Azad sahibkarlıq yeni
çağırışlar
və meyarlar müstəvisində
Son 12 il ərzində Azərbaycana 200 milyard dollardan artıq sərmayə cəlb olunub ki, bunun 100 milyardı Azərbaycan dövlətinin özünün sərmayəsidir. Bu həcmdə sərmayələrin yatırılması ölkəmizin iqtisadi və sosial tərəqqisində müstəsna rol oynamaqla yanaşı, qeyri-neft sektorunun yaranıb intişar tapmasına geniş yol açmışdır. Hazırda Azərbaycan bir çox transmilli layihələri uğurla gerçəkləşdirən bir ölkəyə çevrilib.
Neftin dəyərinin hansı qiymətə düşməsindən asılı olmayaraq, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin mərkəzinə çevrilib. Ötən 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, qeyri-neft sektorunun iqtisadiyyatda payı 70 faizə çatıb və bu sektorun sürətli inkişafı davam edir. Regionlarımız abadlaşıb, müasirləşib, infrastrukturu köklü şəkildə yeniləşib. Ən böyük uğurlarımızdan biri də yeni keyfiyyət standartlarına cavab verən sahibkarlıq subyektlərinin formalaşmasıdır. Doğrudur, bu sahədə problemlər mövcuddur. Lakin həmin problemlərin aradan qaldırılması istiqamətində ardıcıl və sistemli tədbirlər görülür.
Bir neçə rayonun real durumunu göstərməklə bəzi problemləri araşdırmağa çalışacağıq. Bəri başdan qeyd etmək lazımdır ki, regionlarda azad sahibkarlıqla bağlı mövcud problemlərin, demək olar ki, 95 faizi bir-biri ilə üst-üstə düşür.
Şimal bölgəsinin ən böyük rayonlarından biri olan Quba rayonuna nəzər yetirək. Rayonun gözəl təbiəti, münbit torpağı, əməksevər insanları, zəruri infrastrukturu vardır. Lakin respublikamızın digər rayonları kimi, Quba da, Xaçmaz da dövlət dotasiyası ilə yaşayır. Bu günlərdə həmin bölgədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bunu dilə gətirərək demişdir: «Söhbət təkcə Qubadan, Xaçmazdan getmir. İndi mən bu bölgədə olduğum üçün bu rayonların adlarını çəkirəm. Bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Quba rayonunun ümumi iqtisadi potensialının 50 faizi işə salınsa, bu rayonda bir nəfər də olsun işsiz olmaz». Haqlı fikirlərdir. Çünki dövlət dəstəyi göstərilir, güzəştli kreditlər verilir, lakin nəticə qaneedici deyil. Belə ki, son 10 il ərzində Quba rayonu üzrə fərdi təsərrüfatlara, sahibkarlıq subyektlərinə 40 milyon manatdan artıq vəsait ayrılıb. Bununla belə ötən illər ərzində rayonda yaradılan, xırda və orta bizneslə məşğul olan nümunəvi təsərrüfatlar azdır. Bu həcmdə maliyyə vəsaitləri verilməsinə rəğmən, münbit torpaqların bir qismi əkilməyib, meyvəçilikdə məhsuldarlıq azalıb, suvarma sistemləri, meliorasiya və irriqasiya işləri lazımi səviyyədə qurulmayıb. Ayrılan vəsaitlərin böyük qismi fərdi təsərrüfatların və həyətyanı sahələrin əkilib-becərilməsinə sərf olunub. Rayonların ayrı-ayrı məhsullar üzrə ixtisaslaşması prosesi ləng gedir. Hər bölgəyə xas olan ənənəvi məhsullar vardır ki, başqa bölgədə əkiləndə lazımi nəticəni vermir. Məsələn, Qubada yetişən alma Ağsuda yetişsə də, həmin keyfiyyəti verə bilməz. Həmçinin, Ağsuda, Göyçayda yetişən nar şimal bölgələrimizdə yetişə bilməz. Şəkinin taxılı, ipəyi, Abşeronun zəfəranı, zeytunu harada becərilsə də, həmin effekti verməyəcək. Ölkəmizdə antiinhisar tədbirlərinin start götürdüyü bir vaxtda Ağsuda böyük bir istixana kompleksi tikilir, cari ilin mart ayında istifadəyə veriləcək. Tikinti işlərinə 100 nəfər işçi cəlb olunub, kompleks işə düşdükdən sonra burada 30 nəfər işçi çalışacaq və 250-300 manat əmək haqqı alacaq. Cəmi 3 hektar ərazidə qurulan istixana kompleksində ildə 500 ton pomidor yetişdiriləcək. Gələcəkdə Şəmkir, Tovuz rayonları kimi Ağsu rayonunda da istixana təsərrüfatlarının geniş şəbəkəsi yaradılacaq. Həmçinin, Ağsuda taxıl və yazlıq bitkilərin istehsalında da digər rayonlara nisbətən yüksək məhsuldarlıq özünü göstərir. 2015-ci ildə hər hektardan orta hesabla 35 sentner taxıl götürülüb ki, bu da respublika üzrə orta göstəricidən xeyli çoxdur. Eyni zamanda, kartof, soğan, bostan bitkiləri, meyvə və üzümçülük sahələrində də məhsuldarlıq artıb. Cəlilabad rayonunda kütləvi halda kartof əkilib-becərilməyə, əsasən 1980-ci illərin axırlarından üzümçülük ləğv edildikdən sonra başlandı. Nəticədə, taxılçılıqla yanaşı, meyvəçilik və bostan bitkiləri də geniş yayıldı. Yığılan məhsullar Bakı və Sumqayıt şəhərlərinə göndərilirdi. Cəlilabadın əkinçilik üçün əlverişli olan münbit və bərəkətli torpağı vardır. Yol kənarlarında yüz cür nemət satılır: kartof, kələm, çiyələk, soğan, üzüm, qarğıdalı, qarpız, yemiş, noxud…
İl ərzində Cəlilabadda üç dəfə kartof məhsulu yetişdirilir. Erkən kartof – aprelin əvvəli, mayın birinci yarısı, faraş kartof – mayın sonu, iyunun əvvəli və payızlıq kartof. Təkcə rayonun Muğanlı kəndində 3 min hektar əkin sahəsində kartof becərilir. Kartofla bərabər, yuxarıda adı çəkilən məhsulların, demək olar ki, hamısı əkilib-becərilir. Cəlilabad kənd təsərrüfatı məhsullarının geniş çeşiddə istehsalını həyata keçirən ən böyük rayonlardan sayılır. Dolanışıqdan, maddi durumundan əhali giley-güzar etmir. Hər şeydən əvvəl, yaxşı güzəran ilin bol məhsulu ilə bağlıdır. Məhsul bol olduqda ailənin də ovqatı xoş olur, əhval-ruhiyyəsi yüksəlir. Lakin son illər satış sarıdan çətinliklər yaranıb, xaricə mal daşınmasının həcmi azalıb. Bu da qonşu ölkələrdə baş verən böhranlarla bağlıdır. Digər problemlər də var. Axı, bu qədər məhsul istehsal edən bir ölkəyə xaricdən kartof, soğan, meyvə gətirilməsi yolverilməz haldır. Elə ki, noyabr ayı başladı qonşu ölkələrdən – Türkiyədən, İrandan ölkəmizə adıçəkilən məhsullar daşınıb gətirilir.
Tədarük məntəqələri olmadığına görə, yığılan məhsulun bir hissəsi ya yerli, ya da Rusiya bazarlarında tələm-tələsik satılır. Təklif tələbi bir neçə dəfə üstələdiyinə görə, məhsulun böyük qismini satmaq mümkün olmur və nəticədə min tonlarla məhsul zay olub tullanır. Belə vəziyyətdə təsərrüfatçının yüksək mənfəət əldə etməsindən danışmaq yersizdir. Açığını demək lazımdır ki, bölgələrdə yaradılan soyuducu anbarların bir çoxu işləmir. Bunun müxtəlif səbəbləri var. Buna əsas səbəb kimi məhsulun daşınması və saxlanılmasına çəkilən izafi xərclərin böyük olması və digər texniki səbəblərin mövcudluğunu göstərmək olar. Məhz bu səbəbdən də Cəlilabadda selofan altında yetişdirilən erkən kartofun əkilib-becərilməsinə üstünlük verilir. Həmin məhsullar mövsümün qıt vaxtında yetişdiyinə görə tez və yaxşı qiymətə satılır. Faraş kartof əsasən Rusiya bazarlarına göndərilir. Burada da daşınma ilə bağlı bir sıra həllini gözləyən problemlər vardır ki, bu barədə gələcək yazılarımızda geniş söhbət açacağıq.
Digər bir problem özəlləşdirilən və icarəyə verilən torpaqlarla bağlıdır. Rəsmi məlumata görə, hazırda respublikamızda 450 min hektar istifadə olunmayan torpaq sahələri vardır. Həmin torpaqları əkib-becərməklə ildə 1,5 milyon ton taxıl istehsal etmək olar. Bu rəqəm heç də adi görünməsin. Bununla əhalinin 50 faizdən çoxunun taxıl məhsullarına olan tələbatını ödəmək olar. Tütünçülükdə, çayçılıqda, pambıqçılıqda da vəziyyət ürəkaçan deyil. Cənab prezidentin qarşıya qoyduğu vəzifələr sırasında istifadəsiz torpaqların əkin dövriyyəsinə buraxılması, hər bir rayonun xüsusiyyətləri nəzərə alınaraq «yol xəritəsi»nin tərtib edilməsi və sahibkarlıq subyektlərinin həmin torpaqlara cəlb olunması ön mövqedə dayanır.
2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab prezident İlham Əliyev bir sıra iqtisadi islahatların aparılmasına ciddi zərurət yarandığını vurğulamışdır. Belə ki, yaxın zamanlarda ölkəmizdə sənaye və aqrar sektorun inkişafı ilə əlaqədar ixracyönlü məhsulların istehsalına daha çox diqqət yetiriləcək. Dövlət başçısının tapşırığına əsasən, regionlarda 150 layihənin reallaşdırılması üçün 1,5 milyard manat vəsait ayrılıb. Həmin vəsait hesabına bölgələrdə istehsal, emal və digər müəssisələrin yaradılması nəzərdə tutulur. İri fermer assosiasiyalarının və birjaların yaradılması, məhsul tədarükünün həmin strukturlar tərəfindən tənzimlənməsi, ilboyu ərzaq qıtlığının qarşısının alınması, məhsul itkisinə yol verilməməsi və məhsuldarlığın artırılması yolu ilə təsərrüfat subyektlərinin gəlirlərinin artırılması qarşıda duran ən vacib və təxirəsalınmaz vəzifələrdəndir.
Elə Quba rayonunu götürək. Məşhur Quba almasının şöhrətinin özünə qaytarılması üçün rayondakı emal müəssisələrinin qısa müddət ərzində bərpası həyata keçirilməlidir. Buradakı 3 emal müəssisəsinin yalnız biri fəaliyyət göstərir. Həmin müəssisə tam gücü ilə işləmir. Odur ki, istehsal olunan meyvələrin bir hissəsi ucuz qiymətə satılır, digər hissəsi zay olaraq atılır. Ən gəlirli sahələrdən biri Qubada xalçaçılığın inkişafı ilə bağlıdır. Burada fəaliyyət göstərən «Qədim Quba» xalçaçılıq müəssisəsi tam istehsal gücü ilə işləmir. Vaxtilə müəssisədə 200 nəfərdən artıq işçi çalışırdı. Amma toxunan xalçaların satışında yaranan problem işçilərin ixtisarına səbəb olub. Əldə toxunan bu xalçalar xalqımızın qiymətli maddi mədəniyyət nümunələri sayılır. Burada xalçaların satılmamasından söhbət gedə bilməz. Sadəcə olaraq hələ ki, bu unikal məhsulların öz alıcısını tapması üçün lazımi marketinq strukturu yaradılmayıb.
İqtisadi böhrandan çıxmaq üçün dövlət əlindən gələni edəcək. Lakin bununla iş bitmir. Cənab prezidentin də dediyi kimi, böhrandan çıxmaq üçün gərək bütün səylər birləşdirilsin, hamı ümumi məqsədlər naminə səfərbər olunsun.
Azərbaycan neft ixrac edən ölkə olduğu üçün qiymətlərin 4 dəfədən artıq düşməsi, həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın gəlirlərinə ciddi təsir göstərib. Belə olan halda manevr imkanlarını artırmaq, bütün sahələrdə mövcud olan boşluqları axtarıb tapmaq, təşviq etmək və vaxt itirmədən onların aradan qaldırılması istiqamətində əməli tədbirlər görmək lazımdır.
Möhtəkirlik, işbazlıq kimi təsərrüfatçıların işinə əngəl törədən hallar aradan qaldırılmalı, istehsalçı ilə istehlakçı arasında sivil bazar münasibətləri yaradılmalıdır.
Azərbaycanda uzun illərdir həyata keçirilən uğurlu iqtisadi siyasətin davamı olaraq bundan sonra da qarşıya çıxan çətinliklər aradan qaldırılacaq, sosial-iqtisadi həyatın bütün sahələrində yüksək dinamika qorunub saxlanacaqdır.
Zülfü İLYASOV
İqtisadiyyat.- 2016.- 19-25 fevral.- S.4.