Tarixə yazılan nümunə
Azərbaycan bütün dünyada
multikulturalizm məkanı kimi tanınır
"O, Ermənistan
ordusunun ən böyük hədəflərindən biri idi.
İşğalçı Ermənistan Albertin böyük hərbi
şücaətindən və üstəlik, onun yəhudi
kimliyindən xüsusilə narahatlıq keçirirdi. Ona
görə də onun başına 5 min rubl pul qoymuşdular. Albert isə bütün varlığı ilə digər
yəhudi əsgərlərlə birgə Azərbaycanın
torpaqlarının 20 faizinin işğalına, əhalisinin isə
etnik təmizləməyə məruz qoyulmasına
qarşı döyüşürdü. İsrailə və
ya hər hansı qərb ölkəsinə getmək
imkanı olmasına baxmayaraq, Albert və onun azərbaycanlı,
yəhudi əqidədaşları doğma vətənləri
Azərbaycanın müdafiə üçün vuruşmaq
yolunu seçmişdilər”.
Təsadüfi deyil ki, Albert Aqarunov dünyada Azərbaycanın yəhudi qəhrəmanı kimi tanındı. ABŞ-ın Los Anceles vilayətində fəaliyyət göstərən yəhudi din xadimi Ravvin İsrael Baroukun "The Times of Israel” qəzetində maraqlı məqaləsi dərc olunub. Müəllif müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda yəhudi əsilli vətəndaşa Milli qəhrəman statusunun verilməsini müasir dünyada nadir hadisə kimi qiymətləndirir.
Albert kimi Azərbaycanda yaşayıb ölkəmizi ikinci vətəni hesab edən, millətimizlə qardaş, qohum şəklinə yaşayan başqa millətin nümayəndələri az deyil.
Əcnəbilərin
gözündə Azərbaycan
Bakı Slavyan Universitetinin müəllimi polşalı Şaver Koşalski də Azərbaycanı ikinci vətəni hesab edir. Deyir ki, azərbaycanlılar ölkələrində yaşayan əcnəbiyə xüsusi rəğbət, ehtiram göstərirlər: "Polşada hər kəs ilk növbədə özünü düşünür, digər insanları nəzərə almırlar. Azərbaycanlıların isə bir-birləri ilə münasibətləri çox yaxın və doğmadır. Polşada insanlar arasında müəyyən məsafələr var. Onlar ancaq öz problemləri ilə məşğul olur, digərlərinə vaxt ayırmırlar. Amma azərbaycanlı ilə istədiyin qədər söhbətləşə, məsləhətləşə, zarafatlaşa bilərsən. Hətta o qədər diqqətcildirlər ki, bizim bayramlarımızı təbrik edir, özləri də bizimlə əylənirlər”.
Ömar Yallou isə Qambiyalıdır. ADA
universitetində təhsil alır. Deyir ki, Azərbaycan
tolerant və müasir ölkədir: "Azərbaycanda
başqa millətlərin nümayəndələrinə
hörmət edir, onlara isti münasibət bəsləyirlər.
Bu ölkədə istənilən əcnəbi
vətəndaş azərbaycanlılarla dostluq münasibətinə
girə bilər. O qədər istiqanlı və qonaqpərvərsiz
ki…”.
Suriyalı Al Yaseen Samee azərbaycanlıları o qədər
sevir ki, 6 aya Azərbaycan dilini öyrənib. Deyir ki, ölkəniz
haqqında heç bir məlumatım yox idi: "Azərbaycanı
Ukrayna kimi təsəvvür edirdim. Gələndə
həqiqətən bəyəndim. Bakını
çox sevirəm. Mahnıda da deyildiyi kimi, "Bakı
gözəl şəhər, mehriban diyar”dır... O qədər
doğmadır ki, insan özünü yad ölkədə
hiss etmir. Bir il burada yaşadıqdan sonra
Türkiyəyə, Dubaya getdim, hətta
yaşadığım ölkənin paytaxtı belə mənə
Bakı qədər sirli və təsirli gəlmədi”.
"Tarixə yazılan nümunə”
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Məşvərət
Şurasının üzvü,
araşdırmaçı-jurnalist Niyaz Niftiyev qəzetimizə
açıqlamasında bildirdi ki, tarixən, Azərbaycanda
insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə
yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub. Bu,
dünya tarixinə yazılan tarixi nümunədir: "Azərbaycan
müxtəlif etnik və dini qrupların ənənəvi
dözümlülük və ahəngdar birgəyaşayışı
üzərində qurulmuş və həyata keçirilən
milli siyasətin aparıldığı çoxmillətli və
çoxdinli ölkədir. Yüzilliklər
boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə
etiqad edən xalqlar aralarında heç bir
ayrı-seçkilik olmadan sülh və əmin-amanlıq
şəraitində dinc - yanaşı yaşayıblar. Bu, dünya tarixinə yazılan tarixi nümunədir.
Bu, adına "tolerantlıq” deyilən,
gerçəkdə isə xalqımızın genetik koduna
möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir.
Bu, həqiqətdir, ən yüksək
kürsülərdə səslənən səmimi
etirafdır. Prezident İlham Əliyevin dediyi kimi,
ölkədə milli və dini dözümlülüyün,
tolerantlığın yüksək səviyyədə
olması faktdır və bu, Azərbaycan xalqının
güc mənbəyidir, hər bir cəmiyyətin gücü
onun dini və milli müxtəlifliyindədir. Əlbəttə,
bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş
etdirir. Həmin mövqeyə görə, çox zəngin
tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri
olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin
və sivilizasiyaların qarşılıqlı təsiri məkanına
uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini
dünya ictimaiyyətinə təklif edir. Bu
gün Azərbaycan müxtəlif mədəniyyətlər və
sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər
keçirilməsi üçün ənənəvi məkana
çevrilib. Bunun da həm coğrafi, həm
tarixi, həm də mədəni əsasları var.
2008-ci il dekabrın 2-3-də Bakıda Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin konfransında dövlət
başçısı tərəfindən sivilizasiyalar
arasında dialoqun inkişafını nəzərdə tutan
"Bakı prosesi”nin əsası qoyuldu və bu təşəbbüs
sonrakı illərdə qlobal prosesə çevrildi. Əlbəttə,
konfransın keçirilməsində əsas məqsəd
Avropa ilə İslam dünyası arasında mədəniyyət
körpüsü - vasitəçisi rolunu oynamaqla
yanaşı, fərqli mədəniyyətlər arasında
dialoqun inkişafına xidmət edən "Bakı prosesi”nin
əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində
duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək
oldu.
Müxtəlif
mədəniyyətlərin və qitələrin
qovşağında yerləşən Azərbaycanın həm
geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi
"Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası
dialoq təşəbbüslərini Avropa və ona qonşu
regionların hüdudları çərçivəsindən
çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə
imkan verdi. Bu mənada "Mədəniyyətlərarası
dialoqa dair Bakı Prosesi”nin davamı olaraq, Prezident İlham
Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelindən
Bakıda "Ümumdünya Mədəniyyətlərarası
dialoq Forumu"nun keçirilməsindən tutmuş 2016-cı il aprelində təşkil
olunan BMT-7-ci Sivilizasiyalararası Alyansına qədər - bütün bunlar
hamısı Multikulturalizm və
tolerantlığın Azərbaycanda həyat tərzinə
çevrilməsini beynəlmiləşdirdi”.
Birgəyaşayışın "dil
modeli”
N.Niftiyev
multikulturalizmin Azərbaycanda daha da inkişaf etdirilməsi
üçün görülən işlərdən də
danışdı: "Artıq 2014-cü ildən
başlayaraq Prezident İlham Əliyev Azərbaycanda
multukultarilzm hərəkatının daha da irəli
aparılması ideyasını rəsmiləşdirdi. Dövlət başçısının iradəsi
ilə 2014-cü ilin aprelində Prezidentin yanında Milli, dini
və multikulturalizm məsələləri ilə
bağlı dövlət müşavirliyi, elə həmin
ilin mayında isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradıldı. Hər iki qurum və digər
təşkilatlar Azərbaycan multikulturalizm siyasətini
uğurla təbliğ etməyə başladılar.
2016-cı il yanvarın 11-də Prezidentin sərəncamı
ilə ölkədə "Multikulturalizm ili” elan olundu. Buna müvafiq olaraq "Multikulturalizm ili” çərçivəsində
Tədbirlər Planı hazırlanıb və təsdiq olunub.
Təbii ki, plan üzrə işlər
görülməkdə davam edir. Amma
çox istərdik ki, birgəyaşayışın Azərbaycan
modelinin təbliğində üç komponent əsas
götürülsün. Bunlar vətənpərvərlik,
dövlətçilik və azərbaycançılıqdır
ki, hər üç komponent üzrə kifayət qədər
nümunələr var. Həmçinin "Din”, "Dil” və
"Mədəniyyət” əsas xətt kimi multikultural siyasətin
təbliğində istifadə olunmalıdır.
Bildiyimiz kimi, azərbaycanlıları birləşdirən
ən mühüm faktorlardan biri dindir. Vahid inanc
sisteminin ən müxtəlif baxışa malik insanları belə
bir araya gətirməyə gücü çatır. Təsadüfi deyil ki, SSRİ-nin sərt milli və
ateist siyasəti belə Azərbaycan xalqının identikliyini
dağıda bilmədi. Çünki ən
böhranlı vəziyyətlərdə din birləşdirici
amil kimi çıxış edirdi. Məhz
bu amil Azərbaycanda yaşayan müsəlman olmayan xalqları
belə bir araya gətirə bilmişdi.
İkincisi, hər xalqın öz dili onun
üçün əzizdir. Mühüm məqam
odur ki, ölkəmizdə vahid Azərbaycan dili
anlayışı digər xalqların öz dilində
danışmasına mane olmur, əksinə bunu şərtləndirir.
Bu sahədə mədəni azadlıq təmin
edilsə də, bəzi məqamlara xüsusi həssas
münasibət zəruridir.
Bu "etnik buketdə” hamını birləşdirən
isə Azərbaycan dilidir. Birgəyaşayışın
"dil modeli” əsas məsələ olan Azərbaycan
dövlətçiliyinin bazasını təşkil edir.
Üçüncüsü, ölkədə yaşayan
müxtəlif xalqların və etnik qrupların özünəməxsus
mədəniyyəti vahid Azərbaycan mədəniyyətini
formalaşdıran amildir. Ən müxtəlif
kültürlərin təşviq edilməsi, onlara geniş
yer verilməsi birgəyaşayışın daha möhkəm
bağlarını yaradacaq. Ən əsas
olan ölkəmizə düşmən bəsləyən
separatçı qüvvələrin və onların himayəçilərinin
əlindəki kartları almaqdır. Bu
yöndə dövlətin gücü və siyasi iradəsi
kifayət qədərdir.
Bundan
başqa da görüləsi işlər var. Məsələn,
mövcud internet resursları zənginləşməli, müəllim
hazırlığı ilə bağlı təşkil olunan
kurslar daha da təkmilləşdirilməli, ölkənin
multikultural siyasəti təkcə bir azlığın üzərində
qurulmamalı, sosial şəbəkələrə nəzarət
gücləndirilməli, bu sahə ilə məşğul
olan jurnalistlərin ixtisaslaşmasına yardım göstərilməli,
multikultural media orqanları ilə bağlı xüsusi layihə
həyata keçirilməlidir və s.
Dövlətin ən böyük sərvəti…
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı
Tofiq Abbasov qəzetimizə açıqlamasında bildirdi ki,
Azərbaycanda milli-dini tolerantlığın təməli əsrlər
öncə qoyulub: "Milli-dini tolerantlıq tarixi şəkildə
formalaşmış bir cərəyandır. Bunun
təməli demək olar ki, əsrlər boyu qoyulub. İndi də öz gücünü, qüdrətini
müasir dönəmdə risklərə, təhdidlərə
göstərə bilir. Azərbaycanda yerli əhalinin
VI-VII əsrdən bəri islama yaxınlaşması digər
təriqətlərin buradan sıxışdırılıb
çıxarılmasına imkan yaratmayıb. Şimalda bizim "Qırmızı qəsəbə”
deyilən yerdə yəhudilər artıq bir neçə əsrdir
ki, yaşayırlar. Məhsəti türklərinə
qarşı 80-lərin axırında Özbəkistanda
amansız bir kampaniya başlandı. Onların bir qismi Azərbaycanda
özünə sığınacaq tapdı, xalqımız
onları qəbul etdi, güzəran verdi,
şəraitinə dəstək oldu. İndi də onlar
özlərini Azərbaycan vətəndaşı kimi hiss
edirlər. Biz görürük ki, dini zəmində
də, milli zəmində də ölkələrin daxilində,
sərhədləri boyunca toqquşmalar baş verir,
münaqişələr yaranır. Azərbaycanda
belə bir mühit yoxdur. Bu da ondan irəli
gəlir ki, Azərbaycan reallığında müxtəlifliyin
vəhdəti artıq bərqərar olub. Bu
da bizim xalqımızı, dövlətimizin ən
böyük varlığı, sərvətidir”.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı
ölkədir.
Bu, bizim sərvətimizdir. Biz
bunu qorumalıyıq, qoruyacağıq.
Aygün ƏZİZ
Yazı Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun milli mətbuatımızın 141 illiyi
münasibətilə elan etdiyi müsabiqəyə təqdim
olunmaq üçün hazırlanıb.
Kaspi.- 2016.- 6-8
iyul.- S.13.