Dağlıq
Qarabağın sovet dövrü: Heydər Əliyev ermənilərin
bütün məkirli planlarının
qarşısını almışdı
İkinci
Qarabağ müharibəsinin nəticələri Cənubi
Qafqaz regionunda yeni reallıqlar yaratdı. Ən mühüm
reallıq ondan ibarətdir ki, 30 ilə yaxın davam edən
işğala son qoyuldu, Dağlıq Qarabağ münaqişəsi
başa çatdı və Azərbaycan pozulmuş ərazi
bütövlüyünü bərpa etdi. Bəli, müstəqil
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə problemə
birdəfəlik son qoydu.
Bu Qələbə
indi bizim baş mövzumuzdur. Azərbaycanın Zəfəri
barədə bundan sonra da çox deyiləcək, çox
yazılacaq, bu qalibiyyət siyasət, iqtisadiyyat, sosial, hərbi,
mədəniyyət və digər sahələrdə elmi
araşdırmalara vəsilə olacaq. Lakin biz bu gün
Dağlıq Qarabağ münaqişəsi barədə
danışarkən hadisələrə yalnız son 30 ilin
kontekstindən baxmalı deyilik. Çünki Dağlıq
Qarabağ münaqişəsi çoxdan
başlamışdı. 1923-cü ildə sovet hakimiyyətinin
ən yanlış, bölücü və separatçı qərarlarından
biri kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin
yaradılmasından sonra Ermənistan onilliklər boyu bu ərazinin
Azərbaycandan qoparılmasına
çalışmışdı.
Ötən əsrin
60-cı illərinə qədər Qarabağı Ermənistana
birləşdirmək üçün müxtəlif yollara əl
atılmış, 60-cı illərdə isə Qarabağda
erməni separatizmi geniş baş qaldırmışdı. Məhz
Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinə və Azərbaycana rəhbərliyi dövrlərində
erməni separatizminin qarşısı alınmış,
Qarabağın Ermənistana birləşdirilməsi
xülyasına son qoyulmuş, bu ərazilərin Azərbaycana
məxsus olduğunu təbliğ və təsdiq edən
çoxsaylı tədbirlər həyata keçirilmişdi.
Bu yazıda da qarşıya qoyulan məqsəd Heydər
Əliyevin erməni separatizminin qarşısının alınması
və Qarabağın, o cümlədən Şuşanın
inkişafı ilə bağlı həyata keçirdiyi tarixi
fəaliyyətin təhlilidir.
Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra da ermənilər
separatçı fəaliyyətlərini dayandırmadılar
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa
muxtariyyət verildikdən və Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradıldıqdan sonra da istər Dağlıq
Qarabağ, istər Ermənistan, istərsə də bu
hüdudlardan kənardakı ermənilər
separatçılıq fəaliyyətini dayandırmadılar.
Düzdür, XX yüzilliyin 20-30-cu illərində
Dağlıq Qarabağ problemi Ermənistanla Azərbaycan
arasında mübahisəli ərazi kimi müzakirə obyekti
olmadı və qaldırılmadı. Bununla belə, həmin
dövrdə erməni yazıçıları, şairləri
separatçılığın
daşıyıcılarına çevrilmişdilər, daha
doğrusu “siyasətçilər” onları qabağa
vermişdilər (bu, erməni
separatçılığının “tarixi” ənənəsidir!).
Məsələn, erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa
muxtariyyət verilməsindən az sonra “Dağlıq
Qarabağ” adlı «kitabça» (1927) çap etdirmiş və
burada tarixi həqiqəti açıq-aşkar təhrif
etmişdi: “Íàãîðíûé
Êàðàáàõ
ñòðàíà
Àðìÿíñêàÿ…” (s.
3); “Íàãîðíûé Êàðàáàõ – Ôåîäàëüíàÿ îáëàñòü, äâîðÿíñêèé êóñî÷åê Àðìåíèè” (s.
5) və s.
İlk
dəfə 1945-ci ildə Ermənistan Dağlıq Qarabağ
haqqında ÜİK(b)P MK qarşısında məsələ
qaldırmışdı. Xatırladım ki, həmin dövrdə
Ümumittifaq K(b)P MK-nın üzvü Anastas Mikoyanın təşəbbüsü
ilə Ermənistanda gizli “Qarabağ komitəsi”
yaradılmışdı. SSRİ rəhbərliyinə hər
vasitə ilə təsir etməyə çalışan ermənilər
1945-ci ilin payızında növbəti dəfə
Dağlıq Qarabağı onlara vermək məsələsini
sovet hökuməti qarşısında irəli
sürmüşdülər. 1945-ci ilin noyabrında Ermənistan
K(b)P Mərkəzi Komitəsi katibi Q.Arutinov İ.Stalinə
müraciət edərək, Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı
altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi
haqqında məsələ qaldırmışdı. Həmin
müraciətin mətnini Ümumittifaq K(b)P Mərkəzi
Komitəsinin katibi G.M.Malenkov 1945-i ilin noyabr ayında Azərbaycan
K(b)P Mərkəzi Komitəsinın birinci katibi
M.S.Bağırova göndərmişdi. Malenkov Ermənistan
K(b)P Mərkəzi Komitəsinin qaldırdığı məsələyə
öz rəyini bildirməsini ona təklif etdi. Bağırovun
bununla bağlı cavabına deyilir:
Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi
1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən
qala kimi tikdirilmiş Pənahabad şəhəri olan
Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir.
Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi
Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və
Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda
və daşnakların Ermənistanda ağalığı
dövründə müsavat hökuməti tərəfindən
mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri
olan general-qubernatorluq təşkil edilmişdir. Müsavatçılar
və daşnaklar tərəfindən təşkil olunmuş
millətlərarası qırğın nəticəsində
Azərbaycanın və Ermənistanın bir çox şəhərləri
kimi Şuşa da dağıdılmış və
xarabalığa çevrilmişdir. 1920-ci ildə Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə
bütün Qarabağın təsərrüfat-siyasi həyatına
rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən
həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən
ermənilərin məskunlaşdığı dağlıq
hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi
qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə
ümumi sərhədlərinin olmaması və Ermənistandan
yalnız azərbaycanlıların yaşadığı
Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur
rayonları ilə ayrılması səbəbindən partiya
orqanlarının göstərişi əsasında Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il
tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert
adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə,
Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən
heç vaxt Ermənistan SSR-ə bitişik
olmamışdır və hazırda da bitişik deyildir. Azərbaycanda
Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda
vilayətin təsərrüfat-siyasi və mədəni
inkişafı sahəsində böyük işlər
görülmüşdür. Bu inkişafın ən parlaq
nümunələrindən biri – DQMV-nin hazırki mərkəzi
Stepanakert şəhərinin başlı-başına
buraxılmış və dağıdılmış bir kənddən
Azərbaycanın ən gözəl, abad və mədəni
şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan
SSR-in bütün ali təhsil məktəb və texnikum tələbələrinin
20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən
olan ermənilər təşkil edir. Respublikanın partiya,
sovet, təsərrüfat rəhbərləri – Azərbaycan
K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları,
xalq komissarları müavinləri və s. arasında
Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla
belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin
Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində
olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların
yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə
verilməsinə razı deyilik. Şuşa şəhəri
bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni
mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan
xalqının öz müstəqilliyi uğrunda İran
işğalçıları ilə apardığı
mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya
xalqlarının cəlladı Ağa Məhəmməd
şah Qacar məhz Şuşada
öldürülmüşdür. Azərbaycan xalqının
zəngin musiqi mədəniyyəti bu şəhərdə
formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və
digər bu kimi görkəmli siyasət və mədəniyyət
xadimlərinin adları onunla bağlıdır.
Eyni
zamanda, ÜİK(b)P MK-nın nəzərinə
çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi məsələsinə
baxılarkən, Ermənistan SSR-in Azərbaycan
Respublikasına bitişik olan və əsasən azərbaycanlıların
yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar
rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi
məsələsinə də baxılmalıdır. Bu
rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə
geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana
verilməsi əhalinin maddi-məişət şəraitini və
ona mədəni-siyasi xidmət işini
yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b)P
MK-dan yuxarıda göstərilənlərdən əlavə,
aşağıdakı məsələlərə
baxılmasını xahiş edirik:
Gürcüstanlı
yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax
rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil
edilməsi məsələsini qoyurlar. Göstərilən
rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər
olduğu halda, cəmi 9.000 gürcü-ingiloyun
yaşamasına baxmayaraq, biz bu məsələyə
baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə
bir zamanda, Gürcüstan SSR-in, demək olar, yalnız azərbaycanlıların
yaşadığı və bilavasitə Azərbaycan SSR-ə
bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə
daxil edilməsi məsələsinə də
baxılmalıdır.
Və
nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın
bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan
və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd
və Qasımkənd rayonları ərazilərinin Azərbaycan
SSR tərkibinə qatılması məsələsini nəzərdən
keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən
azərbaycanlılardan ibarətdir, özü də
maldarlıqla məşğul olan bu əhalinin yarıdan
çoxu ilin 9 ayını Azərbaycan ərazisində
keçirir. Qaldırılmış bütün məsələlər
üzrə təkliflərin hazırlanması
üçün tərkibinə marağı olan hər bir
respublikadan nümayəndələr daxil edilməklə
ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun
hesab edirik.
Azərbaycan K(b)P
MK katibi
M.C.Bağırov
10 dekabr 1945-ci il
¹330, Bakı şəhəri
Şübhəsiz
ki, nə sovet rəhbərliyi, nə də ermənilər
Bağırovun məktubdakı təkliflərinə razı
olmadılar və ermənilərin Qarabağı Ermənistana
birləşdirmək xülyalarının üstündən
xətt çəkildi.
50-ci illərin
ortalarında A.Mikoyanın təşəbbüsü
ilə növbəti dəfə Dağlıq Qarabağın
Ermənistana verilməsi məsələsi
qaldırıldı, Ermənistanda antiazərbaycanlı təbliğatı
yenidən qızışdırıldı. Lakin ölkədə
30-dan çox milli münaqişə ocağının
olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin
arzuolunmaz nəticələr verəcəyini başa
düşərək, problemi Azərbaycanın xeyrinə həll
etdi. 1958-ci ildə isə bütün ermənilərin
katalikosu II Vazgen Bakıya səfər edərək,
Dağlıq Qarabağın Ermənistana verilməsini,
Bakıda erməni ruhani seminariyasının
açılmasını, Bakıdakı erməni kilsəsindən
hər səhər zəng vurulmasını təklif etdi.
Lakin rədd cavabı aldı.
Lakin ermənilər
bununla da Dağlıq Qarabağ ilə bağlı
separatçılıq fəaliyyətindən əl çəkmədilər.
1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının
gücləndiyi şəraitdə yenidən bu problemi ortaya
atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana
ilhaq edilməsi barədə 45 min nəfərin
“imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ
hazırlamağı tapşırmışdı. Erməni
separatçıları belə hesab edirlər ki, buna Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
katibi M.Suslov mane olmuşdur.
60-cı illərin
ortalarında qondarma “erməni soyqırımı”nın
50 illiyi, cəllad Andronikin 100 illiyi Ermənistanda geniş qeyd
edildi və bu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların
daha da sıxışdırılmasına, Dağlıq
Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin
açıq surətdə dərin kök salmasına yeni təkan
verdi.
DTK sədri Heydər
Əliyev Xankəndidə azərbaycanlıların şərəfini
layiqincə qorudu
1967-ci ilin əvvəllərindən
başlayaraq Dağlıq Qarabağda, xüsusilə də
Xankəndi şəhərində erməni millətçilərinin
torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə
özünü büruzə verirdi. Bölgədə
yaşayan ermənilər havadarlarının planlarına
uyğun olaraq milli ədavəti qızışdırır,
planlarının həyata keçməsi üçün ən
çirkin əməllərə belə əl atırdılar.Yay
aylarında baş verən olaylar pik nöqtəsinə
çatmışdı, nəzarət itirilmiş, hadisələr
öz axarından çıxmışdı.
Əslində 80-ci
illərin sonunda Xankəndidə cərəyan edən hadisələr
1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri
düzgün qiymətləndirməyi və erməni millətçilərinin
planlarını alt-üst etməyi hadisələrin
qarşısını aldı. Heydər Əliyev,
sözün əsl mənasında, erməni daşnakları
üçün keçilməz maneəyə çevrildi.
1967-ci ilin iyul
ayında Dağlıq Qarabağda, Xankəndidə nə
baş verirdi? Məhz həmin il erməni millətçiləri
növbəti dəfə, artıq açıq müstəvidə
öz işğalçılıq siyasətlərini həyata
keçirməliydilər. Belə ki, “Böyük Ermənistan”
planının ilk mərhələsi Dağlıq
Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan
təmizləmək idi.
Həmin ərəfədə
ermənilərin özləri tərəfindən bir neçə
ermənini qətlə yetirməsi bölgədə milli ədavətin
qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən
planlaşdırıldığına görə bu cinayət
hadisələrinin üstü açılmırdı. Əgər
həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə
yetirilirdisə və qəsdən bu cinayətin üstü
açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz
olan ermənilər tərəfindən qatilin birmənalı
şəkildə azərbaycanlı olması
düşünülürdü və belə qəbul
olunurdu. Son nəticədə ermənilər də baş verən
hadisələrə cavab olaraq Xankəndidə yaşayan azərbaycanlılara
mənəvi və fiziki təzyiqi artırırdılar.
1967-ci ildə daha
çox səs-küyə səbəb olan və Xankəndidə
gərginliyi son həddə çatdıran hadisə isə
Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində
azərbaycanlıların və ermənilərin birgə təhsil
aldıqları orta məktəbdə bir erməni
uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə
qətlə yetirilmiş uşağın meyiti yol kənarından
tapılır. Bu hadisədən bir neçə gün sonra
heç bir əsas olmadan həmin məktəbin direktoru
Ərşad Məmmədovu və daha iki azərbaycanlı
müəllimi həbs edirlər. Vilayət prokurorluğu
işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə
isə işə Xankəndidə baxılması
üçün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin
üzvlərindən birinin sədarəti altında məhkəmə
prosesi başlanır.
Həmin ərəfədə
baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan
biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti
Dövlət Təhlükəsizlik İdarəsinin rəis
müavini vəzifəsində işləmiş Əfrail
Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə
vəziyyətin nə qədər gərgin olduğu
açıqca hiss olunur:
“Qarabağın
bütün erməni icması işini-gücünü
buraxıb məhkəmə salonlarına doluşur,
küçələrdə səsgücləndiricilərlə
məhkəmənin gedişini izləyirdilər. İrəvandan
və Ermənistanın digər rayonlarından da avtobuslarla
Stepanakertə çoxlu ermənilər gətirilmişdi.
Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla
məşğul olurdular. Axır ki, məhkəmə prosesi
başa çatdı. Hökmün verilmə vaxtı
yetişdi. Lakin ermənilər işlərini elə qurdular
ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir
müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə
ki, hökmün oxunmasından bir gün qabaq vilayətin
bütün məsul işçiləri Bakıya
müşavirəyə çağırıldılar.
Stepanakertdə yerli rəhbərlərdən yalnız
DTK-nın şöbə rəisi Markarov qalmışdı.
Belə bir gərgin vaxtda erməni qaragüruhunun təzyiqi
altında məhkəmə Ərşad Məmmədova
ölüm hökmü oxumağa məcbur qaldı.
Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik
maşınlarına minib şəhəri tərk etdilər.
Ərşad Məmmədovu
və digər iki azərbaycanlını dustaqlar
üçün nəzərdə tutulmuş xüsusi
maşına mindirdilər. Minlərlə erməni vəhşisinin
“Ərşada ölüm!”
çığırışları altında əvvəl
onları yerli həbsxanaya aparmaq istəsələr də,
sonra fikirlərini dəyişib şəhərin yuxarı
hissəsində yerləşdirilmiş, indi adı
bütün azərbaycanlılara yaxşı tanış olan
366-cı alayın düşərgəsinə gətirdilər.
Azğınlaşmış ermənilər maşının
qabağını düşərgənin darvazasının
qarşısında kəsdilər. Hərbçilərin
gözü önündə ermənilər dustaq
maşınını “Kalaşnikov”, “Makarov” tipli odlu
silahlardan atəşə tutdular, sonra dəmir linglə
maşının qapısını sındıraraq
yaralarından yağış kimi qan süzən dustaqları
yerə düşürtdülər. Onları vəhşicəsinə
öldürdülər. Bu, azmış kimi Ərşad Məmmədovu
yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə
sürüdülər. Cəsədin qollarını
çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə
gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi.
Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş
tonqala od vurub yandırdılar. Bu qeyri-adi vəhşi mərasim
bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən
Xankəndinə ezamiyyətə gəlmiş, milliyətcə
rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən
Markarov da baş verən olayların seyrçisi idi”.
Göründüyü
kimi, Xankəndidə vəhşiləşmiş ermənilərin
azğınlıqları son həddə çatır. Azərbaycanlıların
vəhşicəsinə qətlə yetirilməsindən sonra
(məhz hadisələrdən sonra) Markarov baş verənlər
haqqında Bakıya məlumat verir. Qısa müddət ərzində
Şuşa və Xankəndi ağır texnikalar və
canlı qüvvələrlə mühasirəyə
alınır. Gediş-gəlişin qarşısı
alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən
gəlmək istəyənlər buraxılmır. Sonralar o da
məlum olur ki, mühasirə məsələsi də ermənilərin
əvvəlcədən düşünülmüş
planı olub. Təbii ki, hadisələrdən xəbər
tutan Ağdam camaatı erməniləri cavabsız
qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz
tutacaqdılar. Ermənilər bunu nəzərə
almışdılar.
Yaranmış gərgin
vəziyyətin ciddiliyi nəzərə alınaraq, səhərisi
gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin
sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd
İsgəndərov Dağlıq Qarabağa gəlirlər.
Şuşada fövqəladə qərərgah
yaradılır. Bundan əlavə, Moskvadan və Bakıdan
xüsusi istintaq qrupları da hadisə ilə bağlı
işə başlayırlar. Həmin ərəfədə Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri
general-mayor Heydər Əliyev də Xankəndi şəhərinə
nə gəlir. Bakıdan və Moskvadan gələn dövlət
məmurları, ittifaq miqyaslı hüquq mühafizə
orqanlarının ali rütbəli zabitləri Xankəndi
şəhərində hər an təhlükə ilə
üzləşmək ehtimalını nəzərə alaraq,
Şuşada qalırdılar. Heydər Əliyev isə
bütün təhlükələrə baxmayaraq,
Dağlıq Qarabağa ezam olunduğu günlərdə Xankəndi
şəhərində qalaraq xidməti vəzifəsini icra
edirdi. Ən başlıcası isə o, bir azərbaycanlı
kimi baş vermiş hadisələri araşdırmağı,
millətçi ermənilərin cinayət əməllərini
ifşa etməyi özünün ümdə borcu
sayırdı…
Həmin günlərdə
Heydər Əliyevin üzərinə olduqca mürəkkəb
və çətin bir iş düşmüşdü: erməni
millətçilərinin böyük hiyləgərliklə
qurduqları oyunları, cinayət əməllərini ifşa
etmək, günahsız azərbaycanlıların qatillərinin
layiqincə cəzalandırılmasına nail olmaq, ən
başlıcası isə Xankəndidə
azğınlaşmış ermənilərin
qarşısında azərbaycanlıların şərəfini
qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir
orqanda tutduğu vəzifələrdən asılı
olmayaraq, hər zaman millətinin, xalqının tərəqqisinə
xidmət edən Heydər Əliyev Xankəndidə baş
vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat
qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki,
söhbət adi bir cinayətin açılmasından deyil,
xalqının, azərbaycanlıların şərəfindən
gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk
qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını
almazlarsa, qətl hadisələrini törədənlər və
onların havadarları məsuliyyətə cəlb olunmazsa,
hadisələr daha ağır nəticələrə səbəb
olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndidə
baş verən hadisələr Dağlıq Qarabağı Ermənistana
birləşdirmək planının başlanğıc həlqəsi
idi.
DTK zabiti Əfrail
Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin
möhtəşəmliyinin, bütün varlığı ilə
millətinə, xalqına bağlılığın bir daha
şahidi oluruq:
“Respublika
DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat
qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər
Əliyev idi. Qrupun işə başladığı
günün ertəsi səhər saat 7 radələrində
general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi
keçirdi. Müşavirədə bütün ətraf
rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin
lakonik, məntiqli və təmkinli
çıxışını çətinliklə sezilən
bir narahatlıq müşayiət edirdi. Bu
narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.
Mən onu gözəl
başa düşürdüm. 1967-ci il… Milli münaqişə
zəminində qətl hadisəsi… DTK-nın sədri kimi ciddi
və məsul bir vəzifə… Damarlarında axan türk
qanı… Amma Heydər Əliyevin həmin günlərdə
özünü necə təmkinli aparması, erməni və
rus zabitləri ilə apardığı ciddi və dərin
müzakirələr inanın ki, canlı bir həyat məktəbi
idi. Əməliyyatçılara müvafiq
tapşırıqlar verən qrup rəhbəri bunların dərhal
icra olunması üçün tədbirlər görülməsini
əmr etdi. Növbəti əməliyyat müşavirəsinin
vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən
ayrılarkən Heydər Əliyev nəzərlərini bir
anlıq mənim üzərimdə saxladı. Bu ani
baxış mənə çox mətləbləri
anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli
olmalı, sayıqlığı əldən verməməli,
hər addımımı yüz ölçüb bir
biçməliyəm.
Qrup rəhbərinin
tapşırığı ilə aparılan
araşdırmalar ona arayış şəklində növbəti
müşavirədə təqdim edilməli idi. Gün ərzində
kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o
cümlədən digər hallarla bağlı məndə
olan əməliyyat məlumatlarının
arayışını hazırlayırdım. İş
yükünün ağırlığına və vaxtın
məhdudluğuna görə general mənə ikinci
müşavirədə iştirak etməməyə icazə
verdi.
Müşavirə
işə başlamışdı. Təxminən bir saatdan
sonra iş otağımın qapısı açıldı.
Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa
qalxdım. İşarə etdi ki, əyləşim.
Görünür rəsmiyyət məqamı deyilmiş.
General fikirli və çox qayğılı
görünürdü. Vəziyyəti başa
düşdüm. Yırtıcı canavarların, vəhşi
qatillərin və onların havadarlarının arasında tək
qalmışdıq. Mən onda Heydər Əliyevə
DTK-nın sədri, hörmətli generalımız kimi yox,
namuslu bir azərbaycanlı, əsl vətəndaş,
günahsız insanların qanının yerdə qalması ilə
barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim…”.
Həmin
ağır günlərdə bütün azərbaycanlılar
ədalətin bərqərar olması üçün Heydər
Əliyevə ümid bəsləyirdilər. Heydər
Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı,
gərgin əməyi nəticəsində qısa müddət
ərzində Xankəndi olaylarının səbəbləri
açılır, cinayəti törədənlər, təşkil
edənlər layiqli cəzalarını alır, 39 nəfər
erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti
yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə
qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum
olur ki, Xankəndi olaylarının arxasında Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi məsələsi
durur.
Həmin ərəfədə
hadisələrə rəvac verənlərdən biri də
Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Qurgen
Melkumyan olub. Təbii ki, Heydər Əliyev Melkumyanın bu
cür millətçi mövqeyini unutmayıb. Sonralar,
1973-cü il noyabrın 14-də Heydər Əliyev Azərbaycan
KP MK-nın birinci katibi olduğu dövrdə Xankəndi şəhərinə
səfər edəndə öz qətiyyətini
nümayiş etdirib və elə həmin il də Melkumyan
öz vəzifəsini itirib. Sonralar Heydər Əliyev
müsahibələrində həmin səfəri haqqında
fikirlərini belə bildirib: “…Mən Dağlıq Qarabağ
Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə
görüşmüşəm, vilayətin bütün
rayonlarında olmuşam, ermənilərlə də çox
söhbət etmişəm. Bir faktı xatırladım.
Dağlıq Qarabağ Muxtar vilayətinin 50 illik yubileyi idi,
vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu.
Oradakı çıxışımdakı bəzi məqamları
erməni millətçiləri indi də mənə
bağışlaya bilmirlər. Mən bəzi əhvalı-ruhiyyələri
hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar
Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və
ayrılmaz hissəsi olaraq qalacaq…”
Heydər
Əliyevin vətənpərvərliyi nəticəsində
erməni millətçilərinin əsassız ərazi
iddialarının qarşısı qətiyyətlə
alındı
Azərbaycan SSR
DTK-nın sədri kimi Heydər Əliyev Qarabağda erməni
separatizminin qarşısının alınması istiqamətində
başqa mühüm tədbirlər də həyata
keçirmişdi. Məhz Heydər Əliyevin
sayıqlığı və vətənpərvərliyi nəticəsində
bu dövrdə erməni millətçilərinin əsassız
ərazi iddialarının qarşısı qətiyyətlə
alınmışdı.
Heydər Əliyev
1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci
katibi Vəli Axundova məktubunda yazırdı ki, iyun
ayının 23-dən 24-nə keçən gecə Xankəndidə
bəzi küçələrdə erməni dilində 8 x 9
sm. ölçüdə 300 vərəqə
yayılmışdır. Həmin vərəqələrdə
ermənilər tərəfindən Dağlıq
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb
edilir və millətçi fikirlər irəli
sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin
müəlliflərini axtarıb tapmaq, eləcə də digər
lazımi tədbirləri görmək üçün Xankəndinə
əməliyyat qrupu göndərilmiş və təqsirkarlar
ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə
Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə
hazırlanıb yayılmışdı. Qısa müddət
ərzində belə vərəqələri
hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər
saxlanılmışdı.
Heydər
Əliyevin 1967-ci ilin yekunlarına dair SSRİ DTK-ya göndərdiyi
hesabatda Ermənistan SSR-də fəaliyyət göstərən
millətçi qüvvələrin Dağlıq
Qarabağdakı təxribat fəaliyyətinə dair konkret
faktlar öz əksini tapıb. DTX-nın arxivindəki bu sənəddə
sovet rəhbərliyinə məlumat verilir ki, son beş ildə
Qarabağla heç bir əlaqəsi olmayan millətçi
ermənilər mütəmadi muxtar vilayətə səfərlər
edir, buraya Ermənistan SSR-də hazırlanan və millətçi
çağırışlar əks olunan vərəqələr
gətirir, şər və təxribat xarakterli fikirlərlə
yanaşı, Qarabağın yaxın vaxtlarda Ermənistana
birləşdiriləcəyi barədə təbliğat
aparır, yerli ermənilərin bu istiqamətdə müraciətləri
hazırlanır və imzaları toplanılır, Ermənistanda
tarixin saxtalaşdırılması istiqamətində işlər
görülür, bu istiqamətdə əsərlərin
yazılması və dərsliklərə salınması təşkil
olunur.
Ulu öndərin
respublika DTK-sına rəhbərlik etdiyi dövrdə erməni
millətçilərinin Azərbaycan əleyhinə təbliğat,
təşviqat, təxribat, pozuculuq fəaliyyətinin məhdudlaşdırıldığı
da arxiv sənədlərində öz əksini
tapmışdır. Komitənin vilayət şöbəsinin
rəisi polkovnik D.Bıstrovun məruzəsində
qeyd edilir ki, verilmiş tapşırıqlarla əlaqədar
keçirilmiş əməliyyat tədbirləri zamanı
1967-ci ilə nisbətən 1968-ci ildə milliyyətçi vərəqələrin
hazırlanması və yayılması, eləcə də ermənilərin
azərbaycanlılara qarşı hücumları kəskin
azalmışdır. Keçirilən tədbirlər
zamanı yenə millətçi qrupların aşkar edilərək
ləğv olunduğu, onlardan çoxlu miqdarda vərəqələr
və həmin vərəqələri hazırlamaq
üçün lazım olan avadanlıqlar aşkar edilərək
götürüldüyü bildirilir.
Heydər Əliyev
2 min hektardan çox torpağın Ermənistana birləşdirilməsi
ilə bağlı qərarın icrasına imkan vermədi
Respublika rəhbəri
seçildikdən sonra da ulu öndər Heydər Əliyev
Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin
təmin edilməsi, Ermənistandakı millətçi dairələrin
təxribatlarının qarşısı alınması
istiqamətində məqsədyönlü və təsirli tədbirlər
görmüşdür. O, Azərbaycanı gözləyən
təhlükələri fitri istedadı ilə qabaqcadan
görür, siyasi-ideoloji vasitələrdən, mövcud
qanunvericiliyin imkanlarından məharətlə istifadə edərək
bu təhlükələri vaxtında önləyə bilirdi.
Əvvəldə
qeyd edildiyi kimi, Heydər Əliyev hələ Azərbaycana rəhbərlik
etməzdən əvvəl Qarabağın Ermənistana birləşdirilməsi
üçün cəhdlər edilmişdi. Ermənistan, o
cümlədən Azərbaycanla sərhəd olan bəzi əraziləri
də ələ keçirmək istəyirdi. Erməni rəsmi
dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin
saxtalaşdırılmış xəritələrini ortaya
çıxarmışdılar.
Ərazi məsələsinə
dair danışıqlar artıq müzakirə obyektinə
çevrilmişdi. Moskvanın təzyiqi ilə Azərbaycan
SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də
Ermənistan SSR ilə sərhəd rayonlarının ərazilərindən
2 min hektardan çox torpağın Ermənistana verilməsi
haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi
qərarı təsdiq etdi.
Ulu öndər
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri
seçilən kimi dərhal bu məsələni ön plana
çəkdi və sözügedən qərarın
icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini
hər şeydən üstün tutan Heydər Əliyev nə
qədər təhlükəli olsa da, təzyiqləri sinə
gələrək, prinsipial mövqe göstərdi, erməni
millətçilərinin qarşısını qətiyyətlə
aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan
rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər
Əliyev həmin qərarın həyata keçirilməsinə
imkan vermədi.
Ümumiyyətlə,
Heydər Əliyev 1969–cu ildə respublikaya rəhbərliyə
başlamasından sonra Dağlıq Qarabağla bağlı
xüsusi siyasət yürütdü. Hələ 1967-ci ildə
DQMV ərazisində üç azərbaycanlının
avtomobilinin içində yandırılması nəticəsində
başlayan milli qarşıdurma elementlərini büruzə
verən separatizm qığılcımlarının nəticəsini
əvvəlcədən görən ölkə rəhbəri
qətiyyətli addımlar atdı. Vilayət rəhbəri,
şovinist V.Şahnazaryan başqası ilə
əvəzləndi, hüquq-mühafizə orqanlarında ciddi
təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan
Dövlət Təhlükəsizlik Komitəsi “erməni millətçiləri”
adlı əməliyyat keçirərək,
Daşnaksütyun təşkilatı ilə bağlı olan
bir qrup şəxsi həbs etdi.
1977-ci ildə
SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR
Konstitusiyası qəbul edilərkən ermənilər yenidən
fəallaşaraq, Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi ilə bağlı iddialar
qaldırdılar, Moskvaya, SSRİ mərkəzi orqanlarına
kütləvi ərizələrlə müraciət etməyə
başlamışdılar. 1977-ci il noyabrın 23-də
keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin
iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin
Ermənistan SSR-ə birləşdirilməsi məsələsi
müzakirə olunmuş və bununla bağlı təklif irəli
sürülmüşdü. Məsələdən xəbər
tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin
qarşısını almaq üçün qəti
addımlar atmışdı. Bu məqsədlə Heydər
Əliyevin tapşırığı ilə elmi arayış
hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK
Siyasi Bürosunda müzakirə edilərək, Ermənistan
SSR rəhbərliyinin iddialarının əsassız
olması haqqında qərar qəbul edilmiş və həmin
qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə
təqdim olunmuşdu.
Heydər
Əliyevin gördüyü işlər Qarabağın erməniləşdirilməsinin
qarşısına sipər çəkmişdi
Heydər Əliyev
böyük şəxsiyyət, xalqına, vətəninə
bağlı insan idi. Hələ Azərbaycan DTK-sına rəhbərlik
etdiyi dövrdə ulu öndərimiz Dağlıq Qarabağda
aparılan erməniləşdirmə siyasətini
görürdü. Ona görə Azərbaycana rəhbərliyə
başlamasından sonra Heydər Əliyevin xüsusi diqqət
yetirdiyi məsələlərdən biri Dağlıq
Qarabağın Azərbaycan torpaqları kimi tanınmasına,
nəticə etibarilə erməniləşdirmənin
qarşısını almağa xidmət edən
addımların atılması oldu.
O dövrdə
Dağlıq Qarabağda olan vəziyyətin
yaratdığı narahatlıq doğuran məsələlərdən
biri azərbaycanlı əhalinin bölgəni tərk etməsi
idi. Bunu nəzərə alan Heydər Əliyevin həyata
keçirdiyi tədbirlərlə Dağlıq
Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin
siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi
ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və
orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı
ziyalıların daimi iş yeri ilə təmin olunmasına,
Qarabağda yeni elmi-mədəni mühitin
formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil
almasına və doğma yerlərə daha sıx
bağlanmasına əlverişli şərait yaradan olduqca
mühüm addım idi.
Ümumiyyətlə,
həmin illərdə Heydər Əliyevin Dağlıq
Qarabağa göstərdiyi diqqət və qayğı daha da
artmış və geniş quruculuq işləri vüsət
almışdı. Heydər Əliyev Qarabağın
dağlıq və aran hissələrinin təsərrüfat,
iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə
çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni
millətçiləri Dağlıq Qarabağın Azərbaycanın
digər rayonları ilə guya iqtisadi və təsərrüfat
əlaqələrinin olmadığını, əhalinin
ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək,
vilayətin Ermənistana birləşdirilməsini tələb
edirdilər. Onların bu niyyətlərinin
qarşısını almaqda Yuxarı Qarabağın Aran
Qarabağla və digər rayonlarla əlaqəsini daha da
sıxlaşdırmaq, strateji əhəmiyyətli
kommunikasiyaların sayını artırmaq böyük rol
oynaya bilərdi.
Bu məqsədlə
atılan addımlardan biri Ağdam-Xankəndi dəmiryol xəttinin
çəkilişi oldu. Həmin yol 1979-cu il yanvarın 12-də
ümummilli liderin iştirakı ilə istifadəyə verildi
və muxtar vilayətin respublikamızın digər
rayonları ilə daha sıx iqtisadi əlaqəsinin
yaradılması təmin olundu. Bu, Heydər Əliyevin
Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın
digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən
daha çox birləşdirilməsi sahəsində strateji
addımı və böyük tarixi xidməti idi.
Ermənilərin əzəli
Azərbaycan torpaqlarına çox yaxın tarixdə
köçürüldüyünü onların özlərinin
əli ilə əbədiləşdirmək ulu öndər
Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində
mümkün olmuşdur. Belə ki, Dağlıq Qarabağ erməniləri
1978-ci ildə əvvəlki Mardakert – indiki Ağdərə
rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə
bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.
Ötən əsrin
70-ci illərində Şuşa qədim Azərbaycan şəhəri
kimi intibahının yeni dövrünə qədəm qoydu
Sovet illərində
Şuşa şəhərinin də dirçəldilməsi
və qədim Azərbaycan şəhəri kimi inkişaf
etdirilməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyə
başlamasından sonra mümkün oldu. Xatırladaq ki,
1967-ci ildə Xankəndidə baş vermiş hadisələr
zamanı Heydər Əliyev Şuşaya da getmiş və
1905-1906, 1918-1920-ci illərdə ermənilərin təcavüzü
nəticəsində dağıdılmış və
yandırılmış evlərin hələ də bərpa
edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin
Azərbaycan xalqının böyük bir tarixi abidəsi,
incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə
gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin
belə vəziyyətdə saxlanılmasının
mümkünsüzlüyü barədə mülahizələrini
Azərbaycan rəhbərlərinə söyləmiş, hələ
respublika rəhbəri seçilməmişdən əvvəl
Şuşanın inkişaf etdirilməsinin vacibliyi barədə
məsələ qaldırmışdı.
Təsadüfi
deyil ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə
başlayandan dərhal sonra ulu öndər Şuşanı
abadlaşdırmaq, dağıdılmış,
yandırılmış evləri bərpa etmək, eyni
zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük
bir muzeyə çevirmək üçün əhəmiyyətli
işlərin görülməsi üçün göstərişlər
vermişdi. O illərdə Şuşa rayonunun rəhbərləri
ilə keçirdiyi görüşlərin birində
ümummilli lider demişdi: “Şuşa abidələr şəhəridir.
Diyarın zəngin tarixi ilə bağlı olan hər
şeyi qorumaq, qədim tikintiləri bərpa etmək
lazımdır”.
1997-ci ildə Heydər
Əliyev Şuşa və Laçın ictimaiyyətinin
nümayəndələri ilə görüşündə
bir daha bu barədə danışaraq demişdi: «Mən ilk dəfə
Şuşaya 1967-ci ildə, o vaxt baş vermiş faciəli
bir hadisə ilə bağlı getdim. Bilirsiniz ki, o vaxtkı
Stepanakertdə 1967-ci ildə böyük bir münaqişə
olmuşdu, Dağlıq Qarabağdakı ermənilər ilə
azərbaycanlılar arasında qan
tökülmüşdü. Çox böyük bir faciə
baş vermişdi. O dövrdə Dağlıq Qarabağda olan
bəzi quldurlar, Azərbaycan xalqına düşmən münasibəti
bəsləyən adamlar həbsdə olan iki-üç nəfər
azərbaycanlını aparan dustaq maşınını
dağıdıb yandırmışdılar. O vaxt biz bunun səbəblərini
araşdırdıq. Onda mən on beş gün orada qaldım
və Şuşanı ətraflı gəzdim, baxdım və
gördüm. O vaxt mən hələ Azərbaycanın birinci
rəhbəri deyildim, ancaq rəhbər vəzifədə
idim. Şuşanı gördüm, onu ətraflı öyrəndim.
Bu fikrə gəldim ki, Şuşanı belə vəziyyətdə
saxlamaq olmaz. Ona görə də o zaman gəlib Azərbaycanın
rəhbərlərinə öz fikrimi dedim. 1969-cu ildə Azərbaycana
rəhbər seçiləndən sonra mən
Şuşanı abadlaşdırmaq, 1920-ci ildə bu şəhərin
başına gəlmiş hadisələrin izlərini tamamilə
ləğv etmək, dağıdılmış,
yandırılmış evləri bərpa etmək, eyni
zamanda, onun tarixi abidələrini qoruyub saxlamaq, bərpa etmək,
Şuşanı böyük bir muzeyə çevirmək
üçün ilk addımlar atdım».
1977-ci ilin avqust
ayında Azərbaycan SSR Nazirlər Soveti Heydər Əliyevin
təşəbbüsü ilə “Şuşa şəhərinin
tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək
haqqında” qərar qəbul etdi. Bu qərar Şuşanın
tarixi abidələrinin bərpası və Şuşanın
Azərbaycan şəhəri kimi inkişafında ən vacib
addım oldu. Şəhərin XVIII-XIX əsrlərdə
tikilmiş binaları, o cümlədən “Xan qızı”
bulağı, “Gəncə qapısı”, “Şor bulaq”,
“Hacıqulular” adlanan memarlıq kompleksi və sair tarixi abidələr
bərpa olundu. Uzun illərdən bəri baxımsızlıq
üzündən uçulub dağılmış qala
divarları, Qara Böyükxanım məqbərəsi, K.Əsgərov küçəsindəki məscid,
mərkəzi rayon xəstəxanasının ərazisindəki
qala bürcləri və divanxana öz əvvəlki görkəminə
qaytarıldı.
Əvvəldə
qeyd etdiyim kimi, 1979-cu il yanvarın 12-də ümummilli lider
Heydər Əliyevin iştirakı ilə “Ağdam-Xankəndi”
dəmir yolu xətti istifadəyə verildi. Həmin gün
Şuşaya da gələn Heydər Əliyev bir sıra
binaların və tarxi məkanların bərpadan sonra
açılışında iştirak etmişdi.
Məhz ulu öndərin
Dağlıq Qarabağa diqqət və
qayğısının bariz nümunəsi kimi, görkəmli
Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi
tikildi və 1982-ci il yanvarın 14-də, olduqca soyuq və
qarlı bir gündə Heydər Əliyevin iştirakı ilə
açılışı oldu. Hava şəraitinin əlverişsiz
olmasına baxmayaraq, Heydər Əliyev bu tədbirdə
iştirak etdi və əhali kütləvi şəkildə
ulu öndərlə görüşə gəldi.
Hündürlüyü 20 metr olan bu gözəl incəsənət
əsəri incə və naxışlı şəbəkə
ilə bəzədilmiş, ona qırmızıya çalan
yerli mərmərdən üz çəkilmişdi. «Molla Pənah
Vaqif Azərbaycan xalqının fəxri, böyük
şairimizdir. Xatirimdədir, 60-cı illərin ortalarında
biz Molla Pənah Vaqifin 250 illik yubileyini qeyd etdik. 1967-ci ildə
mən Şuşada olarkən Molla Pənah Vaqifin məzarını
ziyarət etməyə getdim. Onu əvvəl heç tapa
bilmirdilər, sonra mən xahiş etdim, tapdılar, gedib
baxdım. Şübhəsiz ki, o məzar Molla Pənah Vaqifə
layiq deyildi. Şübhəsiz ki, belə bir böyük şəxsiyyətin
qəbrini onun şəxsiyyətinin səviyyəsinə
çatdırmaq lazım idi. Mən 70-ci illərdə bu fikrimi
həyata keçirməyə çalışdım və
buna nail oldum. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri
üzərində böyük bir abidə, türbə
tikildi. Bu, çox gözəl memarlıq abidəsi idi. Mən
bunu Azərbaycanın həyatında böyük, əlamətdar,
tarixi hadisə kimi qəbul edərək, oraya nəinki
özüm getdim, eyni zamanda, Azərbaycanın o vaxtkı elm,
mədəniyyət, incəsənət xadimlərinin
çoxunu da oraya getməyə dəvət etdim. Biz çox
böyük bir dəstə ilə Şuşaya getdik, orada
Molla Pənah Vaqifin türbəsini açdıq, nitqlər
söyləndi», – deyə ulu öndər bu barədə
sonralar bildirmişdir.
1982-ci ilin qarlı
yanvar günlərində Heydər Əliyev Şuşada
Poeziya evini açdı, Vaqif poeziya günlərində
iştirak etdi, Üzeyir bəy Hacıbəyovun və
Bülbülün Şuşadakı ev-muzeylərindəki
eksponatlarla tanış oldu və onların qorunmasına dair
tövsiyələrini verdi.
Həmin il iyulun
29-da bir daha Şuşaya gəlməsi, özü ilə ailəsini,
elm və ədəbiyyat xadimlərini də gətirməsi
ulu öndərin Qarabağa və Şuşaya olan diqqətinin
nümunəsi idi. Həmin vaxt Heydər Əliyevin bilavasitə
iştirakı ilə Şuşada şairə Xurşidbanu
Natəvanın və Mir Möhsün Nəvvabın abidələrinin
açılışı oldu. Bununla yanaşı, ulu öndər
Üzeyir bəy Hacıbəylinin və Bülbülün
Şuşadakı ev-muzeylərindəki eksponatlarla
tanış olmuş və onların qorunmasına dair
tövsiyələrini də vermişdi.
Ulu öndərin
Şuşaya həmin səfəri Azərbaycanda böyük
bir poeziya bayramı kimi yaddaşlarda qalmaqdadır. Azərbaycanın
görkəmli yazıçı və şairlərinin,
tanınmış müğənni və musiqiçilərinin
Cıdır düzündəki konsertləri hamının
yaddaşındadır. Lütfiyar İmanov, Zeynəb Xanlarova,
Arif Babayev, Ədalət Nəsibov, Teymur Mustafayev, Amaliya Pənahova,
Əlabbas Qədirov və başqalarının
çıxışları poeziya bayramını daha da
gözəlləşdirdi. Ümumiyyətlə, poeziya və
musiqi Şuşa mədəniyyətinin sütunudur. Heydər
Əliyev bunu gözəl bilirdi və bu sahəyə olan diqqəti
onun necə böyük insan olduğunu bir daha sübut edirdi.
Şuşada
Üzeyir Hacıbəyovun, Bülbülün və M.M.Nəvvabın ev-muzeylərinin
yaradılması da Heydər Əliyevin Şuşanın mədəni
irsinin yaşadılmasına və təbliğinə göstərdiyi
diqqətin təzahürü idi. Ulu öndərin bu fikirləri
bir daha Şuşanın Azərbaycan üçün nə dərəcədə
əhəmiyyətli olduğunu göstərir: “Şuşa Azərbaycanın
ən əziz və böyük tarixi olan bir guşəsidir.
Şuşanı yaradanlar, Şuşa şəhərini
quranlar, Şuşa qalasını tikənlər Azərbaycan
torpağının sahibləri olublar və Qarabağda Azərbaycan
torpağının daim qorunması, saxlanması
üçün Şuşa şəhərini,
qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın
yaratdığı böyük abidədir, təkcə şəhər
deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə,
onun ətrafında Azərbaycan xalqının bir neçə
əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni
irsi, qəhrəmanlıq nümunələri
yaranıbdır. Şuşa təkcə şuşalılar
üçün yox, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir”.
Heydər Əliyev
Şuşanı SSRİ-nin ən məşhur kurort mərkəzlərindən
birinə çevirdi
Şuşa şəhərində
genişmiqyaslı quruculuq işlərinin aparılması və
şəhərin inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır. O dövrdə Azərbaycanda tar,
kamança, ud, nağara və s. musiqi alətləri istehsal
edən yeganə Şərq milli musiqi alətləri fabriki
Şuşada istifadəyə verildi. Xalça Muzeyinin,
Şuşa Dram Teatrının yaradılması, Qarabağ
İpək Kombinatının və Bakı Radio Zavodunun
filiallarının açılması, yeni məktəblərin
tikintisi, çoxmərtəbəli yaşayış və
ayrı-ayrı inzibati binaların inşa olunması,
yaradılması, abadlıq işləri üçün
ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə
artırılması da Heydər Əliyevin Şuşaya olan
qayğı və diqqətinin nəticəsi idi.
Ulu öndərin
xüsusi nəzarəti ilə şəhərin mədəni
həyatı ilə yanaşı, sosial-iqtisadi həyatının
da inkişafı üçün xeyli iş
görülmüşdü. Bu daha əsasən şəhərin
sanator-kurort potensialının dirçəldilməsi ilə
bağlı idi
Şuşa
havasının tərkibi, təmizliyi, saflığı və
müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz
kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda,
onun hüdudlarından kənarda da Şuşa öz səfalı
yerləri, istirahət guşələri ilə məşhurdur.Təəccüblü deyil ki,
hətta ən uzaq keçmişdə müxtəlif xarici
ölkələrdən ümumi zəiflik,
qanazlığı, qapalı vərəm və digər xəstəlikləri
olan insanlar müalicə üçün Şuşaya gəlirdilər.
Burada bir-iki ay qalıb müalicə aldıqdan sonra
sağalıb evlərinə qayıdırdılar.
Hələ XIX əsrdə
məşhur klimatoloqlar dəniz səthindən
hündürlükdə yerləşən mühüm əhəmiyyətli
şəhərin iqlim şəraitini, fauna və
florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli
Şuşanın böyük müalicəvi əhəmiyyətli
bir məskən olduğunu söyləmişdilər.
1854-cü ildə şəhərdən cənubda, 18 kilometr
aralı “Turşsu” deyilən səfalı guşədə mədən
suyunun çıxması da alimlərin mülahizəsini
doğrultmuşdu. Məşhur rus kurort tədqiqatçısı
professor Fiqrovski 1926-cı ildə Şuşanı dağ
iqlimi stansiyası kimi tədqiq edərək, onu Azərbaycanın
Davosu adlandırmışdı.
1943-cü ildə
Azərbaycan SSR XKS və Azərbaycan K(b) P MK-nın
“Şuşa şəhərində kurort-sanatoriya
inşaatı haqqında” birgə qərarı ilə
Şuşa şəhərindən müxtəlif cəhətli
iqlim və balneoloji kurort kimi istifadə olunması nəzərdə
tutulmuşdu. Amma o illərə qədər Şuşanın
əvəzedilməz təbiətinin müalicəsi
imkanlarından səməri istifadə etmək mümkün
olmamışdı.
XX əsrin
ortalarına qədər Azərbaycan rəhbərliyi
Şuşanın kurort şəhəri kimi inkişaf etdirilməsi
ilə bağlı məsələni dəfələlərlə
müzakirə etmişdi. Müzakirələrdə müvafiq
nazirliklərin, Azərbaycan Tibb İnstitutunun və digər
müəssisələrin nümayəndələri
iştirak edirdilər. O vaxtki DQMV-nin rəhbərləri iclas
iştirakçılarını inandırmağa
çalışırdılar ki, Şuşanın ərazisinin
məhdud olması səbəbindən burada iri kurort mərkəzinin
yaradılması məqsədəuyğun deyil. Buna görə
də daha yaxşı olardı ki, kurort mərkəzi muxtar
vilayətin inzibati mərkəzi olan daha geniş əraziyə
malik Xankəndidə planlaşdırılsın. Kurort mərkəzinin
vilayət mərkəzində yaradılması barədə təklifin
səsverməyə qoyulmasına hazırlaşanda o vaxtkı
Tibb İnstitutunun rektoru, professor Bahadur Eyvazov ona söz verilməsini
xahiş edir. B.Eyvazov həmin təklifin əleyhinə
çıxaraq, istirahətin və kurort müalicəsinin
bilavasitə saf su və saf hava ilə əlaqədar
olduğunu, buna görə də kurort komplekslərinin ancaq və
ancaq dünyada nadir təbiəti olan Şuşada
yaradılmasının vacibliyini elmi dəlillərlə
sübut edir. Daha sonra vurğulayır ki, o, uzun illər
Şuşada iqlim amillərinin insan orqanizminə təsirinin
öyrənilməsi üzrə tədqiqatlar aparıb və
respublikanın bütün aparıcı alimləri də bu məsələdə
tam yekdildirlər ki, Şuşanın havası insan orqanizminin
müalicəsi və bərpasında əvəzolunmaz amildir.
Çıxışında o, iştirakçıların
diqqətini DQMV-nin rəhbərliyinin Şuşaya etinasız
münasibətinə yönəldərək, qeyd edir ki, illərlə
şəhərdə təmir-bərpa və abadlıq işləri
görülmür. Bütün bunların nəticəsi
olaraq kurort mərkəzinin Şuşada yaradılması barədə
qərar qəbul edilir.
Xatırladım
ki, hələ 1964-cü ildə SSRİ hökuməti
Bakıda kurortoloq və fizioterapevtlərin ümumittifaq
qurultayını keçirmişdi. Bu tədbirdə xarici
ölkələrin və Sovet İttifaqının görkəmli
alimləri iştirak etmişdilər. Azərbaycan alimlərinin
Şuşa kurortu, xüsusən onun unikal iqlimi və
müalicəvi havasının xüsusiyyətləri
haqqında məruzələri qurultay
iştirakçılarında böyük maraq
doğurmuşdu. Qurultay işini başa çatdırandan
sonra iştirakçılar üçün Şuşaya
ekskursiya təşkil olunmuş, burada qonaqların
iştirakı ilə havanın tərkibinin xüsusi analizi
keçirilmişdi. Aydın olmuşdu ki, Şuşanın
havası öz müalicəvi xüsusiyyətlərinə
görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi
kurort zonalarının havası ilə oxşardır, hətta
onlardan daha üstündür.
Bütün bunlara
baxmayaraq, o cümlədən həmin dövrdə şəhərdə
sanatoriyalar fəaliyyət göstərsə də, həyata
keçirilən tədbirlər şəhərin kurort kimi
inkişafını tam təmin edə bilmirdi. Şuşa
şəhərində kurort kompleksinin davamlı inkişaf
konsepsiyasının işlənib hazırlanmasına ehtiyac
var idi.
Yalnız 1969-cu ildə
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin respublika hakimiyyətinə gəlişindən
sonra şəhərdə həyat qaynamağa başladı.
1976-cı ilin 4 noyabr tarixində şəxsən Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR
Nazirlər Soveti “Şuşa şəhərində kurort
kompleksinin sonrakı inkişafı üzrə tədbirlər
haqqında” qərar qəbul etdi. Qərarda Şuşanın
abad şəhərə çevrilməsi, kurortlar
üçün vacib olan müvafiq infrastrukturun
yaradılması üzrə vəzifələr müəyyənləşdirildi.
Qərara uyğun
olaraq, şəhərdə yeni sanatoriya və kurort müəssisələrinin
korpusları ucaldıldı. Bundan sonra Şuşa şəhəri
ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə
başladı. Həyata keçirilən tədbirlər nəticəsində
700 nəfərlik “Şuşa” dağ iqlimi sanatoriyası və
onun 330 nəfərlik pansionatı, vanna binası, içməli
su qalereyası, 100 nəfərlik meşə sağlamlıq məktəb
kompleksi, 120 çarpayılıq xəstəxana tikilib istifadəyə
verildi. Bu, Şuşa şəhərinin simasını dəyişdirdi,
rayonun inkişafına səbəb oldu və Şuşa
kurortunu ümumittifaq səviyyəli kurort kompleksinə
çevirdi. Qərarın icrası nəticəsində
Şuşa şəhərində turist bazası genişləndirilərək,
çarpayılarının sayı 300-ə
çatdırıldı, il boyu işləyən 400 nəfərlik
uşaq sanatoriyası kompleksi tikilib istifadəyə verildi,
Qocalar evi Şuşa sanatoriyasına verildi və sanatoriyanın
6-cı korpusu oldu. Şəhərdə gözəl mineral su
qalereyası inşa olundu. Buraya su şəhərdən 30 km
kənarda yerləşən mənbədən boru vasitəsi
ilə çəkilmişdi. Həmçinin, mineral su
doldurulması zavodu da fəaliyyət göstərirdi.
«Şuşada böyük bir mehmanxana, çoxmərtəbəli
yaşayış binaları, ayrı-ayrı inzibati binalar
tikildi. Biz o vaxt Şuşanı çox mötəbər bir
statusa qaldırdıq. Şuşa ümumittifaq səviyyəli
kurort şəhərinə çevrildi ki, bunun da
böyük əhəmiyyəti var idi. Çünki o vaxtlar
Sovet İttifaqının çox yerlərindən – vilayətlərindən,
şəhərlərindən adamlar buraya istirahətə gəlirdilər.
Onlar, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti ilə tanış olurdular. Bunlar
hamısı o illərdə Şuşanın inkişaf
etdirilməsi üçün görülmüş işlərdir.
Eyni zamanda, bunlar Şuşaya göstərilmiş
qayğıdır. Bu qayğı tamamilə təbiidir və
belə də olmalıdır. Əgər 1920-ci ildən
1970-ci ilə qədər Şuşada belə işlər
görülməmişdisə, şübhəsiz ki, bu,
insanların səhvi olmuşdur», – deyə Heydər Əliyev
1996-cı ildə etdiyi çıxışların birində
bildirmişdir.
Həmin dövrdə
şəhərin ətrafında karbon
turşulu-hidrokarbonatlı-natriumlu “Narzan” tipli çoxsaylı
mineral su mənbələri aşkar edilmişdi. Bu müalicəvi
sudan Şuşanın sanatoriyalarında həm süfrə
suyu kimi, həm də vanna qəbulu zamanı müvəffəqiyyətlə
istifadə olunurdu. Bu sular nəfəs yolu xəstəlikləri,
həzm, sinir sisteminin pozulması, qanazlığı kimi xəstəliklərin
müalicəsi zamanı çox xeyirli idi. Beləliklə,
Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri,
sinir-əsəb xəstəlikləri, maddələr
mübadiləsinin xəstəlikləri, qanazlığı
ilə yanaşı, mədə-bağırsaq xəstəliklərinin
müalicəsi də mümkün olmuşdu.
Bir sözlə,
ötən əsrin 70-ci illərindən sonra Şuşa
şəhəri ümumittifaq əhəmiyyətli kurort kimi
inkişaf etməyə başladı. Heydər Əliyevin
tarixi xidmətləri ilə Şuşa şəhəri
ümumittifaq səviyyəli kurort şəhərinə
çevrildi. Şuşanın ümumittifaq səviyyəli
kurort şəhərinə çevrilməsinin böyük əhəmiyyəti
var idi. Çünki o vaxtlar sovet ittifaqının hər
yerindən – vilayətlərindən, şəhərlərindən
bura istirahətə gəlirdilər. Həmin insanlar
Şuşada Azərbaycanın tarixi, mədəniyyəti və
incəsənəti ilə tanış olurdular.
İsa
bulağı, Səkili bulağı, Şəmilin
bulağı Şuşaya təşrif buyuran qonaqların ən
sevimli yeri idi. Şəhərə gələnlərin ən
sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz
təbiətə malik əfsanəvi “Cıdır
düzü” idi. “Cıdır düzü”ndə
hər il may ayında “Xarı-bülbül” mahnı
festivalları keçirilirdi.
İstirahət və
müalicə zonası kimi tanınan Turşsu şəfalı
və müalicəvi vannaları ilə məşhur idi.
Laçın yolunun üstündə yerləşən
Turşsudan keçən Daşaltı çayı ərazinin
mənzərəsinə xüsusi rəng qatır.
Şuşa
dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu
gül dünyanın heç bir yerində bitmir. Təbiətin
Şuşa dağlarında yaratdığı bu möcüzə
«xarı bülbül» adlanır. Gülün üst tərəfi
elə formadadır ki, sanki gülün üstünə
bülbül qonub və oradaca donub qalıb. Sanatoriya və
istirahət evlərində dincələn turistlər daim həmin
yerlərə gəzintilərə çıxır, təbiətin
Şuşaya bəxş etdiyi gözəllik
qarşısında öz təəccüblərini gizlədə
bilmirdilər.
Sonrakı illərdə
də Heydər Əliyev Qarabağdan və Şuşadan diqqət
və qayğısını əsirgəmədi. 1982-1987-ci
illərdə Moskvada ali vəzifədə işlədiyi
dövrdə bu siyasətin davam etdirilməsi
şuşalılar tərəfindən hər zaman yüksək
qiymətləndirilir. Hər il Vaqif poeziya günlərinin, həmçinin
mütəmadi olaraq “Xarı bülbül” musiqi
festivalının keçirilməsi bunun bariz nümunələridir.
Ümumiyyətlə,
ulu öndərin Şuşanın inkişafına göstərdiyi
diqqət və qayğını sovet dovründə, yəni
XX əsrin 20-60-cı illərində heç bir respublika rəhbəri
göstərməmişdi. “Şuşa təkcə şuşalılar
üçün deyil, bütün azərbaycanlılar
üçün, Vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir”, – deyə Heydər Əliyev
bildirmişdi.
Heydər Əliyev
qətiyyəti nəticəsində ermənilərin heç
BİR niyyəti baş tutmadı
Bütövlükdə,
Heydər Əliyevin qətiyyəti nəticəsində
ötən əsrin 80-ci illərinin sonlarına qədər
ermənilərin Dağlıq Qarabağ və Azərbaycanın
digər ərazilərinin Ermənistana birləşdirilməsi
ilə bağlı niyyətləri baş
tutmamışdı. Heydər Əliyevin qətiyyətli
mövqeyi 80-ci illərinin ortalarından etibarən SSRİ məkanında
və Ermənistan SSR-də antiAzərbaycan, antitürk təbliğatı
daha da güclənməyə başlananda da özünü
göstərdi. Hələ 1985-ci il fevralın 21-də Ermənistan
KP MK-nın birinci katibi K.Dəmirçyan
Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni
soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel
tarixinin hər il SSRİ-də “Soyqırımı
qurbanlarının xatirə günü” kimi qeyd olunması təklifi
ilə müraciət etmişdi. Siyasi Büronun
iclasını aparan M.S.Qorbaçov buna
razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və
A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə
qarşılaşmışdı.
O illərdə
qondarma erməni tarixçiləri tərəfindən
Qarabağın tarixi saxtalaşdırılaraq “erməni
torpaqları” olması barədə dərsliklər və məqalələr,
qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi
barədə Moskvaya ardı-arası kəsilməyən məktublar,
müraciətlər yazılırdı. Azərbaycan
xalqının əleyhinə və erməni millətçiliyi
ruhunda yazılmış Z.Balayanın
Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla
çap olunan və məqsədyönlü şəkildə
SSRİ məkanında yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda
Dağlıq Qarabağı ələ keçirmək
üçün aparılan təbliğat işini daha da
gücləndirmişdi.
1985-ci il iyunun 20-də
SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici
ölkələrdən ermənilərin SSRİ-yə
repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul
etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində
Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni
köçürüldü. Onlar özləri ilə qatı
erməni millətçiliyi gətirərək azərbaycanlılara
qarşı düşmənçiliyi
qızışdırır və bu istiqamətdə təbliğat
aparırdılar. Dekabr ayında isə “Daşnaksütyun”
partiyasının Afinada keçirilən XXII qurultayı
“Böyük Ermənistan” uğrunda mübarizəni yenidən
genişləndirmək haqqında qərar qəbul etdi.
1986-cı ilin
fevral ayında Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətində SSRİ-də irəli sürülən
“aşkarlıq” və “demokratiya” ideyalarından istifadə
edilərək, Xankəndidə tarix və mədəniyyət
abidələrini qoruyan “Krunk” adlı təşkilat
yaradıldı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər
Xankəndinin küçələrində Dağlıq
Qarabağı Ermənistana birləşdirmək
üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr
yayırdılar. Ayrı-ayrı adamların Moskvaya
yazdıqları məktublar artıq bu dövrdə müxtəlif
kollektivlərdən imzalar toplanması kompaniyasına
çevrildi və ərazi iddialarının yeni mərhələsinin
təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan
müntəzəm olaraq Xankəndinə gələn emissarlar
ermənilər arasında fəal iş apararaq xüsusi
imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan
ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ
edirdilər. Eyni zamanda, iyulun 17-də Avropa Parlamenti saxta “erməni
soyqırımı” iddialarını tanıdı və
“soyqırımı qurbanlarına” xatirə günü təsis
etdi.
Beləliklə, M.Qorbaçovun SSRİ rəhbəri
seçilməsindən sonra baş verən proseslərin nəticəsi
olaraq Ermənistanda və SSRİ xaricində Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi ilə
bağlı çağırışlar, erməni separatizmi
və millətçiliyi geniş miqyas almışdı.
Lakin Heydər Əliyev ermənilərin bütün məkrli
planlarının qarşısını qətiyyətlə
alırdı. Xalqımızın dahi oğlunun qətiyyətli
mövqeyi M.Qorbaçov başda olmaqla
SSRİ rəhbərliyində olan erməni millətçilərini
çox narahat edirdi. Çünki Heydər Əliyev
onların öz çirkin niyyətlərini həyata
keçirmələri üçün ciddi bir maneə idi.
Moskvada,
keçmiş SSRİ rəhbərliyində
çalışdığı beş ildə daim erməni
millətçilərinin hədəfində olan ulu öndər
Heydər Əliyev onların öz xarici diaspor təşkilatları
ilə birlikdə Azərbaycana və azərbaycanlılar əleyhinə
şər, böhtan, qarayaxma kampaniyasına qarşı təkbaşına
mübarizə apardı və onlara öz məkrli
planlarını həyata keçirməyə imkan vermədi.
Yalnız Heydər Əliyevin 1987-ci ilin oktyabrında
Sov.İKP MK Siyasi Bürosunun və şəxsən baş
katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz olaraq tutduğu vəzifələrdən istefasından
sonra xalqımıza qarşı erməni ekspansiyasının
növbəti mərhələsi başladı.
Xalqımızın dahi oğlunun ermənipərəst
qüvvələr tərəfindən siyasi fəaliyyətdən
uzaqlaşdırılıb təzyiq və təqiblərə
məruz qalması Dağlıq Qarabağı Ermənistana
birləşdirməyə çalışan erməni-daşnak
qüvvələrinə öz niyyətlərini açıq
bəyan etmək və hərəkətə keçmək
fürsəti verdi. Məhz bu amil otuz ildir davam edən və
xalqımızı ağır bəlalara məruz qoyan
münaqişənin başlanmasında həlledici rol
oynadı.
1987-ci ilin
sonlarından artıq Yerevanda Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi tələbləri ilə kütləvi
aksiyalar keçirilirdi. Heydər Əliyevin istefasından bir
neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail
Qorbaçovun iqtisadi məsələlər üzrə
müşaviri A.Aqanbekyan Parisdə
“İnterkontinental” hotelində müsahibəsində DQMV-nin
Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən
daha sərfəli olmasını və bu məsələ
üzərində xüsusi komissiyanın işlədiyini bəyan
edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
ideyasını irəli sürdü. Oktyabr ayında Yerevanda
Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi təşkil
olundu ki, bu da ermənilərin ərazi iddialarının həyata
keçirilməsi yolunda atılan ilk addım oldu. Bunun
ardınca noyabrın 18-də A.Aqanbekyanın
Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində
çap olundu. Bu müsahibə ermənilərin Dağlıq
Qarabağa dair ərazi iddialarının başlanması
üçün bir siqnal rolunu oynadı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev həmin
dövrü təhlil edib səciyyələndirərkən
demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın
problemləri başladı. İki həftə keçmədən
erməni separatçıları məsələ
qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibindən çıxarılıb, Ermənistanın tərkibinə
verilməlidir. Beləliklə, Dağlıq Qarabağ
probleminin əsası qoyuldu, birinci addım atıldı.
Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi həmin
separatçıların fəaliyyətinə heç bir məhdudiyyət
qoymadı, heç bir reaksiya vermədi və nəticə
etibarilə bu meyillər Sovet İttifaqının
dağılmasına gətirib çıxardı. Əlbəttə,
Sovet İttifaqının dağılmasının səbəbləri
kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri,
əlbəttə ki, yanlış milli siyasət olmuşdur.
Sovet İttifaqını böyük dövlət kimi saxlayan
məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən
sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər
ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da
ki, qəsdən çox ziyanlı addımlar atmışlar.
Onların arasında Dağlıq Qarabağdakı erməni
millətçilərinin, separatçılarının
vaxtında cəzalandırılmaması məsələsi
xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən
sonra digər yerlərdə də toqquşmalar baş verdi və
nəticə etibarilə Sovet İttifaqı
dağıldı”.
“Krunk” təşkilatının
üzvləri 1988-ci il yanvar ayının əvvəllərində
yardım üçün Moskvaya getmişdilər və
separatçılıq dalğasının başlaması
üçün ideoloji-təbliğat işi böyük
vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək
Qarabağ münaqişəsinin yeni mərhələsinin
startı üçün bütün hazırlıq
yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən
uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin
xeyrinə dəyişən balans problemin həllində
Moskvanın birbaşa olaraq ermənipərəst mövqe
tutacağını şərtləndirmişdi.
1988-ci ilin fevral
ayından Xankəndidə Ermənistandan xalq deputatları
qismində vilayətə gələn emissarların təşkilatçılığı
ilə mitinqlər başladı. İlk dəfə olaraq bu
mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin
üzvləri də göründü. Rəsmi Bakının
isə tərəddüd göstərməsi vəziyyətin
daha da gərginləşməsinə şərait
yaradırdı. Elə bu ərəfədə Yerevandan
“miatsum” (birləşmək) iddiasını hüquqiləşdirmək
barədə təlimat gəldi və təşəbbüs artıq
DQMV-nin qanunverici orqanının əlinə keçdi.
Fevralın 20-də çağırılan vilayətin Xalq
Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə
yalnız bir məsələ – DQMV-nin Ermənistana birləşdirilməsi
ilə bağlı təklifin müzakirəsi
çıxarıldı. Kvorum olmadan keçirilən iclasda
Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə
vilayət yazıçılar ittifaqının sədri V.Akopyanın təzyiqi ilə DQMV-nin Azərbaycan
SSR-in tabeliyindən çıxaraq, Ermənistan SSR-in tərkibinə
daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın
ərazi bütövlüyünə təhlükə və
SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq
miqyasında separatizm meyillərinin aydın təcəssümü
idi.
1988-ci ildə erməni
separatçılarının qısa müddət ərzində
qazandığı uğurların əsas səbəbi
Moskvadan aldıqları genişyönümlü dəstək
olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və
laqeyd münasibət də məlum proseslərin nəzarətdən
çıxmasını şərtləndirdi. Prosesin baş
verdiyi ilk günlərdə vilayətin erməni əhalisində
böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana
qarşı birbaşa çıxış etməkdən
qorxurdular. Hətta Ermənistandan gəlmiş saqqallılar
onları zorla, döyə-döyə mitinqə gətirəndə
də oranı yarımçıq tərk edirdilər. Əgər
Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə
etmək istəsəydi və vilayət ərazisində əsrlər
boyu yaşayan yerli azərbaycanlı əhalinin düşmənin
müqavimətinə qarşı səfərbər
olmasını təmin edə bilsəydi,
separatçılığın qarşısını elə
fevralın birinci həftəsində almaq olardı.
Azərbaycan rəhbərliyi
sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini
dayandırmaq üçün səfərbər olurdu. Hadisələrin
ən qızğın vaxtında – fevral ayının 22-də
Ağdamın minlərlə sakini Əskəran üzərinə
yürüşə çıxdı. Ancaq bu yürüşün
qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə
alındı, hətta yürüş
iştirakçıları təqib də edildi. İndiyədək
5 mindən artıq övladını vətən yolunda şəhid
vermiş Ağdam məhz həmin gün Qarabağ
münaqişəsinin ilk şəhidlərini – Əli ilə
Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.
Fevralın 22-də
qadağalara baxmayaraq, Bakıda da ilk ümumxalq mitinqi
keçirildi. Xalq Moskvadan ədalətli olmasını, problemə
son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən
tələb olunurdu ki, Qarabağda baş verən hadisələr
xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul
edib tədbir görsün, Qarabağda insanları silah-sursatla
təmin etsin. Əli ilə Bəxtiyarın dəfn
günü bütün Azərbaycanın ürəyi
Ağdamda döyünürdü. Ətraf və uzaq rayonlardan
Ağdamın dərdinə şərik olmağa gələnlərin
sayı minlərlə idi.
Bütün
bunlardan sonra DQMV ətrafında siyasi vəziyyət olduqca gərgin
idi. 1988-ci ilin may ayında eyni gündə Azərbaycan və
Ermənistan kommunist partiyalarının qurultayları
keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda
müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi
Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev
iştirak etdilər. Y.Liqaçov
Bakıda bəyan etdi ki, Moskva Azərbaycanın ərazi
bütövlüyünə hörmətlə
yanaşdığından Qarabağın müstəqilliyinə
heç vaxt razılaşmaz. A.Yakovlev isə
Yerevanda bildirdi ki, xalqların öz müqəddəratını
təyinetmə hüququna hörmətlə yanaşan rəsmi
Moskva Qarabağı Ermənistanın tərkibində
görür. Eyni gündə qarşı duran tərəflərə
belə “tərəfkeşlik” etməklə M.Qorbaçov
və erməni lobbisinin digər qulları nəticədə
münaqişəni hərbi müstəviyə keçirdilər.
1988-ci ilin sonlarından isə Ermənistandakı azərbaycanlıların
kütləvi deportasiyası başladı.
1989-cu ilin
yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi
idarə formasının tətbiq edilməsi haqqında” fərman
verdi. Fərmana əsasən Dağlıq Qarabağ Azərbaycan
tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya
tabe olan xüsusi idarə forması yaradıldı. A.Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə
Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından
çıxarılması üçün bütün vasitələrdən
istifadə etdi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini
reallaşdırmaq üçün vilayət ərazisindəki
bütün müəssisələrin artıq Azərbaycanda
deyil, Ermənistanda yerləşən müəssisələrlə
iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar
verdi və bunu qısa müddət ərzində həyata
keçirdi. Bu antiazərbaycançı fəaliyyətin
reallaşmasında onun fəal “köməkçisi” isə
Azərbaycanın rəhbəri Ə.Vəzirov
idi. Bu “missiyanı” A.Mütəllibov da
davam etdirərək, Qarabağın Azərbaycandan təcridinə
şərait yaratdı.
1991-ci ilə qədər
Dağlıq Qarabağda və eləcə də Ermənistanla
həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri
işğal edən, qırğınlar, soyqırımlar
törədən ermənilər SSRİ-nin
dağılmasından sonra işğal planını yeni
fazaya keçirdilər.
Azərbaycan
müstəqillik qazanandan sonra Dağlıq Qarabağ
bütün dünyada Azərbaycan ərazisi kimi
tanındı. Güclü himayəçilərinə
arxalanan Ermənistan müstəqilliyimizin ilk illərində
Azərbaycanda hakimiyyəti ələ keçirən
iqtidarların səbatsızlığından və
yaratdıqları şəraitdən istifadə edərək,
Dağlıq Qarabağı ətrafındakı 7 rayonu
işğal etdi.
Tarixi hadisələrin
sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin
1969-1982-ci illərdə gördüyü işlər sonralar
Azərbaycanın milli dövlətçilik ideyalarının
aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin
bu ideya ətrafında səfərbər olması
üçün şərait yaratdı. 1993-cü ilin ikinci
yarısında ümummilli lider Heydər Əliyev yenidən
hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici
siyasət kursunda mövcud reallıqları nəzərə
alan və ölkəmizin milli mənafelərinin qorunmasına
yönəlmiş əməli dəyişikliklər edildi.
Ulu öndər özünün zəngin dövlətçilik
təcrübəsinə əsaslanaraq bir sıra ən
mühüm və təxirəsalınmaz vəzifələrin
yerinə yetirilməsini qarşıya məqsəd kimi
qoymuşdu. Həmin vəzifələr Azərbaycanın
inkişafı, beynəlxalq aləmdəki təcrid vəziyyətdən
çıxması, xalqımızın haqq işinin dünya
ictimaiyyətinə olduğu kimi çatdırılması
kimi məsələlər idi.
1994-cü ilin
mayından Ermənistanla atəşkəsə nail
olunması, qanunsuz hərbi birləşmələrin
buraxılması və ölkə daxilində sabitlik yaratmaq
yolunda atılan addımlar sayəsində yeni siyasi kursun
ardıcıllıqla həyata keçirilməsi
üçün lazım olan əlverişli şərait
yarandı. Ötən əsrin 90-cı illərinin
ortalarından Azərbaycanın yüksəlişi, möhtərəm
İlham Əliyevin rəhbərliyi ilə gedilən
inkişaf yolu Heydər Əliyevin müəyyən etdiyi vəzifələrin
uğurla həyata keçirilməsini təmin etdi. 2020-ci ilin
44 günlük İkinci Qarabağ müharibəsində cənab
İlham Əliyevin Ali Baş Komandanlığı ilə
qazanılan hərbi-siyasi Qələbə və Dağlıq
Qarabağ münaqişəsinə son qoyulması isə bir
daha Heydər Əliyev yolunun düzgün və alternativsiz
olduğunu sübuta yetirdi.
Akademik Ziyad Səmədzadə
İqtisadiyyat.-2021.-17-23 iyun.-S.3-6.