Mərkəzi Gömrük
Hospitalında daha bir uğura imza atıldı
Bu günlərdə
Mərkəzi Gömrük
Hospitalının Orqan
Transplantasiyası şöbəsində
daha bir uğura imza atılmışdır. Orqan Transplantasiyası
şöbəsinin həkimləri
canlıdan-canlıya qaraciyər
köçürülməsi zamanı icra edilən donor əməliyyatını
tam laparoskopik üsulla
icra ediblər. Mürəkkəb bir əməliyyatın
laparoskopik icra edilməsi Azərbaycan üçün bir ilkdir. İcra edilən əməliyyat və orqan donorları
haqqında transplant cərrah
Kamran Beydullayevlə müzakirə etdik. Maraqlı müsahibəni diqqətinizə
çatdırırıq.
-Kamran həkim, təqdim etdiyiniz əməliyyatın özəlliyi
nədən ibarətdir?
-Biz Azərbaycanda ilk dəfə
olaraq canlıdan qaraciyər transplantasiyası
zamanı donor əməliyyatını
tam laparoskopik üsulla
icra etdik. Bu, texniki cəhətdən
çox çətin
və bilik, bacarıq tələb edən bir əməliyyatdır.
Mərkəzi Gömrük Hospitalında
bu cür əməliyyatın icra edilməsi böyük bir nailiyyət hesab edilə bilər. Donor əməliyyatının özünəməxsus
xüsusiyyətləri vardır.
Bu əməliyyat zamanı çıxarılan
orqan parçası bütün əməliyyat
boyu mexaniki, istilik və işemik zədələrdən
qorunmalıdır. Orqana girən
və çıxan damarlar əməliyyatın
sonuna qədər kəsilməməlidir, orqanın
damarları yetəri qədər uzun və tam sağlam şəkildə kəsilib
çıxarılmalıdır ki, resipiyent tərəfdə əməliyyata
texniki problem yaratmasın.
Bütün bu hallarda donorun sağlamlığı
öz prioritetliyini saxlamalıdır. Bu səbəbdən donor əməliyyatı
eyni orqanın və ya orqan
parçasının hər
hansı bir patalogiyaya görə çıxarılmasından tam fərqli bir əməliyyatdır. Bu nüansları laparoskopik əməliyyat zamanı nəzərə almaq əlavə mürəkkəb
texniki vərdişlər
tələb edir.
Laparoskopik əməliyyatın da özünün üstünlükləri var. Bu əməliyyatlar zamanı
böyük kəsiklər
olmur, orqan çıxartmaq üçün
istifadə etdiyimiz kiçik kəsik də ən ağrısız, daha kosmetik yerdə aparılır. Xəstələr
tez aktivləşir və yatış günləri qısalır,
istifadə edilən ağrıkəsicilərin miqdarı
az olur.
Bütün bu üstünlükləri nəzərə
alsaq, bu əməliyyat daha az ağırlaşması
olan əməliyyat hesab edilir. Lakin laparoskopik
əməliyyatlar açıq
əməliyyatdan fərqli
olaraq daha çox mürəkkəb
texniki qabiliyyət tələb edir. Qaraciyər transplantasiyası
əməliyyatlarında toplanmış
təcrübəmiz imkan
verdi ki,
biz bu gün donor əməliyyatını tam laparoskopik
icra edək. Bundan sonra qaraciyər donorları üçün
də bu əməliyyatı requlyar
şəkildə laparoskopik
etməyi planlaşdırırıq.
İndiyə qədər biz bütün
böyrək transplantasiyası
əməliyyatlarında donor əməliyyatını laparoskopik
icra edirik. Bu bizim mərkəzin
üstünlüyünü saxlayan bir texniki
nailiyyətdir. Donorlarımız çox qısa zamanda sağalır və evə yazılır. Müqayisə üçün deyə bilərik ki, qaraciyər transplantasiyası
əməliyyatında donorun
laparoskopik çıxarılması
əməliyyatı Azərbaycanda
ilk dəfədir və
eyni əməliyyat böyük transplantasiya ənənəsi olan Türkiyədə bizdən
cəmi 10 ay əvvəl
icra edilib.
-Nə vaxtdan orqan transplantasiyası sahəsində çalışırsınız?
-Bildiyiniz kimi, Azərbaycanda qaraciyər transplantasiyası əməliyyatları
ilk dəfə 2008-ci ildə
tanınmış cərrah
Dr. Mircəlal Kazımi
tərəfindən mərkəzimizdə
həyata keçirilməyə
başlamışdır. Eyni vaxtdan,
demək olar ki, artıq 11 ildir mən də bu komandada
çalışıram. İndiyə
qədər 600-ə qədər
böyrək və
200-ə qədər qaraciyər
transplantasiyası əməliyyatları
icra etmişik. Hal-hazırda mən
bu komandada donor əməliyyatlarına rəhbərlik
edirəm.
-Belə böyük və çətin əməliyyatların Azərbaycanda
icra edilməsi təqdirəlayiqdir. Bəs insanların
bu əməliyyatlar üçün etimadını
qazanmaq çətin olmur ki?
-Belə bir çətinliklər
10 il əvvəl
var idi. Davamlı fəaliyyətimiz və toplanan təcrübəmiz
artıq bu problemi çoxdan geridə qoyub. İnsanlar artıq transplantasiya üçün heç bir xarici ölkəyə
getməyə üstünlük
vermir və bizim transplantasiya mərkəzində əməliyyat
olunmağa üstünlük
verirlər. Uğurlu nəticələr
təkcə tibb personalımızın ağır
zəhməti nəticəsində
başa gəlmir.
Burada həm də transplantasiya mərkəzimizin
fəaliyyət göstərdiyi
Mərkəzi Gömrük
Hospitalının ən
son avadanlıqlarla təhciz
olunmuş maddi-texniki bazasının rolu var, həm də
xəstəxana rəhbərliyinin
bütün bu uğurların qazanılmasında
komandaya böyük bir mənəvi dəstək olması və hər cür çətinliklərin
aradan qaldırlmasına
yüksək həssaslıqla
yanaşması də
səbəb olur.
Yəqin ki, bütün bu sadaladıqlarım bir yerdə olmasa idi, nə nəticələr
uğurlu olardı, nə də insanların inamını
qazana bilərdik...
-Zəhmət olmasa, bir qədər donor əməliyyatları haqqında
danışardınız.
-Transplantasiya iki ayrı-ayrı əməliyyatdan
ibarətdir: donor əməliyyatı
və resipiyent əməliyyatı. Bu əməliyyatlar ayrı komandalar tərəfindən
ayrı otaqlarda icra edilir. Hər bir əməliyyatın
özünün çətinlikləri
və özəllikləri
var. Donorlar əməliyyatdan
əvvəl detallı
müayinə olunurlar,
əməliyyata əks
göstəriş ola biləcək vəziyyətlər aşkar
edilir, əməliyyat
üçün yararlı
olmaları müəyyənləşir.
Böyrək donorlarını birmənalı laparoskopik icra edirik. Əməliyyat 1 -1,5 saat çəkir. Qaraciyər donorlarında isə əməliyyat 3 cür ola
bilir. Böyüklərə
qaraciyərin sağ payını çıxardırıq,
yeniyetmələr və
çəkisi az olan xəstələrə
adətən sol pay yetərli
olur. Kiçik uşaqlarda isə sol
lateral sektor dediyimiz
20%-ə qədər qaraciyər
parçası yetərli
olur. Biz təqdim etdiyimiz xəstədə qaraciyərin sol lateral payını
laparoskopik icra etdik və bu
əməliyyatı davamlı
laparoskopik icra etməyi planlaşdırırıq.
Donor əməliyyatları zamanı prioritet - donorlar tərəfdədir.
Hətta
əməliyyat zamanı
mübahisəli bir situasiya yaranarsa, bu vəziyyət həmişə donorun xeyrinə həll edilməlidir. Lakin bununla
bərabər, çıxarılan
orqan yetərincə keyfiyyətli və resipiyent üçün yararlı olmalıdır.
Bu səbəbdən də donor əməliyyatı
çox səliqəli
və tam anatomik incəliklərlə icra edilməlidir. Laparoskopik əməliyyatların
tətbiq edilməsi donorların əməliyatlardan
sonra daha tez aktivləşməsinə
və əməliyyatdan
sonrakı dövrü
daha rahat keçirməsinə səbəb
olur. Əməliyyat və sonrakı
dövr normal gedən
zaman donor ömrünün
qalan hissəsində
donor olduğu üçün
heç bir problem yaşamır, donorluq onun ömrünün uzunluğuna təsir etmir və heç
bir şikəstlik qalmır. Lakin bu da bir əməliyyat olduğundan, müəyyən
risklər daşıyır.
İndiyə qədər əməliyyat
etdiyimiz bütün donorlar normal sağlamlıqdadırlar.
Əməliyyatətrafı dövrdə ağırlaşmaları
olan donorlarımız
olub ki, onları da əlavə səylərlə
qaydasına qoymuşuq.
Nəticələrimizi müxtəlif beynəlxalq
və yerli jurnal və konfranslarda göstərmişik.
-Azərbaycanda orqan çatışmazlığı problemi varmı?
-Təkcə Azərbaycanda
deyil, bütün dünyada orqan qıtlığı var. Əslində
canlı donordan orqan transplantasiyası elə orqan qıtlığını aradan
qaldırmaq üçün
alternativ variant kimi meydana gəlib. Qərb ölkələrində
bu problem daha çox meyitdən götürülən orqanlar
hesabına həll olunur. Azərbaycanda hal-hazırda bu istiqamətdə işlər
gedir və ümüd edirik ki, icbari tibbi
sığortanın tətbiqindən
sonra bu proses daha da
sürətlənəcək. Canlıdan alınan orqanla meyitdən alınan orqanların hər birinin özünün üstün və mənfi tərəfləri
var. Qısa şəkildə
demək istəyirəm
ki, Azərbaycanda meyitdən orqan transplantasiyası proqramının
inkişaf etdirilməsi
çox zəruridir və bu gün
bunun üçün
hər bir şərait yetişib.
-Maraqlı söhbət üçün təşəkkür
edirik və bu vacib, çətin
və məsul işinizdə uğurlar arzulayırıq.
Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi
Dilara Zamanova
İqtisadiyyat.- 2020.- 20-26 fevral.-
S.6.