Azərbaycan
Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu
Son
illər həyata keçirilən iqtisadi inkişaf və
modernləşmə strategiyası əhalinin həyat
standartlarını və sosial rifahını əhəmiyyətli
dərəcədə yüksəldib, nəticədə
ölkə orta gəlirli dövlətlər qrupuna daxil olub.
Milli
iqtisadiyyat hal-hazırda modern sosial-iqtisadi infrastruktura, yüksək
məşğulluq səviyyəsinə və beynəlxalq rəqabət
imkanlarına malikdir.
Azərbaycan
Mərkəzi Bankı son 20 ildə öz mandatını
müvəffəqiyyətlə yerinə yetirərək
dövlətin iqtisadi inkişaf strategiyasına aktiv dəstək
verib. Bank öz məqsədyönlü fəaliyyəti ilə
makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə
qoruyur, bank və ödəniş sistemlərinin
inkişafını təmin edir, ictimai dəyər yaradan digər
mühüm funksiyaları effektiv həyata keçirir.
Bank
makroiqtisadi institut və meqatənzimləyici orqan kimi uzun illər
ərzində korporativ idarəetmə ənənəsini və
dəyərlərini formalaşdırıb. Bank
özünün insan kapitalını inkişaf etdirib, ən
son texnoloji innovasiyalardan bəhrələnib və intensiv beynəlxalq
əməkdaşlığa nail olub. Bu işlər bankın
fəaliyyətinin səmərəli qurulmasına imkan verərək
nəticədə ona yüksək ictimai inam formalaşıb.
Sabit maliyyə siyasəti
Mərkəzi
Bank fəaliyyəti dövründə əhalinin əmanətlərinin
qorunması, maliyyə sabitliyinin tam təminatı istiqamətində
bir sıra mühüm addımlar atıb. Mərkəzi
Bankın siyasəti bank sektorunda maliyyə sabitliyinin
qorunmasına və bank sektorunun inkişafına yönəldilib.
Bu siyasət çərçivəsində görülən
tədbirlər nəticəsində ölkədə bank
sisteminin sabitliyi qorunmuş və maliyyə sisteminin
institusional inkişafı davam edib.
Maliyyə
xidmətlərinə çıxış imkanları
artıb, iqtisadiyyatın kreditləşdirilməsi davam etdirilib. Kreditlərin
stabil resurslar hesabına maliyyələşməsi təmin
olunub, əmanətlərin müddət və valyuta
strukturunda müsbət meyillər müşahidə olunub.
Qlobal iqtisadiyyatda zəif də olsa, artımın davam etməsi və enerji qiymətlərinin
yüksək qalması şəraitində 2011-ci ilin ötən
dövründə ölkənin xarici mövqeyi əlverişli
olaraq qalıb.
İxracdan
əlavə dövr ərzində ölkəyə xarici
valyuta daxilolmaları, həm də pul baratları və xarici
investisiyalar hesabına artıb. Belə ki, 2011-ci ilin 9
ayında əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə ölkəyə daxil olan pul
baratlarının həcmi 38% artmış və 1321 mln. dollar
təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş xarici
investisiyaların həcmi isə ötən ilin eyni
dövrü ilə müqayisədə 25.6% artıb. Qlobal əmtəə
bazarlarında qiymətlərin artmaqda davam etməsi və məcmu
tələbin canlanması şəraitində inflyasiyanın
aşağı səviyyədə saxlanılması
mühüm vəzifə olaraq qalıb.
Ölkənin
tədiyə balansında irihəcmli profisit şəraitində
manatın məzənnəsinin möhkəmlənməsi
müşahidə olunmuşdur. Lakin məzənnənin əhəmiyyətli
möhkəmlənməsinin qarşısını almaq və
bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə
neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi
Bank tərəfindən 497 mln. dollar həcmində valyuta
sterilizasiyası həyata keçirilib. Nəticədə
manatın ABŞ dollarına qarşı məzənnəsi
mülayim templə möhkəmlənib. Milli valyutanın məzənnəsinin
sabitliyi dövr ərzində ölkədə makroiqtisadi və
maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.
Məcmu
tələbin canlanmasını, inflyasiya risklərini və tədiyə
balansının proqnozlarını nəzərə alaraq Mərkəzi
Bank uçot dərəcəsinin 2 dəfə dəyişərək
3%-dən 5,25%-ə qaldırılmasına dair qərar qəbul
edib. Pul kütləsinin artım templərinin tənzimlənməsi
məqsədilə bankların daxili və xarici öhdəlikləri
üzrə məcburi ehtiyat normasının manat üzrə
0,5%-dən 2%-ə, xarici valyuta üzrə isə 3%-ə
qaldırılması barədə qərarlar qəbul edilib. Bütün
bu sadalananlar ölkənin maliyyə sisteminin sabit
inkişafına yol açıb. Mərkəzi Bank Azərbaycan
Respublikası ərazisində nağd pul emissiyasını həyata
keçirən yeganə orqandır.
Odur ki, Azərbaycan Respublikasının Mərkəzi
Bankının əsas funksiyalarından biri ölkədə
nağd pul dövriyyəsinin təşkil edilməsi, pul
nişanlarının tədavülə buraxılması və
tədavüldən çıxarılmasıdır. Bu məqsədlə
Mərkəzi Bank pul nişanlarına olan tələbatı
müəyyənləşdirir, pul nişanlarının
istehsalını təşkil edir, onların daşınmasını
və saxlanmasını təmin edir, pul nişanlarının
ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam
verir, kredit təşkilatları tərəfindən nağd
pulun saxlanması, inkassasiyası və kassa əməliyyatlarının
aparılması qaydalarını müəyyən edir.
Davamlı
inkişaf strategiyası
Hazırda Mərkəzi Bank bank sektorunda səmərəli
bank nəzarəti və tənzimlənmənin daha
böyük əhəmiyyət kəsb etdiyi yeni inkişaf mərhələsinə
başlayır. Bildiyiniz kimi, Azərbaycanda bank nəzarətinin
və tənzimlənməsinin əsas məqsədləri
bank sistemində sabitliyin saxlanması, əmanətçilərin
və kreditorların maraqlarının müdafiəsidir. Elə
buna görə də ölkə iqtisadiyyatının
dayanıqlı inkişafına bank tərəfindən verilən
dəstəyin daha da artırılması tələb olunur
ki, bunun üçün də Mərkəzi Bankda institusional
idarəetmənin müasirləşdirilməsi siyasəti və
insan kapitalının inkişafı davam etdirilir.
Növbəti dövrdə bank yeni
prioritetlərinə uyğun olaraq fəaliyyətini beynəlxalq
standartlara uyğunlaşdırmağı, ən müasir tələblərə
uyğun korporativ idarəetmə sisteminin inkişafını,
müasir və güclü insan kapitalının
formalaşdırılmasını, ölkənin iqtisadi
inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsini
planlaşdırır. Əldə olunmuş nailiyyətlər
bundan sonra da bankın missiyasını uğurla həyata
keçirmək üçün dəyərli aktivlərdir.
Lakin orta və uzunmüddətli perspektivdə
bankın qarşısında yeni strateji
çağırışlar dayanır. Qlobal iqtisadi
mühitin mürəkkəbləşməsi şəraitində
makroiqtisadi sabitliyin qorunması daha da aktuallaşır.
Eyni zamanda son qlobal böhrandan sonra maliyyə
sabitliyinin qorunması üzrə yeni tənzimləmə
mexanizmlərinin formalaşdırılması vacibdir və
artıq beynəlxalq miqyasda bu səylər güclənib. Belə
bir şəraitdə daim müasirləşmə prinsipini əldə
rəhbər tutan bankın bir sıra funksiyalarına xidmət
edən fəaliyyət çərçivələrinin daha
da təkmilləşdirilməsi və müasirləşdirilməsi
zərurəti yaranmışdır.
Digər tərəfdən yeni qlobal şəraitdə
ölkə iqtisadiyyatının dayanıqlı
inkişafına bank tərəfindən verilən dəstəyin
daha da artırılması tələb olunur. Bunun
üçün bankda institusional idarəetmənin müasirləşdirilməsi
siyasəti və insan kapitalının inkişafı davam
etdirilməlidir. Bu çağırışları əsas
götürən bank onları özünün strateji fəaliyyətinin
prioritetinə çevirib.
Növbəti strateji dövrdə bank yeni
prioritetlərinə uyğun olaraq fəaliyyətini
başlıca funksional fəaliyyət sferalarının əsaslı
müasirləşdirilməsi və beynəlxalq standartlara
uyğunlaşdırılması, ən müasir tələblərə
uyğun korporativ idarəetmə sisteminin inkişafı,
müasir və güclü insan kapitalının
formalaşdırılması və ölkənin iqtisadi
inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsi
istiqamətlərdə həyata keçirəcək.
Ölkədə mövcud olan
dayanıqlı siyasi və sosial-iqtisadi sabitlik, iqtisadi şaxələnmə
və islahatlar strategiyasının realizasiyası, dövlətimizin
qlobal inteqrasiya proseslərinə aktiv qoşulması və
artan beynəlxalq nüfuzu, habelə iqtisadiyyatın
bütün sahələrində texnoloji innovasiyaların
geniş tətbiqi bu prioritetləri uğurla
reallaşdırmaq üçün əlverişli imkanlar
yaradır.
Yazı Mərkəzi Bank tərəfindən
keçirilən “Azərbaycan Mərkəzi Bankının
ölkə iqtisadiyyatinda rolu” mövzusundakı məqalə
müsabiqəsinə təqdim olunur.
İbrahim
Abbasov
İqtisadiyyat.-
2011.- 9-15 dekabr.- S.6.