“Atamın əsərlərindəki işıqlı
kədər onun daxili aləmindən xəbər verirdi”
Əzizə Mustafazadə: “İnsanları
hiss etməyim ən böyük bədbəxtçiliyimdir”
Dünya şöhrətli
cazmen Əzizə Mustafazadənin APA-ya eksklüziv müsahibəsini
ixtisarla təqdim edirik.
Uzun illərdir Almaniyada
yaşayan, ifası ilə bütün dünyanı ayağa
qaldıran həmyerlimiz Əzizə Mustafazadə gərgin səfər
qrafikinə baxmayaraq, atasının 70 illik yubileyi ərəfəsində
APA-ya eksklüziv müsahibə verib. Adətən xaricdə mətbuat
nümayəndələri ilə görüşünü,
müsahibə və reportajlarının
hazırlanmasını maddiyyat qarşılığında
edən caz ifaçısı Azərbaycana olan sevgisini təmənnasız
müsahibə verməklə bir daha sübut edib. Onunla
söhbət əsnasında Azərbaycan musiqisinə
şöhrət qazandıran simalardan birinin nə dərəcədə
sadə olduğunun bir daha şahidi olduq. Foto çəkilişlərinə
icazə verməyən Əzizə Mustafazadə bunun səbəblərini
belə açıqlayıb: “İstəmirəm ki, məni
sonsuz məhəbbətlə sevən, musiqimi başa
düşən səmimi və dəyərli
tamaşaçılarım məni formada olmadığım
vaxt görsün”.
- Sizi Bakı ilə çox
şey bağlayır. Mətbuata açıqlama verməsəniz
də, hər il atanızın məzarını ziyarət
etmək üçün şəhərimizə gəldiyinizdən
xəbərdarıq. Bakıya etdiyiniz gizli səfərlərdə
kiminlə görüşürsünüz?
- Mütəmadi olaraq Fərhad
dayı adlandırdığım Fərhad Bədəlbəyli,
Nuru Əhmədovla, eləcə də ailəmizə yaxın
olan bir neçə insanla görüşürəm. Düzdür,
Bakıda çox tanışım yoxdur. Amma qəlbən mənə
yaxın olanları heç zaman yaddan çıxarmıram.
- Vaxtilə Vaqif Mustafazadə
yaradıcılığı birmənalı
qarşılanmayıb. Hətta onu qəbul etməyənlər
də çoxluq təşkil edib. Atanızla oxşar hadisələrin
şahidi olduğunuz məqamlar da var ki, bunlardan biri də məhz
sizin özünüzün də bir vaxtlar qəbul
olunmamağınızdır...
- Əsl qəhrəman
döyüşdə həlak olur. Onun qiymətini gec də
olsa, xalq verir. Necə deyərlər, “heç
olmamasındansa, gec olması məsləhətdir”. Dahi Vaqifi hər
zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt
davrandı. Amma qismən də olsa, o, layiq olduğu yeri tutub. Qəlbi
əsl sənətlə döyünən yenilikçi
insanları çox zaman vaxtında dəyərləndirib qəbul
etmək istəmirlər. Amma buna baxmayaraq, yaradıcı insan
sınmır. Atamın səhnədə dünyasını dəyişməsi
də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan
yaradıcılara birmənalı münasibət göstərməyiblər.
Dünya şöhrətli Bax, Motsart, Şopen öz
dövrünün qəbul olunmazlarından idi. Belə insanlar
hər zaman əzab çəkiblər. Hətta onlar bu səbəbdən
də dünyadan tez köçürlər. Bütün
bunlara baxmayaraq, yenə də xalqa təşəkkür etmək
lazımdır, çünki xalq hər zaman sənətkarı
sevərək qiymətləndirib, qiymətləndirir, qiymətləndirəcək
də... Ailəmin qarşılaşdığı
anlaşılmazlığa gəlincə, onu deyə bilərəm
ki, çətin olsa da, biz mübarizə aparmağı
bacardıq. Bu gün atam cismən həyatda yoxdur, amma onun
ruhunu verdiyi əsərlər qəlblərdə
yaşayır. Mənə elə gəlir ki, hələ uzun
müddət yaşayacaq da... Atamın əsərlərindəki
işıqlı kədər onun daxili aləmindən xəbər
verirdi. Mən sevinirəm ki, Azərbaycan xalqı Vaqif
Mustafazadə dühasını dəyərləndirməyi
bacarır. Təsadüfi deyil ki, dahi Heydər Əliyev də
atamın yaradıcılığını hər zaman diqqət
mərkəzində saxlayıb və boşuna “bu gözəl
İçərişəhər oğlanına yaşıl
işıq!” sözlərini deməyib. Onun sözlərindən
sonra atama diqqət-qayğı artmağa başladı. O zaman
gənc olan İlham Əliyev də atamın əsərlərini
dinləyib, hətta indi də dinləyir. Atamın sənətinə
maraq olmasaydı, ölkə başçısı onun
yubileyini dövlət səviyyəsində keçirməsi
ilə bağlı müvafiq qurumlara göstəriş verməzdi.
- Sizin Azərbaycanı məhz
sənətinizin qəbul olunmadığına görə tərk
etməyiniz də sirr deyil. Artıq uzun müddət
keçib, yenidən Azərbaycana qayıdıb, Vətəndə
yaşayıb-yaratmaq fikriniz varmı?
- Əgər mən Azərbaycana
qayıdıb, burda yaşayıb-yaratsam, Vətənimin mədəniyyəti
və musiqisi üçün daha az iş görə bilərəm.
Hər şeyə real baxmaq lazımdır. Təsəvvür
edin ki, xarici ölkələrdəki konsertlərim
üçün hazırlıq, uzun məsafələri qət
etmək nə qədər çətindir. Buna ən
azından çox vaxt sərf olunacaq. Azərbaycandan Avropaya təyyarə
ilə ən azı beş saat uçmaq lazımdır. Bu
çətinliklərə hansı orqanizm tab gətirə bilər?
Hər zaman ortaq məxrəcə gəlib, balans tapmaq
lazımdır ki, qürbətdə yaşamağım ürəyimi
ağrıtmasın. Ona görə də vaxtaşırı
Bakıya gəlirəm. Günəşli Bakıda hər
gün, hər səhər oyanıb Xəzər dənizinə
baxmaq məni arzum olsa da, milli mədəniyyətimizin
inkişafı naminə bu arzumdan imtina etmək məcburiyyətindəyəm.
Lakin milli mədəniyyəti ölkə-ölkə
daşımaq lazımdır. Rəssamları başa
düşmək olar, onlar yaratdığı peyzajları digər
ölkələrdə sərgiləyirlər. Musiqidə isə
hər şey tam fərqlidir. Musiqiçilər o
insanlardır ki, ölkəsinin mədəniyyətinə, iri
miqyasda təmsil etmək üçün ölkəsindən
kənarda yaşamalıdır. Azərbaycan musiqisini
dünyaya tanıtmaq istəməsəydim, bəlkə də
daima Vətənimdə yaşayıb, sıravi pedaqoq
olardım. Bu da mənim üçün bir istiqamətli,
cansıxıcı və darıxdırıcıdır.
Düşünürəm ki, yaradıcı insan bir yerdə
dayanmamalıdır. O, hər zaman axtarışda
olmalıdır. Atam sağ olsaydı, mənim Azərbaycanda
çalışmamağımı çox dəstəkləyərdi.
Çünki o da milli musiqimizin dünyaya
inteqrasiyasının tərəfdarı idi.
- Bəs bu günü
atanızla birgə qeyd etmək, eyni səhnəni bölüşmək
istəyərdiniz?
- Hər zaman
çıxış etdiyim səhnələrdə Vaqifi ruhən
yanımda hiss edirəm. Ancaq bu günü cismən onunla birgə
keçirmək üçün hər şeyimi verərdim. Hətta
qazandığım uğurların üstündən xətt
çəkməyə belə razıyam. Təki o, Vaqif
Mustafazadə ucalığının tamaşaçılar tərəfindən
bu cür böyük və səmimi sevgi ilə qəbul
olunduğunun şahidi olardı.
- Avropadan Azərbaycanın
siyasi, mədəni həyatı necə görünür? Ümumiyyətlə,
ölkədə gedən son hadisələrdən xəbərdarsınız?
- Hər şeydən xəbərdaram
desəm, bu, düzgün olmaz. Buna ən azından vaxtım
çatmır, amma tez-tez internetdə Azərbaycanla
bağlı məlumatları diqqət mərkəzində
saxlamağa çalışıram. Bir faktı da gizlətmək
lazım deyil ki, Azərbaycanın mədəni həyatı hər
zaman qaynayır.
- Musiqi ilə məşğul
olan bacınız Lalə Mustafazadə ilə əlaqələriniz
varmı?
- Açığı desəm,
yox. Onu çox axtarmağıma baxmayaraq, cəhdlərim
boşa çıxıb. Lalə ilə bağlı heç
bir məlumatım yoxdur. Amma əminəm ki, onun hər
işi qaydasındadır. Allahdan bacıma işlərinin hər
zaman qaydasında olmasını arzulayıram.
- Ananıza çox
bağlısınız. Bəlkə də bu səbəbdən
yeganə prodüseriniz məhz ananızdır. Onunla
çiyin-çiyinə çalışmaq ətrafınızdakılara
inamsızlıqdan irəli gəlir?
- Bu sualı atama verin... O da
hər zaman anamla birgə olardı, bütün işlərini
onunla birgə görərdi. Mənə elə gəlir ki, sənət
adamını, xüsusilə də musiqiçini musiqidən
başı çıxan musiqiçidən başqa heç
kim anlaya bilməz. Ətrafa inamsızlıq da az rol
oynamır. Səni başa düşən, musiqi dünyanla
tanış olan valideyn heç vaxt satmaz. Bu yerə
çatmağımda anam Eliza xanımın əməyi əvəzsizdir.
Hələ gənclik illərimdə məşq edəndə
o mənə dəstək verirdi. Məşq sözünü
xoşlamıram və notla ifanın əleyhinəyəm.
İmprovizə mənim üçün hər şeydir. Bəlkə
də bu səbəbdən Bakıda təhsil
aldığım vaxt Baxın əsərlərini olduğu
kimi deyil, improvizələrlə ifa edirdim. Bu “yalanımı”
mənimlə birgə təhsil alan tələbələrə
özünəməxsus tərzdə təqdim edirdim. Onları
aldadaraq mən də Baxın heç bir yerdə ifa
olunmamış nadir əsərlərinin olduğunu deyirdim. Yarı
zarafat, yarı ciddi bu müqəddəs yalanım mənim
notla deyil, improvizələrlə ifama vasitəçi oldu. Mənim
insanları hiss etməyim ən böyük bədbəxtçiliyimdir.
Bəzən gülərək insana elə zərbə vurarlar
ki, bu, uzun müddət onun yadından çıxa bilməz. Gül
dəstəsinin içərisində adama bıçaqla zərbə
də endirə bilərlər. Bəlkə də o səbəbdən
dibçəkdəki gülləri sevirəm. Gülləri
qırmağa heyfim gəlir. Onların da yaşamaq haqqı
var.
- Bəs, atanızı necə
xatırlayırsınız?
- O mənə “düşbərə
göz Əzizə xanım” deyərdi. Vaqif əsl azərbaycanlı
idi. Onun daxili aləmi, dünyagörüşü bunu deməyə
imkan verir. Atamı hamı sevirdi, onun sənətinə olan
sevgi tək Azərbaycanda deyil, keçmiş sovetlər məkanında
- Ukrayna, Ermənistan, Rusiya, Gürcüstanda da xüsusi ilə
diqqət çəkirdi. Biz hamımız öz ölkəmizi
sevirik. Əgər musiqimizin özümüzdən başqa
ermənilərə, ruslara, gürcülərə və digər
xalqların nümayəndələrinə sevdirə biliriksə,
bu, yalnız bizim uğurumuzdur. Xoşbəxtəm ki, atam
Vaqifi hamının sevimlisi kimi xatırlayıram. O, sönməz
bir günəş idi.
- Dünyaca məşhur Əzizə
Mustafazadənin nəyi çatışmır?
- Hərdən ətrafdakıların
məni insani baxımdan anlamaması məni sıxır. Buna
baxmayaraq, xroniki olaraq həyatımda atam
çatışmır. Amma digər tərəfdən atam mənim
daxilimdədir. İkili hiss mənə yaşamağa,
yaratmağa stimul verir.
- Caz qəlbin
hayqırtısıdır. Qəlbinizdən gələn
musiqilər nə rəngdədir?
- Düzdür, caz azadlıq
hayqırtısı, qəlbin azadlıq səsidir. Mən azad
nəfəs almağı sevirəm. Azadlıq eşqi ilə
yaratdığım musiqilər tünd çəhrayı,
göy, sarı, ağ, mavi, qırmızı, yaşıl rəngdədir.
Bir növ Azərbaycanımızın bayrağını
xatırladır.
- Barmağınızda
nişan üzüyü gördük. Bəlkə şəxsi
həyatınızla bizi tanış edəsiniz...
- Mənə məxsus olan və
heç kimin daxil olmasını istəmədiyim şəxsi
həyatımla bağlı heç kimə açıqlama
vermirəm. Düşünürəm ki, məni
düzgün başa düşərsiniz.
- Eşitmişik ki, hər
ölkəyə konsert təklifini qəbul etmirsiniz. Belə
bir məlumat da eşitmişik ki, Siz Ermənistana da konsert təklifi
almısınız və bu təklifdən imtina etmisiniz...
- İlk öncə mənim
konsert təkliflərimlə menecerlərim məşğul
olur. Mən onu danmıram ki, ifamı Ermənistanda bəyənirlər
və hətta müxtəlif ölkələrdə verdiyim
konsertlərimdə ermənilər də iştirak edirlər.
Bu barədə təklif haqqında məlumatım yoxdur.
Ümumiyyətlə, konsert təklifi aldığım zaman
ölkə məsafə baxımından çox vaxt
aparırsa, üzrlü səbəblərdən müəyyən
işim çıxırsa, eyni zamanda ölkənin iqlimi məni
razı salmırsa, o zaman səfərdən imtina etmək məcburiyyətində
qalıram.
- İllər keçir,
ancaq Əzizə Mustafazadənin zahiri
görünüşü dəyişilməz olaraq qalır. Bu
illər Sizin görünüşünüzə toxunmur, yoxsa
bunun üçün xüsusi nələrəsə əl
atırsınız?
- Əgər siz bunu bu
cür görürsünüzsə, mənim başqa söz
deməyim yersizdir. Maralı fakt açıqlamaq istəyərdim.
Xarici səfərlərimin birində “Qladiator” filminin bəstəkarının
anası ilə görüşdüm. 83 yaşında olan bu
xanıma 50-dən artıq yaş vermək mümkün
deyildi. Onu “mavi qızılgül” adlandırdım və heyrətimi
gizlədə bilməyib ondan cavan qalmasının səbəbini
soruşdum. O isə mənə bildirdi ki, insanın cavan
qalması onun cavan ürəyə sahib olmasından
asılıdır. Müdrik qadının uşaq qəlbinə
sahib olması və illər ötdükcə özünəinam
formalaşdırmasının bir səbəbi də vardı.
O da həmin qadının gün boyu musiqiyə qulaq asması
idi. Musiqidən doğan həyat eşqi hətta onun tək
yaşamasını belə ört-basdır etmişdi. Fikrimcə,
ruhən cavan qalmaq üçün güclü yumor hissi də
az rol oynamır. Həqiqətdən
doğan təbəssüm
dünyanı xilas edəcək.
Kaspi. -2010. – 17 mart. – S.12.