Məqsəd Azərbaycan turizminin böyük imkanlarını təqdim etməkdir

 

Müasir dövrdə Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən biri, bəlkə də ən vacibi böyük həcmli neft gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizdə davamlı inkişafı təmin edən qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Son illər dövlət tərəfindən turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, dövlət proqramlarının qəbulu, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ümumiyyətlə dövlətin bu sahədə düzgün siyasəti Azərbaycanda turizm sənayesinin yeni mərhələyə çıxmasına imkan yaratdı.

Azərbaycanın təbiəti, zəngin milli-mənəvi sərvətləri  ölkəmizin  turizm məkanına  çevrilməsinə  zəmin  yaradır. Təsadüfi  deyil ki, son  vaxtlar  ölkəmizə turist  axını xeyli artmışdır.  Bütün bunlar, hər şeydən əvvəl, dövlətin turizmə diqqətinin nəticəsidir.

Azərbaycanda turizmin inkişaf tarixi qədim olmasa da,  90-cı illərin sonlarından başlayaraq bu sahəyə xüsusi önəm verilməyə, turizmlə bağlı bir sıra  layihələr  reallaşdırılmağa başlanmışdır. Nəticədə, turizmin inkişaf dinamikası  getdikcə artmışdır. Azərbaycanda turistlərin yerləşdirilmə biznesinin  inkişafı üçün  yeni imkanlar açılmışdır.

Son on ildə  isə turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının  uğurlu icrası, yaradılan  müasir infrastruktur  bölgələrlə  yanaşı, Bakının da  turizm  sənayesini  yeni inkişaf mərhələsinə  çıxarmışdır.

Qazanılan uğurlar daha irəliyə getmək üçün  şərait  yaradırdı. Dövlət Proqramlarının  qəbul edilməsi  turizmin inkişafına güclü təkan verdi.  Bu vaxta kimi proqramların icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini  mütəmadi şəkildə təşkil etmək, eyni zamanda,  daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilmişdir.

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların hazırlanmasına  təkan verən “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında demişdir: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız varŞahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək”.

Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının, həmçinin satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar. Bütün bunları öyrənib geniş ictimaiyyətə çatdırmaq isə kütləvi informasiya vasitələrinin üzərinə düşür. Elə bu yaxınlarda, may ayının 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunmuşdur. İnfoturda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak etmişdir.  Əsas məqsəd “Qalaaltı Hotel & SPA”sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda, ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunması idi.

Qeyd edək ki, “Qalaaltı” kurortu hələ sovet dövründən, ötən əsrin 70-ci illərindən fəaliyyət göstərsə də, yalnız 2015-ci il avqustun 9-dan yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Qalaaltı dünya səviyyəli beynəlxalq müalicə və istirahət kompleksi kimi fəaliyyət göstərir və burada yaradılan  ən yüksək standartlara uyğundur. Beşulduzlu otel, SPA mərkəzi, əyləncə zonaları turistlərin ixtiyarındadır və ən başlıcası, burada yerin altından çıxan müalicəvi su insanların sağlamlığına xidmət edir. Neft tərkibli Qalaaltı suyundan sidikqovucu kimi,  böyrəkdaşlarının çıxarılması üçün, həzm və ifrazat sistemlərinin müalicəsində istifadə olunur.

Qalaaltı  Sağlamlıq və Turizm Mərkəzinin 200 nəfər daimi işçisi vardır. Mərkəzin bir ilə yaxın müddətdə fəaliyyətə başlamasına baxmayaraq, artıq MDB və Avropa ölkələrindən çoxlu sayda turistlər qəbul etməkdədir. 

“Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinə təşkil olunan infoturun iştirakçıları  yüksək dağlıq ərazidə, tarixi bir yerdə, təbiətin qoynunda yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksionun təqdim etdiyi çeşidli, unikal xidmətlərlə ətraflı tanış oldular. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər vardır. İnfotur iştirakçıları komplekslə yaxından tanış olduqdan sonra dəyirmi masaya yığışdılar.  “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masanı giriş sözü ilə açan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bildirdi ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliği və ölkəmizdə turizmin inkişafına öz töhfəsini verir: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. Ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzi Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərə bilməsidir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir.  Bu ilin aprelində Çexiyanınm Karlovı Varı şəhərində bununla bağlı böyük təqdimat keçirilib.  Məqsədimiz, Naftalan və Qalaaltı kimi termal-müalicəvi mıərkəzlərin təqdim etdiyi unikal imkanları dünya turistlərinə təqdim etməkdir”.

 “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin  direktoru Turqay Arının sözlərinə görə, “Naftalan  və Qalaaltı  dünyada çox unikal turizm imkanlarına malikdirbu baxımdan yalnız Truskavetslə müqayisə oluna bilər: İstər  Qalaaltıda, istərsə də Naftalanda bu baxımdan son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – “Qalaaltı Hotel & SPA” və “Naftalan-Çinar”.  Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var”.  

AtaHolding  Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilarə Zamanova isə qeyd etdi ki, həyata keçirilən bu cür infoturların çox böyük önəmi var: “Bu infotur sayəsində turistlər ölkəmizdə müalicəvi və termal turizmlə bağlı ən yaxşı şəraiti və bununla bağlı yüksək xidmətlər, çox münasib qiymətlər  təklif edən mərkəzləri yaxından tanımış olacaqlar”.

Onun sözlərinə görə, xarici vətəndaşların ölkəyə cəlb edilməsi üçün sağlamlıq turizmi praktikasının yayılması ölkə ilə tanışlıq imkanı sayəsində mümkün olmuşdur. Ölkəmizdə sağlamlıq proqramı üzrə müalicə alan hər bir turist nəinki burada lazımi müalicəni alır, həm də buranın müxtəlif tarixi yerlərini gəzir, ölkənin qədim memarlıq abidələri, onların orijinallığı, koloriti ilə tanış olur. Beləliklə, Azərbaycanda sağlamlıq turizminin inkişafı olduqca məqsədəuyğundur, belə ki, bir qayda olaraq tarixi və mədəni abidələrin yaxınlığında yerləşən, gözəl şəraiti olan müalicə və termal mərkəzlər yaradılır.

“Qalaaltı Hotel & SPA” kompleksinin üstünlüklərindən biriondan ibarətdir ki, burada xəstələrə müxtəlif müalicəvi xidmətlər təklif edilir. Qalaaltı kəndi ərazisindən çıxan təbii müalicə əhəmiyyətli “Naftsunun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə ondan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir.

Kompleksdə peşəkar həkimlərin nəzarəti altında müalicə kursları keçirilir. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər. Onu da qeyd edək ki, bu yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq edilir.

Sonda demək istərdim ki, doğma vətənimizin səfalı yerləri, insanlara şəfa verən bulaqları, müalicəvi bitkilərlə zəngin dağları, çölləri çoxdur. Bu sərvətdən bəhrələnməmək,  ən azından günahdır. Belə ki, yurdumuzun təbii sərvətləri həm insanlara şəfa verməyə, həm xaricdən turistləri qəbul etməyə, bundan böyük həcmdə gəlir əldə etməyə, bununla da ölkə iqtisadiyyatının çiçəklənməsinə imkan verir.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il avqustun 9-da bu kompleksin açılışında dediyi kimi, “Qalaaltı” müalicəvi istirahət mərkəzinin açılışı sadəcə olaraq bir otelin açılışı deyil, bu, bizim siyasətimizin əksidir və bizim niyyətimizi ifadə edir. Əminəm, yerlixarici investorlar bu imkanlardan ruhlanaraq Azərbaycanda yeni gözəl otellər, istirahət zonaları yaradacaqlar ki, həm vətəndaşlarımız, həm qonaqlarımız bundan istifadə etsinlər”.

 

Yeganə MƏMMƏDOVA

Iqtasidiyyat.-2016.-10-13 iyun.-S.2.