Ciddi, düşünən, daim
özünə qarşı tələbkar olan sənətkar
O,
aktyor davranışı ilə insanlarla ürəkdən gələn
əlaqə yarada bilir
"Ramiz Əzizbəyli - el məhəbbəti!” Vaxtilə bu sözləri yazıçı və dramaturq İsi Məlikzadə demişdir.Yaxşı yadımdadır, 1978-ci ildə ekranlarda nümayiş etdirilən " Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına baxandan sonra İsi müəllimlə təəssüratımı bölüşürdüm. Kinoalmanaxa daxil edilmiş, müasir birgəyaşayış qaydaları haqqında danışan eyni adlı novellada sevimli sənətkarımız Ramiz Əzizbəyli Səfər surətini yaratmışdı.
Aktyordan söhbət düşəndə yazıçı aktyorun populyarlığının dərəcəsini belə təyin etmişdir. İ. Məlikzadənin dediyi iki kəlmə söz filmdən aldığı təəssüratla bağlı olsa da, burada mübaliğə yox idi. Çünki həqiqətən Ramiz Əzizbəylini uşaqdan tutmuş böyüyə kimi hamı tanıyır və sevir. Hətta sonralar İsi müəllim yazılarının birində qeyd etmişdir ki, Ramiz kinoda dünya səviyyəsinə çıxacaq obrazlar yarada bilərdi. Çünki o, yumorun, ironiyanın, satiranın, gülüb-güldürməyin nə demək olduğunu gözəl anlayan, incəsənət aləmini bütöv halda qavramağı bacaran sənətkardır.
Ramiz şirin avazla, şövqlə mahnı oxuyanda, kinoda hansısa rolu ifa edəndə onun sənəti dinləyicilərin və tamaşaçıların zövqünü oxşayır, qəlbinə yol tapır.
Ciddi, düşünən, daim özünə qarşı tələbkar olan sənətkar! O, aktyor davranışı ilə insanlarla ürəkdən gələn əlaqə yarada bilir, tam səmimiyyəti ilə tamaşaçıların rəğbətini qazanır.
Ramiz 1948-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. O, aktyor kimi əmək fəaliyyətinə lap kiçik yaşlardan başlayıb. Özünün dediyinə görə, adlı-sanlı aktyorlarla - Əlağa Ağayev, Möhsün Sənani, Rza Əfqanlı və digər sənətkarlarla bir səhnədə çıxış edib. Gələcəkdə nə olacağını, hansı peşəyə yiyələnəcəyini artıq özü üçün müəyyənləşdirmişdi: aktyor olmaq, səhnədə böyük-böyük rollar oynamaq! Bu arzu, bu istək özünü çox gözlətmir. Sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verir, lakin imtahanlardan kəsilir...
Yüzlərlə gənc kimi Ramiz də əsgər həyatını yaşamalı olur. Taleyin qəribə oyunları var. Ramiz hərbi xidmətini başa vurub doğma Bakıya qayıdandan sonra əsgər paltarını əynindən çıxarmamış yenidən sənədlərini teatr institutunun aktyorluq fakültəsinə verir. Lakin... bu dəfə də imtahanlardan kəsilir.
R.Əzizbəyli həmin günləri belə
xatırlayır: "Sənətə vurğunluq məni
yolumdan döndərə bilməzdi. Düzdür, şahmat və
futbol oyununun həm vurğunu, həm də ümidvericisi kimi
idman institutunun, yaxud universitetin tələbələrindən
biri ola bilərdim. Amma mən bunu istəmədim. Burda bir sirr də var
idi. Mən uşaqlıqdan öz
adımı çox bəyənirdim. Ramiz - "ram edən”,
"bacaran”, "əldə edən” deməkdir. Adımın mənaları mənə məqsədimə
çatmaqda çox kömək etdi. Nəhayət,
istəyimə nail oldum. Üçüncü
cəhd baş tutdu. İnstitutun mədəni-maarif
fakültəsinə qəbul oldum, özü də qiyabi
şöbəyə.”
R.Əzizbəyli
1977-ci ildə institutu bitirsə də, onun rəsmi iş stajı 1965-ci
ildən, 26 Bakı Komissarı adına mətbəənin
çap sexində şagird işlədiyi dövrdən
başlayır. O, 1972-1973-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında
komplektləşdirici, 1974-cü ildən kinoaktyor işləyir.
1979-cu ildə onu Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında xor
artisti vəzifəsinə dəvət edirlər. Ramiz 1982-ci ilə kimi burada çalışır,
bir çox tamaşalarda iştirak edir. Və
yenidən kinostudiyaya qayıdır. Nə
üçün? Axı o, bu teatrda duzlu
yumoru, şirin danışıq tərzi, məlahətli vokal
səsi ilə bir sıra məşhur tamaşalarda
aparıcı rollarda kamil surətlər yarada bilərdi.
R.Əzizbəyli teatrdan çıxıb yenidən
kinostudiyaya qayıtmaqla teatr uduzsa da, kinomuz qazandı. O, 1982-ci ildən " Azərbaycanfilm” də
kinoaktyor, 1987-ci ildən isə həm də rejissor kimi fəaliyyətini
davam etdirdi.
Kinoda
aktyor kimi onlarla bədii filmdə, o cümlədən
"Çarvadarların izi ilə” (Saqqal Ramiz), "Dərviş
Parisi partladır” (nökər Kərəm), "Qərib cinlər
diyarında” (Əsra), "Asif, Vasif, Ağasif” (milis nəfəri
Məmmədov), "Atları yəhərləyin” (Koxa),
"Gümüşgöl əfsanəsi” (Tofiq), "Köhnə
bərə” (Kərim), "Bağ mövsümü”
(Əmirqulu), "Qəm pəncərəsi” (Kərbəlayi
Oruc), "Göz qabağında şeytan” (HES direktoru), "Qəzəlxan”
(Məmmədəli), "Qisas almadan ölmə” (Salman) və
s. kinolentlərə çəkilib, bu filmlərdə müxtəlif
xarakterli rollar oynayıb. Düzdür, çəkildiyi
filmlərin bir hissəsi epizodik rollardır. Buna baxmayaraq, ən xırda rol belə aktyorun
koloritli oyunu, sözü varsa şirin
danışığı, sözü yoxdursa, mimikası və
jestləri sayəsində tamaşaçının
gözündən yayınmır, yadda qalır. Çünki Ramiz hər bir rola qəlbinin bir
parçasını, temperamentini, məhəbbətini
hopdurmağı bacarır.
Aktyorun
yaradıcılığı barədə həmkarları və
dostlarının dediklərindən:
Əlisəftər
Hüseynov, kinoşünas: "Ramizin bir sənətkar kimi
yetişməsində televiziyanın böyük rolu
olmuşdur. Bir vaxtlar milli televiziyamızın ən populyar
verilişlərindən olan "Yumoristik novellalar”da öz duzlu oyunu ilə
tamaşaçılara bolluca gülüş bəxş edənlərdən
biri də Ramiz idi. Sonralar onu filmlərə dəvət
etməyə başladılar və Ramiz Azərbaycan kinosunda
yeni komik maskanın imkanları daxilində əlindən gələni
etdi”.
Ağadadaş
Ağayev, müğənni: "Ramiz hələ
açılmamış kitab kimidir. Kinorejissorlar
onun aktyor potensial imkanlarını hələ aça bilməyiblər.
Mən inanıram ki, haçansa onun
üçün məxsusi ssenari yazılacaq”.
R.Əzizbəyli haqqında, onun
yaradıcılığı, tamaşaçı ilə
qurduğu münasibətlər barədə istər kino
mütəxəssisləri, istərsə də müxtəlif
peşə sahibləri çox söz deyiblər, sənətini
yüksək qiymətləndiriblər. Söz deyənlərin
arasında filologiya elmləri doktoru Məmməd Adilovun fikirləri
də maraqlıdır : "Etiraf edək
ki, bəzən bir şəxsiyyət haqqında söz deyəndə
növbətçi sözlər söyləməli olursan.
Amma Ramiz Əzizbəyli
barədə adam udlaqdan yuxarı söz deyə bilmir, hər
kəlmə sinədən axır. Mənə elə gəlir
ki, R. Əzizbəyli Azərbaycan kinosunda ən səmimi aktyor, ən
istedadlı və erudisiyalı şəxsiyyətlərdən
biridir. Amma Azərbaycan ekranı onun iri
planından, psixoloji imkanlarından tam dolğunluğu ilə
istifadə edə bilmir”.
Bununla belə rejissorlar onu ikinci plana, hətta ən
xırda rollara dəvət edir, inanırlar ki, R. Əzizbəyli
bir kəlmə sözlə, yaxud sifətindəki jestlərlə
personaja yaşamaq hüququ verəcəkdir. Məsələn,
" Bəyin oğurlanması” kinokomediyasındakı
İsabala tamaşaçı üçün əsl hadisə
idi. Ailədə və dostlar arasında bu
rol müzakirələrə səbəb oldu, aktyorun məlahətli,
özünə xas olan səslə oxuduğu "Tello” xalq
mahnısı yenidən dillər əzbəri oldu. Bu faktdır. O
cümlədən " Atları yəhərləyin” filmindəki Koxa aktyorun ifasında
canlı və səmimidir. Sanki ekrandakı Ramiz Əzizbəyli yox, elə
Koxann özüdür. Ramizi bir aktyor kimi bizə
sevdirən cəhətlər çoxdur. Hər
şeydən əvvəl o, işə məsuliyyətlə,
zərgər dəqiqliyi ilə yanaşır. Başa düşür ki, əgər ifa edəcəyi
personajın xarakterini düzgün aça bilməsə onun
çəkdiyi zəhmət hədər gedəcək.
Tamaşaçını sadəcə güldürmək
xətrinə yox, düşündürmək, tənqid etdiyi
personajda insani xüsusiyyətlərin hələ ki tamam itmədiyini
göstərə bilmək sahəsində Ramiz artıq
sınanılmış aktyordur. Onun "Mozalan” satirik
kinojurnalının ayrı-ayrı nömrələrində
yaratdığı antipodlar tənqid atəşinə tutulur,
eyni zamanda bu tipləri ümumi bir cəhət birləşdirir
- təbiilik və reallıq. Aktyor sənəti
üçün bu çox vacib məsələdir.
Ümumiyyətlə, Ramiz Əzizbəylinin
yaradıcılığı çoxşaxəlidir, rəngarəngdir. O, həm aktyor, həm
rejissor, həm müğənni, həm şair, həm də
rəssamdır. C. Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyasının sabiq direktoru Ziyafət Abbasov deyirdi ki, Ramiz aktyor olsa
da, kinostudiyada bütün yaradıcı proseslə
maraqlanırdı. Filmlərə çəkilir, dublyajda
çalışır, assistentlik ,
rejissorluq edirdi. Amma mən hiss
edirdim ki, o, rejissor olacaq, bədii filmlər çəkəcək.
Çünki bu istedadı onda görürdüm...
Bir
gün eşitdik ki, Ramiz Əzizbəyli "Debüt” studiyasında bədii
film çəkməyə hazırlaşır. "Debüt” studiyası fəaliyyətə
başlayanda bu studiyanın ilk rejissor işi R. Əzizbəylinin " Pirverdinin xoruzu” qısametrajlı bədii filmi oldu.
O, filmi yazıçı C. Məmmədquluzadənin eyni
adlı hekayəsi əsasında
ekranlaşdırmışdır. 1987-ci ildə
lentə aldığı bu film Ramizə böyük
şöhrət qazandırdı. 1988-ci ildə Kiyevdə
keçirilən "Gənclik
- 88” Ümumittifaq
gənc kinematoqrafçıların kinofestivalında ən
yaxşı rejissor işinə görə priz və diploma
layiq görüldü. Film Almaniyada keçirilən dünya
kinosunun 100 illiyinə həsr olunmuş kinofestivalda da nümayiş
etdirildi və tamaşaçıların rəğbətini
qazandı. Maraqlıdır, Ramiz "Pirvedinin xoruzu” filmini çəkib,
özünü kinorejissor kimi təsdiqləsə də,
1989-cu ildə rejissor R. Ocaqovun quruluş verdiyi "Ölsəm
bağışla”
kinodramında təcrübəçi-rejissor işləyir.
Yalnız bundan sonra Vaqif Səmədoğlunun eyniadlı
pyesinin motivləri əsasında 1991-ci ildə müstəqil
olaraq " Bəxt
üzüyü” musiqili
kinokomediyasını çəkir. Bu qrotesk film
personajlardan biri - Saranın bəxt üzüyünün itməsi
əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin
deyil, bütün xalqın bəxtinin itməsindən gedir.
"Bəxt üzüyü” Özbəkistanda keçirilən Azərbaycan kinosu günlərində Ə. Nəvai adına Respublika konsert salonunda göstəriləndə, ikinci hissədən sonra tamaşaçılar xahiş elədilər ki, film tərcüməsiz , Azərbaycan dilində nümayiş olunsun.
Təsadüfi deyil ki, Bakıda keçirilən Azərbaycan filmlərinin ikinci festival-müsabiqəsində " Bəxt üzüyü” filmi "Tamaşaçı rəğbətinə görə” mükafatına layiq görülmüşdür.
"Kino” qəzetində çap olunmuş informasiyada isə yazılmışdır ki, "Bəxt üzüyü” son on ildə ( 1991- 2001) Azərbaycanda ən çox tamaşaçı auditoriyası toplayan milli filmdir.
Əvvəlki filmlərinin uğurlarından ruhlanan rejissor R. Əzizbəyli nəhayət uzun müddətdən sonra 2006-cı ildə Qarabağ ağrısından danışan "Yalan” psixoloji dramını çəkdi. Filmin süjet xətti ssenari müəllifi Orxan Fikrətoğlunun başına gələn əhvalatlarla bağlıdır. Orxan Qarabağ müharibəsində vuruşan qardaşının ölüm xəbərini bir ay valideynlərindən gizlətmiş və həmin müddət ərzində keçirdiyi sarsıntıları, psixoloji gərginlikləri bu ssenaridə əks etdirmişdir. Film ekranlara buraxılandan sonra birmənalı qarşılanmadı. Kimi "Yalan”ı gürcü kinematoqrafçılarının çəkdikləri məşhur " Əsgər atası” filminin Azərbaycan variantı hesab etdi, kimisi ssenarinin, kimisi də ümumiyyətlə filmin zəif olduğunu söylədi. Amma həqiqət budur ki, Qarabağ müharibəsində şəhid vermiş bir ailənin timsalında Azərbaycanın əzab və iztirabları ekranda canlandırılmışdır. Bu mövzuda çəkilən filmlərin isə gənclərimizin hərbi- vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti danılmazdır.
Aktyorluqdan və rejissorluqdan başqa, R.Əzizbəylinin xarici filmlərin Azərbaycan dilində dublyaj olunmasında da zəhməti böyük olmuşdur. Həmkarlarından biri Ramiz haqqında vaxtilə yazdığı məqalədə belə bir fikir söyləmişdir: "İstedadlı aktyor Ramiz Əzizbəylinin hələ oynamadığı əsl rolları qabaqdadır. Nə bilmək olar, bəlkə çoxdan arzuladığı rejissorluq sınağı da həyata keçdi. Axı, Ramiz adını doğrultmağı - ram etməyi, əldə etməyi çox xoşlayır”.
Bəli, bu gün Ramiz Əzizbəyli həyatda istədiklərinin demək olar ki, hamısına nail olub. O, Azərbaycanın xalq artistidir. "H.Z. Tağıyev”, "Qızıl çıraq”, "Qızıl buta” mükafatları laureatıdır. ADMİU-nun "Estrada sənəti” kafedrasının professorudur.
Ən əsası isə o, öz çoxşaxəli yaradıcılığı, gərgin əməyi, yüksək insani keyfiyyətləri ilə xalqın məhəbbətini qazanıb. Şerlərinin birində deyildiyi kimi,
Xudadan istədim gücü, qüvvəti,
Başqa bir təmənnam olmadı qəti,
Ən böyük qazancım - el məhəbbəti,
Ən ağır itkimsə - torpağım olub.
Aydın
Kazımzadə,
Respublikanın əməkdar,
incəsənət xadimi
Kaspi.-2016.-23 noyabr.-S.15.