Turist axınının
formalaşmasında
kənd turizminin əlverişli istiqamətləri
Kənd turizmi, turizm fəaliyyətinin bir növü
olub, turistlərin kənd yerlərinə dincəlmək və
ya kənd təsərrüfatı işlərində bilavasitə
iştirak etmək məqsədi ilə müvəqqəti
olaraq regionun kənd ərazisinə gəlməsini təklif
edir və kənd turizminin milli iqtisadiyyatın və regionun
inkişafında xüsusi rolunu ifadə edir. Turizm sahəsinin
bir fəaliyyət sektoru kimi kənd turizmi kompleks turizm məhsulunun
spesifikliyindən, eyni zamanda onun müxtəlif
ehtiyatlarından (təbii, mədəni-tarixi, dini və s.)
istifadəyə istiqamətləndirilir. Belə
ki, kənd turizmi turistlərin kənd ərazilərində fərdi
evlərdə (tam və ya qismən komfortlu şəraiti olan
evlərdə) və ya xüsusi komfortlu şəraitə
malik olan yerləşdirmə vasitələrində müvəqqəti
məskunlaşması prosesini şərtləndirir. Kənd
turizmi ilk növbədə ərazidə səssizliyin
(sükunətin), təmiz havanın, sakitliyin və ekoloji təmiz
hava və ya ekoloji cəhətdən natural məhsulun,
komfortlu şəraitdə yaşamanın, yerləşdirmə
vasitələri və ticarət-iaşə obyetlərinin
müvafiq qiymətlərinin, təbiətlə üz-üzə
dayanma hissiyatının, kənd haqqında yeni təəsüratların
əldə olunmasını, yerli adət-ənənələrlə
tanışlığı və onlara hörmət bəslənilməsini,
həmçinin əyləncə məqsədilə
uşaqların xüsusi yerlərdə oynamasını təmin
edən müşayiətçilərin bu sahələrə
sərbəst buraxılması və s. təşkilindən
ibarətdir.
Ölkənin
aqrar sferasında kənd təsərrüfatı istehsalı
prosesinin mexanikləşdirilməsi və
avtomatlaşdırılması, məhsul istehsalı və
emalında məşğul əhalinin sayının
azalması və s. kimi dəyişikliklər, bu sahəni hərtərəfli
əvəz edə bilən və ya ona yaxın olan digər fəaliyyət
növlərinin araşdırılaraq tapılması bu
istiqamətdə tədqiq edilməyə ehtiyac duyulan əsas
məsələlərdən biri hesab edilir. Bu
baxımdan ölkəmizdə kənd turizminin
inkişafına əlverişli imkanların yaradılması
bilavasitə yuxarıda qeyd etdiyimiz məsələlərin həllində,
o cümlədən kəndin dayanıqlı iqtisadi
inkişafının təmin edilməsində mühüm rol
oynayır. Digər tərəfdən, kənd
turizminin iqtisadi artımı region ərazisinin bir sıra
göstəricilərinin lazımi səviyyədə təmin
edilməsini şərtləndirir. Bu fəaliyyət
növü digər sahələrdən özünün bir
sıra spesifik xüsusiyyətlərinin fərqləndirilməsi
ilə izahlandırıla bilər: birincisi, kənd turizmi ilk
başlanğıcda həcmcə çox da böyük
olmayan investisiya tələb edir, ikincisi, bu fəaliyyət
növü yüksək səmərəli və rentabelli səviyyəyə
malik olan gəlirli təsərrüfat subyektidir,
üçüncüsü, digər fəaliyyət növlərinə
nisbətən qısa müddət ərzində gəlir əldə
edilməsinin və xərclərin qısa müddətdə
özünü ödəməsinin təminatçısıdır.
Azərbaycanda da turist resurslarına tələbat
vardır və bu, qeyri-mütəşəkkil turist dəstələrinin
ölkənin müxtəlif regionlarına səyahət etməsi
ilə izahlandırıla bilər. Odur ki, kənd ərazilərində
yerləşən turizm obyektlərində, qonaq evlərində
kənd turizmi ilə əlaqəli infrastrukturun çox hissəsinin
qənaətedici səviyyədə olmaması səbəbindən
kəndlərdə turistik məqsədlə qəbul edilən
turistləri kənd turizmi növünə deyil, kəndin
qonaqpərvərliyinə aid etmək daha məqsədəuyğun
hesab edilir. Kənd turizminin inkişafı bu turizm
növünün böyük həcmdə turməhsulunun
satışına nail olur, kifayət sayda kənd əhalisinin
və ya bu növ fəaliyyətlə məşğul olan
iş adamlarının orada işləməsi
üçün cəlb edilməsinə əlverişli şərait
formalaşdırır və insanların kənd yerlərində
yaşamasını sığortalayır. Kənd yerlərinə
turist axınının formalaşmasında kənd turizminin əlverişli
istiqamətlərini əsasən üç qrupda cəmləşdirmək
olar:
- ailə atmosferinin istirahətinin səmərəliliyinə
istiqamətlənmiş və bu atmosferdə
üstünlük təşkil edən şəraitə
uyğun olaraq turistlərin kiçik və ya yığcam
strukturunu əhatə edən istiqamət;
- uzun müddət şəhər şəraitində
müvafiq müəssisədə istirahətsiz, səs-küylü
şərait, iş yerinin qeyri-komfortluluğu və s. kimi
iş şəraiti mühitindən kənarlaşaraq, sakit,
ekoloji təmiz, dağlıq və ya yaşıllıq ərazisi
olan kənd yerlərində aktiv fəaliyyət
vaxtının keçirilməsinin təşkilini əhatə
edən istiqamət;
- turist qrupunun tərkibində region ərazisinin
mədəni dəyərlərinə, yerli əhalinin adət-ənənələrinə,
ölkənin təqvimində nəzərdə tutulmuş
müvafiq bayramlara olan yüksək maraq dairəsini əhatə
edən istiqamət (sxem 1).
Hazırda
kənd ərazilərində tətbiq edilən turizmin
müxtəlif məqsədli istiqamətlərinə son illərdə
dinamik artım tendensiyasına malik olan aktiv və passiv
formalı istirahət, mədəni-tarixi abidə obyektləri
və muzey kolleksiyaları, rəssamçılıq mənzərəsi,
folklor bədii kollektivləri, xüsusi istedada malik və maraq
doğuran şəxslər ilə tanışlıq turizmi,
kolleksiyaçı turizmi (alkoqollu içkilər,
tütün, ölkələrin milli pul vahidləri, digər
fərqli məhsul və malların kolleksiyasını toplayan
turistlərin dünyanın müxtəlif yerlərinə olan
marağının cəlb edilməsi) aiddir.
2021-ci ildə
yanvarın 24-də Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il
üzrə fəaliyyətinin yekunlarına dair Mətbuat
Konfransında KOBİA-nın ötən il ərzində
görülmüş işlər və perspektiv planları
müzakirə edilmişdir. KOBİA-nın məlumatına əsasən,
2021-ci ildə Agentliyə 5 mindən çox müraciətin
25,3%-i KOB maraqlarının müdafiə edilməsinə,
26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində
məsələlərin həllinə aid olmuşdur.
44 günlük Vətən müharibəsindən dərhal
sonra işğaldan azad edilmiş ərazilərdə biznesin
qurulmasına maraq göstərən yerli və xarici
sahibkarlıq subyektlərinin müraciəti qəbul
edilmiş, o cümlədən “Suqovuşan” qəsəbəsində,
hətta yeni mövsümdə turizm şirkətlərinin fəaliyyətə
başlaması nəzərdə tutulur. Onu da qeyd edək ki, indiyədək
işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq
istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil
olub, bunlardan 47,2%-i investisiya layihələri, 52,8% isə digər
iş və xidmətlərin (əsasən, podrat əsaslı)
həyata keçirilməsi ilə bağlıdır.
Müraciət edən şirkətlər sırasında 27%-i
tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, 18%-i kənd
təsərrüfatı və digər 7%-i turizm, səhiyyə,
təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini
əhatə edir. Buradan görünür ki, həmin ərazilərdə
turizmlə məşğul olmaq istəyən təşkilatlar
çox az pay hissəsinə malikdirlər.
Fikrimizcə, bu sferanın genişləndirilməsi,
o cümlədən kənd turizminin təşkili işləri
qısa müddət ərzində öz inkişaf prioritetlərini
müəyyənləşdirə biləcək və bu
istiqamətdə onların fəaliyyətinə dövlət
dəstəyi vacib məsələlərdən biridir.
Kənd
regionlarında məşğulluğun və
sahibkarlığın inkişafına dəstək məqsədilə
KOBİA, Dövlət Məşğulluq Agentliyi və
Dövlət Turizm Agentliyinin birgə həyata keçirdiyi “Kəndlərdə
sahibkarlığın və özünüməşğulluğun
inkişafı” layihəsi çərçivəsində
2021-ci ildə İsmayıllı rayonunda 15 kənddə
turistlərin qəbulu üzrə qonaq evləri istifadəyə
verilmişdir ki, bu qonaq evlərində də 15 ailədən
olan 40 nəfərə yaxın qadının və gəncin
məşğulluğu təmin edilmişdir. Həmin layihə
çərçivəsində 2022-ci ildə Quba, Qusar,
Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və
Lerik rayonları və daha 50 kənddə qonaq evlərinin
yaradılması nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərin bərpası
və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası
istiqamətində həyata keçirilən tikinti-quruculuq
işlərində dövlət-özəl sektor tərəfdaşlığı
(DÖST) modelinin geniş tətbiq edilməsi də nəzərdə
tutulur.
Son dövrdə aqrar sfera müəssisələrindəki
struktur dəyişikliklərinin və müəssisələrin
işinin təşkilindəki durğunluğun kənd təsərrüfatının
dayanıqlı inkişafına təsirini bir sıra iqtisadi
rayonların sosial-iqtisadi-ekoloji aspektdən zəifləməsi
şərtləndirə bilər. Bu qeyd edilənlər isə öz
növbəsində kənddə məskunlaşmış əhalinin
şəhərlərə miqrasiyası,
iş yerləri və gəlir mənbələrinin getdikcə
azalması ilə nəticələnə bilər. 1990-2020-ci
illərdə Azərbaycan Respublikasında şəhər və
kənd əhalisinin say dinamikasındakı dəyişiklikdə
bu qeyd edilənləri daha aydın görmək olar (diaqram 1).
Diaqramdan
göründüyü kimi, 1990-cı ildə kənd əhalisinin
cəmi əhali sayında xüsusi çəkisi 46,1%, 2000-ci
ildə 48,9%, 2010-2017-ci illərdə 46,8-47,0% və 2017-2020-ci
illərdə 47,1-47,2% təşkil etmişdir ki, bu da şəhər
əhalisinə nisbətən kənd əhalisinin yerləşmə
sayının həmin illərdə azalması ilə
müşahidə olunmuşdur.
Müasir kəndlər onun ərazi cəhətdən tabeliyindəki kənd infrastrukturunun zəif inkişaf etməsi və şəhərin inkişaf səviyyəsində nisbətən həddən çox geri qalması ilə xarakterizə olunur. Kənd ərazilərinin inkişaf etdirilməsi istiqamətində son illərdə ölkə rəhbərliyi tərəfindən müntəzəm olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu aspektdə iqtisadi rayonların, o cümlədən uzun müddət ermənilərin baxımsız halda nəzarətində qalmış, lakin rəşadətli ordumuzun gücü və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə prioritetlər müəyyən edilir. Burada, xüsusi olaraq Füzuli şəhərində qısa zaman kəsiyində tikilmiş və bu yaxınlarda istifadəyə verilmiş beynəlxalq hava limanını, Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsini, Şuşa şəhərində Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsini, həmçinin gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində turizmin, o cümlədən kənd turizminin inkişaf etdirilməsi ilə əlaqəli tədbirlərə start verilməsini və regionun turizm məkanına çevrilməsinin planlaşdırıldığını qeyd edə bilərik. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ağıllı qəsəbə və kəndlərin, o cümlədən fermer təsərrüfatları, yeni turistik mərkəzlər və s. tipli Qarabağ layihələrinin artıq icrasına start verilmişdir.
Beləliklə, kənd ərazilərində
beynəlxalq və yerli turistlərin kütləvi yerləşdirilməsinin
təminatı məqsədilə regionlarda yeni otel, hotel və
s. tipli müəssisələrdə günlük yerləşmə
saylarının artırılması, həmçinin kənd
ərazilərində yüksək komfortlu qonaq evlərinin, yəni turist qəbulu evlərinin tikilib istifadəyə
verilməsi gələcəkdə kənd ərazilərinin
dayanıqlı inkişafına, həmçinin kənd əhalisinin
əlavə gəlir mənbəyinə nail olmasına, kənddə
yaşayan gənc nəslin kəndddən şəhərə
axınının, yəni urbanizasiya prosesinin
qarşısının alınmasına əlverişli şəraiti
formalaşdırmış olacaqdır.
Aygün Səmədova,
Azərbaycan Kooperasiya
Universitetinin doktorantı
İQTISADIYYAT.- 2022.- 12-18 may.- S.4.