Azərbaycan ipəyinin şöhrətini
qaytaraq
Məlumat
üçün: Hazırda dünya ipək bazarında vəziyyət
Bu gün
dünyanın ən böyük ipək
istehsalçıları Çin, Hindistan, Özbəkistan,
Braziliya və Yaponiyadır. Çində hər il 146
min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və
xam ipək istehsalı ilə həmçinin Cənubi Koreya,
Tailand, Vyetnam, Şimali Koreya, İran, Türkiyə və s.
ölkələrdə məşğul olurlar.
Dünyanın ən böyük ipək
istehlakçıları isə ABŞ, İtaliya, Yaponiya,
Hindistan, Fransa, Çin, Böyük Britaniya, İsveçrə,
Almaniya, Cənubi Koreya, Vyetnam və digər ölkələrdir.
İpək istehsalının dünya tekstil bazarının
yalnız 0,2 faizini təşkil etməsinə
baxmayaraq, ipəkçilik dünyanın 60-dan çox ölkəsində
yayılıb.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı
fonunda kənd təsərrüfatı sahələri
arasında qədim ənənələrə malik olan ipəkçiliyin
inkişafı xüsusi yer tutur. 1500 illik tarixə malik
ipəkçilik bu gün Azərbaycanda inkişaf edən sahələrdən
biridir.
Qeyd etmək lazımdır ki, SSRİ
dağıldıqdan sonra müttəfiq respublikalar arasında
iqtisadi münasibətlərin pozulması ipəkçiliyə
marağın azalmasına və nəticədə bu sahənin
tənəzzülə uğramasına gətirib
çıxardı. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin ölkədə
baramaçılığın və ipəkçiliyin
inkişafına göstərdiyi yüksək diqqət və
qayğı nəticəsində hazırda bu sahə yenidən
inkişaf etməyə başlayıb.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında demişdi: “Baramaçılıqda, ümumiyyətlə,
vəziyyət, bəlkə ən acınacaqlı idi. Biz, demək olar ki, bu sahəni tamamilə
itirmişdik. 2015-ci ildə məlumat
verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və
baramaçılar heç bilmirdilər ki, onu hara versinlər.
Bütün bir zəncir sistemi yaratdıq - həm
stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin
gətirilməsi, indi Qaxda barama mərkəzinin
yaradılması. Bütün bu işlər gözəl
nəticə verir və bu il 500 tondan
çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa,
2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə,
bu insanlar 30-40 günə o qədər də böyük əziyyət
çəkmədən yaxşı pul qazanır və Şəki
ipək kombinatı da daha böyük həcmlə işləyir.
Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək
kombinatının modernləşdirilməsi ilə məşğuluq.
Həm iş yerlərinin artırılması, həm ixrac
imkanlarının genişləndirilməsi istiqamətində
işlər aparılacaq”.
Azərbaycanda
ipəkçiliyin qədim tarixi
Arxeoloji və
etnoqrafik tədqiqatlara görə, Azərbaycanda ipəyin 2000
ildən çox tarixi var və bu, Böyük İpək
Yolunun yaranması ilə sıx bağlıdır. Əsrlər boyunca Odlar Yurdu Azərbaycan
dünyanın ipəkçilik mərkəzlərindən
biri hesab olunurdu. Mütəxəssislərin
fikrincə, hələ V-VI əsrlərdə Mingəçevirdə
qızılı işləmələrlə ipək baş
örtükləri dəbdə olub.
Tədqiqatçıların bildirdiklərinə görə,
XI əsrin 70-ci illərində Şamaxı şəhərində
olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu
şəhərdə yüksək keyfiyyətli ipək
parçalar hazırlanır. Həmin dövrlərdə
Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə
ipək aparılırdı.
Hələ XIII əsrdə italiyalı səyyah Marko
Polo Şamaxı və Bərdədə toxunan ipək
yaylıqların gözəlliyini təsvir edirdi. XVII əsrdə Azərbaycana
gəlmiş holland səyyahı Y.Streys yazırdı ki,
Şamaxı bazarında “xəz, gümüş və
qızıl işləməli ipək yaylıqlar
satılır…”.
XVI-XVII əsrlərdə isə Şirvan ipək
istehsalına görə Yaxın Şərqdə öz
üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin
xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə
göndərilirdi.
XVII əsrdə I Pyotr Xəzər boyu əyalətlərə
yürüşə hazırlaşarkən əsasən ipəkçilik
rayonlarını ələ keçirməyi nəzərdə
tutmuşdu.
O, bu torpaqları ələ keçirdikdən sonra
topladığı xam ipəyi Qərbi Avropa ölkələrinə,
o cümlədən İngiltərəyə, Hollandiyaya,
Fransaya, Polşaya ixrac etmək niyyətində idi. O
dövrün arxiv sənədlərində 1724-cü ildə
rus tacirlərinin Təbrizdən və Şamaxıdan Həştərxana
mal aparmaları haqqında məlumatlara rast gəlmək olur.
Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin
tarixi miladdan əvvəlki dövrlərə təsadüf
edir. Şəki uzun illər Azərbaycanda, eləcə də
Qafqazda ipəkçiliyin mərkəzi olub. XIX əsrdə dünyada ən böyük ipəksarıma
fabriki məhz Şəkidə fəaliyyət göstərib.
Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin
Şərq ölkələrində, Avropada, Rusiyada da
tanınır və yüksək qiymətləndirilirdi.
Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti
Şəki ipəyinin daimi alıcılarından idi. XIX əsrin əvvəllərində
Şəkini ipəkçilikdə qazandığı
uğurlarına görə “Qafqazın Lionu”
adlandırırdılar.
İpəkçiliyin
inkişafında dönüş
Azərbaycanda ipəkçiliyin inkişafında əsaslı
dönüş ötən əsrin 70-ci illərinə təsadüf
edir. Bu dövrdə Azərbaycanda ipəkçilik yenidən
inkişaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil
edilmişdir. Nazirlər Soveti Heydər Əliyevin təşəbbüsü
ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək
inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar
baramaçılığın və ipəkçiliyin inkişafına
böyük təkan verməklə, onun maddi-texniki
bazasını, sənaye potensialını genişləndirmiş
və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. 70-80-ci
illərdə ölkəmizdə, o cümlədən Şəkidə
ipəkçiliyin inkişafı xüsusilə vüsət
almışdı. Həmin illərdə
respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton
xam ipək istehsal olunmuş, on milyonlarla kvadratmetr müxtəlif
çeşidli ipək parça toxunmuşdu.
Bu dövrdə barama istehsalı ilə 150 mindən
çox kəndli ailəsi məşğul olurdu. Azərbaycanın
ipək sənayesində 14 mindən çox, o cümlədən
“Şəki-İpək” kombinatında 7 min nəfərə
yaxın daimi işçi çalışırdı. Rayonun kəndlərində isə 10 minə yaxın
kümçü barama yetişdirilməsi ilə məşğul
olurdu.
90-cı illərin əvvəllərində - Azərbaycanın
ikinci dəfə öz müstəqilliyinə qovuşduğu
ilk illərdə ipəkçiliyin inkişafında ciddi tənəzzül
başlanmış, uzun illər ərzində qurulmuş
iqtisadi əlaqələr tamamilə
qırılmışdı. Lakin ulu öndər
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra Azərbaycanda digər sahələr
kimi, ipəkçiliyə olan münasibət də
kökündən dəyişmiş, bu sənayenin bərpası
istiqamətində zəruri işlər
görülmüşdür. H.Əliyev 2001-ci ildə
Şəkidə olarkən ipək kombinatının fəaliyyəti
ilə də maraqlanmış və onun bilavasitə
tapşırığı, imzaladığı müvafiq sərəncamla
həmin il kombinatın fəaliyyətinin
bərpasına kömək məqsədi ilə dövlət
büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə
işə salınmışdır.
Təkcə onu qeyd etmək kifayətdir ki,
respublikamız barama istehsalına görə keçmiş
Sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal
olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri
tuturdu. “Şəki-İpək” kombinatı SSRİ-nin 75
müəssisəsinə ipək parça, 84 müəssisəsinə
isə ipək sap göndərirdi. Şəki
ipəyindən hazırlanan parçalar Yaponiya,
İsveçrə, İtaliya və digər xarici ölkələrə
ixrac olunurdu.
İpəkçiliyə
dövlət dəstəyi gücləndirilir
Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi
üçün böyük potensial var. Prezident İlham
Əliyevin tapşırığına əsasən,
2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin
müasir infrastrukturunun yaradılması istiqamətində
müvafiq tədbirlərin həyata keçirilməsinə
başlanılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında ipəkçiliyin inkişafına dövlət
dəstəyi haqqında" 2016-cı il
15 sentyabr tarixli və "İpəkçiliyin və
fındıqçılığın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında"
2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin
potensial imkanlarından səmərəli istifadə edilməsinə,
barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun
artırılmasına və sosial rifahının daha da
yaxşılaşdırılmasına şərait
yaradıb.
Əsas məqsəd ölkədə kənd təsərrüfatının
ənənəvi sahələrindən olan ipəkçiliyin
inkişafına dövlət dəstəyini gücləndirmək,
bu sahənin potensial imkanlarından səmərəli istifadə
etmək, rəqabət qabiliyyətini və barama istehsalı
ilə bağlı əhalinin məşğulluğunu artırmaq,
marağını gücləndirmək və sosial
rifahını daha da yaxşılaşdırmaqdır.
Dövlət
başçısının "Azərbaycan
Respublikasında ipəkçiliyin maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və
"İpəkçiliyin inkişafına dövlət dəstəyinin
davam etdirilməsi ilə bağlı tədbirlər
haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına
uyğun olaraq, Qax Damazlıq İpəkçilik
Stansiyasının bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması, habelə tut (çəkil) tinglərinin və
barama toxumlarının tədarük edilməsi və məhsul
istehsalçılarına əvəzsiz verilməsi məqsədi
ilə maliyyə vəsaiti ayrılıb. Barama
istehsalı ilə məşğul olan şəxslərə
emal müəssisələrinə təhvil verdikləri
baramanın hər kiloqramına görə 5 manat məbləğində
subsidiyanın verilməsi də bu sahəyə olan
marağı artırıb.
Dövlət
Proqramının icrası ölkədə ipəkçiliyin
kompleks inkişafına təkan verəcək
Azərbaycanda
qədim ənənələri olan
baramaçılığın və ipəkçiliyin
inkişafına dövlət dəstəyinin gücləndirilməsi,
ixrac potensialının artırılması, kənd yerlərində
məşğulluğun təmin edilməsi və nəzərdə
tutulan digər işlərin vahid proqram əsasında həyata
keçirilməsi məqsədilə 2017-ci il
noyabrın 27-də “Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da öz əksini tapır.
Tədbirlər Planına baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq zavodlarının yaradılmasının dəstəklənməsi də daxil olunub. Həmçinin, tədarük olunmuş baramanın ilkin emalı üçün baramaqurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.
Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.
Yeganə
MƏMMƏDOVA
İqtisadiyyat qəzeti.- 2019.- 14-27
mart.- S.9.