Ölümü seçən Elçin Həsənli
Düşünürsən, arzuları
yarımçıq qaldı. Və necə bir ali arzusuna çatdı.
Deyirsən, ömrü yarımçıq oldu...Və necə bütöv ömür yaşadı.
Belə düşündüyümüz vətənsevdalıların , əsgər və zabitlərimizin həyatını, öyrənməliyik, öyrətməliyik, vətən sevgisindən dərs almalıyıq. Dərs verməliyik.
Həsənli Elçin Vaqif oğlu kimi.
Həmişə seçilib. Nə bahalı geyimi, bahalı telefonu, nə maşını ilə fərqlənmək istəməyib, ağlına gəlməyib. Sadəcə birinci sinifdən məsuliyyəti, çalışqanlığı ilə seçilib. Şəxsiyyət kimi seçilib. Bütün məktəbin sevimlisi olub.
1993-cü il iyunun 16-da Ağstafada ziyalı ailəsində dünyamıza gəlib. Atası aspiranturaya qəbul olunduğundan Bakıya köçüblər. Hal-hazırda elmlər doktoru, professor olan Vaqif Həsənli universitet, anası Xatirə İsmayılova ibtidai-sinif müəllimidir. 1999-cu ildə Suraxanı rayonundakı 290 nömrəli məktəbdə orta təhsilə başlasa da, sonra A.Abdullayev adına Nəsimi rayonu 211-nömrəli tam orta məktəbdə oxuyub. Məzun Elçin Həsənli arzusunun dalınca gedib. Azərbaycan Dövlət Texniki Universitetinin tələbəsi olub 2010 - 2014-cü illərdə. Məktəbdə olduğu kimi universitetdə də savadı, düşüncəsi, davranışı ilə fərqlənib.
Müəllimləri onun haqqında bir-birindən gözəl sözlər dedi. Onlara elə gəlirdi ki, ən tutarlı kəlmələri seçsələr də az olacaq.
Sonra Həqiqi Hərbi xidmətə yollanıb. Lənkəranda, Füzulidə hərbi xidmət keçib.
Hərbi
Xidmətdən sonra magistraturaya daxil olub. 2017-ci ildə magistr
təhsilini də fərqlənmə diplomu ilə başa
vurub. Bu da Elçinin arzusu idi.
Oxumaqdan usanmırdı. Nə qədər oxusa
"azdı”deyirdi.
2019-cu ildə
Azərbaycan Memarlıq və
İnşaat Universitetinə doktoranturaya qəbul oldu. Qiyabi
oxuyur, "Şirvan” RETŞİ-nin Salyan ETŞİ – də
paylayıcı şəbəkə
sahəsində mühəndis işləyirdi. Həm də
Sabirabad "Asan xidmət” mərkəzində çalışırdı.
Mükəmməlliyə
can atırdı Elçin Həsənli.
2016-cı
il aprel hadisələrində özünə yer tapmadı.
Döyüşlərə getmək istəyirdi. Kumiri olan
general-mayor Polad Həşimovun
ölümündən sarsıldı. "Ermənilərin
cavabını verməliyik”- dedi. Elə iyul ayında da könüllü hərbi xidmətə
yazıldı.
Anası
Xatirə İsmayılova müəllimədir: Məktəbdə
tədbirlər keçiririk-20 yanvar, Xocalı faciəsi,
işğal günlərini qeyd edirdik. Bütün bu hadisələr
adamı dəhşətə gətirir. Bizim evdə həmişə
tariximizlə bağlı söhbətlər olub, bu faciələri yaşamışıq bütün
ruhumuzla. Özüm də Vətənə bağlı
insanam. Deyirdim ki, vuruşub torpaqlarımızı
almalıyıq. Mübariz İbrahimovun qəhrəmanlığı
təpik kimi oldu. Silkələdi bizi. Hətta
oğlanlarımdan biri gedib şəhid olsa, amma vətən
azad olsa razı olardım. Polad Həşimov öləndə
gedib könüllü yazılanlar oldu.İnanırsız,
düşündüm ki, görən Elçin də
yazılıb? Bir gün dedi "ana, könüllü
yazılmışam orduya, müharibə olsa gedəcəm.
Sevindim. Hətta şəhid olmasını da gözə
aldım. Və o gecə zəngini də gözləyirdim onun
kimi. Gecə getmək istəyirdi. Dedim ki, gecə hara gedirsən?
Dinmədi. Mən bilirdim bu nə gedişdi. Yatmadı.
Bütün gecəni otaqda fırlandı. Su da içmədi. Bir tikə çörək də
yemədi. Güclə gözlədi sabahı. Maşın gələndə
düşdü tələsik. Maşına minəndə
çevrilib mənə baxdı. Elə qəribə baxdı
ki... Ürəyimə damdı ki, bu ayrılıqdı”.
Kimsə onu saxlaya bilməzdi...
"Ən
böyük arzum torpaqlarımızın azad olunmasını
görməkdi. İndi bu savaşa az da olsa qatqımın
xoşbəxtliyini necə ifadə
edim ki?”- deyirdi yaxınlarına.
Beləcə
ilk gün getdi döyüşlərə...
Döyüş
yoldaşlarının sözlərinə görə
Elçin bir şəhidi, yaralını döyüş
meydanında qoymurdu. Müharibədi, bəzən gec yardım
olunduğundan da itgilər olurdu. Çox diqqətliydi.
Güllə altında çıxarırdı onları. Bütün silahlardan istifadə etməyi
asanlıqla öyrənirdi. Çox məharətlə
döyüşürdü. Təhlükəni hiss edirdi elə
bil.
Gəncəli Sarxan Yolçuyev də
könüllü qatılıb
savaşa, Elçinlə dost olub,
Murov uğrunda döyüşlərdə ağır
yaralanıb: Təəssüf edirəm yaralandım,
dostlarımın yanında ola
bilmədim. Bütün şəhidlər mənim
qardaşımdı, vətən övladıdı. Amma
Elçinin yeri başqaydı. Elə bir oğul idi ki.
Neçə əsgəri ölümdən qurtardı.
Yaralıları çiynində daşıyırdı.
Savadlı, qorxmaz. Heç inanmırdım ona nəsə
olar.Yoxluğuna alışa bilmirəm. Bilirsiz, deyirlər nöqsansız adam olmur, amma o, nöqsansız idi. Nə desəm,
azdı . Mən dostluğu onunla anladım, onunla
yaşadım. Hamımızın evində, qonşusunda
uşaqlar böyüyür. Söhbətləşəndə
deyirdik ki, bu yükü, bu acını onlara qoymayaq - qazinin
göz yaşı necə ağrılı olurmuş.-
"Amma biz valideynlərimizdən öncə bu vətənin
övladıyıq. Onun üçün canımızdan
keçməliyik. Vətən sağ olsun – deyir, sonra ona
yazdığı şeiri oxuyur:
Allah səni
sevdi yenə, Zirvəni bəxş etdi sənə.
itirmək
ağırdı mənə sənin kimi igid qardaş.
Qan oldu
bayraq sinəndə, nə söyləyim mən dinəndə?
Mən zəfərə
sevinəndə, sən olmuşdun Şəhid, qardaş.
İndi
saralıb solmuşam, yaman çarəsiz qalmışam.
Sən
gedəndən mən olmuşam nəfəs alan meyit,
qardaş.
Bayraq
bulaşdı qanına, qurbanam Şəhid canına,
məni də
apar yanına, nolar, məni eşit, qardaş.
Sol cibində ürəyinin
üstündə bayrağımızla keçdi bütün
savaşı-Vətən yolunu. ”Vətən uğrunda”
medalı ilə təltif olundu.
O qədər
cəsur idi ki Elçin. "Cəsurluğa görə”
medalına döyüşlərdə fərqləndiyinə,
düşmənin əsas qruplaşmalarının məhv
edilməsində göstərdiyi igidliyə,
bacarığına, bütün tapşırıqları
uğurla yerinə yetirdiyinə görə layiq oldu.
Bütün savaşı keçdi
Elçin. 43 gün addım-addım irəlilədi qələbəyə.
Noyabrın 8-də Şuşa azadlığında Şəhid
oldu ərənimiz. Ölümüylə əsgər dostlarını
xilas etdi. Şuşa uğrunda döyüşlərdə irəli
keçən döyüşçülər yataq kisəsinda
gizlənən, arxadan onları güllələmək istəyən
ermənini görmürlər. Onu Elçin görür,
özünü düşmənin üstünə atır.
Ölümü özü seçir. Beləcə neçə
döyüşçünü xilas edir canı bahasına Vətən
yolunda.
"Şuşanın
azad olunması uğrunda” medalına layiq olur.
Bütün
savaşı keçdi Elçin. Cəbrayıl, Füzuli,
Xocavənd, Zəngilan, Qubadlı...Və Şuşa.
Bütün savaşı ürəyinin üstündə gəzdirdiyi bayrağı anaya verəndə
qürur duydu ana: Şuşa döyüşləri
başlayanda ondan xəbər tuta bilmədik bir-neçə
gün. Bildim ki, şəhid olub. Hiss elədim. Elçini gətirən
gün gecə dedim "Oğlum gəlir. Durun,
qarşılayın... Onun nəfəsini, ətrini duydum evdə.
Gəldi... Ağırdı, amma başımıza gələn
faciələrin cavabını verməliydik. İnanmıram
ki, Elçin kimi oğul adi ölümlə ölə bilərdi.
O kamil insan idi. Ölümü də fərqli
olmalıydı.
Hər
oğul Şəhid olmur, hər ana şəhid doğmur –
dedi ərənimizin anası.
O
bayrağı hər gün yüz dəfə qoxlayır ana:
Elçinin ətri var bu bayraqda .
Elədi
Xatirə xanım. İndi bayrağımız Elçin ətirlidir.
Bütün
döyüşçülərin, bütün şəhidlərin
anaları bilsin ki, indi torpağımız,
bayrağımız, çörəyimiz, suyumuz, havamız
Elçinlər ətirlidir.
Kamalə Abiyeva
İqtisadiyyat.- 2021.-
10-16 iyun.- S.5