«Əbədi Məşəl» abidəsi qəhrəmanlıq rəşadətin əbədiləşən təsviridir

 

Məqalə «Azercell Telekom» MMC-nin media nümayəndələri arasında «Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir» mövzusunda keçirdiyi «Ən yaxşı məqalə» müsabiqəsi daxilində hazırlanmışdır.

Hər bir abidə tariximizin "yaşayan" bir parçası olmaqla bərabər, digər tərəfdən həmin dövrün qədirbilən yaradıcı insanlarının xidmətlərini özündə təcəssüm etdirir. Bu baxımdan yaxın keçmişimizdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə tikilmiş "Əbədi Məşəl" abidə kompleksinin necə yaranması yaradıcılarını bilmək hər birimizin borcudur.

"Əbədi Məşəl" abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə bu faciəyə qiymət verilərkən şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə yaradılması qərarı da qəbul olunur. Ümummilli llider Heydər Əliyev şəxsən bu məsələni diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq tövsiyələrini verir. Bir il sonra, faciənin beşinci il dönümündə keçirilmiş sərgidə iki layihə Prezidentə təqdim olunur. Həmçinin Heydər Əliyev heykəltaraş Ömər Eldarovun emalatxanasında onun hazırladığı eskizə baxır. Hazırlanmış layihələr yalnız faciəni göstərdiyindən Prezident Heydər Əliyev daha bir neçə layihənin verilməsini tapşırır.

Bildiyimiz kimi o dövürlərdə ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi. Buna görə Heydər Əliyev həmin mərhələdə çox böyük xərc aparan abidə yaratmağa imkanın olmadığını da bildirir. Digər tərəfdən memar heykəltaraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən çox qiymətli olacaq böyük olmayan bir abidə yaratmağı tapşırır. Prezidentin digər bir tövsiyəsi ondan ibarət olur ki, yaradılacaq abidədə faciəni , xalqın qəhrəmanlığını da, təcavüzü göstərmək lazımdır.

Sonrakı müddətdə layihələr hazırlanır. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Prezident Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında sərəncam verir. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə "Əbədi məşəl" abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır. Beləliklə, abidə kompleksinin tikintisinə başlanılır.

"Əbədi məşəl" abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur. Şəhidlər xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır. Gecə səmasında parlayan qızılı rəngli günbəz şəhər üzərində uçan Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi Məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.

Bu gün Şəhidlər Xiyabanı xalqımızın and yeri, inam yeri olubdur ən mötəbər ziyarətgahdır. İnsanlar əllərində gül ilə gedib məzarları ziyarət edib, "Əbədi məşəl"in qarşısında baş əyirlər.

 

 

Seymur Yunusov

 

İqtisadiyyat. -2010. – 23-29 aprel. – S.7.