İnflyasiya və vergilərin əmanətlərə
təsiri
Ölkə həyatının
bütün sahələri ilə sıx bağlı olan
inflyasiya insanların qərarlarına, iqtisadi proseslərə,
ölkənin beynəlxalq əlaqələrinə təsir
göstərmək gücünə malikdir. İnflyasiyanın
çox sayda müxtəlif tərifləri mövcuddur. Sadə
dildə inflyasiyaya belə tərif verə bilərik: inflyasiya
mal və xidmətlərin keyfiyyətinin yüksəlmədiyi
halda qiymətlərin ümumi səviyyəsinin
qalxmasıdır. Fikrimizi daha sadə dildə ifadə etsək,
inflyasiya pulun dəyərsizləşməsi prosesidir.
Aşağı inflyasiyanın iqtisadiyyata elədə böyük mənfi təsirləri olmur. Ancaq aşağı inflyasiyadan fərqli olaraq yüksək inflyasiyanın bir sıra mənfi cəhətləri vardır. Yüksək inflyasiya ilk növbədə əhalinin gəlirlərini və əmanətlərini dəyərsizləşdirir. Bundan başqa yüksək inflyasiya iqtisadiyyatda səbatsızlıqlara səbəb olur ki, bu da investorları investisiya qoyuluşlarından çəkindirir. Biz burada inflyasiyanın insanların əmanətlərinə necə təsir etdiyini aydınlaşdıracağıq.
Təsəvvür edin ki, öz şəxsi biznesinizi açmaq qərarına gəlmisiniz. Şəxsi biznesə başlamaq üçün sizin ilkin kapitalınız olmalıdır. İlkin kapitalı siz müxtəlif mənbələrdən əldə edə bilərsiniz: bu vəsaitləri əvvəlki yığımlarınız hesabına maliyyələşdirə bilərsiniz, bankdan ssuda ala bilərsiniz və ya digər bir üsulla vəsait əldə edə bilərsiniz.
Bütün
bu iqtisadi prosesləri özündə ehtiva edən sistem
maliyyə sistemidir. Maliyyə sistemi
yığımlarını toplamaq istəyənlərlə
investisiya şəklində borc vəsaitlərinə
ehtiyacı olanlara istiqamətləndirməyə kömək
edən iqtisadi institutların məcmusudur. Bildiyimiz kimi əmanətlər
və investisiyalar ölkə iqtisadiyyatının
inkişafı üçün əsas hərəkətverici
qüvvələrdir. Əmanətlərin həcminin
artması ölkənin yüksək inkişaf templərinə
nail olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə
səbəb olur.
Yığım
məqsədilə bankdakı əmanət hesabınıza
qoyduğunuz pul vəsaiti əmanətdir. Faiz isə banka əmanət
kimi qoyduğunuz pulunuzdan bankın istifadə etdiyinə
görə sizə ödənilən kompensasiyadır. Fərz
edin ki, öz pulunuzu banka borc verirsiniz, bank isə bunun
müqabilində sizə faiz ödəyir. Faiz gəlirlərini
bankdan aylıq, rüblük, altı aylıq, illik və əmanət
üçün müəyyən edilmiş müddətin
sonunda götürmək imkanınız vardır. Faiz gəlirləri
əmanətinizin məbləğini artırır. Banklar isə
depozit hesablarında olan pulları başqa şəxslərə
(müştərilərə) borc vermək üçün
istifadə edirlər.
Əmanətlər
üzrə bankın əmanətçilərə ödədiyi
faizlər əsasən iki üsulla hesablanılır: sadə
faizlər düsturu və mürəkkəb faizlər
düsturu. Sadə faizlər düsturu o zaman tətbiq olunur ki,
əmanətə əlavə olunan faizlər əmanətin
üzərinə yalnız müddətin (və ya
dövrün) sonunda əlavə olunur, ya da ümumiyyətlə
əlavə olunmadan ayrıca bir hesaba oturdulur. Yəni sadə
faizlər formulu faizlərin kapitlallaşmasını nəzərdə
tutmur. Mürəkkəb faizli depozitlərdə isə
mütləq hesablanmış faizlərin depozitlərə əlavə
olunması bir neçə dövr şəklində həyata
keçilir, bu da aylıq, rüblük və illik ola bilər
(əgər depozit bir neçə ilə nəzərdə
tutulubsa). Faizlərin əsas məbləğə əlavə
olunması faizlərin kapitallaşması kimi də
adlandırılır.
İndi
isə inflyasiya olduğu halda bunun əmanətçilərə
olan mənfi təsiri aydınlaşdıraq. Yuxarıda qeyd
etdiyimiz kimi inflyasiya pulun dəyərsizləşməsi, yəni
pulun dəyərdən düşməsi prosesidir. Məsələn,
siz banka 1000 manat əmanət qoymusunuz və illik 12% faiz gəlir
əldə edəcəksiniz. İnflyasiyanın isə 8%
olduğunu fərz edək. Siz qoyduğunuz 1000 manata görə
120 manat faiz gəliri əldə edəcəksiz, ancaq inflyasiya
sizin qazandığınız 120 manatın 80 manatını dəyərsiz
edəcək. Yəni, sizin real faiz gəliriniz cəmi 40 manat
olacaq.
İqtisadi
nəzəriyyənin on pirinsipindən biri insanların
stimullara cavab verməsi ilə əlaqədardır. Əmanətlərdən
əldə edilən gəlirlərə vergi tətbiq edilməsi
insanların cari istehlaklarını məhdudlaşdıraraq əmanət
qoyuluşuna olan marağını azaldır. Bundan
çıxış edərək bir çox
iqtisadçılar belə qənaətə gəlmişdirlər
ki, əmanətlərin aşağı norması müəyyən
dərəcədə cari istehlakın məhdudlaşdırılmasını
stimullaşdırmayan vergi siyasəti ilə
bağlıdır. Problemin həlli kimi bir çox
iqtisadçılar və hüquqşunaslar Vergi Məcəlləsinə
əmanətlərin cəlbediciliyinin artırılmasına
istiqamətlənmiş dəyişikliklərin daxil edilməsini
təklif edirlər. Məsələn, 1995-ci ildə ABŞ
Konqresinin maliyyə komitəsinə rəhbərlik edən
Bill Arçer mövcud gəlir vergisini istehlak vergisi ilə əvəz
etməyi təklif edib. Təklifin mahiyyəti ondan ibarətdir
ki, əmanətlərə yönəldilən gəlirlərin
istehlak məqsədi ilə istifadə olunması anına qədər
vergi tutulmadan çıxarılmasıdır.
Bu sahədə
olan digər bir təklif isə əmanətlərdən əldə
edilən faiz gəlirlərinə tətbiq edilən vergidir.
Bunu əyani şəkildə öz ölkəmizin
qanunvericiliyində nəzərdən keçirək. AR Vergi Məcəlləsinin
102.1.22-ci maddəsinə əsasən yerli bank və xarici
bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən
fiziki şəxslərin əmanətləri üzrə
ödənilən illik faiz gəlirlərinin 500 manatadək
olan hissəsi vergidən azaddır. Yəni, başqa sözlə
faiz gəliri 500 manatdan çox olduğu halda gəlirdən
vergi tutalacaq. Vergi Məcəlləsinin 123-cü maddəsinə
əsasən 500 manatdan artıq olan faiz gəlirindən 10 faiz
dərəcəsi ilə vergi tutulur. İndisə əmanətçilər
üçün inflyasiyanın nə üçün
arzuolunmaz olmasına nəzər yetirək. İki halı nəzərdən
keçirək. 1-ci dəfə fərz edək ki, faiz dərəcəsi
12 faiz, inflyasiya isə 8 faiz təşkil etmişdir. 12 faiz dərəcəsi
dərəcəsi olduqda ondan biri 1,2 təşkil edəcək
və inflyasiyanı çıxsaq real faiz dərəcəsi
yalnız 2,8 faiz təşkil edəcək. İndi isə
inflyasiyanın olmadığını və real faiz dərəcəsinin
4 faiz olduğunu qəbul edək. Bu halda 4 faizin onda biri 0,4
olacaq ki, əmanət qoyan şəxsin gəlirini 3,6 faiz təşkil
edəcək. 1-ci və 2-ci dəfədə qeyd edilən
halları müqayisə müqayisə etdikdə fərqli nəticələr
alınır. Burdan belə nəticə alınır ki,
inflyasiya olduqda əmanətçidən daha çox vergi
tutulur. Buna görə də Vergi Məcəlləsinin indeksləşdirilməsi
zəruridir.
Yuxarıda
ekonomiksin on prinsipindən biri olan insanların stimullara cavab
verməsini qeyd etdik. Vergi tətbiq edilməsi isə əmanətlərin
həcminin azalmasına səbəb olur. Dünya ölkələrinin
inkişaf təcrübəsi göstərir ki, əmanətlərin
həcminin azalması iqtisadi inkişafa mənfi təsir edir.
Milli əmanətlərin iki formalaşma mənbəyi var:
dövlət əmanətləri və özəl əmanətlər.
İnsanların stimullara cavab verməsi səbəbindən
özəl əmanətlərin həcmi vergi baxımından
azalmaya səbəb olur. Əmanətlərə tətbiq edilən
vergi dərəcələrinin azaldılması hər
mümkün faiz dərəcəsində əhalinin əmanətlərə
stimullarının yüksəlməsinə təsir göstərir
və bu həm də hər
faiz dərəcəsində borc vəsaitləri bazarında
pul təklifinin həcminə təsir edir. Və bu da son nəticədə
borc kapital bazarında vəsaitlərin həcminin artmasına
səbəb olur ki, borc faiz dərəcəsi də
aşağı düşməsinə səbəb olur. Borc
faiz dərəcəsinin aşağı düşməsi isə
tələb həcminin artmasına səbəb olur. Bu da
investisiya qoyuluşlarının həcminin artmasına səbəb
olur ki, son nəticədə ölkənin inkişaf etməsinə,
həyat səviyyəsinin yüksəlməsinə səbəb
olur.
İqtisadçıların əksəriyyəti bu fikirlərlə razılaşsalar da, bu sahədə bir çox ölkələrdə vahid fikir hələ də formalaşmamışdır. Çoxları investisiya aktivliyinin stimullaşdırılması məqsədi ilə əmanətlərin artırılmasına yönəldilmiş vergi dəyişikliklərini dəstəkləyirlər. Milli əmanətlər uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. Əmanətlərin yüksək səviyyəsi iqtisadiyyata investisiya qoyuluşunun həcminin artmasına, əmək məhsuldarlığının, əmək haqqının artmasına səbəb olur. Bunu dünya ölkələrinin statistikasıda göstərir ki, iqtisadi rifah və əmanətlərin həcmi arasında sıx əlaqə vardır. Vergi Məcəlləsinə dəyişiklik edilməsini müdafiə edən iqtisaçılarla yanaşı bu fikirlərə əleyhdar olanlarda az deyil.
Sonda qeyd edilməlidir ki, əsas nəticə ondan ibarətdir ki, yuxarıda qeyd edilən təkliflərin Vergi Məcəlləsində nəzərə alınması, başqa sözlə əmanətlərin stimullaşdırılması borc bazarında faiz dərəcəsinin aşağı düşməsinə və investisiyaların həcminin artmasına səbəb olacaq.
Xəyal İsmayılov
İqtisadiyyat.- 2015.- 4 -10 dekabr.-
S.7.