Candan da əziz Vətəndir

 

Bir ana tanıyıram, qəlbi kövrək, balası üçün canından keçməyə hər an hazır olan bir ana... Bir ana tanıyıram, Koroğlu qeyrətli oğul böyütmüşdü.

- Bir ana tanıyıram, yuxusuz gecələrinin günəşi olacağını ümidlə gözləyən ana! Oğul böyütdü. Məktəbə göndərdi. Oğlu öz gücü, qüvvəti ilə yoldaşlarından seçildi. 2 nömrəli Uşaq Gənclər İdman məktəbində də təhsil aldı. Keçirilən yarışlarda birinci və ikinci yerləri tutdu. Bir gün qapıları döyüldü: gələn poçtalyon idi. Vahid Ağalarova çağırış vərəqəsi gətirmişdi.

- Gözlərin aydın ana, oğlun vətəni qorumağa gedir. Mərdlik, kişilik, cəsurluq məktəbini keçməyə. İşğal altında olan torpaqlarımızı azad etməyə. Allah səni gözdən, nəzərdən saxlasın oğul - dedi, arxasınca su atdı ana! Göz yaşlarını yayındırdın, gizlədin, - dedin oğlum görməsin. Çünki qəlbində bir ümid, bir inam var idi. Vahid balam arxaya çevrilib səni, qardaşını bərk-bərk sinəsinə sıxdı, - darıxma ana, Vətənə övladlıq borcumu az da olsa verə bilsəm, özümü xoşbəxt sanaram - dedi."

Ana quş qanadlı məktublar alardı, Vahiddən. Dönə-dönə oxuyardı o kiçik kağız parçasını. Öpərdi, əzizlərdi. Axırıncı məktubunda Vahid yazmışdı ki, onu taqım komandiri seçiblər. Əvvəllər Vahid Ağalarov çavuş idi. Həmişə hara göndərirdilərsə, öhdəsinə düşən işi layiqincə yerinə yetirərdi. Xoş sözləri, şirin kəlmələri oxuduqca ananın sevincdən gözləri yaşarardı, özünə yer tapa bilməzdi.

Tükəzban ana işgüzardır, zəhmətkeşdir, nümunəvi işçidir. Ona tapşırılan işi mütləq hamıdan qabaq yerinə yetirməlidir. Sayılıb-seçilən qadındır - anadır. On bir ay idi oğlu Vahid Beyləqan rayonunun "Harami" deyilən düzündəki "N" hərbi hissəsində qulluq edirdi. Tükəzban ana son dəfə oğlunun üzündə qorxmazlıq, kişilik, düşmənə nifrət ifadəsini gördüyünü  deyir. O, hər sözündə, kəlməsində torpaqlarımızın erməni tapdağından azad ediləcəyini söyləyərdi: "Artıq dözə bilmirəm ana, erməni dığalarını gərək tezliklə yurdumuzdan qovaq".

- Tükəzban ana son günlər özündə, sözündə deyildi. Yata bilmirdi, gözləri yol çəkirdi,  bilmirdi ki, könlü tarımar, əziz balası isə şəhid olacaq.

Gözlərin yumdu, açdı Tükəzban ana. Bir də gördü Vahidin tabutu Azərbaycan bayrağına bürünmüş evindədir. Tükəzban ana şivən qopardı, səsinə ellər yığışdı. Ətrafa gözlərini çevirdikdə orada talehsiz atanın  yaşla dolmuş gözlərini gördü. Sanki o, heykələ dönmüşdü. Ana da, ata da qaragöz, çinarboylu Vahidi Vətəni qorumağa yola salanda bilirdilər ki, Qarabağ əsirdir, dardadır, torpaqlarımızı ancaq Vahid kimi oğullarımız xilas edə bilərlər. Vahid də Vətən, yurd, torpaq uğrunda şəhid oldu. Torpaq şəhid verməsə, müqəddəs, əziz ola bilməz.

Azərbaycanımız, müstəqilliyimiz uğrunda minlərlə qeyrətli oğul və qızlarımız canından keçmişlər. Vətəni bizlərə əmanət vermişlər. Biz də göz bəbəyimiz kimi onun hər qarış torpağını, daşını əziz tutmalı, gənc nəslə ötürməliyik. Ta qədimdən də belə olmuşdur, indi də belədir. Anamız Azərbaycan, Cavanşirlər, Babəklər, Cavad xanlar yurdudur. Bu qəhrəmanlar da vətənimizin azadlığı uğrunda mübarizə aparmış, bu yolda canlarından keçmişlər. Şəhidlər də torpaq, Vətən, ana yurda sədaqət rəmzi, məhəbbət simvoludurlar. Vahid Ağalarov da Vətən uğrunda döyüşmüş, Vətən uğrunda canından keçmişdir. Biz də belə qorxmaz, cəsur, igid oğullarımızla fəxr edirik.

 

Vətən müqəddəsdir, Vətən anadır,

Könlüm bu ananın sorağındadır.

Əsl vətəndaşlar, əsl igidlər,

Doğma Azərbaycan torpağındadır!

 

Allah sənə rəhmət eləsin Vahid! Siz şəhidlərin heykəli əbədi olaraq qəlbimizdə yaşayacaqdır, qalacaqdır. Ümid edirəm ki, əsgər yoldaşların bütün şəhidlərin, o cümlədən sənin qanını yerdə qoymayacaqlar.

 

 

Məlahat MİRZƏQIZI

 

İnsan və Zaman.- 2009.- 25-30 may.- S.7.