Adət-ənənələri hansısa normativə salmaq çox çətindir 

 

Hadı Rəcəbli Novruz bayramının 5 gün qeyd olunmasını müsbət hal hesab edir

 

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir

 

- Azərbaycan xalqının özünəməxsus milli adət-ənənələri, dini bayramları var. Ümumiyyətlə, adət-ənənə cəmiyyətdən gələn, illərin sürgəcindən keçən qaydalar, belə demək mümkünsə, cəmiyyət qanunlarıdır. Bu qanunlar yazılmayıb, bəziləri hüquqi əsasını tapsa da, bəziləri tapmayıb. Bu yerdə ümummilli liderimiz Heydər Əliyevə dərin minnətdaram ki, xalqımızın adət-ənənəsindən irəli gələn bir çox yazılmamış qayda qanunları qanuniləşdirdi. Məsələn, ərəfəsində olduğumuz Novruz bayramının artıq hüquqi bazası var. Görün, neçə illərdir ki, bu bayram rəsmən, özü 5 gün qeyd olunur. Bundan başqa, Qurban bayramı, Ramazan bayramı öz hüquqi qüvvəsini tapıb, rəsmi bayramlarımız sırasına daxil olunub. Düzdür, Qurban bayramına bəzən dini don geyindirirlər, ancaq hesab edirəm ki, əslində, bunun özü xalqın adət-ənənəsinə çevrilən bayramlardandır. Novruz bayramı isə bayramların şahıdır. Bu bayramın, əslində dinlə bir o qədər bağlılığı yoxdur. Bu bayram tarixinə görə islamdan, hətta atəşpərəstlikdən xeyli öncə yaranıb. Yeri gəlmişkən, bir çox xalqların tarixində Novruza bənzər bayramlar var. Məsələn, Asiya ölkələrində - Vyetnamda bu bayramı fevral ayında keçirirlər. Ruslar bunu aprel ayında Pasxa bayramı kimi qeyd edirlər. Beləliklə, dünyada bütün xalqlar təbiətin oyanmasını bir növ bayram kimi qarşılayırlar. Bütün bayramların, o cümlədən Novruz bayramının xüsusi məziyyətləri var. Məsələn, gərək Novruz bayramı ərəfəsində ev, həyət-baca xüsusi şəkildə təmizlənə. Yadımdadır, uşaqlıq illərimizdə qadınlar evdəki xalça-palazlarını, yorğan-döşəklərini çırpardılar, günə verərdilər, evlərin divarlarını əhəngləyərdilər, yolu-izi təmizləyərdilər. Təsəvvür edin ki, bütün yaxşı tədbirləri - nişan, toy-düyün mərasimlərini Novruz ərəfəsinə salardılar, qız-gəlinə Novruz xonçası, bayram sovqatı göndərərdilər.

- Bəzən, bir qisim insanlar bu milli adət-ənənələri, ənənələrdən doğan ritualları geriqalmışlıq kimi qiymətləndirirlər...

- Mən həmin insanlarla heç cür razılaşmıram. Dünyada artıq etnoekologiya deyilən belə bir məfhum yaradılıb. Yəni, etnosun, etnik məsələlərin ekologiyası. Hətta bəzi ölkələrdə etnoşəhərciklər belə mövcuddur. Bir çox ölkələri gedib gəzib-dolaşsan görərsən ki, orada qədim bir bölgədə milli adət-ənənələrin qorunub saxlandığı bir guşə yaradıblar. Hesab edirəm ki, əksinə, bunlar indi müasirliyin gözəl bir formasına çevrilib. Bu gün öz adət-ənənəsinə hörmət etməyən xalq özü qəbul olunmur. Bu gün dünyada antiqlobalistlər var ki, onlar inteqrasiyanın əleyhinə çıxırlar. Fransada tez-tez antiqlobalistlərin çıxışları olur. Nəyə görə? Ona görə ki, onlar milli-mənəvi dəyərlərin, adət-ənənələrin aradan çıxa biləcəyindən ehtiyatlanırlar. İndi qloballaşan dünyada elə proseslər gedir ki, xalqların adət-ənənələri az qala aradan çıxsın. Odur ki, bu gün varlı, imkanlı dövlətlər çalışırlar ki, öz adət-ənənələrini qoruyub-saxlasınlar. Məsələn, ABŞ-ı tez-tez nümunə göstərirlər. Bu ölkə çoxlu xalqların cəmləşdiyi, ancaq monoetnik bir dövlətdir. Orada konkret bir etnik qrup yoxdur ki, onun adət-ənənəsini daha çox önə çıxarsınlar. Bu gün orada çinlinin , ingilisin , hindunun da, ərəbin , digərlərinin adət-ənənəsi hörmətlə yad olunur. Bundan başqa, Avropanın özündə - İngiltərədə, Şotlandiyada, Niderlandda, o cümlədən Şərq ölkələrində milli adət-ənənələr qorunub-saxlanılır. Bu sözləri eynilə bizim xalqa da şamil etmək olar. 90-cı illərin əvvəllərində - Azərbaycanın ən gərgin illərində, qaçqın-köçkünlərin olduğu, müharibənin getdiyi bir dövrdə ümummilli liderimizin Qız qalası ətrafında, İçərişəhərdə, Milli parkda yumurta döyüşdürməsini, kosalarla zarafatlaşmasını görmüşük. Bu, ölkə başçısının milli dəyərlərə hörmətinin təzahürüydü. Yəni, mən xalqla birgəyəm. Çox sevindirici haldır ki, bu estafet bugünkü dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir.

- Ancaq, çox təəssüflər olsun ki, xüsusilə son onilliklər ərzində bəzən insanlar daha çox daxili deyil, zahiri "zənginliklərini" nümayiş etdirməyə çalışırlar...

- Zaman istər-istəməz buna öz korrektəsini edəcək. Məsələlərə gərək zaman məkan daxilində baxasan. Müəyyən zamanda, müəyyən məkanda insan bunu edə bilər. Ancaq üstündən bir müddət keçəndən sonra başqa bir zamanda, başqa bir məkanda o, ifşa olunur. Bu, bizim gözümüzün qabağındadır, hər addımda hiss olunur. Digər tərəfdən insanlar bu gün çox həssasdırlar. Ola bilsin ki, insanlar kiminsə pullu olmasını qəbul edə bilərlər, amma onu şəxsiyyət kimi heç cür qəbul etməzlər. Bununla yanaşı, xeyirxah, əməli-saleh insanlarımız da az deyil. Bu gün həm hakimiyyətə şərəf gətirən, xalqı hakimiyyətə bağlayan, həm xalqı hakimiyyətdən uzaqlaşdıran məmurlarımız var. Gedirsən "JEK" müdirinin qapısına az qala səni hökumətə düşmən edir, qəbuluna gələn adamı narazı salır. Başı-bədəni 5 qəpiyə dəyməyən ləyaqətsiz bir adam "JEK"də oturub insanları canından bezdirir. Yaxşı haldır ki, son illər məmurlar testdən, söhbətdən keçir. Bunlar çox vacib məqamlardır. Çünki xalqın milli-mənəvi dəyərlərini, adət-ənənəsini bilməyən adamlar insanlara qarşı sayğısız, hörmətsiz davranırlar ki, bunlar da yolverilməzdir. Odur ki, biz ancaq milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumaqla insanlarımızı tərbiyə etməliyik, övladlarımızı yetişdirməliyik.

- Belə bir təklif var ki, adət-ənənələr daxil olmaqla milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması ilə bağlı ayrıca qanun qəbul olunmalıdır...

- Ola bilər ki, hansısa münasibətləri qanunlar tənzimləsin, amma milli-mənəvi dəyərləri, adət-ənənələri hansısa normativə salmaq çox çətindir. Məsələn, qanunvericiliyimizdə yazmışıq ki, dövlət nikahı olsun. Bu olmasaydı, ailənin təməli, bünövrəsi o qədər düzgün qurulmazdı. Amma elə məsələlər var ki, onu qanunlardan daha çox əməllə, hərəkətlə, şəxsi nümunə ilə reallaşdırmaq daha məqsədəuyğundur. Məsələn, bizim yaşadığımız binada 60 ailə yaşayır. Çərşənbə günləri, xüsusilə Novruz bayramında bizdən savayı heç kim həyətə düşüb tonqal qalamır. Hətta biz bir vaxtlar yaşadığımız binanın blokunda tonqal qalayar, üstündən adlayardıq. Demək istəyirəm ki, milli-mənəvi dəyərləri, adət-ənənələri bizim nümunə ola biləcək vəzifəli insanlarımız yaşatmalı, təbliğ etməlidirlər. Mərhum ümummilli liderimizin Novruz bayramında şəhərə çıxması, hələ sovetlər dövründə - 60-cı illərin sonlarında mərhum Şıxəli Qurbanovun Bahar bayramı adı altında Novruz bayramını yaşatması çox böyük fədakarlıq, örnək idi. Son illər bizdə Novruz bayramı 5 gün qeyd olunur. Bunun özü insanlarımızın daha gözəl bayram keçirməsi üçün dövlət tərəfindən atılan bir addımdır...

- Amma Novruz bayramının 5 gün olması da bir çoxları tərəfindən müsbət qarşılanmır...

- Bəli, qədər qəribə olsa da, bu, belədir. Ancaq necə olur ki, ABŞ-da milli bayram 12 gün qeyd oluna bilər, amma bizdə Novruz bayramının 5 gün olması qəbul olunmasın? Eyni zamanda, bu gün dünyanın bir çox yerlərində məzuniyyət günləri heç 48 gün olmur. Məsələn, Yaponiya ən az məzuniyyət günləri olan ölkədir. Orada ildə üç dəfə qısamüddətli məzuniyyətə çıxırlar - 12 gün, 12 gün, 12 gün. Azərbaycanda isə bu gün məzuniyyətin başqa bir forması öz əksini tapır. Əslində, bu, xalqa dəstəkdir, kim həmin günlər işləyir ikiqat əmək haqqı alır. Bu, həm insanları istirahətinin təşkili ilə bağlıdır, həm onların güzəranının yaxşılaşdırılması ilə. Burada axı insanlarımızın ziyanına olan var ki...

 

 

Quliyev İlham

 

Kaspi. – 2010. – 18 mart. – S.4.