Nağıl kimi ömür 

 

Əgər məni işdən çıxarsalar, gedib teatrda ya qapıçı, ya da süpürgəçi işləyəcəyəm

 

O, həm aktyordur, həm rejissor assistenti. Akademik Milli Dram Teatrının tamaşalarına baxanlar, bu teatra tez-tez yolu düşənlərin hamısı  onu yaxşı tanıyır. 83 illik ömrünün düz 64 ilini teatr sənətinə həsr edib. Rollar da oynayıb, tamaşalar da idarə edib. Azərbaycan teatrının ən qüdrətli sənətkarları səhnədə çiyin-çiyinə çalışıb. Bu gün səhnədədir. Həm tamaşaları idarə edir. Oynanılan tamaşaların taleyi ondan çox asılıdır. Respublikanın Əməkdar artisti Nəcəf Həsənzadə qalan ömrünü teatra həsr etmək niyyətindədir.

 

Dayımızın teatrı

 

- 1946-cı ildən teatrda işləməyə başlamışam. 10-cu sinifdə oxuyurdum Bir gün eşitdim ki, Adil İsgəndərov teatrda kurs açır. O vaxt teatra elə həvəsim yox idi. Atam məndən böyük iki qardaşıma həmin kurslara yazılmağı məsləhət gördü. O zamanAzdrama”nın binası indikiMuskomediya”nın yerində yerləşirdi. Teatrın binasını da anamın dayısı Hacı Zeynalabdın Tağıyev tikdirmişdi. Atam «O kişinin teatrında biriniz gedib işləyin» - deyə bizə məsləhət gördü. Atam Tağıyevin sağ əli idi. O, nənəmin yaxın qohumlarımı sürgündən xilas etmişdi. Azərbaycan mədəniyyətinin, təhsilinin, incəsənətinin inkişafı üçün Tağıyevin gördüyü işlər haqqında çox danışılıb. Biz həmin teatradayımızın teatrıdeyirdik. Amma qardaşlarım özlərinə başqa sənət seçdilər. Məhəlləmizdə yaşayan bir oğlan teatrda işləyirdi. Həmin ərəfədə «Şərqin səhəri» tamaşası hazırlanırdı. Kütləvi səhnələrdə oynamaq üçün adam axtarırdılar. O, mənə teatra getməyi məsləhət gördü. Mən bir gün teatra getdim. Həm teatr, həm teatrdakı Sidqi Ruhulla, Rza Əfqanlı, Mərziyə Davudova kimi sənətkarlar çox xoşuma gəldi. Sonradan mütəmadi teatra getməyə başladım. Rejissor assistenti: «Hər tamaşada kütləvi səhnələrə çıxmaq üçün gəlib iştirak etsən, sənə pul verəcəklər» - deyə bildirdi. Mənim artıq teatra həvəsim yaranmışdı. Ona görə həm tamaşalara baxmağa gedir, həm kütləvi səhnələrə çıxırdım.

- Bəs Adil İsgəndərovun kursuna zaman yazıldınız?

- Həmin kurs barədə qəzetlərdə elan verilmişdi. İmtahanlara çoxlu gənclər gəlmişdi. Mən ərizə verdim. Sonra bizi yoxladılar. Mən Süleyman Rüstəmin «Çapayev» şeirini yarıya qədər  söyləyəndən sonra Adil İsgəndərov əlindəki karandaşı döyəclədi. Məni ağlamaq tutdu. «Bir həftədən sonra cavabları bilmək üçün gələrsiniz» - deyə bildirdilər. Sözün açığı, qəbul olunmağıma heç ümidim yox idi. Həmin ərəfədə həyəcandan axşamlar yata bilmirdim. Adımın qəbul olunanlar  siyahısında birinci yerdə olduğunu eşidincə uçmağa qanadım yox idi. Kursun müəllimlərinin əksəriyyəti «Azdrama»nın görkəmli aktyorları idi. Ancaq kursu yarıda bağladılar. Tələbələri isə Teatr Texnikumuna keçirdilər. Texnikumu qurtardığımız ildə İncəsənət İnstitutu açıldı. İnstitutun ilk tələbələri biz olduq. Mən həm teatrda işləyir, həm oxuyurdum. Teatrda mənə rollar verilirdi. Teatrın ən görkəmli aktyorları ilə bir yerdə səhnəyə çıxırdım. O teatrın səhnəsində təkcə Ülvi Rəcəb Abbas Mirzə Şərifzadə ilə işləmək mənə qismət olmadı. Onlar repressiya olunduqlarından teatrda sona qədər işləyə bilmədilər.

Get-gedə mənə böyük rollar həvalə olunurdu. Sonra məni rejissor assistenti təyin etdilər. Həm aktyor kimi rollar oynayır, həm rejissor köməkçisi kimi tamaşaları idarə edirdim.

- Hansı tamaşalarda rejissor assistenti kimi iştirak edirdiniz?

- «Hamlet», «Vaqif», «Şeyx Sənan», «12-ci gecə», «İblis», «Qaçaq Nəbi» s, tamaşaları həm idarə edir, həm rollar oynayırdım. Mən əsasən Mehdi Məmmədovla işləyirdim. Hərdən onunla xasiyyətimiz düz gəlmirdi. Belə olanda mən küsüb tamaşaya gəlmirdim. Onun oğlu Elçin teatrın rəssamı idi. O da, keçmiş həyat yoldaşı Barat Şəkinskaya da deyirdilər ki, «Qayıt, onun yanına, o, səndən başqa heç kəslə işləyə bilməz». Mən umu-küsünü unudub qayıdırdım.

 

 

Aktyor rejissor problemi

 

- Özünüz heç tamaşa qura bildinizmi?

- Yox, tamaşa qurmadım. Buna vaxt yox idi. Hərdən əlavə qazanc üçün məktəblərə gedib tamaşalar qururdum. Səhnədə  isə tamaşa hazırlamağa vaxt olmadı. Ancaq 50-yə yaxın tamaşanın rejissor assistenti oldum. Həmin tamaşalardan beşi Dövlət mükafatına layiq görüldü.

- Bu gün tamaşaların idarə edilməsini sizə həvalə edirlər?

- Yenə rejissor assistentiyəm, sadəcə indi əvvəlki tamaşalar yoxdur. Həmin tamaşaları yenidən hazırlayıb bərpa etmək lazımdır. Amma həmin artistlər artıq yoxdur. O zaman tamaşalar çox yüksək səviyyədə hazırlanırdı. Ümummilli lider Heydər Əliyev həmişə tamaşalarımıza baxmağa gəlirdi. O, teatrda Anarın «5 mərtəbəli evin 6-cı mərtəbəsi» əsəri əsasında hazırlanan tamaşaya həyat yoldaşı Zərifə xanımla birlikdə baxdı. Tamaşadan sonra səhnə arxasına keçib yaradıcı heyətlə görüşdü. Mən həmin tamaşada sözsüz bir rol oynayırdım. Mənim roluma xüsusi fikir vermişdi. Dedi ki, “sənin səhnəyə çıxışlarını səbirsizliklə gözləyirdim. Sən bundan sonra tamaşa aparma, sən böyük artistsən”.

- Bu gün teatrlarda əvvəlki rejissorlar necə, varmı?

- Elə rejissorlar da yoxdur. Teatra yaxşı əsərlər daxil olmur. Hazırda Elçinin «Qarabağnamə» əsəri hazırlanır. Ssenari ilə tanış oldum, xoşuma gəlmədi.

- O dövrdə camaatın tamaşalara marağı necə idi?

- Tamaşaçı əlindən salonda tərpənmək olmurdu. Xüsusi adamlar var idi ki, qabaq cərgələrin biletlərini alaraq teatrın qarşısında durur ikiqat qiymətə satırdılar. Salon həmişə dolu olurdu. İndi isə tamaşaçılar teatra gəlmirlər. Bundan sonra necə olacağını deyə bilmərəm.

- Sizcə, bu gün niyə teatra maraq azalıb?

- İnanmıram ki, əvvəlki dövrün tamaşalarını hazırlayın rejissorlar oynayan aktyorlar olsun. Amma yenə ümidi üzmək lazım deyil. «Azdrama»nın binası təmirdən çıxıb. Bina təhvil veriləndən sonra orada işə başlayacağıq. Çoxdandır ki, yeni tamaşalar oynanılmır. O vaxt rejissorların teatra yanaşması bir qədər fərqli idi. Məsələn, Ələsgər Şərifov bəzən gecələr evinə getmirdi. Sexlərə gedir, işlə maraqlanırdı. İndi yaxşı yazan dramaturqlar da yoxdur. Yaxşı tamaşalar üçün maraqlı əsərlər olmalıdır. Çox istərdim ki, o cür tamaşalar yenə səhnələşdirilsin. Həmin tamaşalar insanlara yaxşı təsir edir.

Amma mən dəyişikliklərin olacağına ümid edirəm!

 

 

Teatrdan ayrı yaşaya bilmərəm

 

- Siz niyə tamaşalarda adətən sözsüz rollarda oynayırsınız? Əsas rolları həvalə etmirlər, ona görə?

- Axı mən tamaşanı idarə edirəm. Özüm balaca rolları seçirəm. Mənə daha çox başqa artistləri tapmaq lazımdır. Bəzən olub ki,  aktyorlar gəlməyəndə onların əvəzinə səhnəyə çıxmışam. Sidqi Ruhullanın, Süleyman Tağızadənin əvəzinə oynamışam. Məlik Dadaşovla dublyor olmuşam. İdarə etdiyim tamaşaların hamısında rollarım olub.

- Ailənizdə yolunuzu davam etdirən varmı?

- Oğlanlarım uşaq olanda səhnəyə çıxırdılar. Məsələn, «Almas» tamaşasında iki oğlum uşaq rolu oynayırdı. Amma sonradan onların heç biri aktyor olmadı. Sonradan nəvəm səhnəyə çıxırdı. Hazırda isə o  İsveçdədir. 

- Sizə teatrın direktorlarından «təqaüd yaşınızdır, istirahətə gedin» deyən olubmu?

- Bir dəfə Əliabbas Qədirov demişdi. Amma mən razılaşmadım. Dedim ki, kimi gətirmək istəyirsənsə, gətir, onu öyrədim. Çünki bu işi bilən yoxdur. Bəzən olurdu ki, xətrimə dəyirdilər. Onda küsüb teatra getmirdim. Amma bilirdim ki, yenə gedəcəyəm. Həmişə demişəm ki, əgər məni işdən çıxarsalar gedib teatrda qapıçı ya süpürgəçi işləyəcəyəm. Mən teatrdan ayrı yaşaya bilmərəm. Bunu sonradan hamı başa düşdü bu fikrimə hörmət etməyə başladılar.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 1 oktyabr.- S. 13.