O, yaddaşlarda dünya siyasətinin
parlaq siması kimi qalacaq
Müsahibimiz
akademik, Milli Məclisin komitə sədri Ziyad Səmədzadədir.
- Ziyad müəllim,
bu günlərdə Azərbaycanın tarixdə ikinci dəfə
müstəqillik əldə etməsinin 28-ci ili tamam olur. Müstəqilliyin ən önəmli məqamlarından
və üstünlüklərindən biri də odur ki, hər
bir ölkə, o cümlədən Azərbaycan dünyaya
inteqrasiya edir, dünyaya açılır, ikitərəfli və
çoxtərəfli əməkdaşlıqlar,
qarşılıqlı səfərlər vasitəsi ilə
özünü bir dövlət olaraq təsdiqləyir.
İstərdim ki, söhbətimizə elə buradan
başlayaq.
- Bəli, müstəqilliyin, müstəqil dövlət kimi özünütəsdiqetmənin və varolmanın bir çox şərtləri var. Müstəqillik üçün təkcə yeraltı və yerüstü sərvətlər, hərbi güc kifayət etmir. Təbii ki, bunlar da çox vacibdir, önəmlidir, amma müstəqil dövlət olmanın digər şərtləri də var. Bunların ən vaciblərindən biri məhz həmin ölkənin müstəqil siyasət yeritmək gücündə və əzmində olması, öz yerini möhkəmlədə bilməsi, bütün ölkələrlə iqtisadi, siyasi, diplomatik münasibətlər qurması, ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməyi bacarması, qarşılıqlı səfərlərlə bu prosesi zənginləşdirməsidir. 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktı qəbul etsək də, 1992-ci ilin əvvəllərində BMT tərəfindən bu quruma müstəqil dövlət olaraq qəbul olunsaq da, məlum obyektiv və subyektiv səbəblərdən müstəqilliyimizin qorunması üçün çox böyük işlər görülməli idi. 1992-93-cü illərdə respublikada vəziyyət o qədər ağır idi ki, hər an müstəqilliyimizi itirmək təhlükəsi vardı. Amma ulu öndərin hakimiyyətə qayıdışı ilə 1993-cü ilin iyunundan və həmin ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra Azərbaycanın əsl müstəqillik dönəmi, mərhələsi yaşanmağa başlandı. 1993-cü ilin iyun-oktyabr aylarından 1994-cü ilin sentyabrına kimi keçilən yol müstəqilliyimizin, müstəqil dövlət kimi ayaq üstə dura bilməyimizin əsas məqamlarından biri oldu. Belə ki, Heydər Əliyev həmin qısa, lakin Azərbaycan üçün çox vacib olan bir mərhələdə uğurlu daxili siyasət yeritməklə yanaşı, həm də gələcəyə, uzağa hesablanmış xarici siyasət kursunu həyata keçirməyə başladı. Həmin dövrdə Heydər Əliyev dünyanın ən nəhənglərindən, BMT Təhlükəsizlik Şurasının veto qoymaq hüququna malik 5 dövlətindən bir neçəsinə-Fransaya, uzaq Çinə son dərəcə vacib və önəmli rəsmi səfərlərini gerçəkləşdirdi. Dünya müstəqil Azərbaycan dövlətinin gerçəkliyinə şahidlik etdi. Eyni zamanda, istər "Əsrin müqaviləsi", istərsə də yeridilən düzgün, balanslı daxili-xarici siyasət kursu, Heydər Əliyev uzaqgörənliyi nəticəsində Azərbaycan müstəqil dövlət olaraq tanınmaqda və özünü təsdiqləməkdə davam etdi. Heydər Əliyev dünyanın əksər ölkələrinə rəsmi-işgüzar səfərlərini etdi, eyni zamanda, dünyanın əksər ölkələrinin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri baş tutdu. Həmin illərdə dövlət başçısı ata və oğul Corc Buşlarla, Bill Klintonla, Toni Bleyerlə, Fransua Mitteranla, Jak Şirakla, Süleyman Dəmirəllə, Vladimir Putinlə, Helmut Kolla və digər tanınmış dövlət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi, Azərbaycanın müstəqilliyi üçün önəmli addımlarla müşayiət olunan səfərlərin gerçəkləşdirilməsinə imza atdı. Bu siyasət 2003-cü ildən ulu öndərin siyasətini uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də davam etdirildi və bu gün də etdirilməkdədir. Bu gün Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir. Bu gün Azərbaycan dünya üçün ən mühüm məsələlərin müzakirə olunduğu bir məkandır.
Bəli, müstəqil dövlət olaraq Azərbaycan xarici siyasətində ən vacib məqamlardan biri kimi dünya nəhənglərindən olan Fransa ilə ikitərəfli və çoxtərəfli əlaqələrə, münasibətlərə də böyük önəm verir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan-Fransa əlaqələrinin, münasibətlərinin yüzilliklərə dayanan bir tarixi, ənənəsi var. İki ölkə arasında müstəqillik dönəmlərində-həm 1918-20-ci illərdə, həm də 1991-2019-cu illərdə çox önəmli addımlar atılıb, çox böyük məsafə qət edilib. Münasibətlərin bugünkü yüksək inkişaf səviyyəsinə çatmasında mühüm rol oynayanlardan biri isə Fransanın sabiq prezidenti-mərhum Jak Şirak olub...
***
- Yeri gəlmişkən,
bu günlərdə adını
xatırlatdığınız, Fransanın sabiq prezidentlərindən
olan Jak Şirak dünyasını dəyişdi. Qeyd edək
ki, onun vəfatı nəinki Fransada, dünyada
üzüntü, kədərlə qarşılandı. Siz
Jak Şirakın dünya siyasətindəki rolunu, yerini, ona
olan sevgini necə qiymətləndirərdiniz?
- Həqiqətən də, Jak
Şirakın vəfatı nəinki Fransa xalqını kədərləndirdi,
bütövlükdə dünyanın kədərinə,
itkisinə çevrildi. Çünki o,
sağlığında adını dünya siyasətinə
töhfələr vermiş siyasətçi, dövlət
lideri kimi qızıl hərflərlə
yazdırdı. İstər Fransanın dünyadakı yerinin
və rolunun artırılmasında, istərsə də bir
siyasətçi, dövlət rəhbəri kimi, dünyada təhlükəsizliyin
və sabitliyin qorunubsaxlanılması istiqamətindəki fəaliyyəti
ilə yaddaşlarda dərin iz buraxdı. Heç təsadüfi
deyil ki, çox gənc, cavan
yaşlarından siyasətə atılan Jak Şirak qısa
müddətdə Fransanın və dünyanın ən
tanınmış, ən parlaq simalarından, siyasi və
dövlət liderlərindən birinə çevrildi. Öz fəaliyyəti
ilə Fransa xalqının dərin rəğbətini qazanan
Şirak xalqın, seçicilərin etimadı ilə
1995-ci ildə Fransa Respublikasının Prezidenti seçildi. Maraqlıdır ki, məhz Şirakın rəhbərliyi
ilə Fransada prezidentlik müddəti 7 ildən 5 ilə
endirildi. 7 illik müddətlə
son prezident və 5 illik müddətə seçilən ilk
prezident oldu. Şirakın rəhbərliyi altında Fransa
müəyyən şəkildə ABŞ-dan uzaqlaşdı
Həmçinin, 2003-cü ildə Fransa NATO-nun
İraqdakı hərbi əməliyyatına dəstək vermədi
və sair. Yəni, Şirak müstəqil
mövqeyi ilə seçilən, fərqlənən dünya
liderlərindən biri kimi, dünya tarixinə, siyasət
tarixinə adını yazdırmağı bacardı. Bu isə heç də bütün dünya liderlərinə
və dövlət rəhbərlərinə nəsib olan
xoşbəxtlik deyil. Odur ki, onun
ölümü, vəfatı da dünya ictimaiyyətinin dərin
kədərinə səbəb oldu.
Qeyd edim
ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa
Respublikasının ölkəmizdəki səfirliyinə gələrək,
Fransanın sabiq prezidenti Jak Şirakın vəfatı ilə
əlaqədar başsağlığı verdilər, matəm
kitabına ürək sözlərini yazdılar. "Biz onunla görüşlərimizi
xatırlayırıq. Bildiyiniz kimi, mən
ilk dəfə prezident seçiləndə, xaricə etdiyim
ilk rəsmi səfər Fransaya olmuşdur", -deyən Azərbaycan
lideri mərhum Şirakın həm də onu rəsmi səfərə
dəvət edən ilk xarici dövlət
başçısı olduğunu əlavə etdi.
"Bu, bizim əməkdaşlığın çox
yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz
arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə
mən ölkənizin prezidentləri ilə görüşlərdən
xatirələrimi bölüşdüm. Bir
daha bizim başsağlığımızı qəbul etməyinizi
xahiş edirəm", - deyə dövlət
başçısı sonra qeyd etdi.
Bütün bunlar bir daha sübut edir və göstərir
ki, Jak Şirakın dünya siyasətindəki yeri, rolu, xidmətləri
əvəzsizdir və o, daim dünya ictimaiyyəti tərəfindən
parlaq bir sima kimi xatırlanacaq, yad ediləcək.
- Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan-Fransa
münasibətlərinin bugünkü inkişaf mərhələsinə
gəlib çatmasında Jak Şirakın müstəsna rolu
və xidmətləri olub. Elə dövlət
başçısının sözlərindən də bu,
açıq-aydın sezilir...
- Tamamilə
doğrudur. Ümumiyyətlə, Azərbaycan-Fransa
münasibətləri çoxəsrlik tarixə və ənənələrə
malikdir. Bu əlaqələrin, münasibətlərin
kökü lap dərinlərə gedib çıxır.
Dünya klassiklərindən olan böyük fransız
yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri,
böyük ədiblərimizdən biri Xan qızı
Xurşudbanu Natəvanla tarixi
görüşü, dialoqu və sair Azərbaycan-Fransa
münasibətlərinin dərinliklərin, ənginliklərindən
xəbər verir. Eyni zamanda, ilk müstəqilliyimiz dövründə
– Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq
mövcudluğu zamanında münasibətlərin yeni mərhələsi
yaranmışdır. Azərbaycan nümayəndə
heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın
müstəqilliyini de-fakto tanımışdır. Eyni
zamanda, AXC-nin qurucularından və
banilərindən olan böyük ziyalılarımız,
dövlət adamlarımız - Əlimərdanbəy
Topşubaşov, Ceyhun Hacıbəyli sovetlər
repressiyasından qorunmaq və Azərbaycanın müstəqillik,
istiqlal mücadiləsini davam etdirmək üçün məhz
Fransanı özlərinə ikinci vətən
seçmişdilər, bu gün də onların məzarları
Parisdədir.
Necə deyərlər, Azərbaycan-Fransa əlaqələri
tarixin bir çox dövrlərində mövcud olmuş və
bu mövcudluğunu günümüzədək qoruyub saxlaya
bilmişdir. İkinci müstəqillik dövründə isə
iki ölkə arasında diplomatik əlaqələr 1992-ci
ilin fevral ayının 21-də qurulmuşdur. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi,
20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi
açılmışdır. Heç
şübhəsiz ki, Azərbaycan-Fransa əlaqələri, əməkdaşlığı
Jak Şirakın hakimiyyət dövrü (1995-2002 və
2002-2007-ci illər) ilə bağlıdır. 1995-ci ildə
Fransa prezidenti seçilən Şirakla ilk görüşən
dövlət başçılarından biri məhz Heydər Əliyev olmuşdur.
1995-ci il mayın 8-də Parisdə Jak Şirak ilə
görüşən Heydər Əliyev ümidvar olduğunu
bildirdi ki, prezident vəzifəsində cənab Jak Şirak
xalqlarımızın bir-birinə daha da
yaxınlaşması, Fransa-Azərbaycan əlaqələrinin
inkişafı üçün öz səyini əsirgəməyəcəkdir.
Həmin vaxtdan etibarən Azərbaycan-Fransa münasibətləri
daha da sürətlə inkişaf etməyə, yüksək tərəfdaşlıq
münasibətlərinə doğru irəliləməyə
başladı. Bu münasibətlərin növbəti
inkişaf mərhələsi isə dövlət
başçısı İlham Əliyevin ölkə
prezidenti vəzifəsinə seçilməsi ilə
başladı. Jak Şirakın dəvəti ilə prezidentliyinin
ilk aylarında, 2004-cü ilin yanvarında Parisdə rəsmi səfərdə
olan İlham Əliyev çox maraqlı və vacib müzakirələr
apardı, çoxsaylı görüşlər keçirdi.
"Azərbaycan Minsk qrupunun həmsədri olan
Fransanın səylərinin artırılmasını istəyir. Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli,
beynəlxalq hüquq normalarına əməl
olunmalıdır", -deyən dövlət
başçısı belə bir əminliyini də ifadə
etdi ki, Jak Şirak münaqişənin həlli istiqamətindəki
səylərini bundan sonra da artıracaq. Bu səfərdən cəmi 3 il
sonra, 2007-ci ilin yanvarında İlham Əliyev yenidən
Fransaya səfərini rəsmiləşdirdi, növbəti dəfə Jak
Şirakla görüşdü. Jak Şirak görüş
zamanı dövlətimizin başçısına müraciətlə
dedi ki, mən çox məmnunam ki, Azərbaycan prezidenti
Fransaya dövlət səfəri edir. Qısa müddətdən
sonra Jak Şirak Azərbaycan-Fransa münasibətlərində
xidmətlərinə görə, Azərbaycanın ən ali ordeni - "Heydər Əliyev" ordeni ilə
təltif olundu. Jak Şirak həm də bu ordenə layiq
görülmüş az sayda dövlət
rəhbərlərindən, dünya liderlərindən biri
idi. Bəli, bunlar bir daha onun əyani təsdiqidir
ki, Azərbaycan-Fransa münasibətlərinin bugünkü
inkişaf səviyyəsinə çatmasında ən
böyük xidmətlərdən biri məhz Jak
Şirakın fəaliyyəti və adı ilə
bağlıdır.
Məsələn, Azərbaycan Respublikasının Milli
Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr
üzrə işçi qrupu fəaliyyət göstərməkdədir. 4 mart 2016-cı il tarixindən 6 mart 2017-ci ilə qədər
isə işçi qrupunun rəhbəri ölkənin birinci
xanımı, millət vəkili, Birinci vitse-prezident Mehriban
Əliyeva olmuşdur. Heç təsadüfi deyil ki, 2005-ci il
tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən
Bakı Fransız Liseyinin, 2015-ci ildən isə Azərbaycan-Fransız
Universitetinin fəaliyyətə başlamasında Mehriban
Əliyevanın birbaşa rolu və xidmətləri
vardır. Həmçinin, təsadüfi deyil ki, Azərbaycan-Fransa
münasibətlərinin inkişafındakı xidmətlərinə
görə Mehriban xanım Fransanın ən yüksək
dövlət ordeni-“Şərəf Legionunun Zabiti” ordeni ilə
təltif edilmişdir.
Eyni zamanda, bu ilin əvvəllərində Azərbaycanın
Birinci vitse-prezidenti kimi, Mehriban Əliyevanın Fransaya rəsmi
səfəri olmuşdur. Bu səfərin məntiqi nəticəsi olaraq, yəni
Azərbaycan-Fransa münasibətlərinin daha da
sıxlaşdırılması yönündə bu il iyulun
11-də Bakıda İqtisadiyyat
Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı
– MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa
biznes forumu keçirilmişdir.
Təsadüfi deyildir ki, ötən il Fransanın Cənubi
Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına
düşmüşdür. Bu ilin ilk 5 ayında
iki ölkə arasında ticarət dövriyyəsi keçən
ilin eyni dövrü ilə müqayisədə 53 faizdən
çox artıb. Bu isə onu deməyə
əsas verir ki, qarşılıqlı ticarət həcminin
daha da artırılması, strukturunun şaxələndirilməsi,
qeyri-neft məhsullarının Fransaya ixracının
genişləndirilməsi üçün potensial
böyükdür.
Hazırda Azərbaycanda sənaye, xidmət, rabitə,
ticarət, bank və sığorta, kənd təsərrüfatı
sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət
göstərir ki, nəticə etibarı ilə Fransa şirkətləri
Azərbaycanda həyata keçirilən və dəyəri
6,2 milyard ABŞ dolları olan layihələrdə
podratçı qismində iştirak etmişdir. Bununla
yanaşı, Azərbaycan tərəfindən Fransaya 2,6
milyard dollar, Fransa tərəfindən isə Azərbaycan
iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya
yatırılmışdır. Odur ki, Forum zamanı iki ölkə
arasında iqtisadiyyatın bir çox - ticarət və
investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd
təsərrüfatı, sənaye, təhsil, turizm, İKT,
maliyyə sahələrində əməkdaşlıq
imkanlarının geniş olduğu bildirilmiş, fransalı
iş adamları bu imkanlardan yararlanmağa dəvət
edilmişdir...
Son olaraq, bir daha vurğulamaq istərdim ki, Azərbaycan-Fransa
münasibətləri cüzi istisnalarla, bu gün
özünün ən yüksək mərhələsinə
çatmışdır. Bu isə hər iki
dövlətin və xalqın mənafeyinə, maraqlarına
cavab verməkdədir. Bundan qazanan
yalnız və yalnız dövlətlərimiz,
xalqlarımızdır. Münasibətlərin bu səviyyəyə
çatmasınının səbəbkarlarından biri isə xatirəsi
daim qəlblərdə, yaddaşlarda qalacaq mərhum Jak
Şirak olmuşdur...
Müsahibəni apardı: Kamil
İqtisadiyyat.- 2019.- 10-16 oktyabr.-
S.3.