Böyük şəxsiyyət
...Kövrək notları ruhumdan keçib məni öz
dünyamdan uzaqlaşdıran bu kədər nəğməsini
bayaqdan bəri neçənci dəfə dinlədiyimi bir
Allah bilir.
Dön geri, qəlbimdə yer saxlayaram,
Zülmət gecələrim dönər sabaha...
Mən sənə sarılıb qucaqlayaram,
Qoymaram heç yerə gedəsən daha!...
Elegiyanın - bu qəmli mahnının həzin
misraları ürəyimdə qaysaq bağlamış
yaranı köz-köz etdikcə, həyatımın
bütün itkiləri birər-birər mürgüdən
oyanır, boğazımda yumruq boyda qəhərə
çevrilir.
Amma musiqini dayandırmıram...
Az qala hər akkordu ruhuma hopmuş
lirik melodiyanı bir də, bir də dinləmək istəyirəm.
Çünki qarşıda bu duyğuları itirmək qorxusu
var...
Musiqi sussa, bir anlıq sükut məni
yenidən öz adi, gündəlik dünyama qaytaracaq.
Mənsə
- bunu istəmirəm, heç istəmirəm...
İllərdən bəri yazmağa
çalışdıqlarıma heç vaxt bu qədər
yaxın olmamışam axı...
Neçə vaxtdır ki, bu yazını
yazmaq istəyi ilə yaşayıram. Bu
istək gündüzləri mənimlə birgə
dolaşıb, gecələrimin röyasına çevrilib.
Amma nə qədər qəribə olsa da, bu qədər uzun
zaman məsafəsində düşüncələrimin
yazılı ifadəsinə heç vaxt cəhd eləməmişəm...
Bəlkə, bu hissi itirmək qorxusundan?..
Bəlkə könül bağçasında körpə
çiçəklər kimi böyümüş
duyğuları ağ vərəqlərə
boşaldandan sonra ürəyimin boş qalması
ehtiyatından?!
Özümə ünvanlanmış sualların
cavabsızlığında qələmimlə əbədiyaşar
Heydər Əliyevin əzəmətinə
sığınıb, ürəyimin qubarını,
qarşımdakı ağ vərəqlərlə
ovutmaq istəyirəm...
* * *
Böyük Şəxsiyyətin şəklinə
baxıram...
Nurlu çöhrəsi ilə saatlardır kəlmələşirəm...
Heydər Əliyev bütün
fotolarında özüdür, zahiri görkəmi
bütün fotolarında daxili aləmi ilə işıq və
kölgənin təması qədər ayrılmazdır.
Fotoqraflar məndən inciməsinlər,
bu yaradıcılıq uğurunun sirrini onların peşəkarlığından
daha çox, bu fotoların baş qəhrəmanının mənəvi
dünyasında axtarardım.
Göründüyün kimi olmaq və olduğun kimi
görünmək...
O, bunu bacarırdı...
Buna görə də, Heydər Əliyev həyatda
olduğu kimi, bütün şəkillərində də
özüdür, əzəmət timsalıdır, səmimidir,
canlıdır - həyatın, tarixin, taleyin konkret bir
anından boylanaraq, insanın düşüncələrini o
anlara, o tarixə, o taleyə doğru çəkib aparır.
Heydər Əliyevi yaddaşıma, nədənsə,
məhz bu portretində olduğu kimi
köçürmüşəm.
Demək olar
ki, bütün şəkillərində ulu öndər ən
müxtəlif hadisə və proseslərin mərkəzindədir.
Sevinc də var bu şəkillərdə, ələm də...
Fərəh də, narahatlıq da...
Qətiyyət də, taleyin hansısa amansız "ərməğanı"
ilə dözümlülük də...
Amma bu şəkildə həyatın bütün ziddiyyətlərindən
kənarda dayanmış ali insanın ruhi
sakitliyi əks olunub.
Onun gözlərinə diqqət
yetirdinizmi?!
Dünyanın sərt dolanbaclarından
keçib sonunda öz hədəflərinə varmış
bir insan övladının ilahi məmnunluğu var bu gözlərdə.
Bu şəkil bütün dünyada
tanınmış siyasi xadimin, milyonlarla şəxsin qüdrətinə
tapındığı liderin, bütöv nəsillərə
örnək olan dövlətçilik ustadının,
dövlət məqamından insan məqamına enib, bu
enişlə də bütün məqamların, bütün
ucalıqların fövqünə yüksəlmiş
Böyük Şəxsiyyətin portretidir.
Bu şəkildə əbədiləşmiş An həyatın bir anı deyil, ömrün
kamillik məqamıdır, keçmişlə gələcəyin
təmas nöqtəsidir.
Bu şəkildə Heydər Əliyev
bütün həyatı ilə birgədir.
Doğumdan qüruba qədər...
Kandan məkana qədər...
* * *
Əlimi qələmdən götürürəm, yenə
nisgil dolu misralar ürəyimə süzülüb xoş
xatirələrin pıçıltısına qoşulur...
...Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz həsrəti
var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?!
...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
binası. Bayırda 1992-ci ilin sərt
şaxtası, iliyə işləyən soyuq və qüssəli
bir qış axşamıdır. Burada ərazi
ilə birgə, sanki zaman da mühasirəyə alınıb,
hər anında çətinlik var, gözlənilməzlik
var.
İçəridə zənglərə bir an ara verməyən telefonlar isə elə bil, bu
problemlərə dözüm marşı kimi səslənir.
Ermənilər bu qədim yurdun
işığını, qazını kəsiblər.
Min bir zillətlə əldə edilən elektrik enerjisi evlərə,
idarələrə az qala, burada yaşayan
insanlar dünyada adına elektrik enerjisi deyilən bir kəşfin
mövcudluğunu unutmasınlar deyə, gündə bir-iki
saat tutya kimi verilir.
Həyatsa burada Onun dözümü, iradəsi
ilə davam edir.
Bu soyuq, əsrarlı qış
axşamının hüznlü zülməti içində
yeganə işıq - Onun nurlu çöhrəsi idi.
Yeganə sevinc Onunla ilk dəfə
üz-üzə dayanmağın sevinci, yeganə ümid
böyük şəxsiyyətin qətiyyətli səsiydi.
Türkiyəyə səfər zamanı
yolüstü bir gecəlik qonaq kimi bu fürsəti əldən
qaçırmayıb, Heydər Əliyevi ziyarət edən həmkarlarım
tək mən də Onu ilk dəfədir ki, həyatda və həm
də bu qədər yaxından görürdüm.
Bütün Naxçıvan sakinləri
kimi, Heydər Əliyev də çıraq
işığında əyləşmişdi. Müasir
sivilizasiya, dünyanın ən yeni tarixinin
yaradılmasında yaxından iştirak etmiş, yüz minlərlə
kvadratkilometr ərazilərə, əsrlər boyu bəni-adəm
ayağı dəyməyən yerlərə elektrik enerjisi,
işıq, istilik, mədəniyyət gətirmiş şəxs
və indi...işaran çıraq işığı!...
Nə etməli, tarixin elə qəribə
anları var ki, o anları içində yaşamadan duymaq,
sözlə ifadə etmək mümkün olmur.
O anlarda Heydər Əliyevin çıraq
işığında daha da əzəmətli görünən
aurasına nəzər yetirdim, ala gözlərinə, sədəf
dişlərinə tamaşa etdim. Və Onun həmişəki
səliqəsində olan kostyumunun bilək hissəsindən,
dümağ "saroçka"nın qolundan kiçik bir
hissəsi diqqətimi cəlb edən isti can köynəyi mənə
bir daha dedi ki, buralarda havalar, doğrudan da, çox soyuq
keçir - elə o vaxtlar Bakıdan bura zillənən bəzi
buz baxışlar kimi...
...Aradan on səkkiz il ötəndən
sonra da bu təkrarsız mənzərənin hər bir
ştrixi gözlərim önündədir...
Doğrudanmı illər belə tez
ötüşdü?!
Ömür nə tez keçdi, İlahi!...
Düşmən mühasirəsində zülmətə
qərq olmuş, daşına-divarına qədər hüzn,
qüssə yağan uzaq bir bölgə...
Alaqaranlıq, soyuq bir otaqda qəlbinin atəşindən
gələcəyə doğru işıq axtaran, qətiyyəti
ilə ümid gətirən Heydər Əliyev...
...Əgər mən rəssam olsaydım,
insan mübarizəsinin portretini yaratmaqdan ötrü xəyallar
qurmağa ehtiyac duymazdım...
* * *
Heydər Əliyev tarixdəki o
adlardandır ki, qarşısındakı bütün epitetləri
əhəmiyyətsiz edir. Biz Heydər Əliyevi
ümummilli lider, ulu öndər adlandırırıq, amma
bütün bunlar da Onun milli təfəkkürümüzdə
daşıdığı statusun yalnız müəyyən
bir hissəsidir.
Bəs bu böyük şəxsiyyəti
necə təqdim edək, hansı sözlərdən çələng
hörək?!
Bu sualın cavabı Onun dünyaya gəlişindən
bəri ötən böyük bir tarixin hər anında əks
olunub. Ona görə də Heydər Əliyev
ömrünün hər anına tarix kimi yanaşırdı,
qurub-yaratdığı dövlətin gənc vətəndaşlarının
aydın istiqamətə, vahid dövlətçilik
ideologiyasına malik olmaları üçün
çalışırdı ki, bu tarixdən gələcək
nəsillərə daha çox irs
qalsın.
Heydər Əliyev onun müəllifliyi ilə
yaranan tarixin yaddaşlara köçürülməsi məsələsində
son dərəcə həssas idi. Bu tarix isə
heç də asan, sadə bir ömrün tarixi deyil, ən
müxtəlif vəziyyətlərin, situasiyaların,
çıxılmazlıqların, mübarizələrin
tarixidir.
İndi isə elə bir arxiv sənədi göstərin
ki, ömrü kameralar qarşısında, jurnalistlərin əhatəsində
keçən bu insanın bu qədər keşməkeşlər
önündə Azərbaycan xalqına qarşı hansısa
addımına şəhadət gətirsin...
Heydər Əliyev keçmişinin
heç bir anını inkar etmədi, tarixdən imtina yolu
tutanlardan olmadı. Çünki
keçmişində inkar ediləcək, utanc gətirəcək
heç nə yox idi. Heydər Əliyev
ömrünün sonuna qədər xalqına layiqincə xidmətinin
saysız nümunələrindən ibarət olan şərəfli
keçmişi ilə qürur duydu. Axı, doğrudan
da, qürur duyulası bir həyat yaşamışdı...
Amerika kinematoqraflarının Ronda Bern
adlı müəllifin eyni adlı əsəri əsasında
çəkdikləri maraqlı bir film son illər
bütün dünyada populyarlıq qazanıb.
"Sirr" adlanan bu sənədli filmdə insanın həyatı
boyu qazandığı böyük uğurlar üzərindəki
pərdə çəkiləndən sonra məlum olur ki,
uğur qazanmaq üçün bəxtin, naxışın
ayağına yazdığımız Böyük Sirr, əslində,
insanlara sevgi bəsləmək, nikbinlik, özünə inam qədər
sadə və aydındır.
Heydər Əliyev bu sirrə vaqif idi...
O, ən çətin məqamlarda da nikbinliyini qoruyub
saxlayırdı, özünə inamını itirmirdi, ətrafındakıların
ona güvəninin sarsılmasına yol vermirdi. Ona
görə də Heydər Əliyevin bütün həyatı
yalnız yüksələn pillələrdən ibarətdir.
Ömürlüyünü vərəqləməyə
ehtiyac varmı?! Bu tarixi şəxsiyyət
öz karyerasını bəzən bir neçə dəfə
yenidən başlamalı olmuşdur. Taleyin gərdişindən
yarımçıq qırılmış memarlıq təhsili,
xüsusi xidmət orqanlarında fəaliyyəti, hərbçi
karyerasının ən yüksək məqamından birdən-birə
həmin vaxta qədər bir gün də məşğul
olmadığı partiya işi, sonra ömrün Moskva
dövrü, ağır təzyiq və təhdidlərlə
izlənən "təqaüdçü" həyatı,
yenidən doğma yurdda - Naxçıvanda keçən illər
və nəhayət, - xalqın istəyi və arzusu - müstəqil
Azərbaycan Respublikasının Prezidenti...
Fərqli həyat mənzərələri, çətinliklər,
məşəqqətlər, mübarizələr dolu talelər,
tarixlər...
Amma hər birində uğur, hər birində yüksəliş,
hər birində qürur!...
Əzəmət və şəxsiyyət!..
* * *
Hər dəfə Heydər Əliyev haqqında
düşüncələrə dalarkən, bu əfsanəvi
şəxsiyyətin həyat və fəaliyyətinə həsr
olunmuş telegörüntüləri seyr edərkən,
ecazkar səsini dinləyərkən, açığı, hərdən
özüm də heyrətlənirəm ki, axı, bir insan,
bir ömür sahibi olaraq bu qədər mükəmməl
qabiliyyətlərə necə malik ola bilərdi?!
Heydər Əliyevin xarizması, liderlik
keyfiyyətləri Ona Tanrının hədiyyəsi idi. Bu keyfiyyətləri təhsil, özünütəlim
nəticəsində mənimsəmək qeyri-mümkün
görünür.
Heydər Əliyev filoloq deyildi, natiqlik elmi ilə məşğul
olmamışdı, amma ən qabiliyyətli filoloqlar da, nitq mədəniyyəti
üzrə peşəkar mütəxəssislər də Onun
nitqinin aydınlığına, səlisliyinə, əlvanlığına,
bu kamil insanın Azərbaycan və rus dillərinin incəliklərinə,
hətta məhəlli xüsusiyyətlərinə bu qədər
dərindən bələd olmasına, sözləri belə sərrastlıqla
seçməsinə aşkar həsəd aparırdılar.
Xalqını dərin məhəbbətlə
sevən Heydər Əliyev özünə qarşı son dərəcə
tələbkar idi, yorulmaq nədir, bilməzdi.
Ömrünün ixtiyar çağlarında da o şax, əzəmətli
qaməti ilə eyni nöqtədə saatlarla ayaq üstə
dayanıb nitq söyləyirdi, amma heç kim
onun çöhrəsində, hərəkətlərində
yorğunluq sezməzdi.
Kimsə bircə dəfə də olsun,
Onun qəddinin əyildiyinə, dəsmal çıxarıb
üzünün tərini sildiyinə, çöhrəsinə
mürgü gəldiyinə şahid olmadı. Kimsə, bircə dəfə də olsun, Onun
qalstukunun kənara sürüşdüyünü,
paltarının qırışdığını,
ayaqqabısına toz qonduğunu görmədi.
İnsanlar Heydər Əliyevin geyim tərzinə
baxıb geyim mədəniyyəti öyrənirdilər, onun
davranışlarından ədəb-ərkan qaydaları əxz
edirdilər.
Heydər Əliyev rəssamdan peşəkar
rəssam idi, musiqiçidən peşəkar musiqiçi,
yazıçıdan peşəkar ədib idi.
Heydər Əliyevin yüksək
zövqü, kübarlığı, mədəniyyətdə,
incəsənətdə təlqin etdiyi dəyərlər
ümumilikdə ictimai zövqü də öz ardınca
aparırdı, xalqın mədəni səviyyəsini
qaldırırdı, mənəvi dünyamızı bəsitlikdən,
bayağılıqdan qoruyurdu.
Heydər Əliyev elmi fəaliyyətlə
məşğul olmurdu, nəzəri məsələlərə
o, təbii ki, vaxt-imkan tapa bilməzdi, lakin bu böyük
dövlətçilik ustadının elə bir
çıxışı yoxdur ki, həmin
çıxışdakı nəzəri müddəalar
böyük bir elmi-tədqiqat əsəri üçün zəngin
material verməsin.
Heydər Əliyevin istənilən
çıxışının hər cümləsi bir nəzəriyyədir,
faktdır, istiqamətdir...
O, dünyanın hansısa nüfuzlu universitetində
siyasət, diplomatiya təhsili almamışdı, amma hər
addımının, hər jestinin, dilə gətirdiyi hər
kəlmənin, hətta üzündəki xəfif bir təbəssümün
də öz sirri, öz mənası vardı, bütün
bunlar böyük bir diplomatiya məktəbinin incəlikləri
idi.
Heydər Əliyev fasilə vermədən
görüşlər keçirirdi,
çıxışlarında mövzudan mövzuya keçid
edirdi, ayrı-ayrı məsələlərə münasibət
bildirirdi, saysız-hesabsız faktlar sadalayırdı, amma
heç kim onun, bircə dəfə də
olsun, konspektə baxmasına, hansısa faktda
yanlışlığa yol verməsinə şahid olmadı. Hafizəsi, zənni ömrünün ixtiyar
çağlarında da, bircə dəfə olsun, Heydər Əliyevi
yanıltmadı.
Adama elə gəlirdi ki, o, Azərbaycanın
bütün vətəndaşlarını hətta adbaad
tanıyır.
* * *
Tanrı Heydər Əliyevə qibtə
ediləcək həssaslıq vermişdi. İşlərinin
ən gərgin məqamında da o, başqaları
üçün, bəlkə də əhəmiyyətsiz
görünən məsələlərə də vaxt
ayırardı, ən azı, bircə kəlmə xoş
sözlə, ilıq bir təbəssümlə insanlara diqqətini
ifadə edərdi.
O vaxtlar Heydər Əliyev o qədər problemlərin
içində, gözlənilməz hadisələrin
aramsızlığında Bakıdan gəlmiş jurnalist
qrupunun rahatlığı barədə də
düşünürdü, qaldığımız
mehmanxananın soyuq olub-olmaması ilə maraqlanırdı,
jurnalist qonaqlarının məişət problemlərinin həlli
barədə tapşırıqlar verirdi...
- İndi Sizinlə Prezident Heydər Əliyev
danışacaq!
Hansısa əlamətdar günlərdə Azərbaycan
Respublikasının hər bir vətəndaşının
evinə belə bir telefon zəngi daxil ola
və bir azdan xəttin o başındakı qətiyyət
dolu
Heydər Əliyev insanları sonsuz məhəbbətlə
sevirdi. Yaşlı ilə də, cavanla da,
alimlə də, çobanla da saatlarla ünsiyyətdən
zövq almağı bacarırdı.
Heydər Əliyev incə yumor hissinə
malik idi. Onunla ani bir ünsiyyət də
insanlara sevinc, bəxtiyarlıq gətirirdi. Heydər Əliyevdə
ürəkdən gəlməyən, natamam heç nə yox
idi, sevinməyi də ürəkdən idi, gülməyi, kədərlənməyi
də...
Xalqa yaxınlıq ona təpər verirdi.
Çünki özü xalqın içindən
çıxmışdı. Sadə bir kəndli
evi də Heydər Əliyevə əzəmətli saraylar qədər
doğma idi, əziz idi. Onu əzəmətli
saraylara doğru aparan yol sadə bir kəndli evindən
başlamışdı.
Zamanının siyasət nəhəngləri
sırasında öz xalqının milli psixologiyasına,
ruhuna Heydər Əliyev qədər yaxın olan ikinci bir
dövlət xadimini, hər halda, mən təsəvvür edə
bilmirəm.
Gənclik çağlarından gərgin iş qrafikində
çalışan, daim iş başında, rəsmi mərasimlərdə,
aramsız informasiya axınında olan Heydər Əliyev,
görəsən, xalqın həyatını, məişətini,
adət-ənənəsini bu qədər dərindən
öyrənməyə necə macal tapmışdı?!
Heydər Əliyevin
böyüklüyü də elə bunda idi.
Ömrün sonuna qədər məhz
Özü olaraq qaldı. Nəzərindən bir zərrə
belə, yayınmayan, qarşısındakını
baxışları ilə anlayan və ümid verən, siyasətin
şahmat taxtasında dəmir məntiqli, kübarlıq, nəciblik,
sevgi, mərhəmət saçan Heydər Əliyev olaraq...
Allah Onu öz xalqına tarixi bir yadigar kimi bəxş
etmişdi...
* * *
Heydər Əliyevi zirvələrə təsadüflər
gətirməmişdi, bu ucalıq onun gərgin zəhmətinin,
sarsılmaz qətiyyətinin bəhrəsi idi.
O zaman da dünya Azərbaycanı Heydər Əliyevin
adı ilə tanıyır, bütün müsəlman
dünyası onunla fəxr edirdi.
Bir dövlət xadimi kimi başqa bir mühitdə
yetişməsinə baxmayaraq, Heydər Əliyev heyrət
doğuracaq demokratizmə malik idi. Demokratik
dəyərlərə bu dərəcədə sevgi - onun
xarakterindən, daxili səmimiyyətindən və humanizmindən
irəli gəlirdi.
Heydər Əliyev insanlara azadlıq verməkdən,
demokratik addımlarla qısa müddətdə cəmiyyəti,
Azərbaycanın inkişaf yönünü
büsbütün dəyişməkdən çəkinmirdi.
Bu kəskin addımların təhlükələrindən
əndişələnmirdi.
Heydər Əliyevin apardığı islahatlara nəzər
yetirin: xalqın, dövlətin mənafeyinə
hesablanmış bu islahatlar, təbii olaraq, həm də kimlərinsə
maraqlarına toxunurdu, kimlərisə narazı salırdı,
belələrinin heç də hamısı baş verənlərə
münasibətdə seyrçi mövqe tutmaq fikrində
deyildi. Demokratik mühitdə bu islahatların hər biri
hakimiyyətə qarşı real təhlükə yaradırdı
və müstəqil Azərbaycan dövləti ən yeni
tarixində bu təhlükələri bir neçə dəfə
yaşamışdı da...
Amma qəfil yetişən demokratiya dalğasının əksər
hallarda anarxiyaya, xaosa çevrilməsi ilə bağlı
tarixdə yaşanmış saysız-hesabsız nümunələr
də Heydər Əliyevi təşvişə salmadı,
insanlarımızı azad görmək, bizləri demokratik dəyərlərin
əhatəsində yaşatmaq, Azərbaycanda əsl vətəndaş
cəmiyyətini bərqərar etmək istəyindən
daşındırmadı.
* * *
Heydər Əliyev dünyasını dəyişməsi
ilə də möhtəşəm bir tarix yaratdı.
Onun müəllifliyi ilə davam edən zaman isə bizimlədir, bizi yaşadır...
Leyla xanımın - canı qədər sevdiyi nəvəsinin həmin mənzərənin, həmin itkinin, həmin ayrılığın səsi ilə dilə gələn kədərli misraları içimdən keçib düşüncələrimi bir anlıq yenidən o anlara aparır...
Dinlə ürəyimin qəm-qüssəsini
Mən yaxşı bilirəm ayrılıq nədir...
Küləklər könlümün bu naləsini
Kaş ki, kainata yaya biləydi...
Dünyanın bütün ayrılıqlarında bu misraların səmimiliyi var. İnsan heç vaxt ayrılıq anındakı qədər təbii ola bilmir, göz yaşları isə elə bil ki, insanın ayrılıq qarşısındakı acizliyinə etirazıdır, üsyanıdır.
Doğma insanla əbədi ayrılıq anında ən dəhşətli acı nədir, bilirsinizmi?! İçindəki ağrıları göz yaşlarınla ovutmaq üçün başını köksünə qoymağa güclü bir həyanının olmaması...
Heydər Əliyev bu kövrək anda da xalqı həyansız, kimsəsiz qoymadı.
...Böyük Atanın tabutu önündə Azərbaycan xalqı başını Heydər Əliyev yadigarının - İlham Əliyevin köksünə sıxdı. İşığımızı, ümidimizi, inamımızı Prezidentimiz İlham Əliyevdə axtardıq.
Və tapdıq! Əməlində, siyasi fəaliyyətində, işində-gücündə tapdıq...
* *
*
Həyatımın hansısa anında Londonda Temza çayının sahillərində bir taksi sürücüsü mənim hansı xalqa, dövlətə məxsus olduğumu Heydər Əliyevin adı ilə müəyyənləşdirərkən bu, qəlbimi fərəh hissi ilə doldurmuşdu.
Doğrudan da, ötən əsrin 90-cı illərinin əvvəllərinin
o təlatümlü anlarında əgər Heydər Əliyev
olmasaydı, kim bilir, Azərbaycan hansı
tale ilə üzləşəcəkdi?!
Və bu gün dünyanın siyasi xəritəsində
Azərbaycan adlı dövlət, ümumiyyətlə,
mövcud olacaqdımı?!
Heydər Əliyev xalq olaraq gücü ilə qürur duyduğumuz, sevgisi ilə əhatələndiyimiz, nəcibliyindən tərbiyə aldığımız, Azərbaycan adlı evimizdən kənarlarda kimliyimizi adı ilə nişan verdiyimiz ATA-dır...
Elə bir ATA ki, bizləri ən nüfuzlu ali məktəblərdə oxudub, əlimizi bir parça çörəyə çatdırıb, ev-eşik, güzəran sahibi edib.
Elə bir ATA ki, ailəsində Azərbaycana xidmətdən qürur duyan övladlar yetişdirib və bu övladlar xoş əməlləri ilə Onun qoyduğu humanizm, mərhəmət, xeyirxahlıq yolunu bu gün şərəflə davam etdirirlər...
Elə bir ATA ki, Tanrının lütfü ilə Böyük Əsərlərini - müstəqil Azərbaycanı və onun Prezidenti İlham Əliyevi bizə bəxş etdi...
Heydər Əliyev Azərbaycan dövlətini qurdu, səsimizi, ünümüzü dünyaya çatdırdı, müstəqil dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi.
Bu günsə, həmin dayaqlar üzərində, gələcəyin xoşbəxt Azərbaycanına doğru yollar çəkilir, məktəblər, xəstəxanalar, körpülər tikilir. O xoşbəxt günlərə doğru can atan insanların təminatlı gələcəyi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni zaman ərzində və bir-birinə paralel olaraq, ölkənin, millətin tərəqqisinə yönəlmiş saysız-hesabsız tədbirlər, tikinti-abadlıq, quruculuq işləri həyata keçirilir.
* *
*
Son cümlələrin mənəvi rahatlığı ilə eyvana çıxıb, qollarımı yavaş-yavaş sökülən dan yerinə, qəlbimə yayılan ilıq yaz səhərinə doğru açıram...
Sübhün xoş ovqatı dinlədiyim misralara da hopub indi. Daha mahnıdakı sözlər də əvvəlki kimi nisgilli gəlmir...
...Nurunu gözümdə saxlayım necə
Möcüzə yaratmaq gəlmir əlimdən...
Parçalan, ey zülmət! Çəkil, ey gecə!
Günəşə qovuşmaq istəyirəm mən!..
Eyvandan seyrinə daldığım - Heydər
Əliyevin Böyük Əsərinə - dan yerində ulduz
selindən nura boyanmış Azərbaycana tamaşa edirəm.
Səhərin və şəhərin
oyanışında, motorların uğultusunda, işə
hazırlaşan insanların səs-küyündə, dərsə
tələsən körpələrin şən qəhqəhələrində
böyük hədəflərə doğru irəliləyən
Yadigar Vətənimin səsini eşidirəm.
Bu mənzərənin hər bir anı gözəldir və
hər bir anında da Günəş var...
Nurlu və işıqlı bir çöhrənin
Günəşi!..
...Heç bir söz Onu olduğu kimi ifadə edə bilməz
- fərqindəyəm...
Kəlmələrin əlvanlığına
güvənib canlandırmaq istədiyim portret Heydər Əliyevin
hafizələrdəki əsl surətini tam əhatə edə
bilmədi - başa düşürəm.
Başınızı qaldırıb yuxarı baxın!
Tarixi özündə yaşadan bu Böyük Şəxsiyyətin,
Əbədiyaşar İnsanın nurlu gözlərindəki
ümid işığına diqqət yetirin...
Nə gözəl ki, Böyük Yaradan ondan heç nəyini
əsirgəməmişdi...
O da Azərbaycan xalqından heç nəyini əsirgəmədi...
İsmayılov İmamverdi
İqtisadiyyat. -2010. –
23-29 aprel. – S.2.