Turistin yol yoldaşı
Səyahət sığortası
xarici səfərlər zamanı yaşanacaq xəstəlikləri,
bədbəxt hadisələri və digər riskləri zəmanət
altına alır, amma...
Xaricə gedən insanın
öz həyat və sağlamlığını
sığortaladığı xüsusi sığorta
proqramı – Səyahət sığortası haqda nə qədər
məlumatlıyıq? Ayrı-ayrı
sığorta şirkətlərinin, turizm agentliklərinin
açıqlamaları ilə tanış
olduqca, bu sənədin hələ bizdə nə təkmil variantının
olmasına, nə də insanların bununla bağlı mükəmməl
bilgiyə malik olmasına rast gəlinir.
Əslində əcnəbilərin özlərinə yol
yoldaşı bildiyi, bizim isə könüllü
yanaşdığımız bu sənəd xarici ölkələrə
səyahət zamanı sağlamlıqla bağlı ortaya
çıxa biləcək bədbəxt hadisə, tibbi xərc
və digər riskləri zəmanət altına alır. Hazırda
dünyanın bir çox ölkəsi Səyahət
sığortası olmayan şəxslərin öz ölkələrinə
daxil olmasına icazə vermir. Sığorta
müqaviləsinin qüvvədə olduğu müddət ərzində
xoşagəlməz hadisə nəticəsində
sığorta olunmuş şəxsin tibbi daşınma,
hüquqi yardım, səyahətin ləngiməsi, baqajın
itməsi ilə əlaqədar çəkdiyi xərclər
sığorta məbləği həddində ödənilir.
İşgüzar və ya turistik səfərlər
zamanı səyahətlərinin zəmanət altına
alınmasını istəyənlər gözlənilmədən
baş verən hadisələr və qəfil xəstəliklərdən
sığortalanmaq məqsədilə təhlükəni
öncədən qabaqlamağa üstünlük verirlər.
Hər 10 saniyədə dünyada bir
sığorta hadisəsi baş verməsi ilə bağlı
statistik məlumatları nəzərə alsaq, onda Səyahət
sığortasından yararlanmağın nə qədər
vacib olduğunu düşünmək çətin deyil.
Ancaq hər şeyin mükəmməl təşkil
olunacağı şəraitdə...
Bizim turizm şirkətlərindən tur paket alarkən səfər
sığortası ilə bağlı 7-12 AZN pul ödəməli
oluruq. Səyahət
sığortasının turistlər üçün şirkət
tərəfindən bonus kimi yazıldığı turizm
agentlikləri də var: "Hər hansı xəstəlik
baş verdikdə Moskva və İstanbuldakı göstərilən
telefon nömrələrinə zəng vurarsınız”- deyə
şirkətlərdə məsləhət də verilir. Amma
Allah eləməmiş, insanın başına bir iş gələcəyi
təqdirdə, həmin nömrələrdən kömək
ummağın nə qədər etibarlı
olub-olmadığını heç kəs bilmir. Ümumiyyətlə, Səyahət
sığortası səfərə çıxanı nələrdən
sığortalayır? Terrorun insanların
həyatını təhdid etdiyi bir zamanda hər hansı
xarici ölkəyə səfər edən insana sağ
qalması üçün və ya dəyəcəyi ziyan
üçün təminat verirmi?
Səyahət sığortası
icbari olarsa
Turistin xaricdə hər hansı bədbəxt hadisə
ilə üzləşəcəyi təqdirdə xərcləyəcəyi
pulun qəbzlərini yerli sığorta şirkətindən və
ya turizm agentliyindən ala biləcəyi nə qədər
realdır?
Səyahət
sığortasının turizm şirkətləri tərəfindən
könüllü həyata keçirildiyini təəssüflə
deyən Azərbaycan Turizm Assosiasiyasının sədrinin
müşaviri Müzəffər Ağakərimov dünyada
baş verən hadisələr, qeyri-müəyyənliklə
bağlı olaraq bu tip sığortanın
icbari olmasının tərəfdarıdır. Belə ki, bu,
insanları xaricdə başlarına gələn hadisələrdən
sığortalaya bilər: "Amma Səyahət
sığortası verilən vaxt müqavilə ilə
bağlansın və sığorta haqqının nəyə
görə alınması sənəddə dəqiq göstərilsin.
Yəni bilinsin ki, Səyahət
sığortası nədən sığortalayır. Məsələn,
hər hansı fors-major vəziyyət yarana, terror aktı ola bilər. Çünki turist
pulu nəyə görə verdiyini və nədən
sığortalandığını bilməlidir. Sığorta şirkətinin də borcudur ki, turistə
təklif etdiyi şərtləri müqavilədə göstərsin.
Turist də turizm şirkəti ilə müqavilə
əsasında tur paket əldə etdiyini bilməlidir. Yəni
o xəstələnsə, başına hər hansı bir qəza
gəlsə və yaxud dünyasını dəyişən
zaman cənazəsinin xaricdən gətirilməsi
üçün xərc ödənilməsi məsələləri
və s. sənəddə yer alsın”. M.Ağakərimov hesab
edir ki, xüsusən dünyada baş verən bugünkü
hadisələr fonunda hər bir insan
sığortalanmalıdır: "Turizm haqqında” qanunda bu
müddəa həllini tapsaydı yaxşı olardı! Yəni məcburi sığorta hər bir turistin
xeyrinədir. Müqavilədə bu
nüanslar dəqiqliklə öz əksini tapmalıdır”.
M.Kərimovun sözlərinə görə, turist səfərə
yola düşərkən turizm agentliklərində onlara deyilən
«Başınıza bir hadisə gələn zaman filan nömrələrə
zəng edin» sözləri müqavilə əsasında tənzimlənmədiyi
üçün o qədər etibarlı sayılmır. Çünki
müqavilə olmayacağı təqdirdə hansısa xərcləri
tələb etmək o qədər asan deyil. Müqavilə möhürü əsasında isə
müştəri həmin şirkəti məhkəməyə
verə bilər. Bu baxımdan, hüquq müstəvisində
tərəflər arasında müqavilə olmalıdır:
"Səyahət sığortası icbari olarsa müqavilənin
bağlanması da mütləqdir. Elə
sığortalar var ki, fors-major vəziyyət, terror aktı və
digər məsələlərdə sığortanı
boynuna götürmür. Hansı hadisəyə
zəmanət verməsi də sığorta şirkətindən
asılıdır. O zaman sığortanın da qiyməti
artıq olur. Ona görə hər bir sığorta şirkətinin
turistlə müqaviləsi olmalıdır ki, müştəri
gedəcəyi ölkədə başına bir iş gələcəyi
təqdirdə hansı xidmətlərdən istifadə edə
biləcəyini bilsin. Xəstəliklərin də növləri
müxtəlif ola bilər. Elə
xəstəlik var ki, məsələn, 40 gün müalicə
olmalısan. Bu baxımdan, xəstəliklərin
növləri də göstərilməlidir. Əgər
göstərilmirsə, məsələn, sabah
sığorta şirkəti «Mən qrip xəstəliyini nəzərdə
tutmuşdum» - deyə bilər. Turizm şirkətləri
də düzgün işləməli, vətəndaşlar da
öz hüquqlarını bilməlidir».
Yol yoldaşı
Əlbəttə,
elə müştərilər ola bilər
ki, hadisə baş verən zaman getdiyi ölkədə
lazım olacaq vəsaitə malik olmasın. Belə
olan halda, o, nə etməlidir? Hər bir
turizm şirkətində xidmətlərin həyata
keçirilməsi zamanı maarifləndirmənin çox
güclü amil olduğunu hesab edən «Millenium Turizm” şirkətinin
rəhbəri Ruslan Quliyevin fikrincə, sığorta şirkəti
öz müştərisi üçün lazım olan
bütün addımları atmaq məsuliyyəti
daşıyır. İlk növbədə
hadisə ilə bağlı məlumat Call center-ə yönləndirilməlidir.
Hətta, yaxında ilkin yardım göstərən
bir müəssisə yoxdursa, təcili müdaxilə
lazımdırsa, məlumat verildikdən sonra ona yerli müəssisələrə
gedib öz pulları ilə bütün müalicələri
həyata keçirə bilərlər. Və
bundan sonra bütün ödəmə sənədləri
aktlaşdırılıb yerli turizm şirkətinə və
ya onun işlədiyi sığorta şirkətinə təqdim
olunur. R.Quliyev hesab edir ki, Səyahət
sığortası səfərə çıxan hər bir kəsin
yol yoldaşı olmalıdır: "Xaricdə bir insan səfərə
getməmişdən öncə hansı şirkət tərəfindən
sığortalanacağı haqqında düşünür,
həmçinin turizm şirkətinin hansı sığorta
şirkəti ilə işləməsi də önəmli məsələdir.
Əsas odur ki, insanlar Səyahət
sığortasını özlərinə yol yoldaşı
hesab edir. Bəzi insanlara «Bədbəxt
hadisələrdən də sığortalanırsınız»
deyəndə «yazmayın, bunun düşər-düşməzi
olar»- deyə fikirləşirlər. Önəmli
olan odur ki, sığortanı yazan mütəxəssis
müştəriyə bütün nüansları ətraflı
izah etsin”. Şirkət rəhbərinin sözlərinə
görə, bəzən səfər zamanı baş verən
hadisə barədə turist turizm şirkətinə və ya
sığortanı hazırlayan şirkətə heç bir
məlumat vermir: "Gələndən sonra hadisə
haqqında məlumat verəndə isə heç bir
sığorta ödənişi təmin olunmur. Onda
da insanlar sığorta məsələlərinə
inamsızlığı ifadə edirlər”. R.Quliyev
bildirir ki, səyahət zamanı sınıq,
çıxıq, zəhərlənmə, günvurma və
s. kimi hadisələr baş verərsə, sığorta
mütəxəssisinə və ya turizm şirkətinin
nümayəndəsinə məlumat verilməlidir. Həmçinin sığorta polisinə və ya
bölgədə mövcud olan beynəlxalq Call center-ə zəng
vurub məlumat verilməli, sığorta müəssisəsinin
həmin ölkədə xəstəxanası və ya
hospitalı varsa, xəstə ilkin halda ora yönəldilməlidir.
Həmçinin aptekdən alınan
bütün dərmanların və göstərilən tibbi
xidmətin ödənişi ilə bağlı sənədlər
və qəbzlər götürülməli və
dönüşdə sığorta şirkətinə təqdim
olunmalıdır. Yalnız bu şərt
daxilində sığorta ödənişi təqdim oluna bilər.
R.Quliyevin sözlərinə görə,
sığorta haqqı hansısa ağır xəstəliklərlə
bağlı təmin olunmur. Həmçinin şirkət
sığorta əldə edən turistin hansısa ölkədə
əməliyyat olunmaq məsuliyyətini daşımır:
"Sığorta mütəxəssisi müştəriyə
nüanslar barədə ətraflı məlumat verməlidir
ki, hadisə baş verən zaman o hansı addımı
atacağını bilsin”.
Xəstəliklər
qeyd olunmur
«Atəşgah» Sığorta Şirkətinin əməkdaşı Cəfər Tağıyevin sözlərinə görə, sığortanın qiyməti turistin getdiyin ölkənin səfirliyindən, həmin ölkədə qalacağı müddətdən asılıdır. Xüsusi risk qrupuna aid olanlar üçün - yəni idmançılar, yaşı 70-dən yuxarı olanlar və xroniki xəstəlik daşıyıcılarına görə isə qiymətlər bir qədər yüksəkdir.
Səyahət sığortasına gəlincə, siyahıya qeyri-xroniki xəstəliklər, səfərin ləğvi və baqajın qaytarılması daxildir. Ancaq sığortanın hansı xəstəliklər üzrə olması sənəddə qeyd olunmur: «Xəstəliklər çoxdur, elə bir xəstəlik var ki, adını yazarıq, ancaq siz onun hansı xəstəlik olduğunu bilməyəcəksiniz. Bu Avropa Sığorta Assosiasiyasının qanunudur və xəstəliklər siyahısına nə daxildirsə, onlar qeyd olunur. Həmçinin çamadan itən zaman onun dəyərinin bir neçə faizi müştəriyə qaytarılır”.
Azərbaycan Sığorta Assosiasiyasına mövzu ilə bağlı açdığımız telefon zəngi isə cavabsız qaldı. Qurumdan Səyahət sığortası ilə bağlı sualların sığorta şirkətlərinə ünvanlanmasını məsləhət gördülər: «Bu cür suallara biz cavab vermirik, şirkətlərlə əlaqə saxlayın».
Səyahət sığortasının insan həyatının sığortalanması ilə bağlı vacibliyini vətəndaşa anlatmaq üçün təbii ki, ilk növbədə xidməti təklif edənlərin öz vəzifələrini düzgün bilmələri və yerinə yetirmələri vacibdir. Yazı boyunca əlaqə saxladığım qurum nümayəndələri isə elə dolayısı ilə Səyahət sığortasının hələ təkmil olmadığını anlatdılar. İş təkcə vətəndaşın özünün ayıq-sayıq olmasına qalır. Yəni sığorta xidməti mükəmməl deyilsə, bizi xoşagəlməzliklərdən yalnız Tanrı qorusun...
Təranə Məhərrəmova
Kaspi.- 2016.- 5 iyul.- S.9.