Tut ağacının pıçıltısı...

 

Musiqidən yazmağa başlayan istənilən qələm sahibi əvvəlcədən məğlubiyyətə düçar olmuş kimi görünür.

Dəfələrlə deyilmiş həqiqətdir ki, musiqinin əsl böyüklüyü elə sözlə ifadə etməyin mümkünsüzlüyündədir. Çünki musiqi heç bir sözə sığmayan bəşəri hiss və duyğuların, səmavi sakral energetikanın ifadəsidir.

Belə olan halda, bəs niyə musiqi əsərləri barəsində bəstəkarlar, ifaçılar haqqında bu qədər məqalələr, monoqrafiyalar, kitablar yazırlar? Yoxsa bütün bunları yazan qələm sahibləri, yazıçılar, alimlər elə hesab edirdilər ki, həqiqətən də onları ruhlandıran musiqilərdən aldıqları energetikanı sözə - yazıya sığışdıra biləcəklər? Təbii ki, yox... Bütün bu yazarlar həqiqəti çox gözəl başa düşürdülər. Lakin buna rəğmən yenə də yazırdılar və indi də yazırlar...

Bəs niyə? Çünki keyfiyyətli musiqi insan ruhunun elə nöqtələrinə toxunur ki, elə bil yatmış duyğusal enerji mənbələrinin üstünü açır, işığa çıxardır, azadlığa buraxır. Bu gizli nöqtələrdən çıxan enerji axınını isə ruhun içində qapadıb saxlamaq çox çətindir. İnsan aldığı enerjini nə formadasa bölüşməlidi. Kimsə sözlə, kimsə yazıyla, kimsə də başqa bir formada...

Deməli, bu zaman subyektiv amil ön plana çıxır. Əlbəttə, musiqinin tarixilə və sırf peşəkar texniki tərəflərilə bağlı məqamları çıxmaq şərtilə, bu barədə yazılan bütün yazılar, deyilən bütün fikirlər subyektiv xarakter daşıyır.

Vaqnerin "Valkiriyalar"ı kiminçünsə döyüşə səsləyən bir marşdısa, kiminçünsə də ruhunun ən zərif qatlarına toxunan romantik bir duyğu axınıdır. "Bayatı-Şiraz" muğamının "Mayə"si kiminsə nəzərində sonsuz ağrı-acının, iztirabın ifadəsidirsə, bir başqasının nəzərində ali səmavi gözəlliyin təcəssümüdür.

Hətta, məncə, bir çox hallarda müəyyən musiqilər insan ruhu üçün lakmus kağızı rolunu oynayır. Hansısa konkret musiqilərlə kontakt zamanı insanın ruhunda hansı hiss və duyğuların yaranması onun özünün daxili aləminin keyfiyyətindən, ruhunun hansı halda olmasından xəbər verir... Başqa sözlə desək, musiqi həm də insanları həm öz-özünə, həm də bir-birinə tanıtdırır... Əlbəttə, tanımaq istəyənlər üçün...

Şərq musiqisində bir dinləyici olaraq məni cəlb edən, hiss və duyğuların məhz pərdəli şəkildə təqdim olunmağıdır. Bu da Şərq xalqlarının, ələlxüsus da Azərbaycan xalqının milli mentalitetindəki pərdəliliklə bağlıdır. Biz tarixən hiss və duyğuların, arzu və istəklərin açıq-aşkar, çılpaq şəkildə ifadəsini sevməmişik. Nə şeirdə, nə musiqidə, nə də başqa sənət növlərində... (Səbəbləri məlumdur, bu barədə bir neçə yazıda öz fikirlərimi yazmışam, təkrar eləmək istəmirəm).

Düzdü, açıq sənət növləri daha kütləvi olub, daha çox yayılıb. Lakin bütün dünyada ali sənət nümunələri həmişə öz pərdəliliyi ilə seçilib (Təbii ki, pərdələrin müxtəlif formaları və rənglərini nəzərə almaq şərtilə).

Azərbaycan musiqisinin sovet dövründəki nümunələrinə diqqət yetirəndə, yenə də həmin pərdəliliyi görürük. Hətta XX əsrdə də bizim musiqimiz heç vaxt insanın hiss və duyğularını, əzab və iztirablarını açıq və çılpaq şəkildə ifadə etməyə çalışmayıb.

Lakin əfsuslar olsun ki, son on beş ildə Qloballaşmanın və Qərb mədəniyyətinin təsiri altında bizdə də sürətlə sənətin (eyni zamanda, musiqinin) çılpaqlaşması prosesi gedir. İnsanın ruhundan bütün pərdələri götürmək geniş yayılan bir dəb halını alıb. Klassik prizmadan baxanda, bunu sənətin enişi kimi də dəyərlədirmək olar. Bəli, ədəbiyyat da, musiqi də, başqa sənətlər də, sanki insanın ali səmavi hiss və duyğularından ayrılıb, "qurşaqdan aşağı" enir, yerə yaxınlaşır, sırf cismani hiss və duyğuların ifadəçisinə çevrilir...

Bu hal nə dərəcədə yaxşıdır, ya pisdir - bunu tarix göstərəcək. Lakin həmişə olduğu kimi, bu gün də elə sənətkarlar var ki, ümumi axına qoşulmur, nə qədər çətin olsa da, öz sənətini öz ruhunun pərvaz elədiyi yüksəkliklərdə saxlaya bilir. Əlbəttə ki, çətindir. Çünki ortaya bayağı, "qurşaqdan aşağı" sənət nümunələri qoyaraq, kütləni öz ardıyca apara bilən dırnaqarası sənətkarlardan fərqli olaraq, belə "tək"lər müəyyən qədər kölgədə qalmış kimi görünə bilər. Ancaq belə deyil. Həqiqətən keyfiyyətli sənət bütün axınlardan, ələlxüsus da zamanın axınından həmişə yuxarı dayanmağa çalışır.

Bu gün Azərbaycan musiqisində bu cür "tək"lərdən danışanda, şəxsən mən bir neçə imzanı xatırlayıram ki, bunlardan biri də xalq artisti, gözəl bəstəkarımız Aygün Səmədzadədir.

Aygün xanımın bütün musiqilərinə fikir verəndə, şəxsən mənim diqqətimi çəkən ən əsas detal, bayaq haqqında danışdığım "pərdə" məqamıdır. Bəli, Aygün xanım XXI əsrin bəstəkarıdır, lakin, ən əsas, Azərbaycan bəstəkarıdır və Azərbaycan xalqının minillik təfəkkür və duyğusallıq dünyasına bütün varlığı ilə bağlıdır. Məhz buna görə də, hətta müasir insanın hiss və duyğularının musiqi dililə ifadə edərkən belə, bunu həyalı bir Azərbaycan xanımı kimi edir - hay-küylə, qışqır-bağırla yox, məhz utancaqlıqla, sakitliklə, az qala pıçıltıyla... Ancaq bu pıçıltının arxasında necə böyük və zəngin hiss və duyğuların, təəssüratların gizləndiyini hiss eləmək çətin deyil.

Onun mahnılarında yüksək, aqressiv tonlara rast gəlmək mümkün deyil. Ümumiyyətlə, onun musiqi dünyasında bu gün bir çoxlarına xas olan gərginliyə, qatı qəzəbə, acı nifrətə, aqressiyaya ehtiyac yoxdu. Qara-boz rənglər yaddı Aygün xanıma...

Bəli, bu gün əksər sənət növlərində bunu müşahidə edirik ki, sənətkar öz içindəki bütün ağrı-acını, qəzəbi, nifrəti, kin-küdurəti sənətinə boşaldıb, özü rahatlanır, əvəzində bütün bu neqativ, mənfi enerjini oxucunun, dinləyicinin üstünə axıdır. Nəticədə özü rahatlanır, əvəzində bütün mənfi enerjisini başqasına yükləmiş olur. Bu gün artmaqda olan intihar meyillərindən çox danışırlar. Lakin çox az adam düşünür ki, bu xoşagəlməz halların artmasında neqativ yüklənmiş qara-boz sənətin nə qədər böyük rolu var.

Aygün xanım isə əsl müasir Şərq sənətkarı olaraq, bu yolu tutmur. İçindəki bütün ağrı-acının, gərginliyin, narahatlıqların mənfi energetikasını öz içində sıxıb-saxlaya bilir, öz sənətinə isə yalnız və yalnız pozitiv enerjini yönəldir. Bu, o qədər də asan yol deyil. Amma şərəfli yoldur. Kökündə də özünə yox, məhz insanlara xidmət, insanlara yardım hissi durur. Burda eqo hissi susdurulur. Mərhəmət və şəfqət ön plana çıxır. Axı öz eqosuna xidmət edən sənətkarçün qətiyyən fərqi yoxdur ki, tamaşaçı, dinləyici, oxucu ondan hansı enerjini alır - müsbət mənada təsirlənir, yoxsa neqativ qəbul edir. Belə sənətkarçün əsas məsələ öz içindəki neqativi boşaldıb öz eqosunu sakitləşdirməkdir. Başqaları onunçün maraqlı deyil. Aygün xanım kimi sənətkarlar isə ən əvvəl onu düşünür ki, dinləyici onun sənətilə təmasdan yalnız xoş və müsbət hisslərlə ayrılsın. Bir növ bu həzinliklərin, gözəlliklərin dadı onun ruhunda qalsın, həyatın çətinliklərinə tab eləməyə yardımçı olsun, onun içində ümid işığı yandırsın, həyata inam yaratsın.

Aygün xanımla bir neçə layihədə işləmək mənə də qismət olub. Bir neçə şeirimə mahnı bəstələyib, ssenari müəllifi olduğum "Axırıncı dayanacaq" (2013. "Azərbaycanfilm". Rej-Fikrət Əliyev) filminin də bəstəkarı Aygün xanım olub. Onunla birgə iş prosesində də dediklərimin bir daha sübutunu gördüm. Elə seçib bəyəndiyi şeirlər də eynən öz musiqisinin ruhuna uyğun olurdu. Neqativlə yüklənmiş bircə misranı belə Aygün xanım yaxına buraxmırdı. Özündən asılı deyildi...

"Axırıncı dayanacaq" filmində o çox çətin bir missiyanı həyata keçirmiş oldu. Film "Qocalar evi"ndən bəhs edir. Və məkan təbii ki, bir çıxılmazlıq, bədbinlik əhvalı yaradan bir yerdir. Adından da göründüyü kimi, bura bir çox atılmış, qovulmuş insanların axırıncı dayanacağıdır. Lakin Aygün xanımın bu filmə bəstələdiyi musiqilərin bir notunda belə bədbinlik, çıxılmazlıq hissi yox idi. Ən ağır yerdə belə yenə də işıq, yenə də ümid yenə də inam, yenə də həyat eşqi... Həyat hər yerdə var. Həyat olan yer isə heç vaxt qaranlıq ola bilməz. Hətta axırıncı dayanacaq olsa belə...

Çox ağır, psixoloji mövzuya həsr olunmuş bir filmin neqativ enerjidən azad olmasında bir bəstəkar olaraq Aygün xanımın rolu böyük idi.

Böyük Avropa filosofu Artur Şopenhauerin sənətlə bağlı düşüncələrində maraqlı bir məqam var. Filosof ali sənətlə kütləvi sənəti ayırarkən təxminən belə qeyd edir ki, kütləvi sənətdə bütün hisslərin çılpaq şəkildə ifratını görürük: Əgər yumordusa, qurşaqdan aşağıdır, şit qəhqəhələr yaradır. Əgər ağrı-acıdırsa, vay-şüvən, ağlaşma şəklində ifadə olunur. Lakin ali sənətdə nə qəhqəhə, nə də açıq fəryad yoxdur: ən böyük sevinc də yalnız təbəssümlə, ən ağır dərd-əzab da hüzn və kədərlə ifadə olunur. Əsl sənətin ali sənətdən fərqi də budur. Əsl sənətkar heç vaxt ifrata getmir. Çünki hisslərin ifratında düşüncə keyiyir. Belə aşağı səviyyəli sənətlə təmasda olan insan heç nə düşünmür. Sadəcə hisslərin əsiri olur.  Ali sənət isə hissləri çərçivədə saxladığına görə insanı düşündürür...

Şopenhauerin ali sənət barədə fikirləri, əslində, klassik Şərq mədəniyyətinin bir çox tərəflərinə də işıq salmış olur. Eyni zamanda, Aygün xanımın sənətinin xarakteristikasını da bizimçün açır. Doğrudan da, onun yaratdıqlarında bu dediyimiz ifratlardan heç biri yoxdur. Onun şən mahnılarını dinləyərkən, insan sevincindən, fərəhindən az qala ortaya düşüb oynamaq halına düşmür, sadəcə, üzlərə yüngül təbəssüm qonur, insanın içinə fərəh hissi yayılır. Eyni zamanda, onun qəmli mahnılarını da dinlərkən insan göz yaşı axıtmır, ağlaşma qurmaq həddinə çatmır, sadəcə təsirlənir, kədərlənir, içinə hüzn qonur...

Bir də Aygün xanımın musiqilərinə xas olan nostalji hissindən mütləq danışmaq istərdim. Hər bir sənətkarın yaradıcılıq müstəvisində xüsusi bir mövzu xətti olur ki, bu xətt üzərində yaranan əsərlər, o biri əsərlərdən xüsusi emossionallığı, daxili məzmunu ilə seçilir. Aygün xanımın yaradıcılığında bu xüsusi xətt, əlbəttə ki, nostalji xəttidir. "Məktəb illəri"ndən tutmuş "Tut ağacı"na qədər bir çox mahnılarda biz məhz bu xəttin xüsusi parlaqlıqla ifadəsini müşahidə edirik. Elə bil ki, uşaqlıq, yeniyetməlik xatirələrinin şirinliyi onun musiqilərinin üstünə narın şəkər tozu kimi səpilib və bu sənət əsərlərinə xüsusi bir dad verir. Əlbəttə, ruhunda oxşar nostalji hisslərini yaşamayan dinləyici ola bilər ki, bu zərif hissləri duymasın, çünki qeyd elədik ki, Aygün xanım heç vaxt heç bir hissini və duyğusunu qışqır-bağırla bəyan eləmir, ən ağrılı hissləri də həzin pıçıltıya çevirməyə çalışır. Lakin o insan ki, özü də heç cür şirin keçmişdən qırıla bilmir, yaşadığı evin, küçənin, şəhərin uzaq əlçatmaz keçmişilə bağlı xatirələrlə nəfəs alır, belə dinləyicini Aygün xanımın melodiyaları sanki yerdən aralayır, onilliklərin dumanını aralayaraq həmin uzaq əlçatmaz və şirin keçmişə aparır...

Bakıda və Abşeronda böyüyüb-başa çatan hər kəsin təhtəlşüurunda bir tut ağacı obrazı var. İstər qadın olsun, istər kişi; istər adi zəhmət adamı olsun, istərsə də mədəniyyət, incəsənət xadimi... Dünya xalqlarının kollektiv təhtəlşüurundakı mifik-simvolik "Həyat ağacı" (Derevo jizni) obrazı bizim üçün tut ağacı cildində təzahür edib. Hər birimizi silkələsən, tut ağacıyla bağlı onlarla uşaqlıq xatirəsi tökülər. Ancaq üstündən illər, onilliklər keçsə də, bu xatirələr diridi, canlıdı...

Aygün xanımın tut ağacına həsr olunmuş yalnız bir mahnısı olsa da, zənnimcə, onun bütün musiqiləri sanki əzəmətli, möhtəşəm bir tut ağacının kölgəsində yaşanan zərif hiss və duyğulardır. Başqa dinləyiciləri deyə bilmərəm, şəxsən mən Aygün xanımın hər melodiyasında, hər bəstəsində bu mistik-sehirli tut ağacının budaqlarının iniltisini, yarpaqlarının xışıltısını eşidirəm, bu tut ağacının içindən keçib sanki təmizlənən, paklaşan Xəzrinin, Gilavarın nəfəsini hiss edirəm, tut ağacının üstünə yağan yaz yağışlarının nəğməsini dinləyirəm... Təkcə Xəzri-Gilavar yox, yaz yağışları yox, elə bizim ruhumuz da hər dəfə bu tut ağacının yarpaqlarının, budaqlarının arasından keçərək sanki bütün ağırlıqlardan, gərginliklərdən təmizlənir, sanki tut ağacı ruhumuzun bütün mənfi energetikasını özünə çəkir, əvəzində özünün ən dadlı bəhərinin - yetişmiş iri tutların şirinliyini bizim ruhumuza bağışlayır... Ruhumuz bu tut ağacının içindən təmizlənmiş, saflanmış və ən əsas da şirinləşmiş çıxır... Və bugünkü musiqilərimizi dinləyərkən, mənə elə gəlir ki, köhnə Bakının tut dadını yalnız Aygün xanımın musiqilərindən almaq olar. Bu dad artıq heç yerdə qalmayıb. Heç indiki tut ağaclarının özündə də...

P.S. Gec də olsa, Aygün xanımı xalq artisti fəxri adı almağı münasibətilə təbrik edirəm. Və ümid edirəm ki, onun ruhundakı mistik-sehirli Tut ağacı heç vaxt susuz qalıb qurumayacaq, həmişə öz bəhərinin şirinliyini bizimlə bölüşəcək...

 

İlqar FƏHMİ

 

İqtisadiyyat.- 2018.- 6-13 sentyabr.- S.8.