Bizim sevimli Abdulla
Kaxi Kavsadze: «Səhranın bəyaz
günəşi»nə ekrana çıxandan 30 il sonra
baxdım”
Əksər
tamaşaçılar onu «Səhranın bəyaz günəşi»
filmindəki Abdulla roluna görə tanıyır və sevirlər. O vaxtdan onun həyasız, hiyləgər
Abdullasını unutmaq çətindir. Ancaq
tanınmış gürcü aktyoru Kaxi Kavsadzenin
bioqrafiyasında yüzə yaxın rol var...
Moskvaya kinofestivalına gələn
aktyor "Moskovskiy komsomolets” qəzetinin suallarını
cavablandırıb.
Mən yenə də gözəl
qadınları sevirəm
- İlk müsahibəni sizdən 20 il bundan əvvəl almışam.
- Ooo! O
vaxt mənim 30 yasım vardı, indi isə 80-i çoxdan
keçib. Böyük fərqi təsəvvür
edirsiniz?
- Zarafat edirsiniz? 80-i
çoxdan kecib deyəndə - 81-dir?
- Belə
deyək - hardasa 80. İlk dəfə sizinlə
danışanda mən psixoloji cəhətdən tamamilə
başqa adam idim. İndi isə
ağıllı, müdrik, çox şeyə fərqli baxan
insanam. O vaxtdan çox keçib. Mənsə
qətiyyən dəyişməmişəm. Yenə əvvəlki kimi gözəl
qadınları, yaxşı tamaşaları və artistləri
xoşlayıram. Ən əsası, mən
xeyirxah insanları sevirəm. İnanclı
adamam. İnsanların bir-birlərini sevməsi
və hörmət etməsi xoşuma gəlir. Mənə elə gəlir ki, əgər insanlar
bir-birlərini sevərlərsə hər şey yaxşı
olacaq. Sevməyəcəkləri təqdirdə
isə hər şey pozula bilər. Ən
yaxşısı sevməkdir. Daha bir həqiqətə
inanıram: insanın həyatına və ləyaqətinə
fiziki baxımdan toxunmaq olmaz. Heç bir halda.
İnsanın milli və dini hisslərini
alçaltmaq olmaz. Mənimçün bu
şeylər dəyişməzdir. Yəni
xahiş edirəm ki, mənə toxunmayın, mən də sizə
- bir-birimizə hörmət edək. Sən
nə vaxtsa başqasına hörmət edirsənsə sənə
də hörmət edəcəklər. Mən həmişə
çəkiliş meydanında hiss edirəm ki,
yaradıcı heyətlə bir-birimizi başa
düşürük. Əgər bu olmayacaqsa,
heç nə alınmayacaq. Bir-birinizi sevin,
hər şey yaxşı olacaq. Mən belə
yaşamaq istəyirəm. Və mənə
elə gəlir ki, düzgün yaşayıram.
- Bəs biz ruslar sizi məyus etmirik
ki?
- Belə
demək olmaz, məyus edirsiniz, yoxsa yox. Bunu birmənalı
demək olarmı? Deyə bilmərəm
ki, məni insanlar məyus edir, amma heyvanlar yox. Ən əsası, nə baş verdiyini
aydınlaşdırmaq lazımdır. Bizim
«Teli və Toli» filmi bu vacib suallara toxunur. Filmin
qəhrəmanları qonşu gürcü və osetin kəndlərində
dinc surətdə yaşayırlar. Ancaq
onların sərhədlərini ayırmağa
çalışırlar. Qafqazda münaqişələri
həmişə böyük stol
arxasında şərab və mahnılarla həll edirlər. Filmdə də biz bir çox məsələləri
sakit və ədəblə həll etməyə
çalışırıq. Burada
festivalda vaxtilə işlədiyim dostlarım iştirak edir.
Onlar milliyyətcə osetin və
çeçenlərdir. Mənim Feliks
Civayev adlı osetin dostum vardı. O, artıq həyatdan
köçüb. Biz onunla birlikdə «Səhranın
bəyaz günəşi»ndə çəkilmişdik. Biz həmişə bir gəzir, yeyib-içirdik.
Mən bilmirəm, indi adamların xoşuna nə
gəlir. Ancaq çox istərdim ki,
müxtəlif mədəniyyətlərin anlaşması
haqqında film insanların xoşuna gəlsin. Axı bu məsələ çox
mühümdür. Ədəb dərəcəsini
gözləmək çox vacibdir. Rejissor
Aleksandr Amirov bunu başa düşüb. Deyilənə
görə, film adamların xoşuna gəlir.
- Siz
filmi ancaq Moskvada gördünüz?
- Hə...
Mən ümumiyyətlə çəkildiyim
filmlərə baxmağı xoşlamır və istəmirəm.
Dünən «Teli və Toli»nin premyerası
keçirildi. Mən fikirləşdim ki, beynimə
qan sızacaq və öləcəyəm. Sanki nəyisə
düz eləmirəm, artıq hərəkətlərə
yol verirəm, ifadələri düzgün tələffüz
etmirəm... Hazırda 30 illiyi qeyd edilən «Səhranın bəyaz
günəşi»ni də mən hələ
görməmişdim. Mən Tolya Kuznesovla zalda
yanaşı oturmuşdum. Mən Tolyaya «filmi görməmişəm»
deyəndə təəccübləndi:
"Necə? Baxmaq lazımdır”-dedi. Özünə
baxmaq necə dəhşətlidir. Artistlər
var ki, bunu xoşlayırlar. Mənimçünsə
çox çətindir. Dünən bunu bir daha hiss
etdim.
- Çox adam o filmi köhnə
gürcü kinosu ilə müqayisə edir.
- Adamlar
daha yaxşı bilər, amma mən bilmirəm, oxşayır
ya yox, yaxşıdır, ya pis. Öz əməyinə
necə qiymət verəsən?
İnsanlara hörmət edin!
- Bu gün yaşamaq və
özünü ləyaqətli hiss etmək
mümkündürmü? Başqa mənfi
şeylər kimi ədəbsizlik də kifayət qədərdir.
İnsanlığını necə qoruyub
saxlamaq olar?
- Daim təkrarlamaq
lazımdır: «İnsanlara hörmət edin». Hərdən
eşidirəm, deyirlər ki, hə, bunlar gürcülərdir…
Belə olmaz. Məgər demək
olarmı ki, ruslar gəldi və bu o deməkdir ki, araq içəcəklər?
İnsanlara hörmət edin!
- Son
dövrlər gürcü xarakteri nə qədər dəyişib?
Bəlkə əvvəlki şeylərdən
heç nə qalmayıb?
- Təbii
ki, həyatda insan nə vaxtsa dəyişir. Soyuq
olur, o geyinir, istidə soyunur. Qəlbdə
də eyni şeylər baş verir. Nəsə
dəyişməlidir, hərəkət davam edir. Yaxşı şeylər daha çox
olmalıdır. Harada sevgi varsa, orada qələbə,
uğur var. Harada uğur varsa, orada Tanrı var. Harada Tanrı
varsa, orada hörmət və məhəbbət var. Öz
dincliyinizi qoruyun, hər şey yaxşı olacaq!
- Biz
axı özümüzü Gürcüstanda mərasimsiz təsəvvür
etmirik. O məclislər daha təkrarlanmır?
- Biz yığışırıq
və oxuyuruq. Sadəcə, mən əvvəlki
kimi içə bilmirəm. Həkimlər
qadağa edib.
- İçməyi, yoxsa oxumağı?
- Həm
içməyi, həm də oxumağı. Bununla
belə, mənə təkcə oxumaq qalıb. Çünki ürəyimdə problem var. Artıq
80 yaşındayam. Əvvəllər kiminsə 80
yaşının olduğunu eşidəndə «Aman Tanrım!» deyirdim. İndisə bu sözləri
özüm haqda deyirəm.
- Gürcüstanda
indi kinonun çiçəklənməsi davam edir. Çoxlu istedadlı gənclər yetişib. Siz müasir kinoya baxırsınız?
- Əlbəttə, baxıram. Bizdə çoxlu
istedadlı rejissorlar var və sadəcə, kino çəkmək
üçün maliyyə yoxdur. Onlar bizim
kino mərkəzindən də o qədər çox pul
almırlar. Həmin pul yalnız lentə və
texniki məsələlərə bəs edir, artistlər
üçünsə heç nə qalmır. Yaxınlarda gənc rejissorların filmində pulsuz
çəkiləcəyimi elan etdim. Bunu bütün
rejissorlara da: «Əgər kimsə sizdən pul istəsə, həmin
artisti mənim yanıma gətirin. Mən onunla bir qədər
başqa cür danışacağam” - dedim. Biz
hamımız gənclərin filmlərində pulsuz çəkilməliyik,
bəlkə o zaman nəsə alındı.
- Hər
zaman pulsuz işləyərsənsə onda necə yaşamaq
olar?
- Birtəhər
yaşayarıq, ancaq gənclər üçün pulsuz
işləyəcəyik.
- Siz
son zamanlar Rusiyada iki dəfə, həm «Teli və Toli», həm
də Yevgeniy Şelyakinin «Ç/b» filmlərində çəkilmisiniz.
Çəkildiyiniz filmlər elə bunlardır?
- Mən
axı hələ Tbilisidə Şota Rustaveli adına
Teatrda işləyirəm. Boş vaxtım
azdır. Hətta, Moskvaya çox tez-tez gələ
və burada uzunmüddətli qala bilmirəm. Mənim tamaşalarım var. Amma mən bu
yaxınlarda Amerikada Krill Mixanovski adlı gənc bir rejissorun
filmində çəkildim. O, nə vaxtsa Rusiyada
yaşayıb. Çox istedadlı
oğlandır və Nyu-Yorkda məşhur bir məktəbi
bitirib. Biz artıq bütün çəkilişləri
başa vurmuşuq. Ancaq ola bilər
ki, yenidən çəkiliş meydanında görüşək.
Mən gənc ukraynalı qız Lesi Kalinskaya və
gürcü Ketevan Orcenikidze ilə işləmişəm.
Mənə yalnız Amerikaya yolpulumu vermək
lazım gəlir. Filmdə pulsuz çəkilirəm.
Bu film miqrantların həyatı
haqqındadır.
- Siz də
filmdə miqrantsınız?
- Mən
3 filmdə miqrant rolunda oynayıram.
-
Heç olmasa cinayətkar rolunda oynayaydınız.
- Cinayətkarı
təklif etmirlər. Məmnuniyyətlə
razılaşardım. Cinayətkarı
oynamaq daha asandır.
- Nə
üçün siz yenidən tələsik Tbilisiyə
uçursunuz?
- Mənim «Kvartet» tamaşasında rolum var. Yəqin ki,
bu tamaşa haqqında eşitmisiniz. Bizdə bu tamaşa
«Köhnə klounlar» adlanır və Tbilisidə uğurla
nümayiş etdirilir. Hətta, tamaşaya
bilet tapmaq da mümkün deyil. Ancaq mən təkcə
buna görə evə
tələsmirəm. Mənim nəvələrim,
uşaqlarım var.
-
Onların hamısı Tbilisidə yaşayır? Dünyaya səpələnməyiblər?
-
Oğlum və qız nəvəm Amerikada yaşayır. Oğlum teatrda aktyor işləyir, nəvəm də
aktrisadır.
- Onlar orada hansı dildə
oynayırlar?
- İngilis dilində. Mən özüm də
Vaşinqtonda ingilis dilində oynamışam. Orada gürcü klassikini ingilis dilində səhnələşdirmişdilər.
Mən onu tanımırdım, sadəcə, mətni
əzbərləmişdim. Lazımdırsa, sizə indi
də oxuya bilərəm...
-
Qısası, evdə oturmaq, istirahət etmək sizə
görə deyil. Siz həmişə
yollardasınız?
- Ancaq sizə
mübaliğəsiz deməliyəm ki, mən hələ də
öz ixtisasımı tam bilmirəm. Mənə
hələ də nəsə məlum deyil. Nə vaxt ki, səhnəyə çıxırsan,
daxilində hansısa proseslər gedir. Tamaşaçıları
sakit oturmağa məcbur etmək, onlar üzərində
hökmranlıq etmək nə deməkdir? Bu anı xarakterizə edən yaxşı rus
sözü var.
-
Maqnit kimi cəlb etmək? Siz zalı hipnoz
edirsiniz?
- Məhz
belə... Bu, ümumi hipnozdur. Sözü dilə gətirməmişdən əvvəl
zalı donub qalmağa məcbur etmək lazımdır. Aktyor çıxdı və qurtardı.
Sükut! Mən öz ixtisasımı sona qədər
öyrənməliyəm. Nə zaman buna nail olsam «bəsdir,
qurtardı!»- deyəcəyəm.
- Amma
20 il əvvəl siz mənə tamam
başqa cür demişdiniz: "Bir çox şeylər
marağımı soyudub...”
- Ola bilər
ki, o zaman əhval-ruhiyyəm başqa cür olub. Gənclər tez-tez məndən "aktyor olmaq
üçün nə etmək lazımdır?” soruşurlar.
"Fiziki güc”- deyə cavab verirəm. Artist fiziki baxımdan güclü olmalıdır.
Və bəxt də lazımdır. Bu o
zaman gərək olur ki, kim sənin birinci
rejissorun və ilk tərəf-müqabilindir və sən nəyi
oynayırsan. Bəxti hiss etmək və əldən buraxmamaq
lazımdır. Səhnədə sağlam adam
olmalısan ki, tamaşaçı «O, yeriyə bilmir» - deyə
düşünməsin. Mən səhnədə
tullanmalı, hərəkət etməliyəm ki, heç
kimin mənə yazığı gəlməsin. Tamaşaçı heç zaman
bağışlamır. O, ən böyük tənqidçidir.
«Orada teatr olsaydı»
- «Orada teatr vardırmı?» Bu film sizin
haqqınızdadır?
- Mənim
ata və babam məşhur insanlar olublar. Onlar
gürcü folklorunun ustadları idilər. Atamın 100 yaşı olanda məndən onun yubiley
gecəsini təşkil etməyi xahiş etdilər. Atam dünyasını çoxdan dəyişmişdi.
Onun çox çətin taleyi olub. Cəbhəyə gedib, əsir düşüb, sonra
təbii ki, onu həbs ediblər. Bilmirəm,
onu Sibirdə güllələyiblər, yoxsa o, öz əcəli
ilə ölüb. Nədənsə mənə
elə gəlir ki, o, öz əcəli ilə ölüb.
Mən elə yubiley gecələrini sevməsəm
də, sonunda razılaşdım. Dedilər
ki, səhnəyə çıxıb atan haqqında, onu ilk dəfə
görürmüş kimi danışmalısan. Mənim o zaman 10 yaşım vardı. Musiqi məktəbində oxuyurdum. Mən tamamilə tanımadığım bir
insanı gördüm. Səhnəyə
çıxdım. Musiqi, folklor,
gürcü musiqisinin əhəmiyyəti və atam
haqqında danışmağa başladım. Həmin gecəyə rejissor Nana Canevidze de gəlmişdi.
Sonra o, mənə yaxınlaşıb
danışdıqlarım haqqında film çəkmək
istədiyini dedi. Həmin an bütöv
bir əbədiyyət idi. O anda baş verənlər haqda
danışmaq çətindir. Rejissorlar isə
artisti danışdırır, arzuladığı filmi
çəkirlər, sonra itirlər. 2-3 ay
keçdi, rejissor görünmədi. Mən
Nananın başına nəsə gəldiyini fikirləşdim.
Ancaq biz yenidən görüşdük,
danışdıq, 12 günə filmi çəkdik.
- Siz
orada da özünüzü xoşlamadınız?
- Mən
o filmi də görməmişəm. Film
qurtaranda dəhlizdə idim, insanlar
alqışlayırdılar. Təəccübləndim.
Demək o qədər də pis alınmayıb.
Amma yenə də baxmadım. Niyə özümə əzab verim? Dedilər ki, yaxşı alınıb. Film sizin xoşunuza gəldi?
-
Çox... Siz filmdə əlasınız.
- Biz uzun
filmi necə adlandıracağımızı bilmədik. Müsabiqə elan etdik. Kimsə
filmin adını «Dəmir pərdə» deyə təklif etdi.
Sonra mən böyük artist Akakiy Vasadzenin
ölümqabağı göyü göstərərək
öz nəvəsi Kakulyadan soruşduğu: «Əziz Kakuliy,
necə fikirləşirsən, orada teatr varmı?» sözlərini xatırlayıb Nanaya
danışdım. Filmi «Əgər orada teatr
olsaydı» adlandırdıq.
Tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi.- 2016.- 6-8
iyul.- S.9.