İlham Əliyev: Müharibə hələ bitməyib

 

Ermənistan danışıqlar prosesində vaxtı uzatmaq taktikasını tətbiq edir

 

Dünən Türkiyə parlamentində Ermənistanla sərhədlərin açılması, diplomatik münasibətlər qurulmasına dair imzalanmış protokolların müzakirəsi başlanıb. Xalqımız, Türkiyə ictimaiyyətinin mütləq əksəriyyəti bu protokolların qəbul edilməyəcəyinə böyük inamla yanaşır, bununla belə, öz narahatlıqlarını da bildirirlər. Çünki ortada Türkiyə rəhbərlərinin protokolların parlamentdə təsdiq olunmayacağı və sərhədlərin açılmayacağı barədə verdikləri şərəf sözü dayanır.

Azərbaycanda da, Türkiyədə də hamı yaxşı bilir ki, Ermənistanla protokolların imzalanması, sərhədlərin açılması təkcə Azərbaycanın deyil, Türkiyənin maraqlarına da ziddir. Türkiyə və Azərbaycan xalqlarının ən əsas istəyi və tələbi budur ki, Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyə Ermənistanla əlaqələr qurmasın.

Görünür, son vaxtlar Türkiyənin Ermənistanla münasibətləri ilıqlaşdırması, danışıqların və get-gəllərin intensivləşməsi, eyni zamanda supergüc dövlətlərin Türkiyə hakimiyyətinə göstərdiyi təzyiqlər işğalçı dövləti ruhlandırıb. Çox güman ki, erməni tərəfi uzun illər bölgədə həyata keçirilən bütün layihələrdən təcrid olunmuş vəziyyətdən Türkiyənin köməyi ilə çıxacağına ümid bəsləyir.

Türkiyə parlamentində protokolların müzakirəsi ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 ayın yekunlarına dair iclasında Prezident İlham Əliyevin nitqində qeyd olunan kəskin bəyanat Ermənistanın və bu işğalçı dövlətin mənafeyini müdafiə edən qüvvələrin niyyətlərinin baş tutmayacağını təsdiq edir. Ermənilərin uzun illər təcrid olunmuş vəziyyətdən guya Türkiyənin köməyi ilə çıxacaqları barədə fikirlərinin yanlış olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bölgədə gedən proseslər, bu proseslərdə Azərbaycanın fəal iştirakı, ölkəmiz tərəfindən irəli sürülmüş siyasi, iqtisadi və digər təşəbbüslər, Azərbaycanın dünyada artan rolu heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Əgər Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilsə biz bütün kommunikasiyalarda onların iştirakına imkan yaradarıq,- deyən Prezident İlham Əliyev bir daha xatırlatdı ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan Ermənistana heç bir güzəşt edilməyəcək. “Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Kimsə bu münaqişəni dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana keçirib başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq.” Bunu əsas reallıq hesab edən dövlətimizin başçısı ortaya qəti mövqeyini qoydu: “Mən bir daha bildirmək istəyirəm ki, bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir.”

Prezident İlham Əliyevin belə kəskin bəyanat verməsi arxasında Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artması, xalqla iqtidar arasında möhkəm birlik yaranması, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi və digər mühüm amillər dayanır. Bununla belə, Prezident İlham Əliyevin dediyi kimi: “Müharibə hələ bitməyib. Ermənistan tərəfi indi vaxtı uzatmaq taktikasını təbiq edir.”

Erməni tərəfi bu hiyləgərliyi neçə ildir davam etdirir. Bunun əsas səbəbi həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və danışıqlar prosessinə zərbə vurmaqdır. Ermənilərin bu hiyləgərliyinə kəskin münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə bəyan edir: “Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra da müstəqilliyin verilməsi, ümumiyyətlə müzakirə olunmur və bu heç vaxt olunmayacaqdır.”

Erməni tərəfi başa düşməlidir ki, vaxtı uzatmaqla danışıqları pozmaq, münaqişənin həllini ləngitmək onlara heç bir fayda gətirməyəcək. Çünki Azərbaycan öz milli maraqlarını istənilən yolla təmin edəcəkdir.

O ki qaldı Türkiyə hakimiyyətinin son vaxtlar Ermənistanla qurduğu münasibətlərdən işğalçı dövlətin ruhlanmasına, onların təcrid olunmuş vəziyyətdən xilas olacağına bəslədikləri ümidlərə -bu ümidlərin doğrulacağını düşünmək sadəlövhlük olardı. Çünki bölgənin aparıcı dövləti, söz sahibi, bir sözlə, bölgənin sükançısı Azərbaycandır. Ölkəmizə təzyiq göstərilməsi mümkün deyil. Bu reallığı dünyada hər kəs unutmasın.

 

 

Telman Qafar

 

İki sahil.- 2009.- 22 oktyabr.- S. 3.