Candan da əziz Vətəndir
Bir ana tanıyıram, qəlbi
kövrək, balası üçün canından keçməyə
hər an hazır olan bir ana... Bir ana tanıyıram,
Koroğlu qeyrətli oğul böyütmüşdü.
- Bir ana tanıyıram,
yuxusuz gecələrinin günəşi olacağını
ümidlə gözləyən ana! Oğul böyütdü.
Məktəbə göndərdi. Oğlu öz gücü,
qüvvəti ilə yoldaşlarından seçildi. 2 nömrəli
Uşaq Gənclər İdman məktəbində də təhsil
aldı. Keçirilən yarışlarda birinci və ikinci
yerləri tutdu. Bir gün qapıları döyüldü: gələn
poçtalyon idi. Vahid Ağalarova çağırış vərəqəsi
gətirmişdi.
- Gözlərin
aydın ana, oğlun vətəni qorumağa gedir. Mərdlik,
kişilik, cəsurluq məktəbini keçməyə.
İşğal altında olan torpaqlarımızı azad etməyə.
Allah səni gözdən, nəzərdən saxlasın
oğul - dedi, arxasınca su atdı ana! Göz
yaşlarını yayındırdın, gizlədin, - dedin
oğlum görməsin. Çünki qəlbində bir
ümid, bir inam var idi. Vahid balam arxaya çevrilib səni,
qardaşını bərk-bərk sinəsinə
sıxdı, - darıxma ana, Vətənə övladlıq
borcumu az da olsa verə bilsəm, özümü xoşbəxt
sanaram - dedi."
Ana quş qanadlı məktublar
alardı, Vahiddən. Dönə-dönə oxuyardı o
kiçik kağız parçasını. Öpərdi, əzizlərdi.
Axırıncı məktubunda Vahid yazmışdı ki, onu
taqım komandiri seçiblər. Əvvəllər Vahid
Ağalarov çavuş idi. Həmişə hara göndərirdilərsə,
öhdəsinə düşən işi layiqincə yerinə
yetirərdi. Xoş sözləri, şirin kəlmələri
oxuduqca ananın sevincdən gözləri yaşarardı,
özünə yer tapa bilməzdi.
Tükəzban ana
işgüzardır, zəhmətkeşdir, nümunəvi
işçidir. Ona tapşırılan işi mütləq
hamıdan qabaq yerinə yetirməlidir.
Sayılıb-seçilən qadındır - anadır. On bir
ay idi oğlu Vahid Beyləqan rayonunun "Harami" deyilən
düzündəki "N" hərbi hissəsində qulluq
edirdi. Tükəzban ana son dəfə oğlunun üzündə
qorxmazlıq, kişilik, düşmənə nifrət ifadəsini
gördüyünü deyir. O,
hər sözündə, kəlməsində torpaqlarımızın
erməni tapdağından azad ediləcəyini söyləyərdi:
"Artıq dözə bilmirəm ana, erməni dığalarını
gərək tezliklə yurdumuzdan qovaq".
- Tükəzban ana son
günlər özündə, sözündə deyildi. Yata
bilmirdi, gözləri yol çəkirdi, bilmirdi ki, könlü tarımar, əziz
balası isə şəhid olacaq.
Gözlərin yumdu,
açdı Tükəzban ana. Bir də gördü Vahidin
tabutu Azərbaycan bayrağına bürünmüş evindədir.
Tükəzban ana şivən qopardı, səsinə ellər
yığışdı. Ətrafa gözlərini
çevirdikdə orada talehsiz atanın yaşla dolmuş gözlərini
gördü. Sanki o, heykələ dönmüşdü. Ana
da, ata da qaragöz, çinarboylu Vahidi Vətəni
qorumağa yola salanda bilirdilər ki, Qarabağ əsirdir,
dardadır, torpaqlarımızı ancaq Vahid kimi
oğullarımız xilas edə bilərlər. Vahid də Vətən,
yurd, torpaq uğrunda şəhid oldu. Torpaq şəhid verməsə,
müqəddəs, əziz ola bilməz.
Azərbaycanımız,
müstəqilliyimiz uğrunda minlərlə qeyrətli
oğul və qızlarımız canından keçmişlər.
Vətəni bizlərə əmanət vermişlər. Biz də
göz bəbəyimiz kimi onun hər qarış
torpağını, daşını əziz tutmalı, gənc
nəslə ötürməliyik. Ta qədimdən də belə
olmuşdur, indi də belədir. Anamız Azərbaycan,
Cavanşirlər, Babəklər, Cavad xanlar yurdudur. Bu qəhrəmanlar
da vətənimizin azadlığı uğrunda mübarizə
aparmış, bu yolda canlarından keçmişlər. Şəhidlər
də torpaq, Vətən, ana yurda sədaqət rəmzi, məhəbbət
simvoludurlar. Vahid Ağalarov da Vətən uğrunda
döyüşmüş, Vətən uğrunda canından
keçmişdir. Biz də belə qorxmaz, cəsur, igid
oğullarımızla fəxr edirik.
Vətən
müqəddəsdir, Vətən anadır,
Könlüm
bu ananın sorağındadır.
Əsl
vətəndaşlar, əsl igidlər,
Doğma
Azərbaycan torpağındadır!
Allah sənə rəhmət
eləsin Vahid! Siz şəhidlərin heykəli əbədi
olaraq qəlbimizdə yaşayacaqdır, qalacaqdır. Ümid
edirəm ki, əsgər yoldaşların bütün şəhidlərin,
o cümlədən sənin qanını yerdə qoymayacaqlar.
Məlahat MİRZƏQIZI
İnsan və Zaman.-
2009.- 25-30 may.- S.7.