Sibiri fəth etmiş azərbaycanlı neftçi

 

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi”nin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev,  Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov, Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya, Rusiyadan start götürən “Neftin yolu” adlı mediaekspedisiyanın iştirakçıları, millət vəkilləri və digər ictimai şəxslər iştirak ediblər.

Öncə universitetdə yenicə yaradılmış “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi”nin önündə əfsanəvi azərbaycanlı geoloqun barelyefinin açılışı olub. Qonaqlarla birlikdə mərkəzə baxış keçirildikdən sonra tədbir universitetin konfrans zalında davam edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək qonaqları salamlayıb və F.Salmanovun həyat yolu, fədakarlığı və onun neft kəşfiyyatı sahəsində xidmətləri haqqında tədbir iştirakçılarına məlumat verib. O, Mərkəzin ADNSU-da yaradılmasını universitetdə yeni Fərman Salmanovların yetişməsinə ciddi təkan verəcəyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə F.Salmanov haqqında danışarkən bildirib ki, F.Salmanov ömrü boyu axtarışda olan yaradıcı bir insan idi və bütün həyatını neftə həsr edib. O, Qərbi Sibirdə kəşf etdiyi neft quyuları sayəsində bəşəriyyətə verdiyi töhfə ilə hər iki dövlətin - Azərbaycan və Rusiyanın sevimli cəfakeşinə çevrilib.

SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə F.Salmanovun neft kəşfiyyatı ilə yanaşı, elmi fəaliyyətini də davam etdirdiyini və SSRİ Elmlər Akademiyasının akademiki seçilməsi kimi böyük nailiyyət qazandığını vurğulayıb.

Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Rusiya üçün son dərəcə əhəmiyyətli olan Qərbi Sibirdə neft-qaz yataqlarını kəşf etmiş F.Salmanovun xatirəsinin rus xalqı tərəfindən hər zaman əziz tutulacağını deyib. Səfir əlavə edib ki, F.Salmanovun xidmətləri təkcə neft tapmaqla bitməyib, onun xidmətləri Rusiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın inkişafına da öz təsirini göstərib.

Daha sonra digər iştirakçılar çıxış edərək F.Salmanovun Sibirdə neft sənayesinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, onun haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rusiya və Azərbaycan dövlət başçılarının F.Salmanovun xatirəsinin əbədiləşməsinə ayırdıqları xüsusi diqqət, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi çox sevindirici haldır və belə yüksək dəstək milyonlarla insanın sevincinə səbəb olub. Bu gün açılışı olan mərkəz F.Salmanov kimi mütəxəssislər yetişdirən Azİİ-də bu sahənin inkişafında, F.Salmanovun yolunun davam etdirilməsində xüsusi rol oynayacaq.

Tədbir çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tərəfindən SOCAR ilə ADNSU arasında elm və təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Saziş çərçivəsində görkəmli azərbaycanlı geoloq - Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin ən müasir proqram təminatı ilə təchiz olunaraq  1 noyabr 2019-cu il tarixindən tələbələrin ixtiyarına veriləcəyi vurğulanıb.

Daha sonra Prezident İlham Əliyevin görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında 09 iyul 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, ən yüksək göstəriciləri olan Qaz-neft mədən fakültəsinin (QNMF) 2 nəfər tələbəsinə - Aytac Babayevaya və Əmrah Qulubəyliyə “Fərman Salmanov adına təqaüd” təqdim olunub.

* * * * *

Fərman Salmanov Tümenin şimalındakı Megion, Ust-Balık, Surqut, Pravdinsk, Fyodorovsk, Urenqoy, Yamburq, Bovanenkovsk və bir çox başqa rayonlarda 150-yə yaxın nadir, iri neft-qaz yataqlarını ya ilk olaraq kəşf edib, ya da kəşfinin yaxından iştirakçısı olub.

Fərman Salmanovdan bəhs edərkən öncə qeyd edək etmək lazımdır ki, o, Azərbaycan xalqının ləyaqətli oğludur. Kimin ağlına gələrdi ki, Şəmkirin Morul kəndindən, tanınmış Salmanovlar nəslindən olan sadə bir yeniyetmə gedib Sibiri fəth edəcək!

“Rossiyskaya qazeta”ya müsahibəsində F.Salmanov ötənləri belə xatırlayırdı:

“Mən səkkizinci sinifdə oxuyurdum. SSRİ Neft Sənayesi naziri Nikolay Baybakov bizə, Şəmkirə gəlmişdi. Yaşıdlarıma nisbətən mən rus dilində yaxşı danışırdım. Buna görə də yüksək qonağa məktəbimiz barədə məlumat verməyi mənə tapşırdılar. Görüşün axırında Baybakov məndən soruşdu ki, gələcəkdə sən kim olmaq istəyirsən? Mən də cavab verdim ki, neftçi. O da mənim seçimimi təriflədi və dedi ki, “neft  ölkəmizin gələcəyidir”.

Bu görüş tale yoluma işıq saldı. İnstitutu bitirəndən sonra məni Bakıya işə göndərəndə N.Baybakova məktub yazıb, ondan Sibirə göndərilməyimi xahiş etdim. Nəticədə, məni Moskvaya çağırdılar. Oradan da Kuzbasa göndərdilər. Hətta yol pulumu da verdilər.

1955-1957-ci illərdə Fərman Salmanov Plotnikovsk və Qryarnensk neft-qaz kəşfiyyatı ekspedisiyalarının rəisi vəzifəsində işlədi (Kemerovo və Novosibirsk vilayətləri).

Kuzbasda neft axtarışının səmərəsiz olduğunu hesab edən F.Salmanov 1957-ci ilin avqustunda öz geoloji kəşfiyyat qrupunu gizlicə Surquta apardı. Çünki orada neftin olduğuna əmin idi.Bu hərəkətinə görə Fərman Salmanovu işdən çıxarıb məhkəməyə vermək istədilər. Ancaq bu da onu işdən soyutmadı. F.Salmanov qazmanı davam etdirdi.

Sonralar F.Salmanov xatırlayırdı:

“Yaman hay-küy qalxdı. Biz rabitəni kəsmişdik, axı! Məni vəzifədən çıxarmaq istədilər. Amma necə oldusa, işdə saxladılar.

Əvvəl arvad-uşaqla vağzalda qaldıq. 1961-ci il mart ayının 21-də, Azərbaycan xalqının, o cümlədən mənim də sevimli bayramım olan Novruz bayramı günü Megion kədində neft fontan vurdu. Mən tullanaraq var gücümlə çığırırdım: «Biz qalib gəldik»... F.Salmanov öz opponentlərinə eyni məzmunlu məktublar göndərdi.

“Hörmətli yoldaş, Megiondakı 2180 metr dərinliyindəki 1 nömrəli quyudan neft fontan vurdu! Aydındımı?!

Hörmətlə, Fərman Salmanov”.

Ust-Balık rayonundakı ikinci quyu da fontan vurandan sonra F.Salmanov rəhbərliyə belə bir radioqram yolladı:«Quyu necə lazımdırsa coşub-daşır».

N.S.Xruşşova isə belə məzmunlu bir teleqram vurdu:

“Məsələ belədir, mən nefti tapdım! Salmanov!”

Fərman Salmanovun Sibir dastanı 30 ildən çox çəkdi. Bu müddətdə o, kiçik texnikdən böyük geoloqa, oradan da pillə-pillə qalxıb Surqut ekspedisiyasının “Baştümengeologiya” İdarə rəisliyinə qədər yüksəldi. 1987-ci ildə Moskvaya köçdü. 1987-ci ildən 1991-ci ilədək SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsində çalışdı. 1992-ci ildə “Rospan” şirkətini yaratdı. “Neftqaz geologiyası” adlı elmi-texniki jurnalın baş redaktoru oldu.

“İTERA” neft-qaz şirkəti direktorlar şurası sədrinin müşaviri, sonra da “Cənubneftqaz” şirkəti direktorlar şurasının sədri kimi fəaliyyət göstərdi. Əminliklə demək olar ki, F.Salmanov bütün xəyallarını, arzu və istəklərini  gerçəkləşdirə bildi.

Xatirəsini əbədiləşdirmək üçün onun Bakıda, Moskvada, Surqutda, Salexardda, Xantı-Mansidə abidə və büstləri ucaldıldı. Amma ən uca, ən möhtəşəm abidəni o, öz əməlləri ilə doğma xalqının qəlbində ucaltdı!

Azərbaycan xalqı dünya sivilizasiyasına töhfələr vermiş, özünün bənzərsiz milli koloritini, milli mənliyini qoruyub saxlamış övladları ilə daima fəxr edir, qürur duyur.

Akademik Ziyad Səmədzadənin rəhbərliyi altında 2015-ci ildə işıq üzü görmüş “Bakı nefti qələbənin açarı: şərəfli keçmiş, işıqlı gələcək” kitabından.

 

İqtisadiyyat.- 2019.- 10-16 oktyabr.- S.6.