Sürət, adrenalin, qəza dolu bir dünya
- BAKIDA
Azərbaycan son illərdə idman dünyasında sürətlə
tanınmağa başlayıb. Ardıcıl təşkil olunan böyük yarışlar
ölkəmizi həm
Avropada, həm də digər qitələrdə xeyli məşhurlaşdırıb. İndiyədək “Odlar yurdu”nda
saysız-hesabsız, beynəlxalq
turnirlər, dünya və Avropa çempionatları, İlk
Avropa Oyunları kimi böyük idman bayramı keçirilib.
Bu il
də bizim üçün yaddaqalan olacaq. İlk dəfə paytaxtımız
Formula 1 adlı yarışın
həyəcanını yaşayacaq.
İyunun 17-də gözəl
Bakımızın küçələrində
Formula 1 üzrə 67-ci dünya
çempionatının Avropa
Qran Prisinin ilk sərbəst yürüşlərində
gücü 1000 at qüvvəsinə
çatan bolidlərin
ecazkar səslərini
eşidəcəyik...
Artıq təqvim məlumdur,
hazırlıq işləri
də yekunlaşmaq üzrədir. Tezliklə minlərlə
əcnəbinin Bakıya
gələcəyi gözlənilir.
Bir nəfərlik, açıq
təkərli avtomobil
yarışlarının zirvəsi
sayılan Formula 1 dünyanın
ən populyar idman növlərindən biridir. Avtomobil yarışları XX əsrin əvvəllərindən
keçirilir. 2-ci dünya müharibəsindən
sonra - 1946-cı ildə
bu avtomobil yarışlarının müəyyən
qaydalar çərçivəsində
keçirilməsi qərara
alındı və qaydalar müzakirə olunaraq, təsdiq edildi. Formula 1 (qısaca - F1) də bu qaydalar toplusuna
verilən addır.
İlk Formula 1 yarışı 13 may 1950-ci ildə
İngiltərədə, Silverstone trasında keçirilib. İlk yarışın qalibi italyan Cüzeppe (Nino)
Farina olub. İlk mövsümdə
parlaq çıxış
edən Farina həm də ilk dünya çempionudur. Formula 1
1950-ci ildən bəri
müntəzəm olaraq
keçirilir. Komandalararası çempionat - Mühəndislər
kuboku isə 1958-ci ildən keçirilir.
Formula 1 yarışları Beynəlxalq
Avtomobil Federasiyasının
(FİA) bayrağı altında
keçirilir. Hazırda bu
quruma Jean Todt rəhbərlik edir. Formula 1-in kommersiya rəhbəri isə Berni Ekklstoundur.
Formula 1 tarixi bir neçə mərhələyə bölünür:
Birinci mərhələ: 1950-1958-ci illər
- Yarışların qayıdışı
İkinci mərhələ: 1959-1980-cı illər - "Garagistes"
dövrü
Bu dövr bir çox əhəmiyyətli
yeni texnologiyaların
Formula 1-də tətbiqi, bolidlərin
quruluşundakı əhəmiyyətli
dəyişikliklər dövrü
kimi xatırlanır.
Üçüncü
mərhələ: 1981- 2000-ci illər - "Böyük
iş" dövrü
1981-ci ildə ilk "Concorde" müqaviləsi imzalanır. Bu müqavilənin şərtlərinə
əsasən, komandalar
iflasa uğramadıqları
müddətdə Formula 1-də yarışmalıdılar. Elə həmin vaxtda da teleyayım
gəlirlərindən komandalara
pay verilməsi qərara
alındı. Həm bu
islahatlar, həm də böyük şirkətlərin sponsor kimi
cəlb edilməsi
Formula 1-i ən elit, ən bahalı idman növü səviyyəsinə qaldırdı.
Dördüncü
mərhələ: 2001-ci ildən
sonrakı dövr – “Manufakturaların qayıdışı”
Bu dövr
adından da göründüyü kimi,
bir çox avtomobil manufakturasının
yenidən bu idmana qayıtması ilə əlamətdar olub. Eyni zamanda, FİA bu
dövrdə xərcləri
azaltmaq və rəqabəti artırmaq üçün qaydaları
tez-tez dəyişdirib.
Formula 1-də hər komanda 2 sürücü ilə təmsil olunur. Sürücülər pilot, maşınlar isə bolid adlanır. Formula 1 mövsümü
yaz aylarında (adətən mart ayında,
amma 2016-cı il mövsümü aprel ayında başlayacaq) başlayır
və adətən noyabr ayında yekunlaşır. Bu ərəfədə fərqli
ölkələrdə, fərqli
traslarda yarışlar
keçirilir. Hər bir
mövsümün təqvimi
əvvəlki ilin sonlarında açıqlanır.
Yarışlar adətən 1-3 həftəlik
fasilələrlə keçirilir.
Bu yarışların yekununda
ən çox xal qazanmış pilot həmin mövsümün
dünya çempionu olur.
Bəs xal sistemi necədi və xallar necə hesablanır? Bunun üçün
əvvəlcə yarışların
formatı barədə
məlumat verməliyik.
Formula 1-də hər bir yarışda
həftə sonunda müəyyən mərhələlər
olur. Həftənin 5-ci günü 2 (Monako Qran-Prisində
4-cü gün), 6-cı gün
isə 1 sərbəst
yürüş seansı
olur. İlk 2 seans 1,5 saat,
3-cü seans isə 1 saat davam edir.
Bu seanslar pilotların
trası öyrənməsi,
trasa uyğun düzgün sazlanmaların
tapılması, komandaların
bolidlərdə tətbiq
etdiyi yeniliklərin
test edilməsi və
s. məqsədlərlə keçirilir.
Şənbə günü sərbəst
yürüşlərdən sonra təsnifat mərhələsi keçirilir.
Təsnifat mərhələsini keçirməkdə məqsəd
hansı pilotun yarışa neçənci
yerdən başlayacağını
təyin etməkdir.
Burada bir dövrəni sürətli keçmək
tələb olunur.
Bu mərhələ 3 hissədən
ibarət olur: İlk hissə 18 dəqiqə davam edir. Ən yaxşı nəticə
göstərmiş müəyyən
sayda pilot 2-ci hissəyə
keçir. Bu say həmin mövsüm mübarizə aparan pilot sayından asılıdır.
Format isə belədir:
ümumi pilot sayından
10 nəfəri çıxdıqda
yerdə qalan say 2-yə
bölünür və
o qədər pilot 2-ci hissəyə
vəsiqə qazana bilmir. Məsələn,
2015-ci il mövsümündə 20 pilot çempionluq
uğrunda mübarizə
aparır. İlk hissədə ən
yaxşı nəticə
göstərmiş 15 pilot 2-ci hissəyə vəsiqə
qazanır. Qalan
5 pilot isə nəticələrinə
uyğun olaraq, növbəti gün yarışa 16-20-ci yerlərdən
başlayırlar. 2-ci hissə isə 15 dəqiqə davam edir və ən
yaxşı nəticə
göstərən 10 pilot 3-cü hissəyə vəsiqə
əldə edir.
Qalan 5 pilot isə bu hissədəki nəticələrinə uyğun
olaraq növbəti gün yarışa
11-15-ci yerlərdən başlayırlar.
Beləliklə, 2 hissənin sonunda
yarışa 11-20-ci yerlərdən
başlayacaq pilotlar bəlli olur. Qalır ilk
10-luğu təyin etmək.
3-cü hissədə bu
10 pilot öz nəticələrini
göstərir. Ən
sürətli pilot yarışa
ilk sıradan başlayır.
Bu, "Pole Position" adlanır.
Qalan pilotlar da 2-9-cu yerlərdən başlayırlar.
Bazar günü isə
yarış olur.
Bu yarış "Qran-Pri" adlanır.
Yarış maksimum 2 saat
davam edə bilər. Adətən, 2 saatdan tez
bitir. Lakin hava şəraiti
pis olduqda və ya hansısa
bir hadisə olduqda vaxt limitinin
dolduğu yarışlar
da olub. Yarış müəyyən sayda dövrələrdən ibarətdir.
Bu dövrələrin sayı da trasın
uzunluğundan asılıdır.
Məsələn, Belçikada "Spa-Francorchamps" trasında
44 dövrə vurulsa da, Monakoda tras
daha qısa olduğundan, yarış
78 dövrə davam edir. Yarışın yekununda yerlərə
müvafiq olaraq, pilotlara xal verilir.
2010-cu ildən bəri tətbiq olunan reqlamentə əsasən, yarışın
qalibinə 25, 2-ci yer tutan pilota 18, 3-cü yerə 15, sonra isə 10-cu yerə qədər müvafiq olaraq 12, 10, 8, 6, 4, 2, 1 xal verilir. Yəni bir yarışda
xal qazanmaq üçün ilk 10 yerdən
birini tutmaq lazımdır. Xal sistemi
bütün yarışlarda
eyni qaydada tətbiq olunur. Hər bir pilotun
mövsüm ərzindəki
bütün yarışlarda
qazandığı xallar
cəmlənir və mövsümün sonunda ən çox xalı olan pilot həmin mövsümün
Formula 1 üzrə dünya
çempionu olur.
Yuxarıda qeyd etdiyimiz kimi, hər bir komanda yarışda iki pilotla təmsil olunur. Hər iki pilotun qazandığı xallar cəmlənir və bu, komandanın xal aktivinə yazılır. Mövsüm sonunda ən çox xal qazanmış komanda Konstruktorlar çempionu olur.
Formula 1 tarixinin
hər mərhələsində
güclü pilotlar, böyük komandalar olub. Heç şübhəsiz,
o pilotlardan ən məşhuru, demək olar ki, hətta
Formula 1-in özündən daha çox tanınan, hazırda iki ilə yaxındı
ki, koma vəziyyətində olan və ölümlə mübarizə aparan Mixael Şumaxerdir. Bir çox rekordların sahibi olan alman
sürücü ən
çox dünya çempionu olmuş pilotdur - 7 dəfə.
Bundan başqa, o, həm də ən çox yarış qazanmış,
ən çox
"Pole Position" qazanmış, ən çox sürətli dövrə
vurmuş, podiuma ən çox yüksəlmiş, bir mövsümdə ən çox yarış qazanmış, ardıcıl
ən çox çempion olmuş pilotdur. Şumaxer bu rekordların
hamısını böyük
fərqlə özündə
saxlayır.
Digər bir əfsanəvi pilot isə 1994-cü ildə
San Marino Qran-Prisində həlak
olan, Formula 1-də keçirdiyi
10 mövsümdə 3 dəfə
dünya çempionu olmuş Ayrton Sennadır.
Ən çox çempion olmuş ikinci pilot isə Formula 1-in ilk illərində
yarışan, "Böyük
ustad" adlandırılan
argentinalı Juan Manuel Fangiodur.
Tarixdə iz buraxmış pilotlar arasında Alain Prost, Niki Lauda, Nigel Mansell, Stirlinq Moss, Emerson Fittipaldi,
Alberto Ascari, Cek Brabham, Qraham Hill də var. Çempion olmuş pilotlardan beşi hazırda da mübarizəni davam etdirir. Bu pilotlardan Sebastian Fettel 4,
Fernando Alonso və Lüis
Hamilton 2, Conson Batton və Kimi Raykkonen
isə 1 dəfə çempion olub.
Pərviz Hikmət
İqtisadiyyat.-2016.-14-23 iyun.-S.8.