Ali məktəblərə qəbul
qaydaları dəyişdi
TQDK sədri Məleykə
Abbaszadə bildirib ki,
2011-2012-ci tədris ilində ali məktəblərə
qəbul əvvəlki illərdən fərqlənəcək
2011-2012-ci tədris ilində ölkənin
ali məktəblərinə qəbul qaydaları əvvəlki
illərdən fərqli olacaq. Qəbul qaydalarında edilən
dəyişikliklərər gəlincə, dünən bununla
bağlı Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasında (TQDK)
keçirilən mətbuat konfransında TQDK sədri Məleykə
Abbaszadə məlumat verib. Onun sözlərinə görə,
qəbul qaydalarına 5 yenilik nəzərdə tutulub:
“2011-2012-ci tədris ilinin yekununda ali məktəblərin
bakalavr və magistr pillələrinə qəbul
imtahanlarında bir sıra yeniliklər tətbiq olunacaq. III
ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və
“Regionşünaslıq” ixtisasları 2011-ci ildən II ixtisas
qrupuna keçirilir. Beləliklə, adı çəkilən
ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas
qrupu üzrə imtahan verməlidirlər”. Digər yenilik
magistraturaya qəbul imtahanlarının vaxtı ilə
bağlıdır. 2011-2012-ci tədris ili üçün magistraturaya
qəbul imtahanına ərizə qəbulunun və qəbul
imtahanının I mərhələsinin 2011-ci ilin fevral
ayında aparılması nəzərdə tutulub. Qəbul
qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində
bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür),
xarici dil və informatika fənni üzrə bilikləri
yoxlanılır. Bundan əlavə, abituriyentlərə qəbul
imtahanlarına səmərəli hazırlaşmaqda kömək
məqsədilə 2011-ci ilin yanvar ayında Bakı şəhərində,
eləcə də ölkənin müxtəlif bölgələrində
1 sınaq imtahanı keçiriləcək. Növbəti
sınaq imtahanları isə müntəzəm olaraq 2011-ci
ilin aprel ayından etibarən keçirilməsi nəzərdə
tutulub: ”Digər yeniliyə gəlincə, qeyd edim ki, 2011-ci ildə
keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni
üzrə test tapşırıqlarının bəziləri
açıq tipli olacaq. Tədricən digər fənlər
üzrə test tapşırıqlarının bəzilərini
də açıq tipli olacaq. Bundan əlavə, Nazirlər
Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə
təsdiq edilən “Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”nın təsdiq edilməsi haqqında qərara
uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən
aparılacaq”. TQDK sədri bildirib ki, “Rezidentura təhsilinin məzmunu
və təşkili Qaydaları” “Təhsil haqqında” qanuna
uyğun hazırlanıb və rezidenturada
hazırlığın səviyyəsinə ümumi tələblər
qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis
hazırlığının səmərəliliyinin
artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin
ümumavropa tibb təhsili sisteminin prinsiplərinə
uyğunlaşdırılması şərti ilə Azərbaycanın
ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına
inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin
beynəlxalq məkanda tanınmasına şərait yaradacaq.
Qaydalar ölkənin bütün ali tibb təhsili və elmi
müəssisələrinə şamil edilməklə, rezidenturada
təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil
proqramlarına, təhsil alanların hazırlıq səviyyəsinə
qoyulan tələbləri müəyyənləşdirib:
”Rezidenturada baza ali təhsili olan Azərbaycan vətəndaşları
və əcnəbilər təhsil ala bilər. Azərbaycan vətəndaşları
üçün rezidentura təhsili dövlət hesabına və
ya ödənişli əsaslarla aparılır. Rezidenturada
ayrı-ayrı həkim-mütəxəssis ixtisasları
üzrə təhsilin müddəti müvafiq təhsil
proqramları ilə müəyyənləşdirilir və 2
ildən 5 ilə qədər təşkil edir. Rezidenturanı
bitirən şəxslərə ixtisası üzrə “həkim-mütəxəssis”
ali peşə-ixtisas dərəcəsi verilir”. Rezidenturada təhsilin
tədris planı təhsil proqramları əsasında
hazırlanır və Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilir. M.Abbaszadə bildirib ki, TQDK test tərtibi metodikasını
təkmilləşdirmək və növbəti tədris ili
üçün qəbul imtahanlarına hazırlıq işlərini
həyata keçirmək məqsədilə oktyabrın 1-dən
fənlər üzrə elmi-metodiki seminarlara başlayır:
”TQDK-nın elmi – metodiki fənn seminarları Azərbaycanın
ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə
tələbə qəbulunun test üsulu ilə həyata
keçirilməsi üçün istifadə olunan hər
növ elmi, metodiki və praktiki materialların
hazırlanmasını təşkil edən qurumdur. Seminarlar
Komissiyası nəzdində fəaliyyət göstərir”.
Sözügedən seminarların əsas vəzifələri
təşkilati-hüquqi və mülkiyyət formasından
asılı olmayaraq bütün ali və orta ixtisas məktəblərinin
müxtəlif pillələrinə mərkəzləşdirilmiş
qaydada tələbə qəbulunun həyata keçirilməsi
üçün istifadə olunacaq hər növ elmi, metodiki və
praktiki materialların hazırlanmasının təşkil
edilməsi, dövlətlərarası razılaşmalara əsasən
Azərbaycan vətəndaşlarının xarici dövlətlərin
ali məktəblərinə, əcnəbilərin və xaricdə
yaşayan vətəndaşlığı olmayan şəxslərin
isə Azərbaycanın ali məktəblərinə qəbulunun
aparılması ucun istifadə olunacaq hər növ elmi,
metodiki və praktiki materialların hazırlanmasını təşkil
etməkdir: «Seminarlar ölkənin pedaqoji ictimaiyyəti
üçün açıqdır. İstənilən
mütəxəssis TQDK-nın Orta təhsil üzrə
yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan
keçərək, müvafiq fənn üzrə seminarın
işində iştirak edə bilər. Məlumata görə,
bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə,
Şəki, Quba şəhərlərində fəaliyyət
göstərən regional bölmələrində də
bütün fənlər üzrə həmin bölgələrin
müəllimlərinin iştirakı ilə elmi-metodiki
seminarlar keçiriləcək. İnternet proqramlarının
tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın
müvafiq seminarları arasında canlı
videobağlantılar təşkil ediləcək». M.Abbaszadə
qeyd edib ki, TQDK mütəmadi olaraq fənlər üzrə qəbul
proqramlarının məzmun və tələbinə uyğun
olan vəsaitlər hazırlayıb nəşr edir. Artıq
«Kimya», «Riyaziyyat», «Fizika», «Tarix», «Coğrafiya», «Rus dili»,
«İngilis dili», «Alman dili», «Azərbaycan dili», «Ədəbiyyat»,
«Biologiya (Botanika)», vəsaitləri nəşr olunub.
«Zoologiya», «İnsan biologiyası» vəsaitləri də
yaxın vaxtlarda işıq üzü görəcək: «Bu vəsaitlər
abituriyentlərin orta məktəb dərsliklərindən
öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir
və qəbul proqramı üzrə biliklərin möhkəmləndirilməsi
üçün təkrarlamada əhəmiyyətli rol
oynayır».
Həqiqət
İsabalayeva
Kaspi.-
2010.- 1 oktyabr.- S. 9.