«Qadın əxlaqdan
danışanda çirkin görsənir»
Aynur Camalqızı: «Qadın sadəcə,
əxlaqlı olmalıdır, əgər bacarırsa.
Bacarmırsa, susmalıdır»
“Cəmiyyətimizdə
əxlaq və mənəviyyatda aşınma gedir!” Bu fikir
tez-tez yaşlı nəsil, xüsusən ziyalılar tərəfindən
səslənməkdədir. Hər kəs də cəmiyyətin
mənəvi-əxlaqi problemlərinə fərqli rakursdan
yanaşır. Fikirlər var ki, “Nə etməli?” klassik
sualının həlli tapılmayınca bu problemlərin
çözümü də çətin olacaq.
Keçmiş
millət vəkili Aynur Camalqızı “Kaspi”yə müsahibəsində
“Nə qədər ki, cəmiyyətin elmə, təhsilə,
ədəbiyyata, musiqiyə münasibəti dəyişməyib,
biz belə problemlərlə üzləşəcəyik” deyə
bildirib.
Qüsurlu nüanslar
- Əxlaq məsələlərindən danışılanda nədənsə hamı daha çox qadınların üzərində dayanır. Cəmiyyətdə qınaq da həmişə qadınlara ünvanlanır. Sizcə, bu yanşmanı nə dərəcədə doğru saymaq olar?
- Bu, əslində çox ağrılı mövzudur. İstənilən məsələlərlə bağlı müzakirə aparsaq, görərik ki, cəmiyyətimiz təəssüflər olsun ki, hər şeyi qadından gözləyir – qəhrəmanlığı da, fədakarlığı da, əxlaqı da, namusu-qeyrəti də. Ancaq Allah qadınla kişini bərabər yaradıb, onlara bərabər imkanlar verib, qanunlarımızda da qadınlarla kişilərə bərabər hüquqlar tanınır, biri o birindən üstün sayılmır. Həmişə örnək gətirdiyimiz Avropada da qadınla kişi arasında bərabərlik işarəsi qoyulub. Ümumiyyətlə, bütün müəssisələrdə onlara bərabər imkanların yaradılması tələb olunur. Və qadınla kişi bu ölkələrdə bütün sferalarda gerçəkdən də bərabərdirlər. Bəs bizdə niyə vəziyyət fərqlidir? Mən düşünürəm ki, bu, mentalitetimizdəki bir sıra qüsurlu məqamlarla bağlıdır. Niyə hər şeyi qadından tələb edirik? Axı, qadın daha zərif və zəif məxluq hesab olunur. Elə isə, niyə bütün fədakarlıqları ondan gözləyək? Fikir vermisinizsə, adətən kişi haqqında hər hansı bir söz-söhbət, şayiə yayılanda heç kəs onun reallıq, yoxsa yalan, böhtan olduğunu müzakirəyə çevirmir. Hesab edilir ki, o, kişidir və onun haqqında hər şey danışıla bilər və o, kişi olduğu üçün nə istəsə, edə bilər. Ancaq qadın haqqında hətta bir böhtan yayılanda belə “bəlkə ona şər atırlar” deyə heç kəs araşdırmaq istəmir. Qadın bütün cəmiyyətin və ya onu tanıyan insanların müzakirə və qınaq obyektinə çevrilir. Təbii ki, bunu pisləyirəm və hesab edirəm ki, əxlaqi, milli-mənəvi dəyərlərə hörməti təkcə qadınlardan yox, qadınlı-kişili hər kəsdən - bütün insanlardan gözləmək, ya ummaq lazımdır.
- Ümumiyyətlə, yazılmamış əxlaq qanunlarının hansısa resepti varmı? Sizcə, cəmiyyət hansı əxlaqi dəyərlərə söykənərək saf, təmiz, dayanıqlı ola bilər?
- Mən ümumiyyətlə, qadınların bu mövzuda yüksəkdən danışmasının əleyhinəyəm. Qadın əxlaqdan danışanda, mənim fikrimcə, çox çirkin görsənir. Qadın sadəcə, əxlaqlı olmalıdır, əgər bacarırsa. Bacarmırsa, susmalıdır. Cəmiyyətimizin də gözləntisi budur: qadın əxlaqlı olmalıdır! Əxlaqdan danışmaqdan çox əxlaqlı olmağa çalışmalıdır. Əxlaqı olmaq nədir? Bu məsələyə hərə bir prizmadan yanaşa bilər. Mənim düşüncəmə görə, əxlaqlı olmaq - yalan danışmamaq, başqalarına pislik etməmək, heç kəsin dedi-qodusu ilə məşğul olmamaq, arxasınca danışmamaq, başqalarının həyatına müdaxilə etməməkdir. Əxlaqlı olmaq - Vətənini, torpağını sevmək, insanlara sevgi və sayğı ilə yanaşmaqdır. Başqalarının uğuruna qüssələnmək deyil, sevinməkdir. Düşünürəm ki, əxlaqlı insanları təkcə cəmiyyət yox, Allah da dəyərləndirir.
Mənəvi
deqradasiyanın göstəricisi
- Cəmiyyətdə
mənəvi aşınmalardan danışılanda daha çox keçmiş illərlə müqayisə
aparılır. «Əvvəllər belə deyildi»
- tipli nostalgiya dəbdədir.
Sizin bununla
bağlı müşahidələriniz necədir, cəmiyyətdə
bu yöndə dəyişikliklər
doğrudanmı, var?
-
Şübhəsiz ki, dəyişən çox şey var. Doğru deyirsiniz, adətən,
yaşlı adamlar gənclər
haqqında danışanda «bizim
zamanımızda belə deyildi» və ya «hər bir uşaq öz valideynindən
daha çox zəmanəyə
oxşayır» deyirlər. Əslində bu
sözlərdə həqiqət payı var.
Ancaq mən hesab etmirəm
ki, keçmişdə hər şey daha yaxşı, daha gözəl olub. Hər
bir zamanda müəyyən
problemlər olub. Məsələn,
sovet dönəmində orta
məktəb dərsliklərində, ədəbiyyatda bizə
uzun müddət Qaçaq
Nəbinin Həcərini fədakarlıq və qəhrəmanlıq,
min kişinin
içində baş çıxaran, kişi kimi möhkəm,
etibarlı qadın olaraq təqdim ediblər.
Təhtəlşüurumuza yeridiblər. Bizim
nəzərimizdə qadın simvolu Koroğlunun Nigarı və ya
Nəbinin Həcəri olub. Ancaq sovet dövrü bitəndən
sonra bəlli oldu ki, heç də hər şey bizə təqdim edilən kimi deyilmiş. Mətbuatda
bu barədə yazılıb, ədəbiyyatçılardan
biri araşdırmışdı ki, Qaçaq Nəbi
dünyasını dəyişəndən sonra
Həcər xanım 5 dəfə ərə gedib. Hətta sonuncu ailə
qurduğu kişi
milliyyətcə erməni olub. Bilirsiniz ki, əri qəhrəmanlıqla
ölən, həlak olan kişinin
arvadının başqasına ərə getməsi
mentalitetimizdə məqbul sayılmır. Amma
bu qadın uzun
müddət bizə mənəviyyat və əxlaq rəmzi kimi qəbul etdirilib. Ona görə də bu cür məsələlərə «mütləq
belə olmalıdır» nöqteyi-nəzərindən yanaşmaq doğru deyil. Təbii ki, burada fikirlər haçalana,
mənim fikirlərimlə də kimlərsə
razılaşmaya bilər. Ümumiyyətlə, bu tipli məsələlərdə
ortaya konkret bir resept qoymaq
çətindir.
- Tutaq ki, hansısa telekanalda milli-mənəvi
dəyərlər, əxlaq məsələləri ilə
bağlı tok-şou keçirilir. Nəzəri
baxışların cəmiyyətə müsbət mənada
təsiri ola bilərmi?
- Bütövlükdə kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyanın tərbiyəvi əhəmiyyəti çox böyükdür. Çünki televiziya hər kəsin evindədir. O, hər birimizin çağırılmamış qonağıdır. Bəlkə də ən yaxın qohum-əqrəbalarımızdan çox, televiziya ekranlarından gördüyümüz simalarla “yaxın” ünsiyyətdə oluruq. Ancaq bizim telekanallarda daha çox əyləncəli verilişlərin, bu verilişlərdə toyxana müğənnilərinin meydan sulaması insanların, xüsusən gənclərin zövqünün korlanmasına gətirib çıxarır. Əksər gənclərə sual versəniz, həmin toyxana müğənnilərini az qala bizim klassiklərlə bərabər tutarlar. Çünki onlara seçim imkanı verilməyib. Əgər televiziya kanallarında keyfiyyətli musiqi ilə hazırda daha çox təqdim olunan «musiqi»nin fərqi göstərilsəydi, məsələn, Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun mahnıları da həmin müğənnilərin mahnıları qədər səsləndirilsəydi, populyarlaşdırılsaydı, onda insanlarda seçim imkanı yaranardı. O zaman insanlar ayırd edə bilərdilər: gözəl səs sahibi hansıdır, səsi olmayan müğənni hansıdır.
Ancaq bu seçimi edə bilmədiyimizə görə, ciddi problemlər yaranır. Ümumiyyətlə, insanların milli-mənəvi dəyərlərə münasibətinin, dünyagörüşünün formalaşmasında televiziya ilə yanaşı, ədəbiyyatın da geniş imkanları var. Düşünürəm ki, gənclərə mütaliə vərdişini aşılamaq üçün bu tip verilişlərin, eyni zamanda mətbuatda da yazıların olmasının böyük əhəmiyyəti var. Düzdür, son illər ədəbiyyata müəyyən meyllənmə yaranıb. Ancaq bütövlükdə götürəndə bizim cəmiyyət olaraq kitab oxumaq səviyyəmiz Rusiya, Türkiyə kimi ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu da əslində çox qorxulu tendensiyadır. Rusiyada yazıçı Pelevinin yeni kitabı 5-10 min tirajla çap olunandan iki saat sonra həmin kitabları kitab mağazalarından tapmaq olmur. Eləcə də Türkiyədə Əlif Şəfəqin «Aşk» romanı yarım milyon tirajla çap olundu və demək olar ki, bir kitab da yerdə qalmadı. Ancaq bizdə kitab 500 və ya ən yaxşı halda, 1000 tirajla çap olunur, onun heç 200 alıcısı tapılmır. Bu, əslində cəmiyyətin mənəvi deqradasiyasının, onun mənəvi cəhətdən nə qədər yoxsullaşmasının göstəricisidir. Ümumiyyətlə, bizim insanların ədəbiyyata, musiqiyə münasibəti dəyişməlidir. Münasibət dəyişdikcə biz də bayaqdan haqqında danışdığımız problemlərdən get-gedə xilas olacağıq. Nə qədər ki, cəmiyyətin elmə, təhsilə, ədəbiyyata, musiqiyə münasibəti dəyişməyib, biz belə problemlərlə üzləşəcəyik.
İnsanların
məsuliyyəti
- Hər gün efirdən, mətbuatdan cəmiyyətdə
dəhşətli cinayət hadisələrinin, qətllərin
baş verdiyinin şahidi oluruq. Sizcə,
insanların belə aqressivləşməsinin səbəbi nədir?
- Mən
insanların aqressivləşməsini onların biliksizliyi, təhsilsizliyi,
savadsızlığı ilə əlaqələndirirəm. Çünki insan nə qədər
elmli olursa, mütaliə
edirsə, eyni zamanda tərbiyələnirsə,
bu, onun şəxsiyyət
kimi formalaşmasında ciddi
önəm daşıyır. Düşünürəm ki, cinayət hadisələrini o
insanlar törədir ki,
onların təhsili, savadı yoxdur və
elələri çıxış yolunu
başqalarına zərər verməkdə görürlər.
Əslində,
İslam dinində intihar ən böyük günah
sayılır. Ancaq mətbuat səhifələrindən
12-13 yaşlı uşaqların intihar etməsi
ilə bağlı xəbərləri oxuyanda
dəhşətə gəlirəm. Bu yaşda uşağın hansı problemi ola bilər ki, o, intihara
əl atsın? Mən çox narahatam ki, niyə insanlar bu qədər
aqressivdirlər. Niyə insanlar
başqalarına əziyyət verməkdən, zülm-zillət
verməkdən qorxmurlar? Hesab
edirəm ki, bu cür məsələləri müzakirə edib çıxış yollarını axtarmaq lazımdır.
- Bir tərəfdə göz qamaşdıran
maddi zənginliklər,o biri tərəfdə mənəvi
kasıblıq. Bu, ziddiyyət nədən yaranır, sizcə?
-
Maddi zənginliklər heç də həmişə
insanı xoşbəxt eləmir. Ancaq
insan mənən zəngin olanda
hər çətinliyə, əzab-əziyyətə qalib gələ bilir. Məsələn,
Milli Qəhrəmanımız Mübariz İbrahimov çox sadə ailədə doğulub.
Ancaq görün, onun içində Vətən sevgisi,
torpaq məhəbbəti nə qədər
güclüydü ki,
belə bir qəhrəmanlığa, fədakarlığa
imza ata bildi. O, öz həmvətənlərinin
ürəyində düşmənə qalib
gəlməyin nə qədər asan olduğunu göstərdi. Və
qalib kimi öldü! Əgər insanın ürəyində
Vətən, torpaq sevgisi
varsa, onun hər
şeyə münasibəti fərqli olur.
Ümumiyyətlə, mən düşünürəm ki, sevgi mədəni hadisədir.
Əgər insan əxlaqlıdırsa, mədənidirsə,
o, valideynlərini də, millətini də,
Vətənini də sevir, sevə bilir. Əgər insanın əxlaqı yoxdursa, ondan nə yüksək
vətənpərvərlik, nə millətinə, nə
dövlətinə, nə də valideynlərinə yüksək
münasibət gözləmək olar.
- Sadaladığımız
yüksək keyfiyyətləri dövlət proqramları,
qanunlarla tərbiyə etmək mümkündürmü?
- Əslində sadaladığım bu məsələlərlə bağlı müəyyən dövlət proqramları var. Məsələn, dövlətin gənclər siyasəti, gənclərdə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı bilirsiz ki, ölkə başçısının sərəncamları var. Bu istiqamətdə dövlət tərəfindən tələb olunan addımlar atılıb. Ancaq elə məsələlər var ki, onları inzibati üsullarla, inzibati metodlarla reallaşdırmaq doğrudan, çətindir. Hər bir uşağın tərbiyəsi onun ailəsindən başlayır. Sonra uşaq bağçasında, orta məktəbdə, daha sonra ali məktəbdə davam etdirilir. Yəni hər bir insan öz işində məsuliyyətli olsa, onda bu problemlər də ortaya çıxmaz. Valideynin yaxşı övlad böyütmək, müəllimin dəyərli vətəndaş yetişdirmək məsuliyyəti olsa, belə problemlər yaranmaz. Müəllim də, həkim də insanlara münasibətdə son dərəcədə həssas və diqqətli olmalıdır. Bu yaxınlarda Milli Ordumuzda bir əsgərimiz dünyasını dəyişdi – Eldar Novruzov. İndi hər kəs onun ölümünün baiskarını axtarır və hərə bir səbəb göstərir. Məncə, ilk öncə ondan başlamaq lazımdır ki, o, bir Azərbaycan gənciydi və təəssüf ki, əsgər kimi döyüş meydanında yox, adi bir xəstəlik üzündən dünyasını dəyişdi. Ancaq bu hadisə baş verməyə də bilərdi. Hər halda, bu işdə məsuliyyəti olan hər kəsin, əgər vicdanı varsa, öz günahını etiraf etməlidir. Bu, mənim nəzərimdə bir ailənin itkisi deyil, bütövlükdə Azərbaycanın itkisidir - biz cavan bir əsgərimizi itirmişik. Yəni insanların öz işinə məsuliyyətindən də çox şey asılıdır.
Təranə Məhərrəmova
Kaspi.-2011.-13 oktyabr.-S.9.