Azərbaycanın turizm potensialı
Polşada təbliğ edilir
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı
ilə ölkəni təmsil edən turizm sənayesinin
üzvləri Polşanın paytaxtı Varşavada
keçirilən “TT Warsaw 2019” sərgisində iştirak edir.
Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın
turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği
və ölkəyə daha çox turistin cəlb
olunmasına dəstək göstərməkdir.
Dövlət Turizm Agentliyindən
AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə dörd
turizm şirkəti və bir hotellər qrupu ilə təmsil
olunan Azərbaycan stendi ilk gündən etibarən
çoxsaylı ziyarətçilərin marağına səbəb
olub və onlara ölkəmizin turizm potensialı barədə
ətraflı məlumatlar verilib.
Azərbaycan stendini ölkəmizin
Polşadakı səfiri Həsən Həsənov da ziyarət
edib və nümayiş olunan təbliğat materialları ilə
tanış olub.
Noyabrın 23-dək davam edəcək
sərgi çərçivəsində maraqlı tərəflərlə
işgüzar görüşlər keçirilir və gələcək
əməkdaşlıq üçün fikir mübadiləsi
aparılır.
“TT Warsaw 2019” hər il təşkil
olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir.
Bu il sərgiyə 53 ölkədən 450-dən çox
iştirakçı, 20 mindən çox ziyarətçi
qatılıb.
Polşanın İdman və Turizm
Nazirliyi, Polşa Turizm Təşkilatı və Polşa Turizm
Palatasının dəstəyi ilə təşkil olunan və
dünya üzrə aparıcı turizm nümayəndələrini
bir yerə toplayan bu sərgi çərçivəsində,
həmçinin müxtəlif seminar və digər tədbirlər
keçirilir.
İqtisadiyyat.-
2019.- 28 noyabr – 11 dekabr. S. 8.