Neft salnaməmizin
canlı əfsanəsi
Azərbaycan Respublikasinin Prezidenti Heydər
Əliyev 2001-ci il avqustun 16-da «Neftçilər Günü»
peşə bayramının təsis edilməsi haqqında” sərəncam
imzaladı. Sərəncamda deyilirdi:
“Azərbaycanın neft və qaz sənayesinin
inkişafında Azərbaycan xalqının dəyərli
insanları – böyük alimləri, mühəndisləri,
geoloqları, neftçiləri və başqa mütəxəssisləri
zəngin neft və qaz sərvətlərinin vətən, xalq
naminə istifadə edilməsi üçün böyük
işlər görmüş, fədakarcasına
çalışmış və xalqımızın tarixinə
şanlı səhifələr yazmışlar. Azərbaycanın
tarixində, onun iqtisadiyyatının inkişafında,
xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində
neft sənayesinin əhəmiyyətini nəzərə alaraq
və neftçilərin əməyini yüksək qiymətləndirərək
qərara alıram: Hər il sentyabrın 20-si Azərbaycan
Respublikasında «Neftçilər günü» peşə
bayramı kimi qeyd olunsun”.
Bu, həqiqətən, böyük
bir məna daşıyan sərəncam idi. Dünya neft sənayesinin
inkişafına Azərbaycan neftçiləri böyük
töhfələr vermiş, əsl qəhrəmanlıq
nümunələri göstərmişlər. Müstəqillik
illərində onların fəaliyyət imkanları daha da
genişlənmiş neftçilərimiz xarici neft şirkətləri
ilə iş birliyində özlərinin peşəkarlığını,
məsuliyyətli olduqlarını bir daha sübut etmişlər.
Azərbaycanın neft və qaz sənayesinin
inkişafında böyük xidmətləri olan,
tanınmış alim və geoloqlardan biri də akademik
Xoşbəxt Yusifzadədir.
Azərbaycanın
bütün dövrlərdə neft sənayesinin
inkişafında X.Yusifzadənin əməyi var. Xoşbəxt
Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə,
onun keçdiyi həyat yolu və gördüyü işlər
isə ayrıca bir mərhələdir. Prezident Heydər
Əliyev 2000-ci il yanvarın 13-də neftçi-geoloq Xoşbəxt
Yusifzadənin 70 illik yubileyi münasibətilə təbrikində
yazmışdı:
“Siz
ölkəmizdə zəngin neft yataqlarının kəşf
edilməsi və işlənməsinə böyük əmək
sərf etmiş görkəmli mütəxəssis kimi
tanınırsınız. Xəzər dənizində
genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin
uğurla yerinə yetirilməsində sizin xidmətləriniz
xüsusilə böyükdür. «Bahar», «Azəri»,
«Çıraq», «Kəpəz» və başqa neft və
qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz
və iştirakınızla həyata keçirilmişdir.
Respublikanın
neft və qaz sənayesinin aktual problemlərinin həllinə
yönəldilmiş elmi yaradıcılığınız
Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının
işlənmə layihələrinin hazırlanıb həyata
keçirilməsində, Xəzər dənizinin dərin sahələrində
yerləşən neft-qaz yataqlarının mənimsənilməsi
üçün elmi metodların tətbiq edilməsində
mühüm rol oynamışdır. Neft laylarının
açılmasınıntəkmilləşdirilməsi, neft,
qaz və qaz-kondensat yataqlarının işlənməsi
üsulları üzrə ixtiralarınız böyük səmərə
gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın
sıx bağlılığını əyani nümayiş
etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə
bağlı proqnozlarınız həmişə təsdiq
olunaraq, öz dəqiqliyi və mötəbərliyi ilə
neft alimləri və mütəxəssisləri arasında
nüfuzunuzu daha da artırmışdır.
Görkəmli
neftçi-alim və peşəkar mütəxəssis kimi
topladığınız böyük təcrübə
Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində
göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir.
Müstəqil Azərbaycan Respublikasının yeni neft
strategiyasının uğurla həyata keçirilməsində,
dünyanın tanınmış neft şirkətləri ilə
bağlanmış müqavilələrin gerçəkləşdirilməsində
Siz böyük əzmkarlıq göstərirsiniz.
Neft sənayesinin
inkişafında dövlət mükafatlarına, müxtəlif
orden və medallara layiq görülmüş fəaliyyətiniz
neftçilərin gənc nəsilləri üçün əsl
həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın
tərəqqisi, xalqımızın rifahının
yaxşılaşdırılması naminə neft sərvətlərimizin
səmərəli işlənməsi və istehsalı
uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək
və respublikanın neft sənayesi sahələrində yeni
nailiyyətlər qazanacaqsınız”.
Akademik Ziyad Səmədzadə
İqtisadiyyat.- 2019.- 19-25 sentyabr.- S.3-9.