Gəncənin turizm imkanları böyükdür

 

Son illər Azərbaycanın turizm sektorunda canlanma hiss olunur. İstər daxili, istərsə də xarici turistlərin sayı artıb. Xüsusilə, yaz-yay mövsümündə bu özünü daha qabarıq şəkildə göstərir. Artıq respublikamızda turizm sahəsi aparıcı sahələrdən birinə çevrilib. Turizmin dinamik və hərtərəfli  inkişafını təmin etmək üçün qanunvericilik bazası təkmilləşdirilib və bu məqsədlə  "Turizm haqqında" yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün ölkəmizdə turizmin inkişaf strategiyası hazırlanıb.

2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm sərgisi (AİTF) keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafından danışarkən, turizm sektorunun inkişafını şərtləndirən amillərə toxunaraq demişdir:

"Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür. Xalqımız çox qonaqpərvərdir. İqlimimizçox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, hotellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edib. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək".

Turizmdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də maraq son illər xeyli dərəcədə artıb. Burada aparılan abadlıq-quruculuq işləri, eyni zamanda çoxlu sayda mədəniyyət obyektlərinin olması bu  artımı şərtləndirən amillərdəndir.

Gəncə muzeylər, tarixi abidələr, parklar, fəvvarələr şəhəridir. Hazırda şəhər ərazisində 31 böyük park vardır. Onlardan ən böyüyü ulu öndər Heydər Əliyevin adını daşıyan park kompleksidir. Burada müasir tələblərə cavab verən hər cür şərait yaradılıb. Belə ki, 450 hektar ərazisi olan parkın girişində möhtəşəm "Zəfər tağı" ucaldılıb. Xiyabanda hər yan göz oxşayır. Fəvvarələr, gəzinti zolaqları, digər infrastruktur obyektləri parka xüsusi gözəllik verir. Ərazidə minlərlə ağac, gül-çiçək əkilib, süni göl, orijinal şəlalə yaradılıb. Park-kompleksdə müasir tipli iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri, uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland" əyləncə mərkəzi fəaliyyət göstərir. Burada, həmçinin müasir İncəsənət muzeyiamfiteatr yaradılıb. Muzeydə vaxtaşırı olaraq tanınmış rəssamların əl işlərindən ibarət sərgilər təşkil edilir ki, bu da bura gələnlərin marağına səbəb olur. Burada yaradılan möhtəşəm Heydər Əliyev Mərkəzi park-kompleksə xüsusi yaraşıq verir. Mərkəz şəhərdən axşamadək qonaq-qaralıdır. Ən çox da məktəblilər, tələbələr, gənclər burada dahi şəxsiyyət Heydər Əliyevin həyatı, siyasiictimai fəaliyyəti ilə  yaxından tanış olur, onun müasir Azərbaycanın qüdrətlənib bu səviyyəyə çatması yolunda göstərdiyi mücadilə və xilaskarlıq missiyası barədə dərin bilgi alırlar.

Gəncə sakinlərinin və turistlərin ən çox üz tutduqları məkanlardan biri də park-bulvardır. Layihəyə uyğun olaraq görülən tədbirlər nəticəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılmış, çayın yatağı təmizlənmiş, məcrası yenidən qurularaq hər iki tərəfdə ümumi uzunluğu 2,4 km olan beton istinad divarları çəkilmişdir. Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınmışdır. Sözügedən məkanda Bayraq meydanı, Mətbuat Evi, Kitab Evi, uşaq əyləncə və ticarət mərkəzləri, "Əli və Nino" kompleksi, Saat qülləsi, kinoteatr inşa edilib, velosiped xətti çəkilib. Attraksionlar, istirahət guşələri, stolüstü oyunlar üçün yerlər yaradılaraq sakinlərin ixtiyarına verilib.

Gəncədə əhalinin istirahətinin səmərəli təşkilini təmin etmək üçün yaradılan məkanlardan biri də Nəriman Nərimanov parkıdır. Parkın girişində görkəmli yazıçı və dövlət xadiminin büstü ucaldılıb. Yaşıllıqlarla əhatə olunmuş parkda çoxlu sayda oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Son illər, demək olar ki, şəhərin bütün yaşayış massivlərində  parkxiyabanlar, gəzinti yerləri salınmışdır ki, bunun nəticəsində həmin ərazilərin sakinləri asudə vaxtlarını keçirmək üçün uzun məsafə qət etmədən yaşadıqları ərazidə istirahət edə bilirlər.

Buna misal olaraq Fikrət Əmirovun, Məhəmməd Füzulinin, Əziz Əliyevin adlarını daşıyan parklarda, həmçinin "İstiqlal" parkında istirahət və əyləncə üçün bütün zəruri infrastruktur yaradılıb. Məhz buna görə bu parklar axşamlar insanlarla dolu olur. Yuxarıda da deyildiyi kimi, Gəncədə turistləri özünə cəlb edən səbəblərdən biri burada çoxlu sayda mədəniyyət ocaqlarının, tarixi abidələrin olmasıdır. Aparılan genişmiqyaslı tikinti-quruculuq təmir-bərpa işləri, həm yeni muzeylərin yaradılması ilə müşayiət olunur. Müasir memarlıq üslubunda yaradılan muzeylərdə milli ənənələr qorunub saxlanılıb. Bu cəhət turistləri daha çox özünə cəlb edir, onlarda Azərbaycanın tarixinə mədəniyyətinə qarşı rəğbət hissi yaradır. Qədim mülklərlə yanaşı, Gəncədə Qala QapılarıArxeologiya Etnoqrafiya Abidə Kompleksi fəaliyyət göstərir. Şəhərin giriş hissəsində yaradılan bu abidə buraya təşrif buyuran hər kəsdə heyranlıq yaradır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi yaxınlığında milli ornamenti orijinallığı ilə seçilən muzey yaradılıb. Bu muzey dahi Nizaminin adına layiq əsl mədəniyyət məbədidir. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi bura gələnlərə həm məqbərəni ziyarət etməyə, həm dahi şairin həyat yaradıcılığı barədə geniş məlumat almağa imkan yaradır. Bunun üçün muzeydə böyük monitor quraşdırılıb.

Gəncədə son bir neçə ildə mədəniyyət ocaqlarında geniş təmir-bərpa işləri aparılıb, "Gülüstan" qəsəbəsində yeni "Mirzə Şəfi Vazeh" muzeyi tikilib, ətrafında park, bulaq kompleksi yaradılıb.

Nizami Gəncəvi məqbərəsində, Gəncə çayı sahilində yerləşən "Xəmsə" memarlıq kompleksində, "Çökək hamam" tarixi memarlıq abidəsində, "Zərrabi" tarixi memarlıq abidəsində, "Şərəfxanlı" tarixi memarlıq abidəsində təmir işləri görülüb, Məhsəti Gəncəvi Miniatür kitab muzeyi, Avropa Gənclər Paytaxtı – 2016 Gəncə Parkı", Hacıkənd qəsəbəsində "Nizami Gəncəvinin sələfləri xələfləri" adlı park, Şah Abbas Uğurlu xan karvansaraları əsaslı təmirdən sonra istifadəyə verilib.

Bundan başqa, turistlərin Gəncəyə marağını artıran amillərdən biri ilahi möcüzəsi Göygölün bu şəhərə yaxın ərazidə yerləşməsidir. Son illər gölün ərazisində aparılan abadlıq işləri insanların razılığına səbəb olub. İndi Göygölə səfər edən yerli turistlərlə yanaşı, xarici turistlər sıxlıq təşkil edir. Ailəvi istirahətə gələn turistlərin sayı da ildən-ilə artır.

Göygölə gələn xarici turistlərlə söhbət zamanı onlar deyirlər ki, çox məkanlar gəzmişik, lakin bu gözəlliyi heç yerdə görməmişik. Yan-yana düzülmüş saf sulu göllər, onları üzük qaşı kimi əhatələyən zümrüd meşələrdən ayrılıb getmək istəmirsən...

Bir sözlə, Gəncədə turizmin inkişafı üçün geniş imkanlar var. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, şəhərə gəlmək üçün heç bir nəqliyyat problemi yaşanmır. Burada beynəlxalq hava limanı sərbəst uçuşlar həyata keçirir. Paytaxt Bakıdan Gəncəyə sürət qatarı işləyir. Bakı-Gəncə magistral avtomobil yolu yüksək standartlar səviyyəsindədir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox digər sahələrlə yanaşı, turizmin inkişafında da görünməmiş irəliləyiş inkişaf baş verib. Özü bu proses o qədər sürətlə gedir ki, yaxın bir neçə il ərzində Azərbaycan dünyanın qabaqcıl turizm mərkəzlərindən birinə çevriləcək.

Gündən-günə gözəlləşən, böyüyən, müasirləşən, regional müstəvidə tanınan ulu Gəncənin bu sırada xüsusi yeri payı vardır.

 

Zülfü İLYASOV

 

İqtisadiyyat.- 2019.- 5-11 sentyabr.- S.5.