmaq yerinə düşər ki, 1996-cı ildə
ulu öndər Heydər Əliyev Yenikənd Su Elektrik Stansiyasının
yarımçıq qalmış tikintisinin başa çatdırılmasını təmin etdi. Beləliklə,
1993-2003-cü illərdə yaradılmış 700 meqavatlıq energetika gücləri
hesabına ölkənin ümumi energetika potensialı 3 min meqavatı ötdü.
Azərbaycan
elektrik təsərrüfatının yenidən qurulması, müasir stansiyaların
inşası Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə yeni qüvvə ilə davam etdirildi. Dünyada enerji təhlükəsizliyinin
ən əsas problemlərdən birinə çevrildiyi vaxtda dövlət
başçısı İlham Əliyev respublika energetikasının inkişaf strategiyasını müəyyən
etdi. Bu strategiya ölkənin enerji potensialını 5 min meqavata çatdırmağı
nəzərdə tutur.
Prezident
tapşırığına uyğun olaraq, müasir tələblərə cavab verən
7 elektrik stansiyasının təməli qoyuldu. Son 5 ildə Astarada,
Xaçmazda, Şəkidə, Naxçıvanda, Bakıda, Səngəçalda, Qubada
modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmiş,
Sumqayıtda və digər bölgələrdə yeni stansiyaların
inşasına başlanmışdır. Sumqayıt və “Cənub” elektrik stansiyalarının
işə düşməsi ilə Azərbaycanın enerji gücü təqribən
1300 meqavat artacaqdır.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində
energetiklərin işini yüksək qiymətləndirərək qeyd
etdi ki, Azərbaycanı qonşu ölkələrlə birləşdirən
elektrik xətləri yenidən qurulur, bu yaxınlarda İmişli-Parsabad
elektrik xəttinin əsaslı təmiri başa çatacaq. Dövlətimizin
rəhbəri qeyd etdi ki, bu iş görüldükdən sonra İrana 700 meqavat
gücündə elektrik enerjisi ixrac etməyimizə imkan yaranacq.
Azərbaycanı
Gürcüstanla birləşdirən elektrik xətləri də yenidən
qurulur.
Azərbaycanla
Rusiya arasında bu sahədə əməkdaşlığa toxunan Prezident
İlham Əliyev xatırlatdı ki, əvvəllər biz Rusiyadan daha çox
enerji idxal edirdik. İndi isə Azərbaycan özü nəinki İrana,
Türkiyəyə və Gürcüstana, hətta Rusiyaya da elektrik
enerjisi ixrac edir. Bu isə o deməkdir ki, Azərbaycan öz tələbatını
tam ödəməklə bərabər, elektrik enerjisi ixrac edən
ölkəyə çevrilmişdir.
Dövlətin
məqsədyönlü iqtisadi siyasəti bu məsələdə
başlıca rol oynayır.
Hazırda
Prezident İlham Əliyevin tapşırıqları əsasında respublikanın, o cümlədən
Bakının energetika sistemində ötürücü və paylayıcı şəbəkənin
yenidən qurulması, qış aylarına hazırlıq diqqət mərkəzindədir.
Dövlət başçısının Prezident Fondundan ayırdığı 12 milyon manat vəsait
hesabına enerji təsərrüfatı kompleks şəkildə inkişaf
etdirilir. Son bir ildə 30 yarımstansiya, 78 transformator məntəqəsi
inşa edilmiş, köhnə energetika qurğuları və xətləri dəyişdirilmişdir.
Fransa, İngiltərə, Almaniya, Türkiyə, İsveçrə, Ukrayna və
digər ölkələrin avadanlıq və texnologiyalarının tətbiqi
paytaxtın energetika sistemini müasir səviyyəyə qaldırmışdır.
Bu proses uğurla davam etdirilməkdədir.
Prezident
İlham Əliyevin nitqində vurğulanan bir məqam budur ki, dağ
çaylarının üzərində elektrik stansiyaları qurmaq, külək və
günəş enerjisindən istifadə etməklə alternativ enerji
mənbələri yaratmaq bu gün təxirəsalınmaz vəzifələrdir.
Azərbaycan
energetikləri Prezident İlham Əliyevin bu tapşırıqlarını layiqincə
yerinə yetirmək əzmində olduqlarını 20 oktyabrda keçirilən
energetiklərin peşə bayramı günündə bir daha nümayiş etdirdilər.
Telman Qafar
İki sahil.- 2009.- 22 oktyabr.- S. 2.