Azərbaycan nefti rəssam əlində!
“Rəssamlıq odur ki, gərək
öz dəsti-xəttin ola”
Sabir Çopuroğlu ilə “Dənizkənarı
milli parkda əl sənətkarlığı nümunələri
sərgisi”nin təşkili zamanı tanış olduq. Onun diqqətimizi
çəkməsinə səbəb isə qeyri adi rəsm
çəkmə bacarığının olması idi.
Qeyri-adi ona görə dedik ki, bu rəssamın əl işləri
yalnız neftlə işlənib. Bunlar
marağımızı çəkdiyindən emalatxanasına
gedib rəssamı daha yaxından tanımaq qərarına gəlirik.
Beləliklə, tanımadığımız, əslində
çox tanınmış bu rəssamla sizi də
tanış edirik.
Onun emalatxanası
Rəssamlar evində yerləşir. Rəssam özü emalatxanada
bizi qarşılayır
və öz əl işləri barədə sevə-sevə
məlumat verir. Öncə özü barədə və sənətə necə marağının
yaranmasından danışır.
Belə ki, Sabir Çopuroğlu
1956-cı ildə Gürcüstanda
anadan olub. Uşaqlıq illəri də
orada keçib. “Uşaq idim,
gördüm evdə şüşənin içində
qara mazut kimi nəsə var, götürdüm onu və başladım
divara yaxmağa.
Yəni,
belə-belə uşaqlıqdan
daxilimdə rəssamlığa
qarşı bir hisslər var idi. Bunlar elə bil mənə Allah tərəfindən
verilmişdi. Gördüm ki, artıq məndə bu sənətə qarşı
həvəs yaranıb,
başladım ciddi məşğul olmağa.
Məktəbdə də bütün
dərsləri atıb
ancaq şəkil çəkməklə məşğul
olurdum. Artıq 5-6-cı sinifdə mən bu işi
ciddi olaraq davam etdirirdim. Məktəbdə çəkdiyim şəkilləri
çox bəyənirdilər.
Digər
dərslərimi oxumasam
da müəllimlərim
məni çox həvəsləndirirdi və
talantımı qiymətləndirirdilər.
Bundan sonra müəllimlər mənə yazıçı
və şairlərimizin
portretlərini çəkməyi
sifariş etdilər.
Azərbaycan və Gürcüstanın
Rəssamlar ittifaqının
üzvü olan Sabir bəy uşaq vaxtı rəssamlığı ona
heç kimin öyrətmədiyini deyir.
“Amma, orta
məktəbi bitirdikdən
sonra rəssamlıq məktəbinə sənəd
verdim və qəbul olundum. Üç il
burada oxuduqdan sonra Tiflisə rəssamlıq kursuna getdim. Tiflis Akademiyasında
oxuyarkən orada Merak Berdonaşvili adında çox güclü bir heykəltəraş bu sahədə mənə çox dəstək oldu. Daşdan Nizaminin, Babəkin və.s baralyeflərini də yonmuşdum o vaxt. İstiqlal muzeyi tərəfindən
Babəkin baralyefi artıq alınıb”.
O təhsil aldıqdan sonra bir neçə tanınmış rəssamlarla
əlaqə saxlayır
və bunun da böyük köməyi olduğunu deyir: “Rəhmətlik Səttar Bəhlulzadənin
də emalatxanasında
olmuşam. Onun işləri ilə
yaxından tanışam.
Daha sonra rəssam Mikayıl Abdullayev var idi. Onlar mənə müəyyən
göstəriş və
məsləhətlər veriblər”.
Bakıda və Tiflisdə
keçirilən bütün
sərgilərdə daim
iştirak etdiyini deyən Sabir müəllim, get-gedə yaradıcılığını daha da təkmilləşdirib.
Özünün ilk fərdi
sərgisini isə
1986-cı ildə Tiflisdə,
M.F.Axundovun ev
muzeyində təşkil
eləyib. Dediyinə görə sərgi
o vaxt çox gözəl keçib və bütün TV və mətbuatda işıqlandırılıb.
Rəssamın
öz sənətinə
olan münasibəti isə belədir: “Mən bu sənətdən
həzz alıram, mənə ruh verir, mən bununla yaşayıram. Deyərdim ki, rəssamlıq mənim ikinci həyatımdır, əlçatmaz
bir zirvədir. Özümü bu sənətsiz
təsəvvür edə
bilmirəm. Elə adamlar
var, görürsən
ki, rəssamlığı
da bitirib, akademiyanı da. Amma, qanlarında, ürəklərində
rəssamlıq yoxdur,
sadəcə bu sənəti oxuyublar.
Sovetlər dövründə rəssamlar həqiqətən
çox yaxşı qazanırdılar. Ona
görə də çox adam
rəssamlığa gedirdi,
istəyirdilər rəssam
olsunlar. Lakin rəssam olmaq
elə bir şeydir ki, bu adamın daxilində olmalıdır,
sırf istedad olmalıdır. Bu hiss daxilində
olmasa rəssam olmaq çox çətindir. Diplom rəssamlıq üçün
böyük əhəmiyyət
kəsb eləmir.
Götürəndə, Əzim Əzimzadə
məşhur rəssam
olub, lakin heç bir yerdə oxumayıb. Başqalarını da buna misal göstərmək olar.
Bizim rəssam bu
yolda çox çətinliklər çəkdiyini
deyir. “Hazırda
rəssamlıqdan başqa
bir işlə məşğul olmasam da əvvəllər müvəqqəti işlərdə
işləmişəm. Məsələn, fəhlə də
olmuşam, “axranı”
da işləmişəm,
amma sənətimi buraxmamışam. Çünki, təkcə bu sənətlə ailəni
saxlamaq mümkün deyil”.
–Sabir müəllim, neftlə işləmək ideyası
necə yarandı sizdə? Sualımıza–“Həmişə nəsə qeyri-adi bir şey yaratmağı
fikirləşirdim. İstəyirdim ki, bu elə
bir şey olsun ki, ümumiyyətlə
rəssamlıqda yeni olsun. Necə oldusa uşaqlıq
dövrüm yadıma
düşdü və
neftlə şəkil
çəkməyi düşündüm.
Belə bir şey, hətta
yuxuma da girdi – görürəm ki, neftlə rəsm çəkirəm.
Beləcə, Azərbaycanın da neft ölkəsi
olduğunu düşünərək
Bayıl tərəfə
getdim. Bilirdim ki, orada keçmiş neft buruqları və gölməçələri var. Oradakı neft qalıqlarından 2-3 litr gətirdim emalatxanaya.
Daha sonra bunu qurutmaq
lazım gəldi, öz təcrübəmdən
istifadə edərək
bu neftə müəyyən qatqılar
qatdım. Neftin tərkibində
çox maddələr
var və çox gözəl rənglərə çalır.
Neftlə olan işlərimi dörd beş il
heç kimə göstərmədim. Sonra eksperiment
apardım, bütün
detalları yoxladım.
Müəyyən kraskalar və.s
qatandan sonra gördüm ki, həqiqətən alınır.
Əmin oldum ki, neftlə
çəkdiyim rəsm
2-3 günə quruyur və çox keyfiyyətli olur, xarab olmur. Bundan sonra işlərimi neftin üzərində qurmağa başladım”–deyə cavablayır.
Qeyd edək ki, rəssamın neftlə işlədiyi əsərləri
seyr edərkən, orada Azərbaycanın milli çalarlarına daha çox rast gəlinir. Rəssam özü isə, bunu mədəniyyətimizin
təbliği ilə əlaqələndirir. O, neftlə
işlədiyi əl işlərini ilk dəfə
2003-cü ildə Torqovıda
satışa çıxarıb.
“Baxanlar çox
maraqlanırdı. Mənim ilk işimi
bir alman aldı. O burada neft şirkətində işləyirdi. Onun əli çox
yüngül oldu.
Daha sonra həmin alman kömək məqsədi ilə mənlə əlaqə saxladı və məni Almaniyada sərgidə iştirak etməyə dəvət elədi. 2006-cı ildə getdim Almaniyaya və orada keçirilən 2-ci Beynəlxalq Simfoziumda konkurs sərgilər keçirilirdi. Bu sərgidə, həqiqətən
mənim işimə maraq çox idi. Şükür Allaha ki, bir çox ölkələrin qatıldığı
bu beynəlxalq simfoziumda birinci dərəcəli diplomu və birinci yeri mən götürdüm.
Sonra auksion sərgidə işlərim çox yaxşı satıldı.
Bir neçə xarici media mənim barəmdə məqalələr dərc
etdilər. 2008-ci ildə
keçirilən növbəti simfoziumda da fərqlənmə diplomu
aldım”
Onun yeni ideyası maddi vəziyyətini
də düzəldib: “Mənim maddi vəziyyətim çox
ağır idi. Neftlə işləyəndən sonra isə şükür
Allaha hər şey
düzəldi. Alıcılarım çoxaldı. Neft şirkətindən sifarişlər olundu. Başqa-başqa
şəxslərin də bu rəsmlərə
marağı oyandı”. Rəssam deyir ki, bu texnologiyanı rəssamlıqda
ilk dəfə o tətbiq
eləyib. Bu barədə patent də
alıb. İndiyənə kimi mindən çox əl işləri olub
ki, onların da təxminən
500-ü ən yaxşılarındandır. “İndi
şükür Allaha
maddi vəziyyət normaldır.
İşimə maraq var,
məsələn mədəniyyət nazirliyi
tərəfindən ildə iki dəfə
mənim əsərlərimi alırlar”.
Bu yeniliyin təbliğat
üçün önəmli olduğunu deyir Sabir bəy: “Rəssamlıq
odur ki, gərək öz dəsti-xəttin ola. Görürsünüz, dünyada
neftin üzərində
qırğınlar gedir. Amma,
mən çalışmışam ki, bunu bir sənət əsərində
tətbiq edək, sülh yaradaq.
Bu da Azərbaycan neftinin təbliği üçün
hesab edirəm ki, təqdirəlayiq
addımdır. Çünki beynəlxalq
sərgilərdə təqdim edirsən ki,
bu Azərbaycan neftidir
və.s. Rəssam aktiv olmalı, hər zaman işləməlidir. Bu
işə paxıllığı tutanlar,
gözləri götürməyənlər də çoxdur. Bu sahəyə
dövlət tərəfindən də ciddi
maraq olmalıdır. Və son vaxtlar mənim işlərimə
olan diqqət onu
göstərir ki, bu
sahəyə maraq var”.
Sənətinə bağlanan sənətkar bütün gününü emalatxanada keçir. Çox vaxt gecəni də burda qaldığını deyir. Onun əsərlərinin qiymətləri isə müxtəlifdir. 100-300-500 manatlıq və daha artıq qiymətə olan əl işləri var. Konkurs üçün olan rəsmlər çox bahadır. Çörək pulu üçün isə xırda işləri də olur. Ayda 5-10 ədəd alırlar, sifariş də verilir. Rəsmləri isə əsasən kətan üzərində işləyir. Bundan başqa adi və sığallı kağızlarda da qiymətli əsərləri var. Nefti şirkətdə işləyən dostları gətirir. Özü də hərdən gedib yığır. Kağızı isə özü rulonla alır. Bir rulon 300-350 manatdır. Sənətkar deyir ki, elə əsərlərim var, onları satmıram. Fikrim var Azərbaycanda fərdi bir sərgi keçirim”
Sabir müəllim
Sonda Azərbaycan rəssamlarına da münasibət bildirir:
“Azərbaycan rəssamlarının durumu məni qane etmir. Çoxlarının işi yoxdur, işsizdir. Müasir dövrdə həqiqətən də rəssamlıqla pul qazanmaq çox çətindir. Ayda maaş kimi rəssama maddi yardım olunsa yaxşı olar. Mənsə Allahıma güvənib bu işləri görürəm. Biz incəsənətimizi, mədəniyyətimizi güclü təbliğ edə bilmirik. Əksinə bizim yaxşıları digər millətlər görür və onu öz adlarına çıxırlar”.
Elgün Mənsimov
Kaspi.-2011.-13 oktyabr.-S.11.