Azərbaycan modeli - unikal idarəetmə
sistemi olmaqla bütün uğurlarımızın rəhnidir
Azərbaycan
çox qədim, bütün sivilizasiyalardan keçmiş
tarixə, dərin milli-mənəvi və maddi dəyərlərə
malik bir diyardır. Zaman-zaman tariximiz ciddi təhriflərə və deformasiyalara
məruz qalmış, torpağımız kimi tariximiz də
kiçildilmiş, saxtalaşdırılmış, az qala
soy-kökü, əsli-nəcabəti məlum olmayan etnik
qruplarla eyniləşdirilmişdir. Lakin özümüzü
də, millətimizi də, genefondumuzu da yabançı
ünsürlərdən qoruyaraq XXI əsrə sap-sağlam gətirə
bilmişik. Bu günkü uğurlarımız da müəyyən
mənada genetik yaddaşımızdan qaynaqlanır desək, səhv
etməzdik. Tarixin çox acı
sınaqlarına sinə gərərək bu
günümüzə gəlib çatmaqda - müstəqil Azərbaycan
Dövləti qurmaq, onu yaşatmaq, inkişaf etdirmək və
dünya birliyində layiqli yerə çıxarmaq əsl qəhrəmanlıq
mücəssəməsi, milli qeyrət rəmzidir. Çox
mürəkkəb və şərəfli
müstəqillik yolunuza işıq salmaq üçün bu
proseslərin canlı iştirakçısı olan, ölkəmizin
qanunvericilik bazasının möhkəmləndirilməsində
uzun illər səmərəli fəaliyyət göstərən
Milli Məclisin Aqrar Siyasət Daimi Komissiyasının sədri
Eldar İbrahimovla görüşüb söhbət
etdik, keçid dövrü, iqtisadi inkişaf, aqrar islahatlar,
qlobal problemlər və s. məsələlər barədə
geniş fikir mübadiləsi apardıq.
Bir
az tarixdən
- Hörmətli Eldar müəllim! Azərbaycan sosial-iqtisadi inkişafı fonunda bir az tarixə ekskurs edək. İlk öncə, ölkəmizdə kənd təsərrüfatının inkişaf mərhələlərinə ötəri nəzər yetirək…
Azərbaycanda əkinçilik mədəniyyətinin tarixi çox qədim zamanlara, antik dövrlərə gedib çıxır. Əlverişli təbii iqlim şəraiti, coğrafi vəziyyəti, çoxlu çayların və su mənbələrinin olması ulu əcdadlarımızın bu torpaqlarda məskunlaşmasına səbəb olmuşdur. Qədim yunan və ərəb tarixçilərinin yazılı mənbələri, arxeoloji qazıntılar zamanı aşkar olunan maddi sübutlar, məişət əşyaları, əmək alətləri və s. bunu deməyə əsas verir. Başqa bir sübut Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan zonalarında tapılan və XIV əsrə aid edilən suvarma kanallarının qalıqlarıdır. Bir çox mənbədə Azərbaycan üzümün, armudun, alçanın, əriyin, narın və s. meyvələrin vətəni hesab olunur. Qədim dövrlərdə Azərbaycanda dənli bitkilərin iki növü - buğda və arpa əkilib becərilirdi. Naxçıvan və Mingəçevir ərazilərində aparılan qazıntılar zamanı tapılan buğda, arpa, vələmir qalıqları b.e.ə. III-II minilliklərə aid edilir, Göygöl rayonu ərazisində aşkar olunan şərab küpləri b.e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid edilir ki, bu da üzümçülüyün Azərbaycanda çox qədim tarixə malik olmasını göstərir. Mədəni bitki növlərindən olan pambıq Azərbaycanda b.e.ə. II-III əsrlərdə əkilməyə başlamış, I-VIII əsrlərdə geniş ərazilərə yayılmışdır. İbtidai icma quruluşunun dağıldığı dövrlərdə ölkəmizin ərazisində bağçılıq, üzümçülük, tərəvəzçilik, pambıqçılıq, heyvandarlıq, o cümlədən atçılıq müəyyən inkişaf səviyyəsinə çatmışdır.
Qədim yunan filosofu Strabona görə: "Alban ərazisi Babilistan və Misir ərazilərindən yaxşı suvarılırdı və ildə 2-3 dəfə məhsul götürülürdü". III əsrdə feodalizmin formalaşması ilə əlaqədar olaraq Azərbaycanda istehsal vasitələri gücləndi, buğda, arpa, meyvə, üzüm, tərəvəz sahələri genişləndi, ipəkçilik inkişaf etməyə başlanıldı. Artıq VIII-IX əsrlərdə düyü istehsalına başlanıldı və qısa zamanda bu, Azərbaycanda da geniş yayıldı. İpəkçiliklə ölkəmizdə V-VI əsrlərdən məşğul olmağa başlamışlar. Ərəb tarixçilərinin yazdıqlarına görə, ipək Bərdədən İrana, oradan isə başqa ölkələrə aparılırdı.
VII əsrdə Girdiman dövlətinin yaranması ilə Atropaten və Albaniya ərazisində kənd təsərrüfatı daha da çiçəkləndi, əkin sahələri genişləndi, yaxşı irriqasiya sisteminin yaradılması nəticəsində məhsuldarlıq artdı. Lakin sonrakı dövrlərdə ərəb istilası, monqolların hücumları, xarici qəsbkarların həmlələri Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurdu. XVIII əsrdən isə ölkənin xanlıqlara parçalanması, onlar arasında tez-tez baş verən müharibə və münaqişələr, çəkişmələr, basqınlar, talanlar bu sahəyə sarsıdıcı zərbə vurdu və tənəzzülə sürüklədi. Əmək alətlərinin primitivliyi, kəndlilərə qoyulan yüksək vergi və rüsumlar da əkinçiliyin inkişafına əngəl törədən başlıca amillər sırasında idi.
1828-ci ildə
Azərbaycanın Rusiya və İran arasında
bölüşdürülməsi, müstəqilliyimizin tamam
itirilməsi ilə xalqımızın taleyində acı
günlər başladı. Rusiya
imperiyası daxilində yaşamağa məhkum olan Azərbaycan
xalqı uzun müddət gerilik və səfalətdən yaxa
qurtara bilmədi. Yalnız sovet hakimiyyəti
qurulduqdan sonra ölkənin iqtisadiyyatında müəyyən
dirçəliş baş verdi, torpaq haqqında dekret
imzalandı, ictimai təsərrüfatlar yaradıldı,
vergilər azaldıldı. Lakin zahirdə beynəlmiləl
görünən, xislətində isə türk-müsəlman
əhalisinə qarşı gizli niyyətlər dayanan kommunist
ideologiyası Azərbaycan xalqına o qədər də
xoşbəxt günlər bəxş etməmişdir.
Repressiyalar, təqiblər, sürgünlər, intellekt sahiblərinin
aradan götürülməsi, milli-mənəvi dəyərlərimizə
vurulan zərbələr xalqımızın tarixi
üçün çox da uzaqda olmayan
yaşantılarıdır. Yalnız 1969-cu ildə ulu öndər
Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən
sonra vəziyyət tamam dəyişdi. Qısa
müddətdə ölkə tənəzzüldən və
böhrandan çıxdı, iqisadiyyat dirçəldi, əhalinin
rifah halı durmadan yaxşılaşdı. 1969-1982-ci illər
Azərbaycan xalqının taleyində parlaq səhifələr
açan tarixdir. İttifaq miqyasında ən geridə
qalmış respublika olan Azərbaycan 13 il dalbadal sosializm
yarışının qalibi oldu,
Keçici Qırmızı Bayraq aldı. Azərbaycançılıq
məfkurəsi, milli-mənəvi dəyərlərimiz qorunub
möhkəmləndi, gələcək müstəqilliyimiz
üçün möhkəm zəmin yarandı. Azərbaycan
ucaldı, böyüdü, tanındı və millətlər
içərisində öz imzasını qoydu…
Müstəqilliyimizin
ilk illəri
- Bu illəri necə xatırlayırsınız?
- Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, materiya daim hərəkətdə olduğu kimi dövlət də inkişaf etməli, iqtisadi və siyasi idarəetmə sistemi daim təkmilləşdirilməlidir. Bu proseslərin dayanması və ya yerində sayması ölkədə durğunluqla, tənəzzüllə sonuclanır və nəticədə ölkənin dağılması ilə sona çatır. Azərbaycanın da daxil olduğu SSRİ də müəyyən inkişaf əldə edilməsinə baxmayaraq, XX əsrin 80-ci illərində ölkənin iqtisadi və siyasi həyatında durğunluq yarandı və bu burulğandan çıxa bilməyib 1991-ci ilin sonunda bir ölkə kimi dünya xəritəsindən silindi.
Azərbaycan
Respublikasının Ali Soveti 1991-ci ilin oktyabr ayının 18-də
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Konstitusiya aktını qəbul etdi, Azərbaycan
xalqı əsrlər boyu həsrətində olduğu
müstəqillik və azadlıq ideallarına qovuşdu.
Müstəqilliyimizin ilk illəri acı təəssüratlarla
yaddaşlarda, xatirələrdə qaldı. 1991-1993-cü illərdə
səriştəsiz, ideya və baxışları dövlətçiliyimizin
möhkəmlənməsinə söykənməyən, milli
maraqlardan və məfkurədən uzaq ölkə rəhbərliyi
tərəfindən iqtisadiyyat dağıdıldı,
xalq mülkiyyəti ayrı-ayrı vəzifəli şəxslər
tərəfindən mənimsənildi, hərc-mərclik, xaos,
özbaşınalıq görünməmiş miqyas
aldı. Cəmiyyət çaşqınlıq və
ümidsizlik girdabında boğulurdu. Nicat yolunu da Azərbaycan
xalqı özü müəyyən etdi. 1993-cü ilin iyun
ayında xalqın təkidli tələbi ilə fövqəladə
zəka və böyük nüfuz sahibi Heydər Əliyev
hakimiyyətə gətirildi. O, ölkəyə
rəhbərliyə başladığı ilk gündən
qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi,
cəmiyyətdə əmin-amanlığın bərqərar
olması üçün çox mühüm və təsirli
tədbirlər həyata keçirməyə başladı.
1994-cü ilin may ayında atəşkəs müqaviləsi
imzalandı, ölkədə nisbi sabitliyin təmin
edilməsi iqtisadi islahatlara başlamaq üçün əsaslı
zəmin yaratdı. 1994-cü ilin sentyabr ayında
dünyanın inkişaf etmiş bir çox ölkələrinin
aparıcı şirkətləri tərəfindən "Əsrin
neft müqaviləsi" imzalandı. Ölkədə sabitliyi
pozmaq, öz qara niyyətlərini həyata keçirmək
üçün müəyyən qüvvələr
1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət
çevrilişinə cəhdlər təşkil etdilər.
Lakin Heydər Əliyevin yüksək təşkilatçılığı
və vaxtında həyata keçirdiyi tədbirlər bu cəhdlərin
qarşısını aldı, ölkəmizdə siyasi
sabitlik təmin edildi. Bundan sonra bazisi təşkil
edən iqtisadi islahatlarla yanaşı üstqurum yaratmağa
xidmət edən siyasi islahatların vəhdətinə
yönəlmiş tədbirlər həyata keçirilməyə
başlandı. 1995-ci ildə vətəndaşların
hüquq və vəzifələrini, azadlıqlarını,
dünyəvi dəyərləri dolğun şəkildə
özündə ehtiva edən Azərbaycan
Respublikasının Konstitusiyası qəbul olundu. Bu sənəd
hakimiyyətin bölünməsi prinsiplərinə əsaslanaraq,
mülkiyyətin dövlət, bələdiyyə və
xüsusi mülkiyyət növlərinin olmasını təsdiq
etdi. Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar
münasibətləri əsasında iqtisadiyyatın
inkişafına şərait yaradır, azad sahibkarlığa
təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir. Bütün bu müddəalar ölkəmizdə
hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə
imkan yaratdı. Bununla da 1991-1995-ci illəri əhatə edən
iqtisadi tənəzzül və siyasi xaos dövrü
1996-cı ildən başlayan dinamik makroiqtisadi inkişaf və
siyasi sabitlik dövrü ilə əvəz olundu. Onu da
qeyd edək ki, 1992-ci ilin yanvar ayından başlamış
çox zəif və sistemsiz həyata keçirilən bir
sıra tədbirlər lazımi nəticə verməmiş,
bir çox neqativ hallara səbəb olmuşdur. Belə ki, istehlak mallarının qiyməti
1990-cı ilə nisbətən yüz dəfələrlə
artmış, 1994-cü ildə büdcə kəsirinin
ÜDM-ə nisbəti 13 faizə çatmış, ölkə
iqtisadiyyatına bir manat da olsa xarici sərmayə
qoyulmamış, 1992-1994-cü illərdə xarici ticarət
dövriyyəsinin həcmi 42 faiz azalmış, maliyyə bank
sistemi iflic vəziyyətə
düşmüşdü.
Azərbaycan
modeli
- İlk
öncə, hansı təxirəsalınmaz tədbirlər həyata
keçirildi?
- Ölkə
iqtisadiyyatının belə ağır vəziyyətdə
olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin
uzaqgörən və praqmatik siyasəti, həyata keçirilən
ardıcıl sistemli tədbirləri nəticəsində
1996-cı ildən etibarən iqtisadiyyatda canlanma
başlandı. Bu tədbirlər
sırasına Azərbaycan modelinin tərkib hissəsi
olan bir çox əhəmiyyətli sənədlərin qəbul
edilməsini aid etmək olar. Bunlardan "Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət
Proqramı", "Azərbaycanda kiçik və orta
sahibkarlığa Dövlət yardımı Proqramı
(1997-2000-ci illər)", "Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı", "Azərbaycan Respublikasında aqrar bölmənin
inkişafının dövlət proqramı (2002-2006-cı
illər)", "Azərbaycan Respublikasının demokratik
inkişaf konsepsiyası", "Azərbaycan
Respublikasında turizmin inkişafına dair Dövlət
Proqramı", "Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə
Dövlət Proqramı (2003-2008-ci illər)" və
ölkənin bir çox iqtisadi və sosial məsələlərinə
dair digər proqramları və konsepsiyaları qeyd etmək
olar. Bu tədbirlərin həyata keçirilməsi ilkin mərhələ
olmaqla Azərbaycanın dinamik inkişaf yoluna
çıxmasında müstəsna rol oynamışdır.
- Azərbaycan
MDB məkanında aqrar islahatı uğurla aparan ölkələrdəndir. Bir çox
mürəkkəb məqamları özündə ehtiva edən
aqrar bölmədə köklü islahatlar aparmaq o qədər
də asan başa gəlmədi, elə deyilmi?
- Azərbaycanın
iqtisadiyyatında özünəməxsus yer tutan və
ölkədə sosial vəziyyətə böyük təsiretmə
gücünə malik olan aqrar bölmədə də
islahatların aparılması o qədər də asan məsələ
kimi görünmürdü. Ötən əsrin
70-ci illərində yaradılmış möhtəşəm maddi-texniki baza çox qısa
zamanda, demək olar ki, məhv edilmiş, əvvəllər
mövcud olan iqtisadi əlaqələr qırılmış,
aqrar-sənaye kompleksi özbaşına
buraxılmışdı. Ölkə iqtisadiyyatının
mühüm sahəsini və əhalinin 50 faizini əhatə
edən aqrar bölməni keçmişdə olduğu
kimi inzibati-amirlik metodu ilə idarə etmək
qeyri-mümkün idi. Yeganə düzgün
istiqamət aqrar sahədə köklü islahatlar aparmaqla vəziyyəti
tədricən qaydaya salmaq olardı. Bunun üçün ilk
növbədə torpaqlar özəlləşdirilməli,
kolxoz və sovxozlar ləğv edilərək onların əvəzinə
yeni təşkilati-hüquqi formalı təsərrüfatlar
yaradılmalı, sahibkarlıq inkişaf etdirilməli və
digər islahat tədbirləri həyata keçirilməli
idi. İslahatın uğurla başa çatdırılması
üçün ən başlıca şərt ədalət
prinsipinin, həmçinin də torpaq bölgüsündə
şəffaflığın gözlənilməsi idi.
Birinci mərhələdə (1993-1994-cü illər) aqrar islahatlar barədə ölkəmizdəki reallıqlar nəzərə alınmaqla, dünya təcrübəsinin öyrənilməsi və yekdil bir fikrin formalaşmasına diqqət yönəldildi.
İkinci mərhələ
(1995-1996-cı illər) aqrar islahatlara başlamaq
üçün müvafiq normativ-hüquqi bazanın
yaradılması ilə xarakterizə olunur. Bu dövrdə
"Aqrar islahatların əsasları haqqında",
"Sovxoz və kolxozların islahatı haqqında",
"Torpaq islahatı haqqında" Azərbaycan
Respublikasının Qanunları və "Aqrar islahatların
həyata keçirilməsini təmin edən bəzi
normativ-hüquqi aktların təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər
qanunvericilik aktları təsdiq edilərək tətbiq edilməyə
başlandı.
Aqrar
islahatların üçüncü mərhələsində
(1997-2000-ci illər) torpaqların özəlləşdirilməsi
həyata keçirildi, yeni tipli təsərrüfatlar
yarandı, sahibkarlıq subyektləri formalaşdı. Yeni
yaradılan təsərrüfatçılıq
formalarının fəaliyyətini ölkədə həyata
keçirilən iqtisadi və siyasi islahatlarla əlaqələndirmək üçün Torpaq, Su,
Meşə Məcəllələri, "Torpaq icarəsi
haqqında", "Torpaq bazarı haqqında",
"Toxumçuluq haqqında", "Torpaqların
münbitliyi haqqında", "Bələdiyyələrin əraziləri
və torpaqları haqqında" və bir sıra digər
qanunlar və bu qanunların tətbiqini təmin edən
normativ-hüquqi aktlar qəbul edilmişdir. Bundan
başqa aqrar-sənaye kompleksinin mühüm sahələri
olan kənd təsərrüfatı maşınqayırma və
emal müəssisələrinin özəlləşdirilməsi
və onların bəzilərinin səhmdar cəmiyyətlərə
çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən
qurulması prosesinə başlanmışdır. Aqrar islahatların 2000-2002-ci illəri əhatə edən
dördüncü mərhələsində torpaq və su
üzərində bələdiyyə mülkiyyətinin bərqərar
olması istiqamətində mühüm əhəmiyyəti
olan "Bələdiyyələrin su təsərrüfatı
haqqında" və "Bələdiyyə
torpaqlarının idarə edilməsi
haqqında" qanunlar qəbul edilmiş, aqrar islahatların dərinləşməsi,
torpaq və kpedit bazarının formalaşması, fermer təsərrüfatının
səmərəli fəaliyyət göstərməsini təmin
edən, kənddə orta və kiçik
sahibkarlığın inkişafına təkan verən
bir neçə normativ-hüquqi sənədlər
imzalanmışdır. Görülən tədbirlərin nəticəsində
torpaqlar kənd sakinlərinə ədalətli şəkildə
paylandı, bu sahəyə investisiya qoyulması, vergi, kredit və
sığorta siyasətinin yeniləşdirilməsi və təkmilləşdirilməsi
üçün konkret tədbirlər həyata keçirildi.
Torpaq islahatı nəticəsində Azərbaycan
Respublikası ərazisinin 57 faizi dövlət mülkiyyətində
(əsasən meşələr, otlaqlar, qoruqlar, dövlət
toxumçuluq və damazlıq təsərrüfatlarının
torpaqları və s.) saxlandı, 23 faizi bələdiyyə
mülkiyyətinə verildi, 20 faizi isə özəlləşdirildi.
Bu dövrdə Heydər Əliyevin parlaq zəkası, zərgər
dəqiqliyi ilə ölçülüb-biçilmiş
praqmatik siyasəti nəticəsində MDB məkanında
analoqu olmayan yeni bir model - Azərbaycan modeli formalaşdı.
Müasirləşən,
yeniləşən Azərbaycan
- Memarı və yaradıcısı ulu öndər olan Azərbaycan modelini qloballaşan dünyanın axarı istiqamətində möhkəmləndirmək və inkişaf etdirmək missiyası möhtərəm Prezidentimiz İlham Əliyevin payına düşdü. O, bunun öhdəsindən ağılla, dərrakə ilə və məharətlə gələ bildi. Bütün bu proseslərin iştirakçısı kimi sizin fikirlərinizi bölüşmək istərdik…
- Böyük fəxr hissiylə deyə bilərik ki, 2003-cü ildə demokratik seçki yolu ilə hakimiyyətə gələn Prezident İlham Əliyev Heydər Əliyev irsinə sadiq qalaraq bu modeli daha da təkmiləşdirdi və ölkəmizin qüdrətlənməsi üçün dolğun layihələr və proqramlar həyata keçirdi.
Hakimiyyətə gəldiyi ilk vaxtlardan imzaladığı fərmanlar və sərəncamlar onu göstərir ki, cənab Prezident iqtisadiyyatın qlobalaşması prosesində aqrar bölmənin dövlətin dəstəyi olmadan inkişafının mümkün olmadığını böyük peşəkarlıqla yəqin etmişdir. Ölkə başçısının 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008 illər)" buna əyani sübutdur. Ölkə əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında aqrar bölmənin geniş imkanlara malik olmasını nəzərə alaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü ilin oktyabrında "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamlar imzalanmışdır. Bu Proqramda bölgələrdə yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi, aqrar-ərzaq siyasətinin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını təmin edən kompleks tədbirlər nəzərdə tutulmuşdur. Dövlət Proqramının və ona əlavə edilmiş bir çox məsələlər uğurla yerinə yetirilmiş və Proqramın icrasına 6 milyard manatlıq investisiya qoyulmuşdur. Nəticədə dünyanın heç bir ölkəsində müşahidə olunmayan sosial-iqtisadi artım əldə edilmişdir. 2003-cü il ilə müqayisədə 2008-ci ildə dünya iqtisadiyyatı 25,4 faiz artdığı halda, Azərbaycan iqtisadiyyatı (ÜDM-in artımı) 2,6 dəfə artmış, adambaşına düşən nominal həcm 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Son 5 ildə ölkə iqtisadiyyatına 38 milyard manatlıq investisiya qoyulmuşdur ki, bunun da 16 milyard manatı daxili investisiyalar olmuşdur. Son 5 ildə kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, aqrar sahədə yaradılan əlavə dəyərin real artım səviyəsi 25,1 faiz təşkil etmişdir. Ərazimizin 20 faizinin erməni işğalında olmasına baxmayaraq, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dəyəri 1991-ci ilin səviyyəsini ötmüşdür. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalında özəl bölmənin payı 99,7 faiz təşkil edir. Heç təsadüfi deyildir ki, dünyanın ən birinci və qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə, ilin bir nömrəli islahatçı ölkəsi kimi tanımışdır. Bu fərəhləndirici və qürur doğuran hadisədir. Bütün bu uğurların təməlində respublikada həyata keçirilən məqsədəyönlü, ardıcıl və düzgün siyasət, uzaq gələcəyə yönəlmiş mükəmməl strategiya dayanır.
Azərbaycan bu
gün dünyanı narahat edən iki əsas problemdən, yəni
enerji və ərzaq təhlükəsizliyi problemlərindən
birini tamamilə həll etmişdir. Bu həmin enerji
təhlükəsizliyi məsələsidir ki, hazırda
ölkəmiz neft, elektrik enerjisi və qazla özünü
tam təmin etməklə yanaşı, həmin məhsulları
dünya bazarına ixrac edir. Ərzaq təhlükəsizliyi
probleminin həlli istiqamətində də respublikamızda
konkret tədbirlər görülür. Bü
məqsədlə ölkə başçısı 2008-ci
ilin avqust ayında "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" və
"Kənd təsərrüfatı məhsulları
istehsalatçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə" sərəncamlar
imzalanmışdır. Bu sərəncamların
icrasını təmin etmək məqsədi ilə 2008-ci
ilin dövlət büdcəsindən 25 milyon manat vəsait
ayrılmış, 2009-cu ilin büdcəsindən isə 60
milyon manat vəsait ayrılması nəzərdə
tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə
kartof, meyvə-tərəvəz və bostan məhsullarına
olan tələbat tam ödənilir və istehsal edilən məhsulların
bir qismi ixrac olunur. Respublikamızda ərzaq taxılına olan
tələbat ödənilsə də, heyvandarlıq məhsullarına
olan tələbat hələlik tam ödənilmir. Bu məqsədlə
bir sıra tədbirlər həyata keçirilməyə
başlamışdır. Bunlar əsasən,
aqrar sahədə çalışan sahibkara güzəştli
kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulları
istehsalına vergi və sığorta güzəştlərinin
tətbiqi, subsidiyaların verilməsi, gömrük
rüsumlarında güzəştlər, aqrolizinq yolu ilə
texnika, gübrə, toxum və damazlıq heyvanların
alınıb fermerlərə verilməsi və digər
dövlət yardımının və dəstəyinin
göstərilməsidir. Aqrar bölməyə
dövlət qayğısının nəticəsidir ki,
2008-ci ildə 2007-ci ilə nisbətən taxıl istehsalı
494 min ton artmış və 2009-cu ilin məhsulu
üçün keçən ilə nisbətən 231 min
hektar çox sahədə dən üçün taxıl səpini
aparılmışdır ki, bu da taxıla olan təlabatın
daha dolğun ödənilməsinə yönəldilmişdir.
Bax, budur müasir Azərbaycanda mövcud reallıq, milli mənafeləri
qloballaşan dünya siyasətinə ağılla, dərrakə
ilə uzlaşdırmağın uğurlu nəticəsi!
-Hörmətli Eldar müəllim!
"İqtisadiyyat"
qəzetinin on yaşı tamam olur. Qəzet kollektivinə
arzu və təkliflərinizi eşitmək xoş olardı.
- "İqtisadiyyat" qəzeti ölkədə və dünyada gedən sosial-iqtisadi prosesləri ardıcıl, doğru-düzgün, elmi əsaslarla təhlil edən, iqtisadi məsələləri hərtərəfli işıqlandıran ciddi mətbuat orqanıdır. Onun səhifələrində yer alan analitik yazılar, müəllif məqalələri, qlobal iqdisadi problemlərə həsr olunan müzakirə və diskussiyalar xüsusi təqdirə layiqdir. Ölkəmizin sosial-iqtisadi həyatında baş verən bütün məsələlər haqqında bu qəzet səhifələrindən faydalı bilgi almaq olar. Qəzetin öz yolu, öz dəsti-xətti, öz məramı-məqsədi var. Onu başqa nəşrlərdən fərqləndirən məziyyətlər də budur. Yubiley münasibəti ilə qəzet kollektivini təbrik edir, onlara bol-bol sevinc və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
- Çox sağ olun.
Zülfü İLYASOV
İqtisadiyyat.- 2009.- 12-18 fevral.- S. 3.