Yaralı ürəyin
nağılı
Mifik əfsanə
Kırım diyarında
Qırx Or qalası təkcə möhkəm, gülləbatmaz,
tarandağıtmaz divarları ilə yox, həm də qalanın ətrafında
qazılmış xəndəkləri ilə də
çoxdan alınmaz qala şöhrətini
qazanmışdı. Axı Or “xəndək” deməkdir.
Bu xəndəklər elə dərin idilər ki, az qala
uçuruma oxşayırdılar. Düşmənin qalaya
yaxınlaşmaq xəbəri alınar-alınmaz
keşikçilər başı dənizlərə
bağlanan bu xəndəklərə suyu açıb
buraxırdılar.
Qala xaricində döyüşən
əskərlər düşmən nəfərlərini qılıncla
qarşıladığı kimi, əlbəyaxa olub süpürləyərək
sulara da atırdılar. Qala
şöhrətli Toxtamış xanım iqamətgahı idi.
Xanın Can Bikə adında bir qızı var idi.
Qızın əsil adı Gülbahar idi. Lakin bu adla onu
çağıran yox idi. Hamı ona Gülbahar yox, Can bikə
deyirdi. O həqiqətən can kimi məhrəm, dərdlərə
dərman, həm uşaq kimi nəvaziş sevən, ana kimi də
nəvazişkar idi.
Can Bikə çox gözəl
idi. Qaşı-gözü ilahi qüdrətindən qələmlə
çəkilmişdi. Həm də şəkil kimi gözəl
bu qız elə zərif, elə incə idi ki, sanki Xaliq onu
özünün xoş bir saatında yaratmışdı.
Amma onun böyük dərdi vardı. Qız xəstə
doğulmuşdu; onda ürək qüsuru vardı. Hələlik
o bunu hiss etməsə də qıza elə gəlirdi ki,
köksündə həmişəlik bir quş yuva salıb.
Can Bikə hələ başa düşmürdü ki, orada
çırpınan quş deyil, onun yaralı ürəyidir.
Həkimlər ümid verirdilər: 14 yaşına dolanda
sağlamlığını tapacaq. Həkimbaşı qoca
yunan isə xanın son şübhələrini də qovub
dağıtdı: elə ki, qızlar bulağından su
içdi həmən safa çıxacaq Can Bikə.
Xanın on iki
xatınından səkkiz oğlu, on iki qızı vardı.
Amma xan hamıdan çox sonbeşik Can Bikəni sevər, əzizlərdi.
Toxtamış xanın var-dövləti çox idi. O qədər
çox ki, deyirdilər o qayalarda
çapdırdığı gizli taxçalarda
sandıq-sandıq qızıl, ləl-cəvahirat
basdırmışdı. Amma xan sevimli Can Bikəni o dəfinələrindən
də çox istəyirdi. Yalnız omu? Bir-birinin
uşaqlarını görməyə gözü olmayan, kin və
həsəddən bağırları çatlayan xanımlar
hamısı Can Bikəni əzizlər, onu gözləri
üstə saxlardılar. Gözəl, qiymətli hədiyyələrlə
onun könlünü oxşamağa
çalışardılar. Hər gün onun boynunda,
barmaqlarında bu hədiyyələrdən görmək
olurdu. Can Bikə isə ən çox özünün
qızıl arpa boyunbağısını sevərdi. Nə qədər
bəzəyi olsa da bir gün, iki gün salar, sonra
çıxarıb bir yana qoyardı. Arpa boyunbağı onun hələ
həddə dolmanın yarımuşaq sinəsinə daha zəriflik
verirdi. Ürək şəkilli, üstü yetişmiş
gilənar rəngli yaqut aralıq isə düppədüz hələ
hər biri balaca şaftalı boyda olan məmələrin
arasına düşürdü. Bu onun taxdığı ilk bəzəyi
idi. Odur ki, ondan aralana bilmir, bu boyunbağını heç
bir hədiyyə ilə dəyişmirdi. Bir də sevdiyi daha
bir hədiyyəsi vardı. Toxtamış xan öz iri əlini
yavaşca onun başına qoyub ovcu ilə onun
saçlarına sığal çəkəndə o,
özünü hamıdan xoşbəxt sanırdı. Xan
atası işini qurtarıb, divanxanadan çıxıb əndəruna
keçəndə o fərəhlə atasının
qabağına qaçar, ətrafında hamının tir-tir əsdiyi
halda atasının onu nazlaması Can Bikəni göyün
yeddinci qatına qaldırardı.
Bu zaman sevincdən o sinəsindəki
quşun narahat-narahat vurnuxmasını belə unudurdu az qala.
Günlər, aylar bu minvalla keçməkdə idi. Artıq
Can Bikə ürəyinin iztirablarını çəkməli
olurdu. Ona elə gəlirdi ki, bəzən bu ürək tora
düşmüş bir quş kimi çırpınır, az
qala pırr edib uçaraq gedəcəkmiş təkin tələsirdi.
Qız hərdən o səsi özü də eşidirdi. Bir
gün saray həkimi atasının otağında zərli
divanın üstündə onu müayinə edirdi. Atıq
böyüməkdə olan Can Bikə bu dəfə
atasının gözlərindən axıb onun sinəsinə
tökülən göz yaşlarının səbəbini
bilmiş kimi oldu. Bu bir-iki qətrə göz yaşı onu
yaman ağlatdı. Bir an içində anladı ki, həyat
dedikləri şirin bir nemətin ona düşən möhləti
elə bu qədərmiş. Lakin göz yaşları tez də
qurudu; atasının əzəməti qarşısında hələ
baharını, qışını yeni-yeni gördüyü
bu həyatın hər nəyi vardısa balaca, zəif idi; o
heç nədən qorxmurdu.
Amma hər dəfə
günəş çıxıb hər tərəfi nura
boyayanda saçaq-saçaq bağa-bağçaya
yayıldıqca bu işıqdan, bu fərəhdən
ayrılmaq, gözüyumulu əbədi zülmətdə
yatmaq qorxusundan ürəyi yaman üzülürdü. Səbəbsiz-səbəbsiz
ağlayırdı. Elə ki, bu zaman xəzinədar katibinin
oğlu Murad onun əllərini tutub “ağlama” deyib yalvaran kimi
göz yaşları da quruyardı. Barmaqlarını
yüngülcə sıxan bu əllər onu necə xoşbəxt
edirdi həmin anda?! Murad onun uşaqlıq dostu idi. Onun da
anası Can Bikənin anası kimi Əski Yurddan idilər, bir
elin qızları sayılırdılar.
Bir gün Əmir Teymurun
qoşunları Kırım
torpağına girib Qırx Or qalasını mühasirəyə
aldı. Əmirin qoşunun sayı-hesabı yox idi. Lakin onlar
elə bil qalanı almağa tələsmirdilər. Əmir
lovğa-lovğa deyirdi: Türküstandan burayadək
qarşımda heç kəs dayanmadı. Odur ki, indi mən
bu qalibiyyətli qoşunu qorumalıyam. Siz özünüz məcbur
olub məxmər balınc üzərində açarları
mənə gətirəcəksiniz. Başqa çarəniz
yoxdur, çünki su ehtiyatınız tükənib.
Müqavimət göstərməkdənsə, o
ağılsız başınızı daşa vurub
partladın. Artıq fikirləşməyin vaxtı deyil.
Əmir əvvəlcədən qalaya gedən bütün su yollarını bağlatdırmışdı.
Toxtamış xansa
inadından əl çəkmirdi. Xalq taqətdən
düşmüşdü, amma düşmənin
başına od yağdırırdılar, əli silah
tutmayanlar – qocalar, uşaqlar iri daşları köməkləşib
qalanın başına qaldırır, oradan aşağı
atırdılap. Qadınlar qətran qaynadırdılar, iri
dolçalarda bu qaynar qətranı yuxarıdan
aşağıya, qarətçilərin başına
tökürdülər. Lakin susuzluq öz işini
görürdü. Xəzan yarpaqları ağacdan tökülən
sayaq adamlar susuzluqdan harda gəldi düşüb
qalırdılar. Anaların döşünün südü
də qurumuşdu.
Heç kim
dinib-danışmırdı. Hər axşam
ağız-ağıza verib hürüşən itlərin də
səsi gəlmirdi. Həyəcana düşən Can Bikə
öz dayəsindən nə qədər bu dəyişikliyin
səbəbini soruşsa da, yazıq dayə göz yaşlarını
gizlədərək “heç nə bilmirəm” deyə susub
başını sağa-sola yırğalayırdı.
Axşam
düşürdü. Günəşin son şüaları
naxışlı pəncərələrdə min qat bəzəklə
əks olunurdu. Birdən qız səsə diksindi;
şüşələrə tup-tupla dəyən kal
alça səsinə pəncərəyə
yaxınlaşdı. Görəsən onları kim
atırdı? Murad idi, hələ də əllərində dərdiyi
göy alçalardan var idi,onu çağırırdı.
Can Bikə tez geri dönüb qapıdan çıxdı, dal
həyətə qaçdı, hər iki əllərini
uzadıb Muradın əllərindən tutdu. Neçə
gün idi ki, onu görmürdü. Murad onun gözünə çox bikef dəydi, rəngi də
qaçmışdı.
Can Bikə, qalada içməyə
su yoxdur. Mən qala divarındakı nazik bir yarıqdan o
üzdə su olduğunu gördüm, o dar yarıqdan ancaq sən
keçə bilərsən, deyə Murad onun qollarından
yapışıb dartışdırdı. Can Bikə quruyub
qalmışdı. Sarayın qabağındakı
bağçada kiçik quyunun suyu onu qaladakı susuzluqdan xəbərsiz
saxlanmışdı. İndicə birdən-birə Muradın
verdiyi xəbər onu sanki yerə mıxladı, hərəkət
etməyə heyi qalmadı. Lakin bu çox çəkmədi,
o özünü topladı. Muradın əllərini
sıxıb “qaçaq, apar məni o çeşməyə”,
- deyə onu tələsdirdi.
Onlar gizlicə həmin yerə
yaxınlaşdılar. Bu həqiqətən dar bir yarıq
idi. Divar haçansa çat vermiş, ilk bahar
yağışlarından canlanan yaşıl böyürtkən
kolları bu çatı düşmən gözündən
gizləmişdi. Lap gizləməsə nə olacaqdı ki?!
Qalanın bu səmti sıldırım qayalar üzərində
tikilmişdi. Divarların üstündə keşik çəkərkən
qarovulçular belə aşağı baxmamağa
çalışırdılar. İndi bu iynələri-tikanları
hələ bərkiməmiş yumşaq böyürtkən
kolunun altından doğrudan da sısqa bir çeşmə
çağlayırdı. Murad dəri tuluqları da hazır
etmişdi, onlar elə buradaca bir yana atılmışdı.
O, qızın bu balaca irmağa baxdığını
görüb,əvvəl özüm keçmək istədim,
amma gördüm, mən bu yarıqdan keçə bilmərəm,
o saat sən yadıma düşdün, deyə həm sevinc, həm
də peşimanlıqla ona baxdı. Can Bikə bir gül
yarpağı kimi incə, sarmaşıq dəstəsi kimi
kövrək və elastik olduğunu elə bil indi duydu, dərhal
sivrişib yarıqdan o biri üzə keçdi, tuluqları
bir-bir doldurub Murada verməyə başladı. Lakin o, Muradin
göstərişi ilə bu tuluqları yarıbayarı
doldururdu. Axı belədə dəri tuluq bu dar yarıqdan bir
yumşaq paltar boğçası kimi asanlıqla keçirdi.
Murad bu tuluqları gətirib meydandakı iri su kolazına
tökürdü. Heç kim onları görmürdü,
fikir verən də yox idi, hamının başı öz dərdinə
qatışmışdı. Murad bütün gecəni su
daşıdı. Bir də gördü su hovuzu
ağzınacan dolub, indi o əsil gölməçəyə
bənzəyirdi.
Səhər
açılırdı, onlar isə su daşımaqdan yorulub
usanmırdılar. Lakin elə ki, günəş
çıxdı. Can Bikəyə elə gəldi ki,
köksündəki o vurğun quş uçub getdi. Qız hətta
elə bil onun köksündən uçub gedən o vəfasız
quşu gördü də. Quş günəşə
doğru uçurdu. Can Bikənin sevdiyi, bütün gecəni
gözlədiyi günəşə. Həmən sinəsində
o quşun yuva saldığı yerdə müdhiş bir
ağrı başladı. Qız ağrının
gücündən dayana bilməyib yerə yıxıldı.
O ağzı üstə torpağı elə qucub
uzanmışdı ki, sanki burada dincəlmək , həm də
torpağa dərdini söyləyib yüngülləşmək
istəyirdi. Bir azdan sanki yornuğunu alıb qalxacaqdı. Murad
onun başı üstə oturub ağlayır, heç kimi
haraya çağırmağa ürək etmirdi. Can Bikənin
ölümünə inana bilmirdi. Lakin daş hovuzdakı suyun
günəş şüaları altında bərq
vurmasını görmüşdülər. Adamlar bir-birinə
müjdə verə-verə qaçışır, sudan
içdikcə içirdilər. Sonra ağlayan Muradı
görüb ona doğru yüyürdülər, yerə üzüqoylu
yıxılmış qızı çevirib onu
tanıdılar. Bərk qorxuya düşdülər: Xan
qızı Can Bikə!.. Camaat yalnız indi hər şeyi
başa düşüb bu balaca zərif vücuda təzim
etdilər.
Vaxtilə Toxtamış
xanın lələsi olmuş. Zal baba (deyirdilər qalada ondan
yaşlı adam yoxdu) irəli çıxdı:
Bu rada gözəllər
gözəli, cənnət bağçasının ən ətirli
qızılgülü yatır. Camaat, onun gözəl ürəyi
yaralı idi, indi hər biriniz öz ürəyinizdə ona ən
gözəl yer hazırlayın.
Minaxanım Təkləli
Kaspi. -2010. – 18 mart. – S.13.