Təhsil mühitinin saflaşması
ən böyük problemlərdən biridir
Hamlet İsaxanlı: Saxta danışan, çirkin düşünən
insanlara rast gələndə adam məyus olur. Biz də
inqilabçı olmadığımız üçün belə
vəziyyətdə ya şeir, ya da esse yazmaqla təsəlli
tapmaq olur
O, riyaziyyatçı alim
olmaqla yanaşı, humanitar və sosial elmlərin bir çox
sahələrində yazdığı elmi tədqiqat işlərinin,
poetik və bədii publisistik əsərlərin müəllifi
kimi tanınır. Xəzər Universitetinin təsisçisi və
rektoru Hamlet İsaxanlının keçid iqtisadiyyatı
yaşayan ölkələrin təhsil sistemində islahatlara
dair baxışları, nəzəri və praktik işləri
təhsil xadimlərinin, hökumət nümayəndələrinin,
siyasətçilərin və ictimaiyyətin fikir və
işinə təsir göstərib.
Qəzetimizə müsahibəsində
H.İsaxanlı təkcə həm bir alim, həm də bir vətəndaş
kimi təhsil sisteminin uğur və problemləri ilə
yanaşı, ümumən cəmiyyətdə onu
düşündürən və narahat edən məsələlərə
münasibətini bildirib.
TƏMİZ MÜHİT
- Rəhbərlik
etdiyiniz universitet qeyri-dövlət ali təhsil müəssisələri
arasında hansı mövqeyə malikdir?
- Mənim
reklamdan heç vaxt xoşum gəlmir. Əslində hər hansı bir
insan və ya təşkilat haqqında rəyləri
qıraqdan soruşmaq lazımdır. Amma mahiyyəti izah edə
bilərəm: Xəzər Universitetinin yaranmasının bir
sıra səbəbləri var ki, o, öz missiyasını
yerinə yetirməyə çalışır və digərlərindən
bununla fərqlənir. Biz dünya ilə səsləşən,
müasir bir ali məktəb qurmağa
çalışdıq. İlk növbədə
çalışdıq ki, dünyanın aparıcı
universitetlərində tələbələr hansı fənni
oxuyursa, müəllimlər hansı fənndən dərs
verirlərsə onlara bənzəsin. Harvardda, Oksvordda, məsələn,
kimya dərsində uşaqlar nəyi öyrənirlərsə,
biz də onu öyrədək. Amma əgər uşaq qabiliyyətlidirsə,
sonra öz istedadı hesabına o ali məktəbdəki
uşaqla yarışa da, nəhayət təhsilinin
ardını orda davam da etdirə bilər. Bunun
üçün universitetin tədris dilini ingilis dili etməyə
çalışdıq. Bütövlükdə mütəxəssis
yetişdirmək üçün tədris
planlarımızı da həmin universitetlərin təcrübəsi
əsasında qurduq. Heç burdakı tədris planlarına
dönüb baxmadıq. Daha bir ideya mümkün qədər
uşaqlara seçmə imkanları verməyə
çalışmağımızdan ibarət oldu. Hər tələbənin
faktiki olaraq öz trayektoriyası olmalıdır dünyada
belə qəbul olunub. Xəzər Universiteti bununla da fərqləndi.
Ən mühüm amillərdən biri burda
tapşırığın, rüşvət
anlayışının olmamasıdır. Əgər təhsil
ocağında belə şeylər oldusa, orda heç bir
keyfiyyətdən danışmaq olmaz. Rektor, müəllim
daxil olmaqla bu təhsil ocağında saxtakarlıq etmək,
qiymət dəyişdirmək, bir tələbəni
tapşırmaq və s. mümkün deyil. Artıq mühit elə
qurulub ki, kənardan dəvət olunan bir müəllim gəlib
nəyə isə cəhd eləsə, mühit onu qəbul eləmir.
- Universitetin başqa dövlətlərin
ali məktəbləri ilə əməkdaşlığı
hansı səviyyədədir?
- Biz beynəlxalq əlaqələr
şəbəkəsi qurmuşuq. Bir ucu Amerikaya, bir ucu
Yaponiyaya gedib çıxan, Avrasiya məkanını,
Afrikanın şimalını əhatə edən əməkdaşlıq
proqramlarımız var. İstənilən qabiliyyətli tələbə
bir yerə getmək istəyəndə onu göndərə
bilirik. Bu smestr çoxlu tələbə və müəllimlərimiz
xaricə gedib. Dünyanın hər
yerindən də bizdə tələbələr oxuyur.
- Tələbələr
universiteti bitirdikdən sonra iş tapmaq çətinliyi ilə
üzləşirlərmi?
- Bilirsiniz ki, nə dövlət,
nə də özəl müəssisələr işlə təminatı
öz üzərlərinə götürmür. Bu, tələbənin
öz işidir. Tələbə səviyyəli mütəxəssis
kimi yetişsə özünə iş tapacaq. Bununla bərabər,
universitetlər bu işə təkan verməyi də öz
üzərlərinə götürürlər. Çünki
universitetin məhsulu onun məzunlarıdır. Onlar nə qədər
yaxşı işlə təmin olunurlar, nə qədər
yüksək vəzifə tuturlarsa, bu, universitetin gücünün
birinci göstəricisidir. Biz ilk dəfə Azərbaycanda
amerikalıların və ingilislərin köməyi ilə
peşə məşğulluq mərkəzini qurduq. Tələbələr
burada oxuya-oxuya, yuxarı kursa çatanda iş verən
şirkətlərlə əlaqə qururuq. Şirkətlərin
özlərinin də qabiliyyətli məzunları işə
götürmək marağı var. İxtisasdan da çox
şey asılıdır. Hətta, dünyanın ən
yaxşı universitetlərində də ixtisasdan asılı
olaraq işədüzəlmə və əmək haqqı
ƏN BÖYÜK BƏLA
- Dediklərinizə
görə, ümumi təhsil məkanında təhsil keyfiyyəti və müəllimlərin
saflığı ilə
fərqlənən bir
ada yarada bilmisiniz. Amma təcrübəli bir mütəxəssis
kimi Azərbaycanda bütövlükdə təhsilin səviyyəsi
barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Təhsilin ortalama səviyyəsi
deyilən anlayış yoxdur. Çünki təhsil orta məktəb,
daha sonra ali məktəb tərəfindən verilir. Onların
metodologiyası, ideologiyası, səviyyəsi necədirsə,
təhsilləri də o cürdür. Bu, təhsil müəssisələrinin
səviyyəsi ilə ölçülür. Deyim ki,
çox yüksəkdir, bunu qəti deyə bilmərəm. Azərbaycanda
elə bir adam yoxdur ki, bizdə təhsil çox yüksək
səviyyədədir deyə bilsin. Hesab edirəm ki, Azərbaycanda
təhsil orta səviyyədədir. Əlbəttə, xeyli
yeniləşmələr var. Məsələn, məktəblərin
fiziki və maddi vəziyyəti xeyli yaxşılaşıb.
Amma tapşırıq, rüşvət sistemi tam aradan
qalxmayıb. Ən böyük bəla da bunu hesab edirəm. Təhsil
mühitinin saflaşması ən böyük problemlərdən
biridir. Digər problem isə təhsil işçilərinin
maddi vəziyyətinin yaxşılaşdırılması ilə
bağlıdır. Ali məktəb müəllimi bir neçə
yerdə işləyəndə tədrisinin keyfiyyəti də
aşağı düşür. Təhsil sahəsində
Avropaya inteqrasiya etməyə çalışırıq.
Bizim qəbul imtahanları sistemi nəinki mükəmməl
deyil, çox böyük qüsurları var. Bu, ailələrə,
uşaqlara çox böyük stress yaradır. Məsələn,
uşaq bioloq olmaq istəyir, amma bu ixtisasla yanaşı, digər
ixtisasları da yazır. Başqa ixtisas üzrə qəbul
olunursa həvəssiz oxuyur. Amma dünya sistemi fərqlidir. Bu
sahədə güclü addımlar atılmalıdır.
HİSSLƏRİN HARMONİYASI
- Siz riyaziyyatçı alimsiniz,
amma bədii yaradıcılıqla da məşğul olursunuz. Bu
harmoniyanı necə yarada bilmisiniz?
- Çox insanlar var ki, bir
neçə sahə ilə məşğul ola bilirlər. Burada
təəccüblü heç nə yoxdur. Düşünürəm
ki, bu insanın düşüncə tərzi ilə, öz
hisslərini ifadə etməsi ilə bağlıdır. Riyaziyyatla
şeir və ya musiqi arasında elə də böyük fərq
yoxdur. Çünki bunların hamısı intuisiya tələb
edir. Hamısının içində məntiq var və
hamısı gözəllik axtarışındadır. Riyaziyyatın
qeyri-adi gözəlliyini təəssüf ki, yalnız
riyaziyyatçılar görə bilir. Amma musiqini, şeiri
hamı rahat başa düşür. Şeir, mahnı
insanın içində yaranan hisslərdir. Bu hisslər
müxtəlif cür üzə çıxa bilər və hər
adamda eyni səviyyədə olmur. Məndə riyaziyyata da, ədəbiyyata
da sevgi uşaqlıqdan olub. Hətta bir-birləri ilə rəqabət
də aparıblar. Amma məsləhət oldu ki, mən
riyaziyyatçı olum. Xoşbəxtəm ki,
riyaziyyatçı oldum və dünyanın
riyaziyyatçı kimi gəzdim. Dünyanı
riyaziyyatçı kimi dərk elədim. Amma elə şeylər
var ki, onu riyaziyyatla ifadə edə bilməzsən. Riyaziyyatda
təbiətin gözəlliyini riyazi dillə, şeirdə isə
poetik dillə təsvir edirsən.
Şeirlərim aktyorların
ifasında söyləndi, bəstəkarlar mahnılar
yazdı. Çap olunması üçün israr edənlər
də oldu. Mən də müəyyən mənada risk elədim.
Başqa sahənin aliminin şeirlərini çap etdirməsini
insanlar yaxşı qarşılamaya bilərdi. Ona görə
də bir az ehtiyat edirdim. Şükür Allaha, pis
qarşılanmadı! Xoşa gələn rəylər oldu.
Elə oldu ki, şeirlərim Çində, Rusiyada, İranda,
Gürcüstanda tərcümə olunaraq çap olundu.
AZAD İNSANIN DÜŞÜNCƏSİ
- Bu da bir həyatdır kitabınızda Əbədiyyət
varmı?, Varsa nədir o?, Nədir həyat?, Kim kimi yaratdı? suallarını
qoymusunuz. Bu suallara riyazi hesablamalarla cavab axtarırsınız,
yoxsa poeziyanın gücü ilə?
- İnsan
sualı dərrakə
ilə verir. Dünyanın müəmmalarını,
sirlərini hərtərəfli
düşünür. Suallara
cavabı əlbəttə,
poetik ifadə edirsən. Amma poetik ifadənin içində fəlsəfə
var. Fəlsəfi fikir
olan şeir çox yaşayır. Kimi kim yaratdı?
sualını verərkən
deyirəm ki, Nənəm mənim dünyamı öncə yaratdı. Sonra da öz ağlımla
dünyanı dərk
elədim. Sonra da deyirəm ki, bütün hadisələri qiymətləndirən
baş hakim zamandır. Bu sualların doğru cavabını zaman deyəcək.
- Ağlıma
görə heç vaxt zərər çəkməmişəm, amma
hisslərimə görə
ziyan çəkmişəm
- bu sizin sözlərinizdir. Hisslərinizin
sizə gətirdiyi ziyan nə olub?
- İnsanların
müxtəlif tipləri
olur. Diplomatik, siyasi tiplər var ki, onlar
danışıqlarında həddən artıq ehtiyatlıdırlar. Həmişə
xeyri olan şeyləri danışmağı
hesablayırlar ki, bu onların karyerasına get-gedə təsir eləsin. Mənim tipim isə tamam başqadır azad, sərbəst, yaradıcı
insanın düşündüyüdür.
Mən istənilən
məclisdə öz düşündüyümü deyirəm. Bu, bir dəstə adamların xoşuna gəlirsə, bəzi adamların xoşuna gəlmir. Çünki bu, onların dəyərlərinə
toxunan şeylər ortaya qoyur. Siyasi
düşünən adam
isə o sözü həmin məclisdə deməz. Və ya bir məclisdə
bir adamı tərifləyirlər. Mən
onda susuram. Diplomatik düşünən
adam hamı təriflədi, mən də deməsəm yaxşı olmaz- deyə o da tərif deyir. Bu, diplomatik ağılla deyil, insanın hisləridir. İnsanı
insan edən onun hissləridir, tək ağıl deyil.
YAŞAMAĞIN ÇƏTİNLİYİ
- Yaşamaqdır
bu dünyada ən ağır iş - bunu da siz yazmısınız.
Yaşamağı sizin
üçün çətinə
çevirən nədir
ki?
- Bir filosof deyərdi ki, Mən ölümdən
qəti qorxmuram. Nə qədər ki, mən sağam
ölüm yoxdur. İnsanlar ölümün
varlığını qəbul
edirlər. Amma insan həyatı boyu mübarizədə olur. Bu zaman insan tək özündən deyil, ətrafdakılardan asılı
olur. Bu mübarizədə
bəzən insanlar haqqı tapdalayırlar. Haqqı nahaqqa qurban verirlər. Ona görə də yaşamaq çox ağır işdir.
- Bir vətəndaş kimi bu gün sizi
cəmiyyətdə ən
çox narahat edən nədir?
- Saxtakarlıq
Həyatda olan bütün faciələrin,
fəlakətlərin kökündə
saxta düşüncələr
durur. Təəssüf
ki, buna çox rast gəlinir. Bəlkə mən saxtakarlığa ona görə az rast gəlirəm
ki, burda özümüzə fərqli
bir dünya yaratmışıq. Və
özümüzü bu
dünyada yaxşı
hiss edirik. Bununla bərabər, hər səviyyədə insanla təmasda oluruq. Saxta danışan, çirkin düşünən
insanlara rast gələndə adam məyus olur. Biz də inqilabçı olmadığımız üçün
belə vəziyyətdə
ya şeir, ya da esse
yazmaqla təsəlli tapmaq olur.
- Qarşıdan
Novruz bayramı gəlir. Bayramın sizə bəxş etdiyi hisslər
- Novruz bayramı kənddə doğulub böyüyən
adam kimi çox sevdiyim bayramdır. İlk növbədə yəqin
ki, tonqala görə. Bu, uşaq vaxtı mənə qeyri-adi görünürdü.
Digər tərəfdən,
bu, təbiətin dəyişməsidir. Yazın
gəlməsini duyğu
adamları həmişə
qeyri-adi qarşılayırlar.
Mən bu il Novruz bayramını
İngiltərədə keçirəcəyəm.
Səmənini götürüb
orada yaşayan uşaqlarımızın yanına
gedəcəyik.
Məhərrəmova Təranə
Kaspi. 2010. 13-15 mart. S.12.