«Sifarişçi Avropa dövlətləridir» 

 

Millət vəkili Fəzail İbrahimli 1915-ci il hadisələrinin siyasiləşdirildiyini bildirir

 

ABŞ və Avropa Birliyi Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün təzyiqlərini davam etdirir. Bunun üçün müxtəlif vasitələrədən yararlanan dairələr 1915-ci il hadisələrini də əllərində bayraq ediblər. Əvvəlcə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, sonra isə İsveç parlamenti 1915-ci il hadisələrini soyqırımı kimi tanıyıb. Ümumiyyətlə, hər il aprelin 24-ü yaxınlaşdıqca bu istiqamətdə təzyiqlər çoxalır. Son vaxtlar Türkiyənin regionda müstəqil siyasət yürütmək cəhdləri bu təzyiqləri daha da artırıb. Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli ilə söhbətimizdə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə artan təzyiqlərə toxunduq.

- Anadoldua 1915-ci ildə baş verən hadisələri heç şübhəsiz ki, ABŞ Avropa Birliyi ölkələrinin Türkiyəyə təzyiq vasitəsidir. ABŞ bu məsələni gündəmə gətirməklə öz maraqlarını güdür. Avropa Birliyi ölkələri isə Türkiyəni özlərindən bir qədər uzaq tutmaq üçün bu vasitədən istifadə edirlər. Məlum olduğu kimi, Türkiyə Avropa Birliyinə daxil olmağı özünün əsas prioriteti elan edib. Rəsmi Ankara birliyə üzv olmaq üçün qoyulan bütün şərtləri yerinə yetirməyə cəhd edir. Bu istiqamətdə addımlar atıldıqca, avropalılar yeni bəhanə tapa bilmirlər. Belə olan halda qondarma erməni soyqırımı məsələsi yada düşür. Hələ 20-ci illərdə İtaliyanın baş naziri Nittinin belə bir sözü var idi ki, Avropa dövlətləri Türkiyəyə nəyisə vermək istəməyəndə ya nəyisə Türkiyədən almaq üçün genosid məsələsini yada salırlar. Bu gün Türkiyəyə təzyiq edib Ermənistanla imzalanmış protokolların ratifikasiyasına nail olmaq istəyirlər. İstəyirlər ki, Türkiyə ermənilərlə danışıqlarda müəyyən güzəştlərə getsin.

- Bir tarixçi kimi siz özünüz 1915-ci il hadisələrini necə xarakterizə edirsiniz? Həmin illərdə hansı proseslər yaşanmışdı?

- Həmin vaxt Birinci Dünya müharibəsi gedirdi. Müharibə ərəfəsində Qafqaza gələn Rusiya çarı Birinci Nikolay demişdi ki, qoy Rusiya barədə Bosfor Dardaneldə dalğalansın Türkiyə ərazisində Böyük Ermənistan yaradılsın. Ruslar bu cür bəyanatlarla Türkiyədə yaşayan erməniləri şirnikləndirdilər. Ermənilər ağır dönəmdə Osmanlıya xəyanət etdilər. Onlar daxildən Türkiyəyə ziyan vurmaq istədilər. Bu da tarixdə «Sarıqamış» adı ilə düşmüş savaşda özünü göstərdi. Həmin savaşda rus qoşunları müvəqqəti qələbə qazandılar bundan istifadə edən ermənilər türklər yaşayan kəndlərdə şəhərlərdə genosid törətdilər. Türkiyə hökuməti başa düşdü ki, müharibənin gedişində ermənilərin bu hərəkətləri yenidən təkrarlana bilər. Ona görə Osmanlı hökuməti xəyanətkar ermənilərin köçürülməsi ilə bağlı xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən, Anadoluda yaşayan ermənilər ölkənin digər bölgələrinə köçürüldülər. Osmanlının bununla bağlı qəbul etdiyi qərarda belə bir müddəa da var idi ki, ermənilərin köçürülməsi dövlət tərəfindən təmin olunur, onlara dəymiş ziyanla bağlı kompensasiya ödənilir. Üstəlik müharibə bitdikdən sonra köçürülmüş ermənilərin öz torpaqlarına qayıtmaq hüququ da tanınırdı. Amma ermənilər xəyanətdən doğan bu köçürülmə siyasətini soyqırımı adlandıraraq bütün dünyada təbliğata başladılar. Amma əslində məsələnin bu yerə gəlib çatmasını təkcə ermənilərin gücü ilə əlaqələndirmək düzgün deyil. Erməni məsələsi bu gün bütün dünyada bir siyasi kartdır. Hansı dövlət Türkiyəyə təzyiq etmək fikrinə düşürsə, bu kartdan istifadə edir.

- Yəni məsələnin bu yerə gəlib çatmasında erməni lobbisinin xüsusi rolunun olduğunu deməklə onların gücünü şişirdirik, eləmi?

- Bəli, bu proseslərdə erməni lobbisi bir vasitəçi-icraçı rolunu oynayır. Sifarişçi isə Avropa dövlətləridir. Burada siyasi məqamlar olmasa, ermənilərin ABŞ, digər Avropa ölkələrinin parlamentləri ilə çıxış imkanları o qədər geniş deyil. Lap çıxışları olsa da, olmayan hadisələri soyqırımı kimi tanıda bilməzlər. 1915-ci il hadisələrini soyqırımı kimi tanıyan ölkələrin parlamentləri bunu siyasi məqsədlərlə edirlər. Sadəcə olaraq dövlətlər bunun erməni diasporunun diqtəsi ilə edildiyi görüntüsü yaradırlar.

- Bəs bu proseslərdə ermənilərin özlərinin qazancı ola bilər?

- Ermənilər təkcə 1915-ci il hadisələrini soyqırımı kimi tanıtdırmaqla kifayətlənməyəcəklər. Onların bu məqsədlərinin arxasında ciddi niyyətlər durur. Ermənilərin əsas niyyəti 1915-ci il hadisələrini soyqırımı kimi tanıtdırıb Türkiyədən kompensasiya qoparmaqdır. Bunun ardınca isə ərazi iddiaları gündəmə gələcək. Onlar hazırda Türkiyə ərazisi olan torpaqları ermənilərin dədə-baba torpaqları kimi qələmə verib ərazi iddiaları ilə çıxış edəcəklər. Ermənilər bu məsələləri beynəlxalq təşkilatlar səviyyəsinə, məsələn, BMT-yə çıxarıb Türkiyəyə qarşı müəyyən sanksiyalara nail ola bilərlər. Bu məsələdən digər dövlətlər Türkiyəyə qarşı siyasi məqsədlərlə yararlanmaq niyyətinə düşərlər. Məsələnin mənəvi tərəfləri gözdən qaçırılmamalıdır. Bu, Türkiyə üçün həm imic məsələsidir. Buna görə Türkiyə heç bir vəchlə bütün dünyanın haqsız olaraq 1915-ci il hadisələrini soyqırımı kimi tanımasına imkan verməməlidir.

- Sizcə Türkiyə yaranmış vəziyyətdən çıxmaq üçün hansı addımları atmalıdır?

- Öncə onu qeyd edim ki, baş verənlərin qarşısını almaq üçün Türkiyə çox gecikib. Sanki türklər neçə illər yatıblar. Türkiyə dövləti əvvəllər 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasına çox laqeyid yanaşırdı. Bu qərarlara sərt etirazlar hiss olunmurdu. Yalnız son illər Türkiyə rəhbərliyinin bu məsələlərdə qətiyyət nümayiş etdirdiyi hiss olunur. Xüsusilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qarşı haqsız etirazlara qarşı öz haqq səsini ucaldır. Bunun nəticəsidir ki, parlamentləri 1915-ci il hadisələrini soyqırımı kimi tanıyan dövlətlərin hökumət başçıları Türkiyə baş nazirini arayaraq ondan üzr istəyiblər. Bu hal Kataloniya muxtariyyatının İsveç parlamenti tərəfindən qondarma erməni soyqırımı tanınandan sonra İspaniyanın baş naziri İsveç baş nazirinin timsalında yaşandı. Məncə artıq bu, Türkiyənin uğuru deməkdir. Mənə elə gəlir ki, Türkiyə bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirərsə, digər ölkələr belə bir qərar qəbul etməkdən çəkinərlər.

- Bu məsələdə Azərbaycan Türkiyəyə necə yardım edə bilər?

- Nəzərə almalıyıq ki, son vaxtlar yaşananlar hərbi qarşıdurma deyil. Söhbət diplomatik cəbhədəki proseslərdən gedir. Belə olan halda Azərbaycan da Türkiyəyə diplomatik çərçivədə yardımçı olmağa çalışmalıdır. Azərbaycan hökuməti, parlamenti Türkiyəyə qarşı təzyiqləri pisləməlidir. Son proseslərdə biz bunu görürük. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsindəki müzakirələrdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülə zəng edərək qəbul edilmiş qərarla bağlı narahatlığını ifadə edib. Azərbaycan Milli Məclisi qəbul edilən qərarla bağlı ABŞ Konqresinə müraciət qəbul edib. Yəni Azərbaycan Türkiyənin addımlarını dəstəkləyir onunla həmrəy olduğunu bildirir. İndiki halda Azərbaycanın Türkiyəyə köməyi yalnız bu formada ola bilər. 

 

 

Quliyev  İlham

 

Kaspi. -2010. – 19 mart. – S.4.