İqtisadi təhlükəsizliyin
vacib amili barədə
Hal-hazırda
Azərbaycan müstəqil
dövlət kimi həm Şərq-Qərb,
həm də Şimal-Cənub dəhlizlərinin
kəsişdiyi ərazi
olmaqla coğrafi mövqedən olduqca əlverişli beynəlxalq
və geosiyasi əhəmiyyət kəsb
edir. Azərbaycanın
təbii sərvətlərinin
zənginliyi və coğrafi mövqeyinin əlverişli olması onu beynəlxalq dairələrdə hörmət
sahibi edə bilir. Azərbaycanın dünya ölkələri
ilə, xüsusən
Avropa ölkələri
ilə həm siyasi, həm də iqtisadi əlaqələri getdikcə
möhkəmlənir, genişlənir
və təkmilləşir.
İndiki qloballaşma
şəraitində bunun
müstəsna əhəmiyyəti
vardır.
Lakin Qərb
ölkələri ilə
müqayisədə iqtisadi
və mədəni inkişaf səviyyəsinin
müxtəlifliyi baxımından
Azərbaycan bəzi neqativ problemlərlə üzləşir. Burada Qərb və Şərq mədəniyyətlərinin
nümunələri toqquşur
və həm müsbət, həm də mənfi meyillər üzə çıxır. Bu baxımdan,
Azərbaycanın milli
təhlükəsizliyinin, o cümlədən onun başlıca tərkib hissəsi olan iqtisadi təhlükəsizliyinin
araşdırılması və
öyrənilməsi cox
vacibdir.
Respublikamız dünya
ölkələri içərisində
fəlakətlərin geniş
yayıldığı və
ondan daha çox ziyan çəkən regionlardan
biri olduğundan Azərbaycanda sel daşqınları, Xəzərin
səviyyəsinin qalxması,
zəlzələ, sürüşmə,
uçqun və digər təbii fəlakətlər hər
an gözlənilir.
Əlbəttə, təhlükəsizlik
amillərini - milli, iqtisadi, hərbi, sosial və s. kimi tərkib komponentlərinə də
bölmək mümkündür.
Lakin bizi maraqlandıran və haqqında fikir bildirmək istədiyimiz iqtisadi təhlükəsizlik
amilinin əmək ehtiyatları və məşğulluqla bağlı
olan qarşılıqlı
təsir münasibətləridir.
Doğrudan da əmək ehtiyatlarının
varlığı təbii
olaraq əmək resurslarını yaradır
və bu resurslardan istifadə olunmaması isə işsizlik və məşğulluq problemini
ortaya çıxarır.
Azərbaycanda əmək
ehtiyatlarından düzgün
istifadə olunurmu? Bu sualın cavabı sözsüz ki, mənfidir və digər bir sualla buna cavab
vermək daha asandır. Əgər Azərbaycanda əmək resurslarından düzgün
istifadə olunsaydı
milyondan çox vətəndaşın ölkəni
tərk etməsinə
lüzum olardımı?
Azərbaycanı tərk
edərək xarici ölkələrə getmiş
vətəndaşların hamısı
- qeyri-rəsmi məlumatlara
görə 2 milyon nəfərdən çox
adam - demək olar ki, sağlam
və əmək qabiliyyətli insanlardır.
Doğrudan da 2 milyonluq "əmək ordusunun" (K.Marks) xarici dövlətlər üçün işləməsi
və həmin ölkələrin Ümumi
Milli Məhsulunun
(ÜMM) artırılmasına xidmət etməsi, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün
mənfi amil deyildirmi? A.Ouken qanununa görə hər-hansı bir ölkədə işsizlik
səviyyəsinin 1% azalması
daxili milli məhsulun 2% artmasına səbəb olur. Azərbaycanda isə işsizliyin səviyyəsinin
azaldılmasının əsas
mənbəyi işçi
qüvvəsinin işlə
təmin olunması deyil, işçi qüvvəsinin immiqrasiyası
hesabına olmuşdur.
Əgər hal-hazırda
xarici ölkələrdə
çalışan "əmək
ordusu" Azərbaycanda
qalmış olsaydı,
bu, mövcud olan əmək qabiliyyətli əhalinin təxminən yarısı
demək olardı və işsizlərin sayı təxminən 2 dəfə artmış olardı. Belə bir vəziyyətdə işsizliyin azaldılması
imkan xaricində olan bir problemə
çevrilərdi. Eyni
zamanda, Dövlət Statistika komitəsinin rəsmi məlumatlarından
görünür ki, ölkə Prezidentinin müvafiq sərəncamları
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Məşğulluq
Strategiyası (2006-2015-ci illər)"
və "Azərbaycan
Respublikasının Məşğulluq
Strategiyasının həyata
keçirilməsi üzrə
Dövlət Proqramı
(2007-1010-cu illər)" çərçivəsində
çox mühüm tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin
həyata keçirilməsi
nəticəsində "…2003-cü ilin oktyabrın 1-dən
2008-ci ilin yanvarın
1-i vəziyyətinə olan
dövr ərzində
cəmi 643353, o cümlədən
458016 daimi iş yerləri yaradılmışdır…"
Bu isə mövcud vəziyyətdə işsizlik
səviyyəsinin 10-15 % azaldılması
hesab edilə bilər. Bu faktın özü məşğulluq
səviyyəsinin də
çox ləng artdığını sübut
edir. Doğrudan da ölkəmizin iqtisadi artım tempi ilə müqayisədə,
işsizliyin azaldılması
tempi arasında kəskin
fərq vardır.
Rəsmi məlumatlara
görə, son illər
Azərbaycan xarici vətəndaşların işlə
təmin olunması baxımından cəlbedici
ölkəyə çevrilməkdədir.
Bu hal iqtisadi baxımdan nə qədər fərəhli
olsa da, işsizlik və məşğulluq baxımından
bir o qədər təhlükəlidir. Əgər
bu tendensiya davam edərsə, yaxın gələcək
üçün iqtisadi
təhlükəsizlik amillərinə
daha bir təsirli amil əlavə oluna bilər. Çünki belə halda A.Ouken qanununa görə daxili milli məhsulun artımından söz gedə bilməz. Bu baxımdan, ölkəmizə
gələn xarici işci qüvvəsinin tərkibi dərindən təhlil edilməli və yalnız bizim əmək bazarımızda olmayan mütəxəssislərin işə
cəlb olunmasına icazə verilməlidir. Digər tərəfdən,
xarici işçilərin
nə məqsədlə
ölkəmizə gəlmələrinin
səbəbləri də
qeyri-müəyyəndir və
nəinki iqtisadi təhlükəsizlik, hətta
Milli təhlükəsizlik
üçün də
təhtid yaratmış
olur.
Eyni zamanda, hal-hazırda xarici ölkələrdə çalışan
işçi quvvəsini
Azərbaycan iqtisadiyyatı
üçün tamamilə
faydasız hal kimi qəbul etmək də düzgün deyildir. Xaricdə çalışan
miqrantlarımız Azərbaycanda
yaşayan ailələrinə
(qohum-qardaşlarına) maddi
(maliyyə) yardımı
etməklə iqtisadiyyatda
öz köməklərini
göstərirlər. Lakin,
Çin təcrübəsindən
istifadə olunması
daha faydalı olardı. Məlumdur ki, 1992-ci ildən başlayaraq Çində
xüsusi dövlət
təşkilatları yaradılmışdır
ki, xarici ölkələrə getmək
istəyən vətəndaşlarla
müqavilə bağlayıb
onlar üçün
iş yerləri təşkil edir və hər ay onların əmək haqqından vergilər dövlət büdcəsinə
cəlb edilir. Burada iki məqama
xüsusi diqqət yetirmək lazımdır.
Əvvəla, xarici ölkədə iş yerinin tapılmasını
ayrı-ayrı fərdlər
yox, Çin dövləti öz üzərinə götürür
(kimin harada işləməsini bilməklə,
həm də onun hüquqlarının və təhlükəsizliyinin
qorunması üçün
zamin olur); ikinci isə, xaricdə çalışan
hər bir işçi Çin dövlətinə aylıq
vergi verməklə ölkə büdcəsini
zənginləşdirir. Beləliklə,
həm ölkədə
işsizlik azalmış
olur, həm də ölkə büdcəsinə əhəmiyyətli
dərəcədə vəsait
daxil olur.
Əgər ölkə
daxilində mövcud olan işsizlərin və xarici ölkələrdə çalışanların
istehsal edə biləcəkləri (xidmət
göstərə biləcəkləri)
ümumi məhsulu şərti olaraq toplasaq, bu, Azərbaycanda
daxili milli məhsulun indiki həcminə bərabər
bir rəqəmlə ifadə oluna bilər. Bu isə, hər il Azərbaycan
üzrə daxili milli məhsulun 2 dəfə artması imkanı deməkdir, yaxud da real olaraq
hər il iki dəfə az daxili milli
məhsul istehsalı deməkdir. Bu faktın özü çox böyük təsir gücünə malik olan "örtülü"
iqtisadi bir təhlükədən xəbər
verir.
Araşdırmalar göstərir
ki, xarici ölkələrdə, xüsusilə
də Rusiyada çalışan adamlarımızın
əksəriyyəti kiçik
bizneslə məşğul
olan insanlardır. Əgər kiçik biznes müəssisələrində
çalışanların orta sayını 5-10 nəfər qəbul etsək (bu, rəsmi qanunvericilikdə də belədir) onların yarada biləcəkləri müəssisələrin
sayı 400000 olardı.
Halbuki hal-hazırda bütün respublika üzrə kiçik müəssisələrin sayı
cəmisi 185000-dir. Bu isə
əmək resurslarından
səmərəsiz istifadə
olunması baxımından
ifrat həddir.
Müstəqilliyimizin ilk illərində
(1991-1995) ölkəmizdə siyasi və iqtisadi xaosun hökm sürməsi, ölkəmizin Ermənistanla
müharibə şəraitində
olması və digər neqativ halların mövcudluğu
bəlkə də işçi qüvvəsinin
geniş miqyaslı miqrasiyasına səbəb
olmuşdur. Lakin ölkəmizin son illərdəki
(2000-2009) iqtisadi inkişafı
zəminində əks
prosesin baş verməməsi bu sahədə hələ də neqativ halların mövcudluğunu
təsdiqləyir.
Xaricdə işləyənlərin
Azərbaycanda yaşayan
nümayəndələri (qohum-əqrabası) üçün
sağlam iqtisadi və hüquqi mühitin yaradılması
olduqca vacib məsələdir. Əgər
xaricdə işləyənlərin
əldə etdikləri
kapitaldan ölkəmizdə
istifadə edilməsi
imkanı yaradılarsa,
yəni, onların vəsaitləri hesabına
Azərbaycanda kiçik
və orta müəssisələr, biznes
qurumları, xidmət
sahələri yaradılmasına
imkan və şərait yaradılarsa,
bu, məşğulluq
səviyyəsinin artmasına,
kiçik və orta müəssisələrin
sayının sürətlə
çoxalmasına rəvac
verər, onların artım sörətini iqtisadi artım sürətinə yaxınlaşdırar.
Bu həm də xaricdə işləyən
vətəndaşlarımızın Vətən ilə bağlılıqlarını artırar
və gələcəkdə
onların geriyə dönmələri üçün
əvəzedilməz bir
zəmin olar.
Belə bir yanaşma isə o deməkdir ki, ölkəmizdə yaranan əmək resursları ölkəmiz üçün
daxili milli məhsul istehsalı ilə məşğul olmaqla dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələr
və daha səmərəli istifadə
olunar. Bu, həm də, iqtisadi təhlükəsizlik baxımından
dövlətimizin və
xalqımızın rifahına
xidmət edər.
Ağasəf İmran
İqtisadiyyat. -2010. – 23 - 29 aprel. – S.6.