İnam ünvanı, ümid yeri

 

İlk cümləni yazmaq üçün nəzərlərimi uzun zaman qarşımdakı ağ vərəqlərə zilləyirəm və bir ömür boyu gördüklərimin, eşitdiklərimin, oxuduqlarımın imkan verdiyi qədər insanlığın tarixi keçmişi kino lenti kimi gözlərim önündən ötüb gedir.

Bu keçmişə ünvanlanası çox suallar var. Düşünürəm ki, o suallardan biri də budur: "Niyə Yer üzünə qadın peyğəmbər göndərilməyib?!” Həqiqətən, qadın və kişilərin hüquq bərabərliyinin getdikcə daha aktual şəkil aldığı dünyamızda bu sual indi çox maraqlı səslənir.

Amma milli varlığımızın əsasını təşkil edən qədim epos təfəkkürümüz bu sualın cavabını, zənnimcə, çoxdan - əsrlər əvvəldən verib.

Milli varlığımızın başlanğıc nöqtəsi - "Kitabi-Dədə Qor­qud” dastanındakı həqiqətlər onu söyləyir ki, qadının pey­ğəm­bər statusu daşımasına ehtiyac yoxdur.

***

İndiyə qədər dünyaya gəlib getmiş 124 min peyğəmbərin hamısını qadın dünyaya gətirib. Onlara Ana haqqını qadın verib. Ona görə də "Kitabi-Dədə Qorqud” "Ana haqqı - Tanrı haqqı” deyir. Qadını, ananı dünyanın ən müqəddəs məbudu ilə bərabərləşdirir.

"Kitab”da ana südü dünyanın ən möcüzəvi məlhəmidir, bir qadının öz igid həyat yoldaşına sevgisi dünyanın ən fədakar sevgisidir. Hər halda ədəbiyyata azdan-çoxdan bələdliyim qədər, hələ elə bir bədii əsərə rast gəlməmişəm ki, orada qadın öz həyat yoldaşının yaşaması üçün canını əsirgəməsin. Yaxud elə bir əsər də rastıma çıxmayıb ki, orada igid öz qadınını "Bəri gəlgil, başım baxtı, evim taxtı” kimi xoş kəlmələrlə öysün, qadınını başının tacı etsin.

Müqəddəs inancımız islam da "Cənnət anaların ayaqları altındadır” deyə insanlığı analara səcdə qılmağa çağırır.

Bu, Azərbaycan milli təfəkkürünün qadına münasibətidir. Belə kamil düşüncədən gəldiyimizə görə ancaq qürur duymaq olar.

***

Bu təfəkkür fikirlərimdə başqa bir tarixi həqiqətin də düyününü açır. Dünyada qadın hökmdarlar çox olub. Ayrı-ayrı xalqların tarixinin müəyyən dönəmlərində bu xalqlara qadınlar rəhbərlik edib, idarəetmə səlahiyyətləri xanımlarda olub. Amma öz tariximizə nəzər yetirdikdə massaget hökmdarı Tomris anadan (e.ə.570 - e.ə.520) başqa ağlıma özgəsi gəlmir. Onun da massagetlərə rəhbərlik etməsi şah həyat yoldaşının vəfatından sonra dövlətin yadellilərin əlinə keçməməsi zərurətindən idi.

Bir də Nizami Gəncəvi qələmində İsgəndər Zülqərneyn kimi dünya fatehinə tarixin ən böyük dərsini vermiş Bərdə hökmdarı Nüşabə...

Azərbaycan qadınını başqa xalqların dövlət quruculuğu proseslərində iştirak etmiş digər qadınlardan fərqləndirən bəlkə elə bu cəhətdir: heç bir yüksək statusa, fərdi iddialarını yerinə yetirmək üçün üstün səlahiyyətlər əldə etməyə çalışmadan ömür-gün yoldaşının köməyində olmaq, ona dayaq durmaq, milli və dövlətçilik dəyərlərinə sahib çıxmaq.

Ailənin də, cəmiyyətin də bütövlüyünü, vəhdətini qorumaq. Hiylədən, məkrdən, qan-qada ehtirasından uzaq bir tərzdə sülhə, inkişafa töhfə vermək. Evi, daha geniş çevrədə isə el-obanı, vətəni hər kəsin rahatlıq, dinclik, könül xoşluğu tapdığı abad bir məkana çevirmək. Ən ağır anlarda da öz əhdinə, namusuna, sevgisinə sadiq qalmaq. Vətən üçün saleh övladlar yetişdirib tərbiyələndirmək.

Bəlkə elə buna görə tariximizdə qadın hökmdarların sayı bu qədər azdır. Onlar heç vaxt hökmdarlıq uğrunda çalışmayıblar. Rəhbər olan ömür-gün yoldaşlarının, atalarının, qardaşlarının, oğullarının uğurlarına dəstək verməyi, onlara söykək durmağı dünyanın ən yüksək statusu biliblər.

"Kitabi-Dədə Qorqud”dakı Burla xatundan, Banu Çiçəkdən, Selcan xatundan, Atabəylər dövründə yaşamış Möminə xatundan Mehrican xatuna, Şərqin ilk diplomat qadını Sara xatuna, Koroğlunun Nigarından Quba xanı Fətəli xanın xanımı Tuti Bikəyə, Qaçaq Nəbinin Həcərindən İkinci Dünya müharibəsində, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda milli mücadiləmizdə igidlik göstərən, şəhid olan, müxtəlif fəaliyyət sahələrində fədakar əməyi ilə vətənin inkişafına dəyərli töhfələr verən digər xanımlarımıza qədər Azərbaycan tarixinin xatırladığı bütün qadın obrazlarını məhz belə görmüşük.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında qeydlərə belə bir müqəddimə ilə başlamağım heç də təsadüfi deyil.

Bütün həyat və fəaliyyəti, şəxsiyyət cizgiləri etibarilə Mehriban xanım Əliyeva ictimai fikir tariximizin zirvələrində görünən Azərbaycan qadınlarının ümumiləşmiş obrazıdır.

Bu obraz həm yüksək nəciblik və zərafəti, qadın ismətini, həm yurda və insanlara sonsuz sevgini, həm dəyanəti, həm ailə ocağına bağlılığı, ömür-gün yoldaşına verilən dəyəri, həm də əməksevərliyi, dünyanı gözəlləşdirmək duyğusunu özündə bir araya gətirir.

Amma Mehriban xanım Əliyeva Azərbaycan qadınına xas bütün bu ali keyfiyyətləri öz şəxsiyyətində sadəcə ümumiləşdirən və Azərbaycanda qadın fəallığı ənənələrini davam etdirən obraz deyil.

O, bu ənənələrdə yeni bir tarixdir, yeni bir başlanğıcdır!

Mehriban xanımla Azərbaycan qadını tarixdə yeni bir səhifə açır. Bu addan möhtəşəm bir tarix başlanır.

Mehriban xanım Əliyeva Azərbaycan qadınının malik olduğu bütün yüksək keyfiyyətləri həm də dövlət idarəçiliyinə daşıyıb gətirən, dövlətçilik statusu qazandıran tarixi şəxsiyyətdir.

İlk dəfə Azərbaycan qadını bu qədər yüksək dövlətçilik səviyyəsində öz potensialını realizə edib parlaq nümunələr yarada bilir.

***

Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qadınına bu qədər yüksək etimad göstərildi. Ona dövlətin taleyi ilə bağlı böyük missiya həvalə edildi. Amma bundan da önəmli olanı Azərbaycan qadınının bu etimadı, inamı, güvəni, Mehriban xanımın şəxsində öz nəcib əməlləri, örnək olası fəaliyyəti, ötən onilliklər ərzində ona tapşırılmış hər bir işi yüksək səviyyədə yerinə yetirməsi ilə qazanmasıdır. Bu missiyanı öz fərdi istəyindən daha çox cəmiyyətin sosial sifarişi kimi üzərinə götürməsidir. Onun ali dövlət vəzifəsində olmasının Azərbaycan insanının arzuları ilə üst-üstə düşməsidir.

Etiraf edək ki, biz azərbaycanlılar və ümumilikdə Şərq xalqları qadınların üzərinə həddən artıq ağır mənəvi vəzifələr qoymuşuq. Bu, yaxşıdır, ya pisdir, birmənalı nəsə söyləmək çətindir. Qadının evdə, ailədə yerinə yetirdiyi təsərrüfat-məişət qayğıları, uşaqların təlim-tərbiyəsinə sərf etdiyi əmək, iş yerlərində çəkdiyi əziyyətlər öz yerində, bunlar hər kəsə bəlli həqiqətlərdir, burada qadından mənəvi gözləntilərlə bağlı başqa bir nümunə gətirəcəyəm: dünyada namus, qeyrət, mentalitet anlayışlarının dəqiq elmi izahını verə biləcək ədəbiyyatlar, tədqiqat əsərləri düşünürəm ki, hələ yoxdur. Çünki bu mövzularda tam dəqiqliyi ilə heç yana gedib çıxmaq mümkün deyil, mütləq bir yerlərdə mövqelər haçalanacaq. Bizsə, indi baxın, min illər əvvəldən qadını namusun, qeyrətin, mentalitetin əsas simvoluna çevirmişik. Bu anlayışlar səslənən kimi birinci qadınlar yada düşür. Bu milli dəyərlərin qorunması əsas etibarilə qadının vəzifəsi bilinir, cəmiyyət bunu qadınlardan gözləyir.

Azərbaycan qadını elin-ulusun, ailəsinin bu yanaşmalarını, inamını, ümidlərini, arzularını doğrultmaqdan, adına toz qondurmamaqdan ötrü tarix boyu min bir fədakarlıqlara qatlaşıb. Ona inam bəsləyən bütün insanların başını adı və əməlləri ilə daim uca edib. Buna nail olmaqdan ötrü hətta bəzən ağlasığmaz fədakarlıqlara, əzab və əziyyətlərə belə qatlaşıb. Bununla belə, şəxsiyyətinin ucalığını, toplumun yüksək münasibətinə layiqliyini həmişə qoruyub.

Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində həyata keçirdiyi fəaliyyət, onun rəhbərliyi ilə ortaya qoyulan nəticələr bu ali keyfiyyətlərin dövlət idarəçiliyi səviyyəsində də təzahür etməsidir.

O, təmsil olunduğu ali dövlət vəzifəsində, milli dövlətçilik zirvəsində tək bir evin, bir elin-ocağın deyil, ümumən xalqın qeyrətidir, Azərbaycan qadınının təmiz, şərəfli, hər davranışında başımızı uca edən adıdır, əllərinin səliqəsidir, sevgisi, şəfqətidir.

***

Mehriban xanım Əliyeva şəxsiyyəti dövləti öz vətəndaşına daha da doğmalaşdırır, dövlət idarəetməsinə humanizm çalarları gətirir.

Dövlətə, hökumətə siyasi-inzibati idarəçilik məzmunundan daha çox bir ailə mahiyyəti verir.

Milyonlarla vətəndaşımız üçün Mehriban xanım hansısa dövləti vəzifəni yerinə yetirən, sıravi vətəndaşla əyləşdiyi kabinet arasında müxtəlif sədlər olan rəsmi şəxs deyil, bir anadır, bacıdır, hər bir azərbaycanlı ailəsinin doğma üzvüdür.

Elə indicə kabinet sözünü yazdım, amma bu söz ətrafında dərhal da tərəddüdlərim başladı, düşündüm ki, axı Mehriban xanımı iş kabinetində heç cür təsəvvür etmək olmur. Çünki biz onu həmişə iş üstündə, irimiqyaslı layihələrin müzakirə edildiyi toplantılarda, müxtəlif sosial problemlərin həlli proseslərində, beynəlxalq toplantılarda, bunlardan da çox sıravi insanlar arasında, sadə vətəndaşların əhatəsində görmüşük.

İnsan öz ailəsinin doğma üzvünə necə güvənib bel bağlayırsa, Azərbaycan insanı da Mehriban xanıma belə münasibət bəsləyir. Hansısa çıxılmaz problemlə üzləşəndə ona yazmaq, dərdlərini, qayğılarını onunla bölüşmək, müxtəlif problemlərin həlli üçün ondan kömək istəmək olar. Əmin ola bilərsən ki, heç bir müraciət cavabsız qalmayacaq, vətəndaşı narahat edən məsələlərin həlli üçün nə imkanlar varsa, istifadə ediləcək, hətta ən mümkünsüz anlarda belə ən azı vəziyyətin düzgün izahı veriləcək, aydın bir yol göstəriləcək, vətəndaş ən azı görəcək ki, dövləti onun yanındadır.

Mehriban xanımı Azərbaycan insanına hansısa rəsmi statusları, daşıdığı vəzifələr doğmalaşdırmayıb, əməlləri doğma edib, bu insanlar üçün gördüyü işlər, onlara verdiyi dəyər rəğbət qazandırıb.

Onun yaratdığı nümunə göstərir ki, əslində, insanların öz dövlətindən, hökumətindən qeyri-mümkün nəsə gözləntisi yoxdur. İnsanlar özlərinə diqqət, həssas münasibət istəyirlər, səlahiyyət sahiblərinin öz işlərini yarıtmasını arzulayırlar, onlara həvalə edilən vəzifələrə layiqincə əməl etmələrini, cəmiyyət qarşısındakı sosial məsuliyyətlərinin fərqində olmalarını gözləyirlər.

Buna əməl etməyi bacaran hər bir dövlət təmsilçisini vətəndaş bağrının başına qoyacaq.

Necə ki, Azərbaycan insanına milli dövlətçilik tarixinin ən böyük nailiyyətlərini qazandıran, həmişə insanların yanında olan, məmurlardan vətəndaşlara layiqincə xidmət tələb edən Prezident İlham Əliyevə vətəndaşlarımız sonsuz sevgi bəsləyirlər.

Necə ki, insanlar üçün çalışan, yerinə yetirdiyi bütün layi­hə­lərdə insan inkişafını nəzərdə tutan Mehriban xanıma ümumxalq məhəbbəti belə böyükdür.

***

Dövlət xadimi kimi Mehriban xanım Əliyevanın şəxsiyyətində maraqlı bir məqam da diqqətimi çəkir. O, ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində inkişafına böyük dəstək verdiyi, çevrəsini daha da genişləndirdiyi ziyalı elitası mühitindən çıxıb. Həm Azərbaycanın görkəmli ziyalıları olan babaları Mir Cəlal Paşayevin və Nəsir İmanquliyevin, valideynləri akademik Arif Paşayevin və Azərbaycanın ilk şərqşünas xanımlarından Aida İmanquliyevanın ailə ocağında gördüyü tərbiyə, həm də İ.M.Seçenov adına Moskva Tibb İnstitutu kimi nüfuzlu təhsil müəssisəsində aldığı yüksək ali təhsil etibarilə o, belə bir mühitin yetirməsidir.

Yaşın yetkinləşən və ictimai-siyasi proseslərə daha böyük maraq göstərən dövrlərində isə Mehriban xanım Heydər Əliyev kimi siyasət ustadının, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın ocağında gəlin olub. Ulu öndərin öz həyat və fəaliyyəti ilə yaratdığı siyasi tarixin ən keşməkeşli dönəmlərində bu böyük dövlət adamının ailəsinin doğma üzvü kimi yaxından iştirak edib. Ən çətin anlarında ulu öndərə mənəvi dəstək olub, övlad sevgisi ilə onun gücünə güc qatıb.

Ömür-gün yoldaşı cənab İlham Əliyevin hələ ötən əsrin 90-cı illərinin ortalarında ölkəmiz üçün taleyüklü qərarların, yeni enerji strategiyalarının hazırlanması və qəbulu istiqamətində həyata keçirdiyi fəaliyyətə dəstək verib, o çətinliklərin, sınaqların, uğurların hər biri onun da həyatından keçib.

Və bütün bunlar Mehriban xanıma böyük tarixi-siyasi təcrübə qazandırıb.

Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti ölkənin mədəni və siyasi elitasının ali keyfiyyətlərini öz şəxsiyyətində bir araya gətirir. Ona görə də Mehriban xanım həm mədəni, həm də siyasi sferaya dərindən bələddir, hər iki istiqamətdə eyni effektivliklə çalışaraq, ortaya dövlət üçün də, xalq üçün də faydalı, real nəticələr qoyur.

***

Mehriban xanım Əliyeva sosial statusundan, kimliyindən asılı olmayaraq insanları halından anlayan, onların dərdinə şərik olmağı bacaran şəxsiyyətdir. Bu, sonradan qazanılmış, məcburən əxz edilmiş, yaxud vəzifə öhdəliyi kimi yerinə yetirilən keyfiyyət deyil, onun təbiətindən gəlir.

"Nə üçün sadə azərbaycanlılar ölkənin birinci xanımını sevirlər?” deyə sual edən rusiyalı politoloq Aleksandr Karavayev haqlı olaraq yazır ki, onlar Mehriban xanım Əliyevanın timsalında "yaxasını kənara çəkən” funksioner deyil, onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürlər. "Maraqlı fakt: nisbətən kiçik ölkədə o, hər gün "yerlərdən” təqribən 300 məktub alır. Ona yazırlar, çünki bilirlər ki, müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilərlər. Azərbaycan prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Yəni o, necə deyərlər, göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir. Həm də bu, necə deyərlər, canlı töhfədir və buna görə də xalqın gözündə inzibati kommunikasiyaların standart "mexaniki” strukturlarından daha qiymətlidir, çünki xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. İnsanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır”.

Müəllif yüzdə yüz haqlıdır. Məhz bu məziyyətlərinə görə bu gün vətəndaşlar gündəlik həyatda nəyinsə öz nizamında olmadığını görəndə, hansısa dövlət idarəsinin qeyri-həssas, yarıtmaz münasibəti ilə qarşılaşanda, hansısa ictimai problemdən narahat olanda, hətta hansısa televiziya verilişini bəyənməyəndə belə dərhal Mehriban xanımı yada salırlar.

"Mehriban xanım bilsə...”, "Vəziyyət Mehriban xanıma çatdırılsa, belə qalmayacaq”, "Məsələ Mehriban xanımın birbaşa nəzarətindədir”, "Görəsən, Mehriban xanım bu barədə məlumatlıdır?!”, "Mehriban xanıma müraciət etdik, həll olundu”, "Eşitməmisiniz, Mehriban xanım o gün nə deyib?!” və s. cümlələrlə başlanan, bu cümlələrlə tamamlanan mükalimələri indi müxtəlif sosial qruplara aid insanların söz-söhbətlərində çox tez-tez eşitmək olar.

Nə gizlədək, hərdən adi "demaqoqlar” da tapılır, Mehriban xanımın adı ilə müxtəlif ranqlı məmurlara, dövlət idarələrinə hərbə-zorba gələn vətəndaşlar da görürük və məsələnin mahiyyətindən, vətəndaşın o durumda haqlı, ya haqsız olmasından asılı olmayaraq, bu adla özünü güvəndə, güclü hiss etməsi adama çox xoş gəlir.

***

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi bu gün ölkəmizin hakimiyyət elitasında, dövlət siyasətinin icrasında mühüm rol oynayır. Hakim elitanın yerinə yetirdiyi konkret funksiyalar isə yetərincə çoxdur. Strateji, kommunikativ, təşkilati, inteqrativ funksiyaları onların ən vacibləri sırasına aid edə bilərik.

Həmin funksiyalar arasında birinci yerdə strateji funksiya durur. Onun mahiyyəti ictimai inkişafı təmin edən siyasi fəaliyyət proqramları, strategiya və taktikaların hazırlanmasıdır. Bu gün dövlətimizin cəmiyyətin dəyişim tələbatına uyğun irəli sürdüyü yeni ideyalarda, strategiyalarda, davamlı islahatların həyata keçirilməsi üçün hazırlanan konsepsiyalarda Mehriban xanım Əliyevanın da baxışlarını, fəaliyyət tərzini, strateji yanaşmalarını, peşəkar menecer kimi təşkilati-icra meyarlarını duyub hiss edirik.

Strateji funksiyanın uğurlu şəkildə reallaşdırılması isə yalnız cəlb olunmuş kadrların keyfiyyəti ilə təyin olunmur. Bu həm də ölkənin ictimai fikrindən və bu fikirlərin siyasi qərarların qəbulunda əksolunma vəziyyətindən asılıdır. Şübhəsiz, burada söhbət kommunikativ funksiyadan gedir. Bu funksiyanın başlıca məqsədi siyasi proqramlarda əhalinin müxtəlif təbəqəsinin sosial qruplarının maraq və tələbatlarının nə dərəcədə öz əksini tapdığını və praktik fəaliyyətdə reallaşdırıldığını izləməkdir. Bu funksiyanın ən mühüm üstünlüyü müxtəlif sosial qrupların əhvalını görmək, ictimai fikrin müxtəlif həyati məsələlərə görə dəyişməsinə tez və dəqiq reaksiya göstərməkdir.

Mehriban xanım Əliyevanın məsələlərə yanaşmalarını, aktual mövzulara çevik reaksiyalarını, insanların qəlbindən xəbər verən, rəğbət doğuran addımlarını müşahidə etdikdə belə bir qənaət hasil olur ki, ölkə gündəmi onun çox ciddi nəzarətindədir.

Bu çeviklik, həssaslıq, vəziyyətə adekvat addımlar dəyişən dünyamızın, informasiya cəmiyyətinin dövlət xadimləri qarşısında aktuallaşdırdığı tələbdir. Azərbaycanda da ictimai maraq kəsb edən hər bir məsələyə ən yuxarı səviyyədə xüsusi həssaslıq göstərilir, diqqət ayrılır, problemlərin həlli, vəziyyətin yoluna qoyulması, qanunun aliliyinin, haqq-ədalətin təmin edilməsi üçün dövlətin atmalı olduğu heç bir addım özünü gözlətmir. Təbii ki, bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəetmə üslubudur. Ona da bu, öz ustadından, informasiyaları müxtəlif kanallar vasitəsilə əldə edən və cəmiyyəti ovcunun içi kimi görməyi bacaran ulu öndər Heydər Əliyevdən keçib.

Mehriban xanım da müxtəlif sosial qruplarla sıx kommunikativ əlaqələr qurmağı, cəmiyyətlə işləməyi, yerinə yetirdiyi inteqrativ funksiya ilə cəmiyyətimizdəki vəhdəti daha da gücləndirməyi çox gözəl bacarır və bu yöndə fəaliyyəti ilə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi inkişaf strategiyasına çox böyük töhfələr verir.

***

Təşkilatçılıq, evin, elin abadlığı, güzəranı qayğısını çəkmək və bunu əzab-əziyyət hissi ilə deyil, sevərək yerinə yetirmək Azərbaycan qadınının fitrətindədir.

Bunu yaza-yaza nənələrimizin, ana-bacılarımızın xalça to­xu­maq, cehizliklər salmaq, bayram hazırlıqları görmək, ağır-ağır məclislərin biş-düş işini layiqincə yola vermək kimi hansısa böyük zəhmətli bir işi vaxtında başa çatdırmaqdan ötrü necə səfərbər olduqlarını, bir-birinə necə dəstək verdiklərini, işin konkret hissələrini onu ən yaxşı bacaranlara həvalə etdiklərini, müasir dillə desək, komanda halında çalışdıqlarını və əziyyətlərinin bəhrəsinə də birlikdə fərəhləndiklərini uşaqlığımın ən gözəl anları ilə xatırlayıram.

Mehriban xanımın böyüklüyü bundadır ki, o, Azərbaycan qadınına xas bu mütəşəkkilliyi, təşkilatçılıq bacarığını və çəkdiyi zəhmətdən mənəvi məmnunluq duyğusunu dövlət idarəçiliyi sisteminə də daşıyıb gətirməyə müvəffəq olub.

Bu, hakimiyyət elitasının təmsilçisi kimi onun yerinə yetirdiyi təşkilati funksiyanın, deyərdim ki, ən böyük uğurlarındandır. Mehriban xanım insanları konkret məqsədlər, hədəflər ətrafında səfərbər edə bilir. Hər bir layihənin icrası prosesinin iştirakçılarına aid rol bölgülərini, onların yerinə yetirməli olduqları vəzifələri, gözləntiləri dəqiq müəyyənləşdirir. İcraçıların əsas effektivlik göstəricilərini dəqiq qiymətləndirməyi bacarır, nəsə öz nizamında olmayanda dərhal müdaxilə edib, zəif bəndləri aradan qaldırır.

İnsanlar onun irəli sürdüyü layihələrdə böyük sevgi ilə iştirak edirlər, çünki bu layihələrin hədəfində getdikcə abadlaşan vətəni, tərəqqi tapan cəmiyyəti, çeşidli problemlərdən qurtulan sadə insanların taleyini görürlər. Bir önəmli məqam da var. Bütün bu iş proseslərində Mehriban xanım sadəcə tapşırıqları ilə, effektiv nəticələr haqqında hesabat tələbləri ilə işini məhdudlaşdırmır, özü əsl lider kimi, iş prosesinin önündə gedir, layihələrə əmək sərf edən hər kəsə bilik və bacarıqları, təcrübəsi, əməksevərliyi ilə nümunə yaradır.

***

Bütün cəmiyyətlərdə yeni nəsillərin, hələ yolun başında olan gənclərin ideallara, nümunəyə ehtiyacı var.

Mehriban xanım Əliyeva bu mənada Azərbaycanın bugünü və gələcəyi üçün tarixi bir missiya yerinə yetirir. Müasir Azərbaycan gəncliyi onu özü üçün nümunə kimi qəbul edir. Ondan öyrənir, ondan əxz etməyə, hansısa dəyərləri, təcrübələri mənimsəməyə çalışır.

Bu missiyanı yerinə yetirən şəxsiyyətin qadın olması cəmiyyətimiz, gəncliyimiz üçün minqat faydalıdır. Çünki belə bir nümunə gənc qızlarımızın fərdi inkişafı deməkdir, onların cəmiyyətin ictimai həyatına fəal şəkildə cəlb olunmasıdır, ölkədə qadın fəallığı ənənələrinin güclənməsidir.

İndi diqqət edirəm, gənc qızlarımız, namxuda, getdikcə fəallaşırlar. Təhsil almağa, müxtəlif fəaliyyət sahələrində faydalı təcrübə qazanmağa böyük maraq göstərirlər, bu istiqamətdə qarşılarına çıxan bütün imkanları, fürsətləri dəyərləndirməyə çalışırlar. Zəhmətdən çəkinmirlər, hansısa ümumi məqsədlər ətrafında toparlana, bir-birinə dəstək ola bilirlər, xeyriyyəçilik fəaliyyətini, ehtiyacı olanlara təmənnasız kömək göstərməyi, rastlarına çıxan sosial problemləri ictimailəşdirib həllinə birlikdə çıxış yolu axtarmağı özləri üçün sosial dəyərə çeviriblər.

Qızlarımızın, qadınlarımızın bu sosiallaşma meyli gələcək inkişafımız üçün o qədər böyük faydadır ki, bunu sözlə ifadə etmək belə çətindir. Axı, hər bir cəmiyyətin inkişafı onun xanımlarından başlanır...

Cəmiyyətin gələcəyini dünyaya gətirənlər, verdikləri təlim-tərbiyə, övladlara aşıladıqları də­yər­lərlə sabahın mənzərəsini yaradanlar onlardır. Ona görə də gənc qızlarımızın bugünkü əzm­karlığını, məqsədyönlülü­yünü, əməksevərliyini, məsuliyyətini duyub hiss edəndə gələcəyimiz çox parlaq görünür.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirdiyi, Mehriban xanım Əliyevanın isə müxtəlif təşəbbüslərlə, sosial-humanitar layihələrlə yeni dəyərlər yaratdığı Azərbaycan bu gün hər birimizə doğma milli ailə modelimizi xatırladır.

Ailənin başçısı evi, ocağı yad müdaxilələrdən, mümkün kənar təhlükələrdən qoruyur. Evin çörək təknəsinin heç vaxt boş qalmaması, ruzi-bərəkətinin getdikcə artıb çoxalması, hər bir şeyin yerli-yerində, nizamında olması üçün əlləri işdə-gücdə, düşüncələri yeni imkanların axtarışındadır.

Onun gücü, dəyanəti, təpəri sayəsində Vətən evi güvəndədir, rifah və abadlıq içindədir.

Evin xanımı isə səliqə-sahmanı, ailənin hər bir üzvünə diqqəti, qayğısı, qəlbinin sevgi payı ilə bu ailə mühitinə əsl ana obrazını daxil edir.

O, övladların fiziki və mənəvi sağlamlığı, təhsili, təlim-tərbiyəsi, işi-peşəsi, ev-eşik sahibi olması qayğısına qalan doğma Anadır...

O, ailə dəyərlərini göz bəbəyi kimi qoruyan, bu mənəvi əmanəti gələcək nəsillərə daha da inkişaf etdirərək ötürmək üçün min bir zəhmətə qatlaşan fədakar İnsandır...

O, Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm kimi ali dəyərlər işığında, mədəniyyət diplomatiyası müstəvisində dünyaya mükəmməl bir Azərbaycan təqdim edən Vətən övladıdır...

O, Mehriban Əliyevadır...

Adı da əməlləri kimi şərəfli Azərbaycan qadını...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

YAP Xətai rayon təşkilatının sədri

 

İqtisadiyyat.- 2019.- 12-18 sentyabr.- S.3-4.