Biz hər zaman
pozitiv
təcrübəmizi bölüşməyə
hazırıq!
Tanınmış
səhiyyə təşkilatçısı ilə müsahibə.
Ölkəmiz icbari tibbi
sığortanın tətbiqi ərəfəsindədir. Bu keçid dövrü çox məsuliyyətli
və həyəcanlıdır – icbari
sığorta xidmətinə keçdikdə, səhiyyəmizin
taleyi necə olacaq?..
Bu məsələ ilə bağlı bizi narahat edən sualları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti polkovniki, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin magistri Ceyhun Məmmədova ünvanladıq.
- Ceyhun müəllim, heç kimə sirr deyil ki, Gömrük Komitəsi hazırda köklü islahatlar, neqativ stereotiplərin dağıdılması dövrünü yaşayır. Bu, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının işində özünü necə göstərir?
- Siz tam haqlısınız. Dövlət başçısının uzaqgörən və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün Gömrük Komitəsində sadəcə imicin deyil, Azərbaycanda gömrük işinin məhz təşkili prinsiplərinin dəyişdirilməsi üzrə genişmiqyaslı işlər aparılır. Komitənin sədri general-leytenant Səfər Mehdiyevin təşəbbüs etdiyi islahatlar nəticəsində qısa müddət ərzində nəzərəçarpan və əhəmiyyətli nəticələr əldə olunub. Əlbəttə ki, bütün bunlar bizim Tibbi Xidmət İdarəsi, həmçinin onun nəzdində olan Gömrük Hospitalından da yan keçməyib. Pozitiv dəyişikliklər və şəffaflıq şəraitində bizim xidmətdə artıq çoxdan yetişmiş kadr və struktur dəyişiklikləri aparmaq, sözsüz ki, daha asan oldu.
- Dəqiq olaraq nəyi nəzərdə tutursunuz?
- Son bir il ərzində transplantologiya, uşaq və böyüklər üçün kardiocərrahiyyə sahələrinin ən yaxşı mütəxəssislərini desəm yanılmaram, Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə cəlb etməyə, şöbələri müasir tibbi avadanlıqlar və alətlərlə təchiz etməyə, Hospitalın stasionar şöbələrində pasiyentlərə göstərilən xidmətlərin ümumi səviyyəsinin daha da yüksəldilməsinə nail ola bilmişik. Bundan başqa, nəzarət-buraxılış məntəqələrinin dislokasiya yerlərində tibbi yardımın göstərilməsi üçün planlar hazırlanmış, sanitar-epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmiş, əhaliyə profilaktik tibbi yardım göstərmək məqsədi ilə səyyar mobil hospitalının imkanlarından istifadə olunmuşdur. Təbii ki, çox işlər görülmüşdür, amma düşünürəm ki, hələ qarşıda duran vəzifələrimiz daha da çoxdur.
- Bu müddət ərzində görülmüş işlərdən Siz nəyi xüsusi olaraq qeyd etmək istərdiniz?
- Ötən il Mərkəzi Gömrük Hospitalında çalışan həkimlərin işinin təkmilləşdirilməsi və onların elmi potensiallarının yüksəldilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi Təcrübi və Tədris Mərkəzindən böyük gözləntilərimiz var. Bundan başqa, Hospitala ilk dəfə olaraq təhsillərini davam etdirmək üçün rezidentlər işə qəbul edilib. İnanıram ki, onları layiqli mütəxəssislər kimi yetişdirə biləcəyik. Ən çox da onunla fəxr edirəm ki, biz cari ildə cəbhə bölgəsində yaşayan əhaliyə, o cümlədən qaçqın və köçkünlərə yüksək texnoloji tibbi xidmət göstərilməsinə yönəldilmiş bir sıra humanitar aksiyaları təşkil etməyə nail olmuşuq.
- Siz
“Uşaq ürəkləri Qarabağda döyünür”
aksiyasını nəzərdə tutursunuz?
- Əlbəttə, ilk növbədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən tədbirlər çərçivəsində 700 nəfərdən artıq insan zəruri yüksək texnoloji tibbi müayinədən keçmək imkanı əldə etmişdir. Bu, bizim tibbi heyətin təqdirəlayiq səyləri və səyyar mobil hospitalın texniki imkanları sayəsində mümkün olmuşdur. Bu aksiyaların təkcə bölgələrə səfərlərlə məhdudlaşmayıb, Bakı şəhərində Mərkəzi Gömrük Hospitalında davam etməsi mənim üçün çox əhəmiyyətlidir. Qürurla qeyd etmək istəyirəm ki, Cocuq Mərcanlıda həyata keçirilmiş tibbi müayinələr zamanı ən mürəkkəb ürək qüsuru aşkarlanmış 7 uşaq bizim Hospitalda uğurla əməliyyat edilib.
- Hörmətli cənab polkovnik, mətbuatdan bilirik ki, Siz Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında müqavilə imzalamısınız. Bu tərəfdaşlıqdan nələri gözləyirsiniz?
- Gözləntilərim çox optimistdir. İlk öncə qeyd edim ki, Florence Nightingale Xəstəxanalar Qrupu nüfuzlu tibb müəssisələri şəbəkəsi olaraq, həm Türkiyədə, həm də regionda bu sahənin liderlərindən biri sayılır. Şübhəsiz, istər tibbi yardımın göstərilməsində, istərsə də keyfiyyətli xidmətin təşkili məsələlərində bizim onlardan öyrənməli və tətbiq etməli çox işlər var. İkincisi, türk tərəfdaşımız lap başlanğıcdan özünü çox pozitiv şəkildə etibarlı partnyor kimi göstərə bilib. Müraciətlərimizə böyük diqqətlə yanaşıblar. Hətta cəbhə xəttində yerləşən Cocuq Mərcanlıda keçirilən humanitar aksiyada türk professor kardiocərrahlar bizimlə bərabər müayinələrdə iştirak ediblər. Bununla da həmişəlik bizim sevgimizi qazanıblar!...
- Ceyhun müəllim, biz
bilirik ki, Siz 90-a yaxın milli klinik protokolun redaktorusunuz. Bu protokollar, ümumiyyətlə, bizim səhiyyə üçün
nə dərəcədə aktualdır?
- Milli klinik protokolların tərtibi ilə mən hələ Amerika Beynəlxalq Səhiyyə Birliyinin (AIHA) ölkəmizdəki nümayəndəliyinə rəhbərlik etdiyim dövrdə məşğul olmağa başlamışam. AIHA və amerikalı tibb işçiləri ilə müştərək tərəfdaşlıq layihələri sayəsində anlaşıldı ki, klinik protokollar olmadan praktiki tibbin davamlı inkişafı mümkün deyil. Sonradan mənə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində də klinik protokollar üzərində işləməyi davam etdirmək qismət oldu. Layihə olduqca mürəkkəb idi, amma bununla belə, biz 2015-ci ilədək 90 klinik protokol ərsəyə gətirdik ki, bu gün də həkimlər onlardan fəal istifadə edirlər. Hazırda Tibbi Xidmət İdarəsinin qarşısında duran vəzifə klinik protokolların yazılması deyil, onların tətbiq edilməsidir. Bu vəzifə bir çox səbəblərdən o qədər də asan deyil. Həm də ona görə ki, Azərbaycan dilində olan protokollar hələ də qıt saydadır. Çox təəssüf edirəm ki, biz bu problemlə icbari tibbi sığortanın tətbiqinə çox az qalmış, məsuliyyətli bir vaxtda qarşılaşmışıq. Çünki protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir.
- Yeri gəlmişkən, sığorta haqqında. Biz Sizi respublikada tibbi menecment sahəsində qabaqcıl mütəxəssislərdən biri kimi tanıyırıq. Sığortadan nələri gözləyirsiz?
- Sözsüz, icbari tibbi
sığortanın tətbiqi çoxdan
tələb olunan və tamamilə düzgün addımdır. Lakin burada ölkəmizin şəraiti üçün
ən optimal modeli seçmək olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə müəyyən
informasiya boşluğu
vardır. Bu isə həm əhalidə, həm də mütəxəssislərdə
yerində narahatlıq
doğurur. İcbari tibbi
sığortanın praktikada
tətbiqinin necə baş verəcəyi barədə daha çox məlumatlı olmağımızı istərdim.
Çünki bu məsələdə yol verilən səhvlər ciddi neqativ nəticələrə
səbəb ola
bilər...
- Yenə də... Mümkünsə, bir qədər ətraflı…
- Əlbəttə, icbari
tibbi sığortadan böyük gözləntilərimiz
var. Xatırlatsaq ki, “Azərbaycan Respublikasında
səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”
2008-ci ilin yanvarında
təsdiq olunub, bu gözləntilər nəinki böyük, həm də uzunmüddətlidir. Bu Konsepsiya
ən yaxşı milli ekspertlərin beynəlxalq, ilk növbədə,
ÜST-ün mütəxəssisləri
ilə intensiv əməkdaşlığının nəticəsi olub. Yeri gəlmişkən, bu əvəzolunmaz sənəddə
göstərilən düşünülmüş,
düzgün islahatlar
prinsipləri bu gün də öz aktuallığını
itirməməkdədir.
- Siz 2008-ci ili xatırladırsınız,
amma sığortanın
pilotlaşdırılmasına yalnız 2015-ci ildə başlanılmışdır.
- Bu pilot layihədən çox-çox
əvvəl ÜST-ün
yerli ofisinin və digər beynəlxalq təşkilatların
dəstəyi ilə Dünya Bankının da çoxillik layihəsi olmuşdur. Bu layihə Azərbaycanda
icbari tibbi sığortanın daha sürətli və effektiv tətbiqinə dəstək olmağa yönəldilmişdi. Təəssüf ki, bir çox
tövsiyələr, o cümlədən
beynəlxalq ekspertlərin
verdikləri rəylər
öz tətbiqini tapmadı və ya haqsız olaraq unuduldu. Necə ki, bu
irimiqyaslı layihə
çərçivəsində hazırlanmış milli kadrlar kimi...
- Bir çox pasiyentlər müasir tibbin nailiyyətlərinə, yüksək
texnoloji tibbi yardıma ümid bağlayırlar. Bəs, Siz
necə hesab edirsiniz?
- Müasir tibbin inkişafı yüksək
texnologiyaların, müalicənin
qabaqcıl metodlarının,
kommunikasiya innovasiyalarının
tətbiqi ilə sıx bağlıdır.
Hesab edirəm ki, Mərkəzi Gömrük
Hospitalı ölkədə
və regionda öz infrastrukturunu son nəslin texniki yenilikləri ilə təchiz edərək bu prosesin önündə
gedir. Bu mənada
biz gömrük işçilərinə
və əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün
ən yeni avadanlıqların əldə
edilməsində bizə
kömək edən Dövlət Gömrük
Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki, 2020-ci ilin yanvarında 3 Tesla gərginlikli
maqnit sahəsi yaratmaq qabiliyyətinə malik olan premium sinfindən Philips Ingenia Elition X maqnit-rezonans tomoqrafı həkimlərimizin
istifadəsinə veriləcək.
Bu ən yeni
model sırasından olan
unikal aparat diaqnostik şəkillərin
yüksək keyfiyyətini
və nəticələrin
dəqiqliyini təmin
edir. Pasiyentin tuneldə yerləşdirilməsi
prosedurunun optimallaşdırılması
və skanlaşdırmanın
sürətinin yüksəldilməsi
nəticəsində bu
tomoqrafda MR-müayinələrini
iki dəfə tez aparmaq mümkündür.
Bundan başqa, bu aparatda istifadə olunan xüsusi audio və videomaterialların canlandırılması hesabına
əmələ gələn
“dalış effekti” pasiyentləri sakitləşdirməyə
və bununla da MR-müayinədən daha rahat keçməyə
kömək edir.
- Ən yeni texnologiyalara gəldikdə, Sizin
teletibbə münasibətiniz
necədir? Tibbi xidmətlərin əlçatanlığı
məsələsini həll
etməyə onun köməyi ola
bilərmi?
- Teletibb texnologiyalarına çox yaxşı yanaşıram. Bu gün biz bu texnologiyaların köməyi
ilə regionlardakı
nəzarət-buraxılış məntəqələrində gömrük
işçilərinin sağlamlığının
vəziyyətini məsafədən
izləmək, həmçinin,
ən yaxşı yerli və xarici
mütəxəssislərlə məsafədən konsultasiyaların
aparılması üzərində
işləyirik.
- Ənənəvi sual: gələcəyə hansı
planlarınız var?
- Biz ardıcıl və məqsədyönlü olaraq
Mərkəzi Gömrük
Hospitalının regionun
tibb müəssisələri
arasında lider mövqe tutması üzərində işləyirik.
İnfrastrukturun müasirləşdirilməsi, ən yeni texnoloji
nailiyyətlərin həyata
keçirilməsi və
tibbi menecmentin müasir metodlarının
tətbiqi yolu ilə biz tibbi xidməti daim yeniləyirik. Mən əminəm
ki, bu tibbi
xidmətlərdən nəinki
regionların və paytaxtın sakinləri, həm də xarici ölkələrdən
gəlmiş “tibb turistləri” də fəal surətdə yararlanacaqlar. Sizə yeniliklərimiz
haqqında bir neçə fakt gətirim. Dünyanın ən qabaqcıl
sığorta şirkətlərindən
biri olan AETNA bizimlə Azərbaycan üzrə eksklyuziv müqavilə imzalamış,
bununla da göstərdiyimiz tibbi xidmətlərin yüksək
keyfiyyətini bəyəndiyini
bildirmişdir. Kimya sənayesinin
region üzrə lideri
olan SOCAR Polymer şirkətinin
əməkdaşlarına təcili
tibbi yardım xidmətinin göstərilməsi
ilə bağlı elan etdiyi tenderdə
Mərkəzi Gömrük
Hospitalı qalib seçilib. Beynəlxalq tərəfdaşlarımızın
dəvətlərimizi qəbul
edərək tərəfimizdən
keçirilən konfrans
və layihələrdə
iştirak etməkləri
və digər məqamlar göstərir ki, biz zamanın nəbzini tutaraq addımlayır və rəhbərliyin müasir
tələblərinə cavab
verərək uğurla
inkişaf edirik.
İdarəmiz də, şəxsən
mən də respublika üzrə səhiyyənin davamlı
inkişafı naminə
öz pozitiv təcrübəmizi bölüşməyə
hər zaman hazırıq!
İqtisadiyyat.- 2019.- 12-18 dekabr.-S.6