Nobel mükafatının mayasını
Bakı neftindən gələn gəlir təşkil edir.
Nobel
mükafatı (isveç dilində “Nobelpriset” ) - dəyərli elmi
tədqiqatlar, inqilabi ixtiralar,
mədəniyyətə və ya cəmiyyətin
inkişafına edilən zəngin töhfələrə
görə verilən nüfuzlu beynəlxalq
mükafat.
Mükafatın
təsisçisi məşhur kimyaçı alim, mühəndis,
dinamitin ixtiraçısı Alfred Nobel 1833-cü ildə İsveçin
Stokholm şəhərində İmmanuel Nobelin ailəsində
anadan olmuşdur. Nobellər ailəsi 1837-ci ildə
Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa daşınaraq özünün
uğurlu iqtisadi karyera yoluna qədəm qoyduğu zaman, Alfred xüsusi müəllimlər
tərəfindən tərbiyə və təhsil
alırdı. On yeddi
yaşına çatanda Alfred
Nobel artıq İsveç,
rus, fransız, ingilis,
alman dillərində sərbəst
şəkildə danışır, fizika
və kimya elmləri ilə yanaşı,
ingilis ədəbiyyatına və şerə
də böyük maraq
göstərirdi. Alfred kimya
mühəndisliyi sahəsində təhsil almaq
üçün
İsveç, Almaniya,
Fransa və ABŞ-da olur. Bu zaman
dövrün məşhur
kimyaçıları ilə tanış olur, laboratoriyalarda
çalışır, xüsusilə də nitroqliserinlə maraqlanmağa
başlayır. 1863-cü ildən etibarən nitroqliserinlə
bağlı çalışmalarını Stokholmda
davam etdirən
Alfred Nobel nitroqliserinin partlayıcı maddə kimi istifadə yollarını
araşdırırdı. Araşdırmalar nəticəsində
1864-cü ildə dinamiti kəşf
edən Alfred Nobel
1865-ci ildə birinci, 1866-cı ildə isə
ikinci fabrikini
açır. A.Nobel
araşdırmaları davam etdirərək
1877-ci ildə "Balistit"
adını verdiyi barıt növünü, 1879-cu ildə isə bərabər
miqdarda nitroqliserinlə nitrosellüloz
qarışığından ibarət olan
daha təsirli dumansız barıtı kəşf
etdi.
Alfred
Nobel 1896-cı ildə San-Remoda
vəfat etdi. O, sahibi olduğu mirasın
33.200.000 kronunu hər
il insanlığa
xidmət göstərən
böyük elmi kəşflərə xərclənməsini
vəsiyyət etdi. Nobel mükafatı 27 noyabr 1895-ci ildə Alfred
Bernard Nobelin vəsiyyəti
əsasında təsis
edilmişdir. Alfred
Bernard Nobelin ölümündən
sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Həmin
kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin
səhmindən əldə
edilən gəlir
Nobel fondunun çox hissəsini təşkil etmişdir.
Bu mükafatlar
fizika, kimya, tibb və ya
fiziologiya, ədəbiyyat
və sülhə xidmət də daxil olmaqla, ümumilikdə beş
sahəni əhatə
edəcəkdi. Əvvəllər
Nobelin bu vəsiyyəti böyük
mübahisə doğursa
da, İsveç hökumətinin 1900-cü ildə
qurduğu Nobel Cəmiyyətinin
xətti ilə mükafatlar 1901-ci ildən
başlayaraq hər il müntəzəm
olaraq verilməyə başlandı. Bu vəsiyyətdən kənar
1969-cu ildən başlayaraq
İsveç Bankının
təşəbbüsü ilə Nobel İqtisadiyyat Mükafatı da verilir. Onun təltif qaydası
digər sahələrdə
olduğu kimidir.
Nobel mükafatları
hər il
Alfred Nobelin vəfat etdiyi gündə 10 dekabr tarixində verilir. Dünyanın ən nüfuzlu
mükafatı hesab olunan Nobel mükafatının
əsas hissəsini
Alfred Nobelin varidatı
təşkil etsə də, mükafatın verilməsində Bakı neftindən əldə olunan gəlirin də müəyyən rolu var (ilk fondun
təxminən 10% - "Branobel
şirkətinin payına
düşür).
İlk "Nobel mükafatı"
fizika sahəsində Almaniyalı Vilhelm Konrad Rentgenə təqdim olundu.
31 mart 1889-cu il tarixində – Sankt-Peterburq şəhərində
İmperator adına Rusiya Texniki Cəmiyyətinin Lüdviq
Nobelin vəfatının
ildönümündə keçirilmiş
ümumi iclasında qərar verildi ki, ölkənin inkişafına xidmət göstərmiş bu insanın dürüst, ağıllı və enerji dolu həyatını
yaddaşlarda xoş xatirə kimi həkk etmək məqsədilə metallurgiya
və neft sənayesi sahələrində
ən yaxşı iş və tədqiqatlar, habelə bu sahələrdə (ələlxüsus Rusiyanın
inkişafı naminə
praktiki tətbiq baxımından dəyərli
olan) istehsalat texnikasının təkmilləşdirilməsi
və ixtiralara görə Lüdviq Nobelin adına mükafat təsis edildi. Bu mükafat
1917-ci ilə kimi Rusiya mühəndis cəmiyyətində ən
nüfuzlu mükafatlardan
biri olaraq qaldı.
1904-cü
ildə isə Bakıda Emanuel Nobelin adını daşıyan
mükafat təsis edildi. 1.000 qızıl rubl
həcmində olan bu mükafat neftçıxarma sənayesində
ən yaxşı işlər və kəşflər üçün
təqdim edilirdi.
1909-cu ildə
Bakı neft-kimyaçısı
V.F.Gerr (1845-1940) "Bakı
neftinin fraksiyalarını
500-dən 1600 C-cən, xüsusi
çəkisi 1,4-lü azot
turşusu ilə oksidləşdirməklə oksalat
turşusu sıralarından
olan ikiəsaslı yağlı turşuların
alınması" elmi
işinə görə
"Emanuel" mükafatının (E.Nobel adına Bakı mükafatı) ilk
laureatı oldu.
1911-ci ildə Moskva Universitetinin professoru A.M.Nestyukov və onun assistenti K.L.Malyarov "Neftin doymamış karbohidrogenlərinin
formalinlə buxarlanması
ilə maye məhsullarının alınması
və xassələri
barədə" elmi
işinə görə
"Emanuel" mükafatının ikinci laureatı oldular.
1914-cü ildə dağ-mədən
mühəndisi S.Q.İsakov
"Əl ilə idarə olunan dartaylama barabanı və jelonkanın dartaylama çarxma dartılmasını alan alət" elmi-konstruktor işinə görə "Emanuel" mükafatının
üçüncü sonuncu
laureatı olmuşdur.
İki dəfə Nobel laureatı olmaq olmaz. Bu mükafatın təltif edilməsinin bütün prosedurunu fondun Nizamnaməsinə uyğun olaraq İsveç Kral Elmlər Akademiyası aparırdı.
Nobel qardaşlarının XX əsrin
əvvəllərində Bakı
nefti sənayesindəki
fəaliyyətləri nəticəsində
əldə etdikləri
böyük kapitalın
bu mükafatın təsis edilməsində şübhəsiz mühüm
rolu olmuşdur. Bu mənada
tam əsasla demək olar ki, indiki
Nobel mükafatının mayasını
Bakı nefti, Azərbaycan sərvəti
təşkil edir.
Nobel mükafatının hal-hazırda
məbləği təxminən
$1mln. 450 min-ə bərabərdir.
1888-ci ildə
hələ sağ ikən qəzetlərin birində Alfred Nobelin ölümü ilə bağlı verilən məlumat ona çox ciddi təsir bağışlamışdı.
Mətbuatda onu “qan hesabına milyoncu”, “partlayıcı ölümlə
alver edən”, “dinamit kralı” adlandırırdılar. Bütün
bunlardan təsirlənən
Alfred Nobel insanların yaddaşında
mənfi obraz kimi qalmamaq üçün
öz sahib olduğu var-dövləti elmin və tərəqqinin inkişafına xərcləməyi
lazım bilmişdir.
İqtisadiyyat.- 2011.- 9-15 dekabr.- S. 8.