Vergilər Nazirliyində
görüş keçirilmişdir
Ötən həftə
Vergilər Nazirliyinin Mərkəzi Aparatında Beynəlxalq
Maliyyə Korporasiyasının və İrlandiyanın
"Enerprise Registry Solutions" şirkətinin nümayəndə
heyəti ilə görüş keçirilmişdir.
Keçirilən
görüşdə əsas məqsəd "Enerprise Registry
Solutions" şirkəti tərəfindən Azərbaycanda
kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatında "bir pəncərə" sisteminin qiymətləndirilməsi
və qeydiyyat sisteminin gələcək inkişafı ilə
bağlı görüləcək tədbirlərin
müzakirəsi olmuşdur.
Görüşdə
Vergilər Nazirliyi tərəfdən vergilər nazirinin
müavini, 3-cü dərəcəli dövlət vergi xidməti
müşaviri Sahir Məmmədxanov, vergilər nazirinin
müşaviri, baş vergi xidməti müşaviri Asəf Əsədov,
Kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının təşkili və iqtisadi təhlil Baş
İdarəsinin rəisi, baş vergi xidməti müşaviri
Zaur Fətizadə, Beynəlxalq münasibətlər idarəsinin
rəisi, baş vergi xidməti müşaviri İlqar Əkbərli
və vergilər nazirinin mətbuat katibi, 1-ci dərəcəli
müfəttiş Fariz Səmədov, qarşı tərəfdən
isə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycanda
biznes mühitinin təkmilləşdirilməsi layihəsinin rəhbəri
Boris Divyak, həmin layihənin hüquq məsələləri
üzrə müşaviri Fəxriyar Cabbarov, "Enerprise
Registry Solutions" şirkətinin baş meneceri Deklan Giney, həmin
şirkətin layihə meneceri Stefan Mörrey və hüquq məsələləri
üzrə ekspert Ronan Kormakeyn iştirak etmişlər.
Qonaqları salamlayan
vergilər nazirinin müavini Sahir Məmmədxanov onları
Bakıda görməkdən məmnun olduğunu qeyd
etmişdir. Azərbaycanın vergi sistemində son illər həyata
keçirilən uğurlu islahatlar haqqında məlumat verən
Sahir Məmmədxanov əldə olunan nailiyyətlərdə
ümummilli lider Heydər Əliyevin və onun layiqli
davamçısı, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin müstəsna rolunun olduğunu bildirmişdir.
Ölkə rəhbəri tərəfindən ötən ilin
yanvar ayının 1-dən etibarən kommersiya hüquqi şəxslərin
dövlət qeydiyyatının aparılmasının məhz
Vergilər Nazirliyinə tapşırılmasının
bütün nazirlik əməkdaşlarının üzərinə
böyük məsuliyyət qoyulduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, qısa müddət ərzində
görülmüş işlər nəticəsində
qeydiyyat proseduru tamamilə sadələşdirilmiş və
sahibkarlar tərəfindən böyük razılıqla
qarşılanmışdır.
Çıxış edən
"Enerprise Registry Solutions" şirkətinin baş meneceri
Deklan Giney Azərbaycanın paytaxtı Bakıda olmaqdan məmnunluğunu
ifadə etmiş və "bir pəncərə"
prinsipinin fəaliyyəti ilə tanış olmaq
üçün yaradılan şəraitə görə
nazirliyin rəhbərliyinə öz təşəkkürünü
bildirmişdir. Bakıda olduqları müddət ərzində
kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının "bir pəncərə" prinsipi
üzrə aparılması proseduru ilə yaxından
tanış olduqlarını və bu müddət ərzində
görülən işlərin təqdirəlayiqliyini
vurğulamışdır. Deklan Giney görülən işlərin
nəticəsi olaraq Dünya Bankı və Maliyyə
Korporasiyasının layihəsi olan "Doing Business"in
2008-ci il üçün tərtib edilən hesabatında Azərbaycanın
64-cü pillədən 13-cü yerə yüksəldiyini və
ən islahatçı ölkə elan olunduğunu qeyd
etmişdir. Qonaq, eyni zamanda, biznes nümayəndələri ilə
görüşdüklərini və həmin görüşlər
zamanı "bir pəncərə" prinsipinin tətbiqinin
müsbət qarşılandığının şahidi
olduğunu bildirmişdir.
Sonra qeydiyyat sisteminin gələcək
inkişafı, nəzərdə tutulan təkmilləşmələr
və bu istiqamətdə görüləcək işlər
haqqında ətraflı müzakirələr
aparılmışdır.
Toğrul ƏLİYEV
İqtisadiyyat.- 2009.- 12-17 mart.- S.4.